Məhkəmə qərarları › İş №2(079)-221/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-221/2022

02.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-221/2022 02.06.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı 22 aprel 2022-ci il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, 1378 (bir min üç yüz yetmiş səkkiz) manat pul borcunun və ödəmiş olduğu 35 (otuz beş) manat miqdarında dövlət rüsumunun Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, mən Naxçıvan şəhərində telefon mağazası işlədirəm. 2020-ci ilin avqust ayından Cavabdeh ilə işlətdiyim mağazadan telefon ehtiyat hissələri aldığı müddətdən tanışlığım yaranıb. Qasım əvvəllər aldığı mobil telefon ehtiyat hissələrinin pulunu bəzən nağd şəkildə, bəzən də nisyə götürürdü. Lakin son dövrlər o, aldığı telefon ehtiyat hissələrinin pulunu gətirib vermədi. Mən onu işlətdiyim telefon mağazasına dəvət edib, aldığı ehtiyat hissələrinə görə borcunu hesablayıb ona bildirdim ki, borcunu ödəsin. O, isə işlərinin zəif olduğunu bildirib, qısa zaman müddətində ödəyəcəyini bildirdi. Ona dəfələrlə zəng edib mənə olan 1378 (bir min üç yüz yetmiş səkkiz) manat pul borcunu ödəməsini tələb etdikdə, hərdən bir bəhanə gətirib borcunu ödəməkdən yayınır. Hal-hazırda telefon zənglərimə də cavab vermir. Özümün həmin pula çox ehtiyacım var. Qasım isə birmənalı olaraq borcunu qaytarmaq istəmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsində qeyd edilənləri bildirməklə yanaşı, özünün həm telefon, həm də onun hissələrinin satışını həyata keçirdiyini, iki ildir ki, Qasımla iş gördüyünü, yəni ona nisyə telefon hissələri satdığını, cavabdehə konkret olaraq hansı telefon hissələrini satması nəticəsində borcun yarandığını dəqiq bilmədiyini, Qasımın ona ümumilikdə 1378 manat borcu olduğunu, bu borcun isə tədricən yarandığını, yəni hər ay ona mal verdiyini, lakin Qasımın ona verdiyi malın dəyərini tam ödəmədiyini və borc məbləğinin artdığını, bu barədə cavabdehin atası ilə danışdığını, amma nəticəsi olmadığını, Qasım isə dəfələrlə ona borcunu qaytaracağını desə də əməl etmədiyini, sonuncu dəfə isə ona hər ay 100 manat pul ödəməyi təklif etdiyini, lakin özünün cavabdehin təklifini qəbul etmədiyini qeyd edib, yekunda iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh məhkəmədə verdiyi izahatında iddianı qəbul etdiyini, özünün bazarda telefon təmiri işləri ilə məşğul olduğunu, iki ildir ki, Əlidən telefon hissələri aldığını, əvvəllər həmişə aldığı malların pulu qaytardığını, lakin sonradan avtomobillə qəza törətdiyindən borcunun yarandığını, həmçinin işlərinin də zəiflədiyini, bu səbəbdən də Əlidən aldığı malların pulunu qaytara bilmədiyini, hazırda iddiaçıya 1378 manat məbləğində borcunun olduğunu, ona hər ay 50, 100 manat ödəməyi təklif etdiyini, lakin Əlinin onu bu təklifi qəbul etmədiyini, hazırda banka kredit ödədiyindən iddiaçıya olan borcunun tam qaytarmağa maddi imkanın olmadığını, iddiaçının məhkəməyə təqdim etdiyi video görüntülərdə olan şəxsin özünün olduğunu, bu çəkilişin aparılmasına etirazının olmadığını, iddiaçı tərəfindən ona xəbərdarlıq edilməklə video çəkilişin həyata keçirildiyini qeyd edərək, yekunda iddianın təmin edilməsinə etirazının olmadığını bildirmişdi. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olması işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilmiş və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Şahbuz Rayon Vergi şöbəsi tərəfindən verilmiş 28 noyabr 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən, həmçinin "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olması aydın olur. İddiaçının tələbi isə Cavabdeh 1378 (bir min üç yüz yetmiş səkkiz) manat məbləğində borcun geri qaytarılmasıdır. İddiaçının tələbini məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar öz təsdiqini tapdığından, onun tələbi təmin olunmalıdır. Məhkəmənin iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş videoyazı və cavabdehin məhkəmədə verdiyi izahatıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.1 və 76.2-ci maddələr). Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcud olmuşdu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun tutulmasıməbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 6.2-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin bağlanması iddia ərizəsinə əlavə edilmiş və məhkəmə tərəfindən cavabdehə göndərilmiş videoyazı, həmçinin tərəflərin məhkəmədə verdiyi izahatlarla öz təsdiqini tapır. Həmin sübutlardan o aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malları cavabdehə verməsi, cavabdehin isə müqavilələr üzrə müəyyən edilmiş qaydada onları dəyərini hissə-hissə ödəməsi onların müqavilələrdən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddia ərizəsinə əlavə edilmiş üzərində PRİNCO BUDGET DVD-R 16X 4.7GB/120 min sözləri əks olunmuş 01 (bir) ədəd kompakt diskdə olan 19 aprel 2022-ci il tarixli, VİD- 20220419-WA 0006 adlı, 9.589kb ölçülü videoyazıdan aydın olur ki, iddiaçı cavabdeh qarşısında olan öhdəliyini icra edib. Belə ki, hər iki tərəfin iştirakı, həmçinin iddiaçının əvvəlcədən cavabdehi video çəkiliş aparması barədə xəbərdarlığı ilə çəkilmiş videoyazıdan müəyyən edilir ki, iddiaçı cavabdehə dəyəri sonradan ödənilməsi üçün mal vermiş, Cavabdeh isə öz üzərinə düşən öhdəliyi icra etməyərək iddiaçıya borcu yaranmışdı. Həmin videoyazıda tərəflər arasında olan dialoqdan müəyyən edilir ki, iddiaçı ilkin olaraq cavabdehdən video çəkilişin aparılması ilə bağlı narazılığın olub-olmamasını soruşur, o, isə etirafının olmadığı ifadə edir. Daha sonra İddiaçı Cavabdeh həmin video çəkilişi məhkəməyə sübut kimi təqdim edəcəyini, həmçinin ona ayrı-ayrılıqda 1150 (bir min bir yüz əlli) manat və 228 (iki yüz iyirmi səkkiz) manat borcunun olmasını deyir, cavabdeh isə iddiaçının dediklərini təsdiq edir. Cavabdeh məhkəmədə verdiyi izahatında iddiaçının məhkəməyə təqdim etdiyi videoyazıda olanları təkzib etmir. Öhdəliyin icrası müddətini tənzimləyin Mülki Məcəllənin 427.2 və 427.4-cü maddələrinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının borcun geri qaytarılması tələbi əsaslıdır. Cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borcun məbləğinə gəldikdə isə məhkəməyə təqdim olunmuş videoyazıdan və tərəflərin məhkəmədə verdiyi izahatlardan cavabdehin iddiaçı qarşısında 1150 (bir min yüz əlli) manat və 228 (iki yüz iyirmi səkkiz) manat olmaqla, ümumilikdə 1378 (bir min üç yüz yetmiş səkkiz) manat icra edilməmiş öhdəliyinin mövcud olması aydın olur. Məhkəmə iddiaçının tələbini əsaslı saydığından, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun 33 (otuz üç) manat 80 (səksən) qəpik miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - Cavabdeh 1378 (bir min üç yüz yetmiş səkkiz) manat məbləğində pul alınaraq İddiaçı verilməli; -həmçinin Cavabdeh 33 (otuz üç) manat 80 (səksən) qəpik miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. Cavabdeh 1378 (bir min üç yüz yetmiş səkkiz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Həmçinin Cavabdeh 33 (otuz üç) manat 80 (səksən) qəpik miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar