Məhkəmə qərarları › İş №2(079)-227/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-227/2024

16.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-227/2024 16.08.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı payın dəyərinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 22 fevral 2024-cü ildə Babək Rayon Məhkəməsinə müraciət edərək birgə nikah dövründə qazanılmış 2008-ci il buraxılışlı, ağ rəngli "Chevrolet Aveo” markalı **-BD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən mənə düşən ½ payın dəyəri olan 5550 (beş min beş yüz əlli) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, iddiasını əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 08 may 1984-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə nikahımızı rəsmiləşdirmişik. Evləndiyimiz müddətdə münasibətlərimiz normal olmuş, ailə büdcəmiz bir olmaqla bir idarə olunmuşdur. 2016-cı il tarixdə alqı- satqı müqaviləsi əsasında 11100 manata ağ rəngli, "Chevrolet Aveo” markalı, **-BD-*** qeydiyyat nömrəli avtomaşını satın almışıq. Cavabdeh adına 24 iyun 2013-cü il tarixində "Həsrət körpüsü” kiçik müəssisəsinin 533396 nömrəli arayışı əsasında "Chevrolet Aveo" markalı avtomobil qeydiyyata alınaraq **-CP-*** dövlət qeydiyyat nişanı verilmiş 15 noyabr 2016-cı il tarixində isə dövlət qeydiyyat nişanı dəyişdirilərək **-BD-*** dövlət qeydiyyat nişanı verilmişdir. Bu əmlak bizim cavabdehlə birgə nikahda olduğumuz tarixə düşür. Qeyd edim ki, birgə nikah dövründə qazanılmış amlakdan payların müayyən olunması ilə bağlı Babək Rayon Məhkəməsinə müraciət etmişəm. Babək Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(079)-416/2023-cü il tarixli qətnaməsi ilə 2008-ci il buraxılışlı "Chevrolet Aveo” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi birgə nikah dövründə qazanılmış hesab edilməkla həmin nəqliyyat vasitəsindən mənə düşən pay müəyyən edilmişdir. Hazırda mən cavabdehlə ayrı yaşayıram, bu səbəbdən də birgə nikah dövründə qazanılmış nəqliyyat vasitəsindan mənə düşən payımın dəyərinin ödənilməsini istəyirəm. Ancaq hal-hazırda qanunla mənə çatan paydan sərbəst suratdə istifadə edə bilmirəm. Bu səbəbdən də "Chevrolet Aveo” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildən mənə çatan payın dəyərinin ödənilmasini istəyirəm. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehlə birgə nikah dövründə aldıqları avtomobildə payının müəyyən olunduğunu, lakin ondan istifadə edə bilmədiyini, cavabdehlə yola gedə bilmədiklərindən uzun müddətdir ayrı yaşadıqlarını, özünün gah oğlu, gah da bacısıgildə qaldığını, avtomobilin hazırda cavabdehin istifadəsində olduğunu, həmin maşını 2 dananı sataraq aldıqlarını, avtomobildən ona düşən payın dəyərinin ödənilməsini tələb etdiyini, əziyyət çəkərək heyvan saxlayıb iki erkək dananı sataraq maşın əldə etdiyini, cavabdehin isə içki içərək onu narahat etdiyini, maşına başqa qadınların mindiyini, hələ ki rəsmi nikahda olduqlarını, gözlərinin əməliyyat olunduğunu, cavabdehin maşını alan olmasın deyə köhnə dəmirləri gətirib maşına əlavə etdiyini, maşını taksi kimi işlətmədiyini, ekspertiza təyin olunub dəyərinin o qaydada çıxarılmasına etiraz etmədiyini, amma 11100 manata aldıqlarını, cavabdehin həyətdən ona düşən pay qarşılığında maşının dəyərinin onda qalmasına dair təklifinə razı olmadığını, ekspertin avtomobilin dəyərinin 8400 manat məbləğində müəyyən edilməsi ilə bağlı rəyinə etiraz etmədiyini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında vermiş olduğu izahatında iddiaçının dediklərinin yalan olduğunu, meşəbəyi işlədiyi zamanlarda satdığı heyvanların pulu ilə Bakı şəhərindən 10100 manata “Chevrolet Aveo” markalı maşın aldığını, avtomobili 9600 manata alıb, 500 manat sənədləşdirilməsinə sərf etdiyini, maşının hazırda saz vəziyyətdə olmadığını, maşının dəyəri təyin edildikdən sonra pulun yarısının özünə ödənilməklə maşını iddiaçıya verməyə etiraz etmədiyini, ya da birgə nikah dövründə əldə edilən torpaqdan ona düşən paydan imtina edib, maşının dəyərindən iddiaçıya düşən pay qarşılığında iddiaçıya verilməsinə etiraz etmədiyini, maşının heç bir hissəsini dəyişdirmədiyini, ekspert rəyinin alınmasından sonra keçirilən məhkəmə iclasında isə maşının hazırda öz istifadəsində olduğunu, ekspertin rəyinə etiraz etmədiyini, amma iddiaçının ayrıldıqdan sonra evdə nə vardırsa artığı ilə götürüb apardığını, bu səbəbdən də indi də maşının dəyərinin yarısının ona verməyə razılığının olmadığını, belə ki, onun həmin pulu ödəmək imkanının olmadığı nəzərə alınmaqla qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iş materiallarını tədqiq edən zaman məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh arasında 08 may 1984-cü il tarixdə nikah bağlanmış, “Chevrolet Aveo” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, B**********KB2 mühərrik nömrəli, KL1SF69TJ8W011029 ban nömrəli avtomobil xx.xx.2016-cı il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Qeyd edilən faktlar mülki iş materiallarına əlavə olunmuş aşağıdakı sənədlərlə təsdiq olunur: - Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən xx.xx.1984-cü il tarixdə 05 nömrə ilə qeydə alınmış X2 və Cavabdeh arasında nikahın bağlanması, nikah bağlandıqdan sonra qadına “Abdullayeva” soyadının verilməsi məlum olur; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan Babək rayon Xal-xal kənd sakini xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh adına xx.xx.2013-cü il tarixdə həsrət körpüsü kiçik müəssisəsinin 533396 nömrəli hesab arayışı əsasında “Chevrolet Aveo” markalı avtomobil qeydiyyata alınaraq **-CP-*** dövlət qeydiyyat nişanı verilmiş, xx.xx.2016-cı il tarixində isə dövlət qeydiyyatı nişanı dəyişdirilərək **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adında qeydiyyatda durduğu məlum olur. Babək Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(079)-416/2023 nömrəli qətnaməsi ilə Cavabdeh məxsus “Chevrolet Aveo” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, B**********KB2 mühərrik nömrəli, KL1SF69TJ8W011029 ban nömrəli nəqliyyat vasitəsi birgə nikah dövründə qazanılmış hesab edilməklə İddiaçı həmin nəqliyyat vasitəsinin ½ hissəsinə payı müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə müəyyən edilən hallar ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Tərəflər arasında mübahisə predmeti olan nəqliyyat vasitəsinin dəyəri ilə bağlı mübahisənin mövcud olduğu nəzərə alınaraq məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspert xx.xx.2024-cü il tarixli, 479 nömrəli rəy ilə o nəticəyə gəlmişdir ki, təqdim olunmuş **-BD-*** dövlət nömrə nişanlı “Chevrolet Aveo” markalı, ağ rəngli, sedan tipli, 2008-ci il buraxılışlı avtomobilin orta bazar qiymətinin 8400 (səkkiz min dörd yüz) manat həcmində olduğu müəyyən olunmuşdur. Ekspert rəyinin təsviri hissəsi nəzərə alındıqda rəyin nəticə hissəsində nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının texniki səhvlik nəticəsində “**-BD-***” əvəzinə “**-BD-***” olaraq yazıldığı müəyyən olunur. Məhkəmə ümumi paylı mülkiyyətdə olan əmlakdan payın dəyərinin ödənilməsi ilə bağlı tələbin əsaslı olub-olmamasının araşdırılması ilə bağlı aşağıdakı normaların qeyd olunmasını vacib hesab edir. Hüquqi dövlətdə mülkiyyət hüququ toxunulmaz olmaqla, subyekti qismində bir şəxs, habelə iki və daha çox şəxs çıxış edə bilər. Yəni əmlak eyni vaxtda bir neçə şəxsə məxsus ola bilər və mülki qanunvericilikdə qeyd edilən münasibətlər ümumi mülkiyyətə dair normalarla tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”): - 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. - 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. - 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. - 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. - 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. - 220.3-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Hazırki mülki iş üzrə ümumi paylı mülkiyyətdə olan əmlak nəqliyyat vasitəsi olmaqla naturada bölünməsi mümkün olmayan əmlakdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 82.1ci maddəsinə görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Hazırki iş üzrə cavabdeh payın dəyərinin ödənilməsinə razılığının olmadığını bildirmişdir. Məhkəmə sözügedən normaları tərəflərin münasibətləri konteksində hərtərəfli nəzərdən keçirərək cavabdehin payın dəyərinin digər mülkiyyətçiyə ödənilməsinə razılığının olmadığını, payın dəyərinin cavabdehin razılığı olmadan iddiaçıya ödənilməsinin yəni mülkiyyətçinin iradəsinin nəzərə alınmamasının onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olacağını əsas götürərək, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarını rəhbər tutaraq belə hesab edir ki, tərəflərin paylı mülkiyyətində olan “Chevrolet Aveo” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı, 2008ci il buraxılışlı, B**********KB2 mühərrik nömrəli, KL1SF69TJ8W011029 ban nömrəli avtomobilin dəyərinin yarısı olan 5500 manat pul vəsaitinin ödənilməsinə dair iddiası rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. MPM-in 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə verilməli olan məbləğlər də daxildir. MPM-in 124.2-ci maddəsinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri olan 40 (qırx) manat miqdarında məhkəmə xərci iddiaçıdan alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia rədd olunsun. İddiaçı tərəfindən iddia qaldırılarkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri olan 40 (qırx) manat miqdarında məhkəmə xərci iddiaçıdan alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar