Məhkəmə qərarları › İş №2(079)-211/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-211/2025

11.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-211/2025 11.06.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh-cavabdehin nümayəndəsi Cavabdeh2, şahidlər Şahid1, Şahid5 və Şahid4 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 11 fevral 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və arvadı Cavabdeh2 müştərək qaydada 15 000 (on beş min) manat məbləğin və iş üzrə ödəmiş olduğu 135 (bir yüz otuz beş) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, mən Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən evimi satıb başqa bir ev almaq istəyirdim. Buna görə də Nehrəm qəsəbəsində kimin ev satması barədə dost-tanışa xəbər edib məni məlumatlandırmalarını istədim və özüm ev axtarmağa başladım. 2023-cü ilin noyabr ayının əvvəlləri Cavabdeh1 evini satmaq istədiyini öyrənib onlara getdim. Həmin vaxt Cavabdeh1 özü və ailə üzvləri evdə idi. Onunla görüşüb evi satıb-satmaq istəmədiyini soruşdum. Elbrus və evdə olan ailə üzvləri mənə evi 19000 (on doqquz min) manata satmaq istədiyini bildirdilər. Mən evə baxdım və onların dediyi həmin qiymətlə razılaşdıq. 13 noyabr 2023-cü il tarixdə Nehrəm qəsəbə İcra Nümayəndəliyinin işçisi Cavid müəllimin yanına getdik. Orada Nehrəm qəsəbə İcra Nümayəndəliyinin işçisi Cavid müəllim alıcı kimi mən İddiaçı, sątıcı kimi Cavabdeh1, qəsəbə sakini Şahid1 və Culfa rayonu, Bənəniyar kənd sakinləri Şahid2 və Şahid3 iştirakları ilə akt tərtib etdi, həmin akta əsasən ilkin olaraq evin alışına görə mən Cavabdeh1 9000 (doqquz min) manat sayıb, stolun üstünə qoyub vermək istəyəndə arvadı Cavabdeh2 götürdü, qalan 10000 (on min) manat məbləği isə aramızda olan razılığa əsasən aktda qeyd olunduğu kimi hər ay 500 (beş yüz) manat ödəyəcəyimi öz öhdəmə götürdüm. Elə həmin gün də evə usta aparıb, qazın, işığın və suyunu təmir edib, qaydaya salıb, övladlarımla birlikdə evə köçdüm. Hal-hazırda da həmin evdə yaşayırıq. Həmin evdə yaşaya-yaşaya hər ay 2024-cü ilin noyabr ayına kimi Elbrusa və onu ailə üzvlərinə aparıb evlərində 500 (beş yüz) manat pul ödəyib. yazdırmış olduğumuz aktın arxasında pulu aldıqlarına dair imza etdirdim. 5 yanvar yenə 500 manat ödəməli idim, lakin başqa bir yerdən pul borc aldım ki, Elbrusun qalan 4000 manatını bütünlüklə verib, evi adıma rəsmiləşdirim. Lakin o fikirini dəyişib evi artıq satmaq istəmədiyini bildirdi. Mən nə qədər çalışsam da, onu fikrindən döndərə bilmədim. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Hesab edirəm ki, artıq mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdehə ödədiyim 15000 (on beş min) manat alınıb mənə verilməklə pul tələbim təmin edilməlidir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 185ci maddəsinin tələblərini nəzərə alan nəzərə alan məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında öz evini satdığını və yeni ev axtardığını, bir dəfə cavabdehin evi ilə üzbəüz başqa bir evi almaq məqsədilə evə baxmaq üçün getdiyini, həmin vaxt Elbrusun küçəyə çıxıb evi satdığını dediyini, Elbrusla danışıb razılaşdığını və Ulduzu da götürüb evə baxmağa getdiklərini, Elbrusla evi 18000 manata almağa razılaşdığını, lakin sonradan 19000 manata razılığa gəldiklərini, 9000 manatı həmin gün akt tərtib ediləndə şahidlərin yanında ödədiyini, qalan məbləği isə hər ay 500 manat olmaqla ödəməyi barədə razılaşdıqlarını, hər ay ödənişi etdiyini, 2025-ci ilin yanvar ayı 4000 manat borcu qaldığı vaxt zəng edib notariusa gəlmələrini və evi rəsmiləşdirmək üçün qalan 4000 manat pulu vermək istədiyini onlara bildirdiyini, lakin onların gəlmədiyini və etiraz edib evi daha satmadıqlarını bildirdiklərini, cavabdehlərlə arasında notarial qaydada alqı-satqı olmadığını, kəndin icra nümayəndəliyində alqı-satqı ilə bağlı akt tərtib etdiklərini, evin Babək rayonu, Nehrəm kəndində yerləşdiyini, evi almaq barədə Ulduzla razılaşdığını, Elbrusun isə evi satdığını dediyini, sonra Ulduzun evə baxmağı təklif etdiyini və evə baxdıqdan sonra Ulduzla evi almaq barədə razılığa gəldiklərini, Ulduz Bakı şəhərində olduğundan bəzən pulu Elbrusa verdiyini, bu səbəbdən də iddianı hər ikisinə qarşı qaldırdığını, ilkin olaraq 13 noyabr 2023-cü ildə Cavabdeh2 9000 manat pul verdiyini, həmin vaxt Ulduzun oğlu Bayramın da yanında olduğunu, həmçinin orada öz bacısı Şahid2, bacısının oğlu Şahid3, Ulduzun qardaşının arvadı Hakimə Əliyeva və kəndin icra nümayəndəsinin iştirak etdiyini, Ulduz xəstə olduğundan akta onun əvəzindən oğlu və qızının imza etdiyini, evi aldıqdan sonra 7 ay ödəniş etdiyini, sonra evi qaytarmaları qarşılığında ödədiyi pulları qaytarmağı tələb etdikləri üçün 3 ay ödəniş etmədiyini, Ulduz pulunun olmadığını bildirdiyi üçün evi qaytarmadıqlarını, buna görə 3 aylıq ödənişi, yəni 1500 manatı sonra verdiklərini, həmin vaxt imza etmək üçün yazılı qeydi aparmadıqları üçün videoçəkiliş etdiklərini, sonra da ərinin 1 dəfə Ulduzun oğlu Şahid4 500 manat, digər oğlu Elnura 220 manat və Elbrusa isə 280 manat olmaqla 500 manat pul verdiyini, lakin aktı yanında aparmadığı üçün imza edilmədiyini, ona görə də oktyabr-1500, noyabr-500 sözlərinin qarşısına imza edilmədiyini, hazırda həmin evdə yaşadıqlarını, evi almaq niyyətində olduğunu, lakin qarşı tərəfin evi sənədləşdirmək istəmədiyini, bu səbəbdən də verdiyi pulları tələb etdiyini, qarşı tərəf razılaşarsa, qalan 4000 manat pulu verib evi adına rəsmiləşdirməyə razı olduğunu, evin Cavabdeh1 adına olduğunu, bir dəfə də 500 manatı oğlu Bayramın yanında ona verdiyini, qalan pulları isə Ulduza verdiyini, ona görə iddianı həm də Cavabdeh1 qarşı qaldırdığını, hazırda həmin evdə yaşadığını, cavabdeh tərəfin ondan evdən çıxmağı tələb etmədiyini, cavabdehin sadəcə evi banka qoymaq istədiyini, onun verdiyi pullarla cavabdeh tərəfin oğluna maşın, özünə isə heyvan aldığını, noyabr ayının 23-də cavabdehə 9000 manat verəndə şahid kimi bacısı Ruhiyyəni, oğlu Ramini, qarşı tərəfin isə Həkimə adlı bir qadını gətirdiyini, cavabdehə 12000 manat verəndən sonra qonşuların ona həmin evin Ulduz tərəfindən banka qoyulduğunu öyrəndiyini, yanvar aylarının əvvəlində sığortadan bir maşın gələrək onların yaşadığı evin şəklini çəkdiyini bildirmişdir. Cavabdeh və cavabdehin nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında iddiaçının bacısı ilə birlikdə iyun ayı qonşunun evinə baxmaq üçün Nehrəmə gəldiyini, həmin vaxt özünün evdə olmadığını, əri Elbrusun evdə olduğunu və iddiaçıya ev satmaq istədiyini dediyini, özünün iddiaçı ilə bundan sonra danışdığını, sonra onunla birlikdə evə gedib baxdıqlarını, həmin vaxt Vüsalənin Elbrusun evi 18000 manata satdığını dediyini, ona pulu nağd verəcəyi halda evi 18000 manata, kreditlə verəcəyi halda isə 25000 manata, pulu iki dəfəyə verəcəyi halda isə 19000 manata satacağını bildirdiyini və iddiaçının da bununla razılaşdığını, Vüsalənin sentyabr ayı gəlib evi bacısına satdığını və bacısının pul verdikdən sonra evin pulunu verəcəyini dediyini, həmçinin bacısının pulu bütöv verəcəyi halda evin pulunu bütöv şəkildə, yarısını verəcəyi halda isə evin pulunun yarısını verəcəyini dediyini, daha sonra isə evə köçmək istədiyini dediyini, onunla razılaşdığını və evi ona təhvil verdiyini, lakin evin pulunu vermədiyindən oktyabr ayı aralarında mübahisə olduğunu, sonra pulunu yenə istədiyini və notariusa getməyi təklif etdiyini, iddiaçının isə “notariusa getdiyimiz halda pulun hamısını verməliyəm” dediyini, daha sonra ona kəndin icra nümayəndəliyinə getməyə razılaşdıqlarını, Nehrəm qəsəbə icra nümayəndəsinin əvvəl notariusa getməyi bildirsə də, israr etdikdən sonra aktlaşdıracağını bildirdiyini, həmin vaxt iddiaçının 9000 manat pulu orada verəcəyini, razılaşdığı puldan 5000 manatını isə 1 ay ərzində atasının evini satıb pulu verəcəyini dediyini, borcdan qalan 5000 manat pulu isə ərinin fevral ayı həbsdən çıxdığı vaxt ödəyəcəyini belə ki, ərinin 1200 manat pensiya aldığını dediyini, həmçinin faizə pul verdiyini dediyini, iddiaçının həmin vaxt 13 noyabr 2023-cü ildə 7000 manat pul verdiyini, 2000 manatı isə bacısının 2-3 günə gətirəcəyini bildirdiyini, onunla razılaşdığını, sonra 2023-cü ilin dekabr ayı və 2024-cü ilin yanvar və fevral ayları 500 manat pul, 2024-cü ilin noyabr ayında isə oğlu Bayrama 1500 manat pul verildiyini, nəticədə iddiaçının cəmi 10000 manat pul verdiyini, akt tərtib ediləndə iddiaçının bacısı və özünün qardaşı arvadının orada olduğunu, əri Elbrusun orada iştirak etmədiyini və imzasının aktda olmadığını, akta dekabr və yanvar ayları iki dəfə oğlu Elnurun imza etdiyini, cəmi 3 yerdə imza etdiyini, digər imzaların onlara aid olmadığını, həmin aktda 3 dəfə 500 manat pulu, bir dəfə isə 1500 manat pulu almağa dair imzaların gərçək olduğunu, iddiaçının əri Elbrusun yanında 280 manatı bir oğluna, 220 manatı isə digər oğlu Bayrama verdiyini, 3 ildir ki, həmin göycə yığıb sata bilmədiyini, halbuki hər il 3000-4000 manat pul qazandığını, iddiaçının ya 25000 manatı qaytarmasını, ya da evdən çıxmasını istədiyini, iddiaçının hazırda həmin evdə qalmadığını, evin mülkiyyət hüququnun Elbrusa məxsus olduğunu, lakin bütün razılaşmaların, pulların verilməsinin qarşı tərəflə öz arasında baş verdiyini, mübahisəli evin çıxarışını “Naxçıvanbank ASC“ ilə ipoteka qoyub əvəzində pul götürdüyünü bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi izahatında iddiaçının bacısı olduğunu, qarşı tərəflə ədavət və qohumluğunun olmadığını, Vüsalənin ona 19000 manata ev almaq istədiyini və şahid kimi pulun verilməsində iştirak etməyini xahiş etdiyini, oğlu Ramin ilə birlikdə ora getdiyini, Nehrəm qəsəbə İcra nümayəndəliyində tərəflərin evi 19000 manata razılaşdığını, 9000 manatı böyük bacı kimi özünün sayıb Ulduza verdiyini, Ulduzun da oğlunu və başqa bir qadını şahid kimi gətirdiyini, tərəflər arasında qalan pulun aylıq 500 manat ödəmək barədə razılıq əldə olunduğunu, bacısının hər ay həmin pulu ödədiyini, alqı-satqının ötən il baş verdiyini, amma tarixi dəqiq bilmədiyini, razılaşmanın yay fəsli günorta 3 radələrində Nehrəm İcra nümayəndəliyində olduğunu, icra nümayəndəsinin də orada olduğunu, icra nümayəndəliyinin əməkdaşın pulun onun yanında yox, çöldə verilməsini bildirdiyini, ona görə də koridorda şəxsən 9000 manatı sayıb Ulduza verdiyini, Ulduzun yanında oğlu Bayram və qardaşının arvadı Hökümənin olduğunu, pulların yüzlüklərdən ibarət olduğunu, akta imza etdiyini bildirmişdir. Şahid4 məhkəmə iclasında verdiyi izahatında iddiaçını ev alqı-satqısından tanıdığını, cavabdehin isə anası olduğunu, əvvəlcə notariusda razılaşmanı həll etmək istədiklərini, lakin orada onlara pulun tam verilməli olduğunu, dövlət rüsumunun tutulmalı olduğunu bildirdiklərini, Vüsalə xanımın isə pulu tam verə bilmədiyindən təxminən 2023-cü ilin sentyabr aylarında Nehrəm kənd icra nümayəndəliyində tərəflər arasındakı razılaşma ilə bağlı şahid kimi özü, anası Ulduz, Həkimə, Vüsalə, onun bacısı Ruhiyyə, icra nümayəndəliyinin əməkdaşı Cavid müəllimin iştirakları ilə akt tərtib olunduğunu, cavabdehin oğlu olduğu üçün icra nümayəndəsinin ona akta imza çəkməyə qoymadığını, buna görə anasının daycanısı Həkiməni çağırdığını, atası Elbrusun isə orada iştirak etmədiyini, akta tərtib olunan zaman Vüsalənin anasına 7000 manat pul verdiyini, qalan 2000 manat pulu isə 2-3 gün ərzində atasının ev satıb verəcəyini dediyini, ümumilikdə qalan pulu isə ərinin fevral ayı həbsdən çıxıb ödəyəcəyini dediyini, ona 2024-cü ilin oktyabr-noyabr ayları iddiaçının ərinin 1500 manat pul verdiyini, həmin vaxt Vüsalənin icazəsiz videoçəkiliş apardığını, pulu alıb evə qoyduğunu və anasına bildirdiyini, bundan 2-3 ay sonra iddiaçının ərinin 220 manatı Nehrəmin girişində özünə, həmin günün axşamı isə atası Elbrus və qardaşı Elnura 280 manat olmaqla verdiyini, 1000 manat pulun isə ayrılıqda qardaşı Elnura verildiyini, ümumilikdə onlara borcdan 10000 manat pul verildiyini, aktın bir surətinin onlarda olduğunu, pulları alan zaman heç yerə imza çəkmədiyini bildirmişdir. Şahid5 məhkəmə iclasında verdiyi izahatında Nehrəm qəsəbə İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyində məsləhətçi işlədiyini, Vüsalə xanımı tanımadığını, Ulduzun isə bibisinin gəlini olduğunu, iş otağında olan zaman tərəflərin onun yanına gəldiyini, Ulduzun ona Vüsaləyə ev satdığını, ondan möhürlü kağız verməyi xahiş etdiyini, ona belə bir səlahiyyətinin olmadığını dediyini, notariusa getməyi təklif etdiyini, onların da pul tam olmadığından ora gedə bilmədiklərini dediyini, onlara razılaşma ilə bağlı akt tərtib edə biləcəyini dediyini, tərəflərin ondan akt nümunəsi istədiyini, ona görə də vəsiqələri alıb onlar arasında akt tərtib edərək köməklik göstərdiyini, hadisənin iki il əvvəl baş verdiyini, aktda yazılanları tam xatırlamadığını, Vüsalə və Ulduz nə deyibsə onların sözləri ilə aktı yazdığını, onların arasında ilkin ödənişin bir qisminin ödənilməsinə dair söhbətin olmadığını, ümumilikdə 19000 manatdan söhbət getdiyini, hər iki tərəfin razılaşma olan zaman sevincli və razı olduğunu, aralarında hər hansı mübahisənin olmadığını, akt tərtib olunan zaman Ulduzun qardaşı arvadı Həkimə, oğlu Bayramın və qarşı tərəfdən bir qadının iştirak etdiyini, kimin kimə nə qədər, nə vaxt, hansı şərtlərlə pul verdiyini bilmədiyini, pulun alınıbverilməsindən xəbərinin olmadığını, onlara aktı tərtib edib pulun alınıb-verilməsini çöldə etməyi dediyini, onlar arasında akt imzalandıqdan sonra nə baş vermədiyini bilmədiyini bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi izahatında Ulduzun onun baldızı olduğunu, Vüsaləni isə razılaşma olan vaxt tanıdığını, gəlinini Nehrəm xəstəxanasından gətirən vaxt İcra Nümayəndəliyinin qabağında Ulduzu və onun oğlunu gördüyünü, Vüsalə və onun bacısının isə sonradan gəldiyini, Ulduzun ona evi Vüsaləyə satdığını, alqı-satqı üçün şahid lazım olduğunu dediyini, hadisənin il yarım əvvəl baş verdiyini, orada tərəflər arasında 9000 manat puldan söhbət getdiyini, aybaay isə 500 manat verməklə bağlı aralarında razılaşma olduğunu, pulun alınıb-verilməsindən isə xəbərinin olmadığını, sadəcə akta qol çəkib getdiyini, həmin vaxt Ulduz, onun oğlu, Vüsalə və onun bacısının orda olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısına dair şifahi razılıq əldə olunmuş, mübahisəli əmlak bu razılıq əsasında iddiaçıya təhvil verilmiş, tərəflər arasında bunun qarşılığında 19000 manat pulun 9000 manatının ilkin olaraq bir dəfəyə, qalan hissəsinin isə hissə-hissə ayda 500 manat olmaqla ödənilməsinə dair şifahi razılıq əldə olunmuş, tərəflər arasında daşınmaz əmlakın notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanmamışdır. İddiaçı alqı-satqı qarşılığında Cavabdeh2 15000 manat pul vəsaiti ödədiyini və cavabdehlər tərəfindən evin onun adına rəsmiləşdirilməsinə dair aralarında olan razılıq artıq aradan qalxdığına görə həmin vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə fasiləsiz audio-video yazısının aparıldığı məhkəmə iclasında Cavabdeh2 evin qarşılığında iddiaçıdan ilkin olaraq 7000 manat pulu özünün aldığını, daha sonra 2023-cü ilin dekabr ayı 500 manat, 2024-cü ilin yanvar ayı 500 manat və fevral ayı 500 manat olmaqla 1500 manat pulu aktın arxasına imza edilməklə oğlu Elnurun götürdüyünü, bundan əlavə iddiaçının ərinin Cavabdeh1 yanında 280 manatı bir oğlu Elnura, 220 manatı isə digər oğlu Bayrama eyni gündə verdiyini, bundan əlavə 1500 manat pulu oğlu Bayram vasitəsilə bir dəfəyə aldığını, hazırda isə iddiaçı tərəfindən alqı-satqı qarşılığında razılaşdırılmış pul vəsaiti ödənilmədiyindən müqaviləni rəsmiləşdirmək niyyətinin olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən tarixlərdə müxtəlif məbləğlərdə pul vəsaitinin iddiaçı tərəfindən Cavabdeh2 xeyrinə ödənilməsi faktın etirafı əsasında sübuta yetirilmiş hesab edilməlidir. Mülki işin mübahisəli halı olan 2023-cü ilin noyabr ayında akt tərtib olunarkən cavabdeh tərəfindən ödənilməsi faktı təsdiq olunmuş 7000 manat puldan əlavə, iddiaçı tərəfindən cavabdehin xeyrinə 2000 manat pulun ödənilmiş olub-olmaması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş akt adlandırılmış sənəddə 13 noyabr tarixində Nehrəm qəsəbəsində “Cavabdeh1, Şahid1, İddiaçı, Şahid2 və X2 iştirakı ilə akt ondan ötrü tərtib olunur ki, həqiqətən Nehrəm qəsəbə sakini Cavabdeh1 yaşayış evini Nehrəm qəsəbə sakini İddiaçı 19 min manata satdı, lakin ilkin ödəniş 9000 manat oldu, qalan pulu ayda 500 (beş yüz) manat ödəyəcəyinə söz verdi” “akt düzgündür, imzamızla təsdiq edirik” qeydi isə Şahid1, İddiaçı, Şahid2 və X3 imzalamaqla təsdiqləmişdirlər. İddiaçı aktın tərtib edildiyi həmin tarixdə Cavabdeh2 9000 manat pul verdiyinə istinad etmiş, Cavabdeh2 isə məhkəmədə verdiyi izahatında həmin tarixdə ilkin olaraq 9000 manat ödəməyə dair razılıq əldə olunsa da iddiaçının ona cəmi 7000 manat ödədiyini bildirmişdir. İddiaçının sözügedən halın təsdiqi üçün məhkəməyə təqdim etdiyi borc sənədi sayıla biləcək akt və şahid ifadələri əsasında tərəflər arasında həmin tarixdə əldə olunmuş razılığa uyğun olaraq ilkin 9000 (doqquz min) manat pul vəsaitinin İddiaçı tərəfindən Cavabdeh2 ödənildiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, tərəflər arasında həmin vaxt 7000 manat vəsaitin ödənilməsinə dair razılıq əldə olunduğu halda 9000 manatın ödənildiyinə dair aktın tərtib edilməsi ağlabatan deyildir və cavabdeh tərəfindən sözügedən hissədə iddia tələbinə qarşı etirazların əsası kimi istinad edilən hallar öz təsdiqini tapmamışdır. Cavabdehin öz vəsatəti əsasında məhkəməyə çağırılmış Şahid1 tərəflər arasında ilkin 9000 manatın verilməsinə dair söhbətlərin getdiyini bildirmiş, həmçinin digər Şahid5 isə özünün tərtib etdiyi aktda tərəflər arasında razılaşdırılmış ilkin məbləğə münasibətdə hər hansı mübahisə və ya əlavə razılaşmanın olmadığını bildirmişdir. Digər tərəfdən Cavabdeh2 sözügedən hissədə etirazının əsası kimi istinad etdiyi halın təsdiqi üçün yaxın qohumu Şahid4 ifadəsinə istinad etsə də məhkəmə şahidin ifadəsini iş üzrə bütün digər sübutlarla birlikdə tədqiq edərək mötəbər sübut hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin məcəllənin 529.6-cı maddəsinə görə əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Mülki işin digər mübahisəli halı olan 2024-cü ilin mart ayından avqust ayına qədər hər ay 500 manat pulun iddiaçı tərəfindən cavabdehin xeyrinə ödənilmiş olub-olmaması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Pul vəsaitini ödəyən şəxs İddiaçı tərəfindən məhkəməyə təqdim olunan aktın arxa hissəsində razılaşdırılmış aylıq 500 manat ödənişin edildiyinə dair qeydlər mövcuddur. Belə ki, “dekabr – 500 imza aldım”, “yanvar – 500 imza aldım”, “fevral – 500 imza aldım”, “mart - 500 imza”, “aprel 500 imza”, “may 500 imza”, “iyun-500 imza aldım” qeydləri edilmiş, “iyul – 500” “oktyabr – 1500”, “noyabr – 500” qeydləri isə imzalanmamışdır. Məhkəmə hesab edir ki, sözügedən borc sənədinin arxasında aparılan qeydiyyata uyğun olaraq 3500 manat pul vəsaiti 2023-cü ilin dekabr ayından 2024-cü ilin iyun ayına qədər 500 manat olmaqla hissə-hissə iddiaçı tərəfindən cavabdehə ödənilmiş və buna müvafiq qeydiyyat aparılmışdır. Bunun əksini təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Cavabdeh həmin imzalardan ilk üçünün oğlu Süleymanov Elnura aid olduğunu, qalan imzaların özü və ya ailə üzvlərinə aid olmadığını bildirsə də bunun düzgünlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddia tələbinin qalmış hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh2 verdiyi izahatında 1500 manat pulun bir dəfəyə oğlu Şahid4 verildiyi faktını etiraf etmiş, Şahid4 isə sözügedən halı ifadəsində təsdiq etmişdir. Həmçinin aktın arxasındakı qeydlərdən də görünür ki, 2024-cü ilin iyul, avqust, sentyabr aylarının qarşısı boş saxlanılmış, oktyabr ayının qarşısında “1500” qeydi aparılmış, lakin imzalanmamışdır. İddiaçı ifadəsində 3 (üç) ayın ödənişinin bir dəfəyə edildiyinə, evlərinə gedərək cavabdeh Uduz Süleymanovanın yanında 1500 manat pulun oğlu Şahid4 təhvil verildiyinə istinad etmişdir. Belə olan halda faktın etirafı sözügedən hissədə də işdə olan digər sübutlarla birlikdə tədqiq edilərkən etirafın sübut kimi qəbul edilməsindən imtina üçün əsaslar müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Bundan əlavə Şahid4 1500 manatın özünə ödənilməsindən 2-3 ay sonra 220 manat pulun özünə, 280 manat isə atası Elbrus və qardaşı Elnura olmaqla bir gün ərzində 500 manatın ödənildiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 9000 manat pulun ilkin olaraq borc sənədi tərtib ediləndə, bundan sonra 3500 manat pul vəsaitinin 2023-cü ilin dekabr ayından 2024-cü ilin iyun ayına qədər 500 manat olmaqla hissə-hissə, 1500 manat pul vəsaitinin Şahid4 birbaşa verilməklə, 2025-ci ilin yanvar ayında isə 220 manat pulun Elbrus və Elnur, 280 manat pulun isə Bayrama olmaqla cəmi 14500 (on dörd min beş yüz) manat pul vəsaitinin iddiaçı tərəfindən Cavabdeh2 xeyrinə ödənilməsi sübuta yetirilmişdir. İddiaçının 2024-cü ilin iyul ayında ödənildiyinə istinad etdiyi əlavə 500 manat pul vəsaitinin verilməsi isə sübuta yetirilməmişdir. Borc sənədində “iyul-500” qeydi aparılsa da digərlərində olduğu kimi qarşısına imza edilməmişdir. Həmçinin məhkəməyə iddiaçının təqdim etdiyi videoyazıdan belə məlum olur ki, iddiaçının apardığını bildirdiyi həmin videoçəkiliş ətrafdakı şəxslərə xəbərdarlıq edilmədən həyata keçirilmişdir və bu səbəbdən də sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunur ki, qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında (bundan sonra “Qərar”) qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. “Qərar”da formalaşdırılmış hüquqi mövqeyə əsasən Mülki-Prosessual Məcəllənin 14.1ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında tələbin qanuni əsasını həyata keçirilməmiş əsasa görə yaranmış əsassız varlanma təşkil edir. Belə ki, daşınmaz əşyanın alqı-satqısı yalnız notarial qaydada bağlanan müqavilə əsasında baş tutsa da tərəflər bunu həyata keçirməmişlər. Belə ki, MM-in: - 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.1-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - 1092.2-ci maddəsinə görə əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Əsassız varlanmanın əsas dispozitiv şərtini - cavabdehin iddiaçının hesabına varlanıbvarlanmadığını yoxlayan məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçının hesabına 14500 manat əsassız olaraq varlandığı sübuta yetirilmişdir və varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə digər Cavabdeh1 qarşı qaldırılmış iddiaya münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı iş materiallarında olan aktdan, tərəflərin və şahidlərin ifadələrindən müəyyən edilmişdir ki, Cavabdeh1 tərəflər arasında baş tutmamış alqı-satqı münasibətlərinin tərəfi olmamış, tələb olunan vəsait həmin şəxsə deyil, bütünlüklə digər Cavabdeh2 ödənilmişdir. Belə olan halda iddia həmin şəxsə qarşı əsaslılığı sübuta yetirilmədiyindən əsaslı hesab edilə və təmin edilə bilməz. Məhkəmə sonda belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 14500 (on dörd min beş yüz) manat pul vəsaiti Cavabdeh2 alınaraq İddiaçı ödənilməli, iddia Cavabdeh1 münasibətdə və qalmış hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 130.5 manat dövlət rüsumu Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 14500 (on dörd min beş yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalmış hissədə və Cavabdeh1 münasibətdə rədd edilsin. Cavabdeh2 130.5 manat (bir yüz otuz manat əlli qəpik) miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar