Məhkəmə qərarları › İş №2(079)-23/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-23/2022

25.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-23/2022 25.01.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh, Şahid iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı 05 noyabr 2021-ci ildə Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona borclu olduğu 8700 (səkkiz min yeddi yüz) manat pulun və ödəmiş olduğu 107 (bir yüz yeddi) manat məbləğində dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarmasını xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, 28 avqust 2020-ci il tarixdə həmkəndlim Cavabdeh Nehrəm qəsəbəsində ev satmaq istədiyini bildirdi. Mən onunla dayım Sabirin iştirakı ilə razılaşıb, 2900 kvadrat metr torpaq sahəsi və üzərində yerləşən evi almaq istədiyimi bildirdim və onunla 16500 (on altı min beş yüz) manata razılaşdıq. Lakin belə razılığa gəldik ki, evi alıb ilkin olaraq 6700 (altı min yeddi yüz) manatını nağd, qalan məbləği isə hissə-hissə ödəyəcəyəm. Həmin vaxt həmkəndlilərim X5 və X1 şahid kimi yanlarında 6700 (altı min yeddi yüz) manatını nağd şəkildə Eldara ödədim və bu barədə həmin şəxslərin iştirakı ilə dayım Şahid akt tərtib etdi. Təqribən 3 ay sonra isə 2000 (iki min) manatını dayım Şahid iştirakı ilə ödədim. Yenə də həmin vaxt akt tərtib olundu, həmin aktı dayımla birlikdə Eldar da imzaladı. Ancaq üstündən bir neçə ay keçəndən sonra Eldar gəlib mənim xəbərim olmadan evin qapısına kilid vuraraq məni və ailə üzvlərimi evə buraxmadı ki, pulun hamısını ödəyin qapını açım, pulumu vermədiyiniz üçün sizi evə buraxmayacağam. Mən həmin məbləği yəni 7800 (yeddi min səkkiz yüz) manat pulu hazırda ödəmək imkanım olmadığını bildirdim. Mənim həmin evdə ev əşyalarım var. Eldar məni 3 aydan artıqdır ki, evə buraxmır. Hal-hazırda mənim maddi imkanım çatmadığından qalan məbləği ona ödəyə bilmirəm. Bu səbəbdən də mən Eldara evini geri qaytarıb, dəfələrlə ondan ödədiyim 8700 (səkkiz min yeddi yüz) manat pulun geri qaytarılmasını tələb etsəm də, o, mənim pulumu qaytarmaq istəmir. Bu səbəbdən də mən məcburiyyət qarşısında qaldığımdan pulumun alınıb mənə qaytarılması barədə iddia qaldırdım. İddiaçı məhkəmədə verdiyi izahatında cavabdehlə uzaq qohumluqlarının olduğunu, özünə ev almaq istədiyini, bununla bağlı yaşadıqları kənddə ev maraqlandıqlarını və Eldarın evini satmaq istədiyini öyrəndiklərini, həm də evin üzərində “satılır” elanı vurulduğunu, özünün fikrində 15000-16000 manatlıq ev almaq olduğunu, əlində nağd olaraq 6700 manat pul olsa da, evi alacağı şəxslə danışıb pulun qalanını nisyə verməyi fikrində tutduğunu, alacağı evin pulunu aybaay deyil, ildə 3000 və ya 5000, yəni imkana görə vermək olduğunu, dayısı Sabir, xalası Şəfiqə və anası Əntiqə ilə gedib cavabdehin satdığı evə baxdığını, evin Babək rayonu, Nehrəm qəsəbəsində “Qarağanlı” məhəlləsində yerləşdiyini, 3 otaq, 1 mətbəx, 1 eyvan və hamam-tualetdən ibarət olduğunu, dayısı Sabirin özünün ağsaqqalı olduğunu, onun əvəzindən dayısı Sabirin cavabdehlə evi 16500 manata razılaşdıqlarını, özünün dayısına 6700 manat pul verdiyini, dayısının isə həmin pulu cavabdehə verdiyini, ilkin olaraq evin alınması üçün cavabdehə 6700 manat pul verdiklərini, daha sonra ildə 3000 və ya 2000, yəni imkana uyğun razılaşdıqlarını, sonuncu məbləği verdikdən 1 il sonra onun dayısına cavabdehə verməsi üçün 2000 manat pul verdiyini, həmin məbləğdə pulu da sənədləşdirib cavabdehə verdiklərini, evlə bağlı bütün danışıqlarda və əməliyyatlarda dayısı Sabirin iştirak etdiyini, özünün sadəcə pul verdiyini, cavabdehə 2000 manat verməsindən bir ay sonra Eldarın ondan pul istədiyini, özünün isə cavabdehə danışıqlarının belə olmadığını dediyini, hər ay pul verməyə imkanının olmadığını, bundan sonra cavabdehin onlara demədən evin qapısına qıfıl vurduğunu və onları evə qoymadığını, bu səbəbdən də Cavabdeh verdiyi 8700 manat məbləğində pulun geri qaytarılmasını istədiyini, həmin evdə xalasının təqribən 2-3 ay yaşadığını qeyd edərək, yekunda məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında arvadının böyrəklərində xəstəlik olduğunu, bu səbəbdən də Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən evini satışa qoyduğunu, evin 3 otaq, 1 mətbəx, 1 eyvan, hamam-tualetdən ibarət olduğunu, evə 16500 manat dəyər qoyduğunu, evə baxmağa iddiaçının dayısı Sabir, anası Əntiqə, xalası Şəfiqənin gəldiyini, Kamranın isə onlarla gəlmədiyini, evə baxmasından sonra özünün evi Sabirə satmağa razılaşdığını, ilkin olaraq ona nağd şəkildə 6700 manat verəcəyinə, qalan məbləğini isə 2021-ci ilin mart ayınadək ödəyəcəklərinə razılaşdıqlarını, iddiaçının dayısı Sabirin ona 6700 manat pulu Sadıx və Qadir adlı şəxslərin yanında 2020-ci ilin fevral ayında verdiyini, həmçinin evin pulunu tam ödədikdən sonra özünün evi iddiaçının adına keçirəcəyinə razılaşdıqlarını, özünün evi iddiaçıya deyil, əslində onun xalasına satdığını, hətta onun xalası boşanma ərəfəsində olduğu üçün Şəfiqənin 8 ay orada yaşadığını, iddiaçının 2021-ci ilin mart ayına qədər evin pulunu tam ödəməli olmasına baxmayaraq, həmin razılıqdan 3 ay keçməsinə baxmayaraq ödəniş etmədiyini, özünün iddiaçının dayısı Sabirə zəng etməsindən sonra 2021-ci ilin mart ayında ona 2000 manat pul verildiyini, sonuncu pulu verəndə Sabirin oğlunun da orada olduğunu, təqribən 3-4 ay keçdikdən sonra evin pulunu verməsini qarşı tərəfdən tələb etdiyini, yəni verdiyi vaxtdan çox keçdiyini, Kamranın isə imkanının olmadığını, “evi qaytarıram” dediyini, gedib həyətə baxanda bir çox əşyasının yerində olmadığını gördüyünü, belə olan halda qapıya qıfıl vurduğunu və pulunu ödəməsini iddiaçıya dediyini, aktların hər ikisini də özünün imzaladığını, balaca qızı Sabirin qardaşı Cabirin evində gəlin olduğundan məhkəmədə onlardan evin qalan pulunun verilməsi ilə bağlı iddia qaldırmadığını bildirərək, yekunda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdi. Tərəflərin izahatlarını iş materiallarını ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, onlar arasında Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən daşınmaz əmlakın alqı-satqısı barədə razılıq əldə edilməsi, iddiaçının daşınmaz əmlakın alqı-satqısı ilə bağlı işləri şifahi olaraq dayısı Şahid həvalə etməsi, Cavabdeh tərəfindən İddiaçı 16500 manata daşınmaz əmlakın satılması, ilkin olaraq iddiaçı tərəfindən 6700 manat pulun cavabdehə verilməsi, qalan hissəsinin bir müddət sonra ödənilməsi barədə razılığa gəlmələri, Cavabdeh iddiaçının dayısı Şahid 6700 (altı min yeddi yüz) manat və 2000 (iki min) manat olmaqla ümumilikdə razılaşma üzrə 8700 (səkkiz min yeddi yüz) manat pul alması, iddiaçının razılaşma üzrə müəyyən edilmiş qalan pulu ödəməməsi və Cavabdeh İddiaçı satması nəzərdə tutulan əmlakın hazırda cavabdehin sahibliyində olması mülki işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması tərəflərin məhkəmədə verdikləri izahatlarından, həmçinin iddia ərizəsinə əlavə edilmiş 28 avqust 2020-ci il tarixli və tarixi qeyd edilməyən Cavabdeh və Şahid tərəfindən imzalanan aktla müəyyən edilir. İşin mübahisəli halı isə iddiaçının Cavabdeh daşınmaz əmlakın alqı-satqısı ilə bağlı verdiyi 8700 (səkkiz min yeddi yüz) manat pulu geri qaytarmasını tələb etməsidir. Mülki işin mübahisə hallının hüquqi həlli ilə bağlı məhkəmə ilk öncə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normalara əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Tərəflərin məhkəmədə verdikləri izahatlardan aydın olur ki, onlar arasında alqı satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdı. Lakin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyi rəhbər tutan məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış müqavilə münasibətlərini etibarlı hesab etmək olmaz. Həmin qərarda qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. "Elektron Məhkəmə" informasiya sistemindən olan məlumatdan Cavabdeh mülkiyyətdə Babək rayonu, Nehrəm qəsəbəsində daşınmaz əmlak olması müəyyən edilmir. Tərəflər də qeyd edilən halın təsdiqi ilə bağlı məhkəməyə sübut təqdim etməyib. Digər tərəfdən isə daşınmaz əmlakın alqı-satqısına dair müqavilə yazılı formada bağlanmalı olmasına baxmayaraq tərəflərin izahatından görünür ki, onlar qanunvericiliyin yuxarıda qeyd edilən tələbinə əməl etməmiş və daşınmaz əmlakın alqı-satqısı ilə bağlı şifahi müqavilə bağlamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmçinin həmin Məcəllənin 394-cü maddəsi ilə müəyyən edilir ki, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Bundan əlavə sözü gedən Məcəllənin 139.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə bildirir ki, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısına dair bağlanmış şifahi razılaşma etibarlı və ya qanuni hesab edilə bilməz. Lakin işdə araşdırılmış sübutlardan İddiaçı Cavabdeh şifahi razılaşma üzrə 8700 (səkkiz min yeddi yüz) manat verməsi, buna baxmayaraq daşınmaz əmlakın isə sonuncunun sahibliyində olması öz təsdiqini tapır . İddiaçı isə cavabdehdən məhz həmin pulun geri qaytarılmasını tələb edir. Tələbin hüquqi həlli ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdu ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırki vəziyyətdə tərəflər arasında etibarlı müqavilə münasibətlərinin olmaması müəyyən edildiyindən məhkəmə qeyd edir ki, Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə isə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddia tələbinin məhkəmə araşdırılması zamanı isə hazırki vəziyyətdə daşınmaz əmlakın alqı-satqısı üçün İddiaçı pul alıb əmlakı özündə saxlayan Cavabdeh hərəkətinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsasının olmasını sübuta yetirə bilməmişdi. Mülki Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinin tələbinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə iddiaçının cavabdehə verdiyi pulun geri qaytarılması tələbini əsaslı sayır. Qaytarılmalı olan pulun məbləğinə gəldikdə isə iddiaçı Cavabdeh 8700 (səkkiz min yeddi yüz) manat pul verdiyini qeyd edir və tələbinin bu əsasının təsdiqi üçün məhkəməyə pulların verilməsi haqqında aktları təqdim etmiş, həmin pulların verilməsində bilavasitə iştirak etmiş dayısı Şahid qismində dindirilməsini məhkəmədən xahiş etmişdi. İddiaçının məhkəməyə təqdim etdiyi Cavabdeh, Həsən Sadıx, Əliyev Qadir və Şahid tərəfindən imzalanmış 28 avqust 2020-ci il tarixli aktda qeyd edilir ki, mən İddiaçı Cavabdeh, öhdəsində olan ev və torpaq sahəsi 29 sot X8, X4 qonşuluğunda olan torpaq sahəsini 16500 (on altı min beş yüz) manata aldım. Birinci ödəniş 6700 (altı min yeddi yüz) manat ödədim. Tarixi qeyd edilməyən Cavabdeh və Şahid tərəfindən imzalanmış akta isə göstərilir ki, mən İddiaçı Cavabdeh öhdəsində olan ev və torpaq sahəsi 29 sot X8, X4 qonşuluğunda olan torpaq sahəsini 16500 (on altı min beş yüz) manata aldım. Birinci ödəniş 6700 (altı min yeddi yüz) manat ödədim, ikinci ödənişi 2000 (iki min) manat verdim. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh verilmiş sübut suallına cavab olaraq həqiqətən də aktları özünün imzaladığını və pulları aldığını qeyd etmişdi. İddiaçının məhkəməyə təqdim etdiyi Şahid məhkəmədə verdiyi ifadəsində İddiaçı özünün bacısı Əntiqənin oğlu olduğunu, bir gün bacısının ona oğlunu evləndirmək və ona ev almaq istədiyini dediyini, həmin vaxt Kamranın tikintidə işlədiyini, ayda 400-500 manat əmək haqqı aldığını, əllərində 6700 manat pul olduğunu, kəndə ev axtarıb, soraqlaşdıqlarını, Eldarın da evini satdıqlarını öyrəndiklərini, bundan sonra bacı ilə birlikdə onun evinə baxdıqdarını və evi 16500 almağa razılaşdıqlarını, evin dəyərinin 6700 manatını nağd verib qalan hissəsini isə müəyyən vaxt sonra verməyi razılaşdıqlarını, bir müddət sonra isə Eldarın ona zəng edərək ona pul lazım olduğu üçün evin pulunu istədiyini, bundan sonra bacısı Əntiqənin lombarddan 1000 manat pul götürdüyünü, başqa abir yerdən isə əlavə 100 manat əldə edib Eldara 2000 manat pul verdiyini, ümumilikdə isə özünün cavabdehə iki dəfə, bir dəfə 6700 manat, sonuncu dəfə isə 2000 manat pul verdiyini, həmin pulu isə ona iddiaçı tərəfin verdiyini, Eldarın hazırda evin qapısını bağlayaraq Kamranı evə qoymadığını, ağsaqqallar tərəfindən dəfələrlə danışıqlar aparılsa da nəticə vermədiyini bildirmişdi. Məhkəmə iddiaçının təqdim etdiyi sübutları iş üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün mötəbər sübut kimi qəbul etməkdə hər hansı bir maneə görmür. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə yekunda belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı 8700 (səkkiz min yeddi yüz) manat pul tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 107 (bir yüz yeddi) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - Cavabdeh 8700 (səkkiz min yeddi yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməli; -həmçinin 107 (bir yüz yeddi) manat miqdarında dövlət rüsumu da cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 8700 (səkkiz min yeddi yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Həmçinin 107 (bir yüz yeddi) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar