Məhkəmə qərarları › İş №2(079)-267/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-267/2023

03.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-267/2023 03.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, şahidlər Şahid2, Şahid1, Şahid4 və Şahid3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 12 aprel 2023-cü ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 850 (səkkiz yüz əlli) manat məbləğində borcun və ödəmiş olduğu 30 (otuz) manat miqdarında dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, 25 may 2022-ci il tarixdə oğlum Kamran qəflətən vəfat etdi, həmin vaxt mənim başım yas mərasimində qarşdığından böyük oğlum Şahid2 mülkiyyətimdə olan 35 baş xırdabuynuzlu heyvanımı 3600 manata qiymətləndirib, mənim razılığım ilə Nehrəm qəsəbə sakini Cavabdeh satmışdır. Həmin vaxt Oruc pulu olmadığından nəğd şəkildə ödəyə bilmədiyi üçün 2 gün müddətində pulu ödəyəcəyini bildirmişdir. Mənim oğlum xəstədir, onda epilepsiya və bir çox xəstəliklər var. Elə Oruc da onun xəstəliyindən istifadə edərək heyvanları aşağı qiymətə dəyərləndirib nisiyə almışdır. Təqribən yas mərasimindən 10-15 gün keçdikdən, yəni mən özümü biləndən sonra heyvanları oğlum Nicatın nisiyə satdığını öyrəndim. Nicat xəstə olduğu üçün ona bir söz deyə bilmədim, özüm Babək Rayon Polis Şöbəsinə gəlib müraciət etdim. Həmin vaxt polis şöbəsinin rəisi Orucu şöbəyə dəvət etdi. Onunla söhbət edəndən sonra Oruc isə heyvanları kimə verdiyini bildirdiyinə görə rəis həmin şəxslərdən çağırıb müəyyən vaxtlarda hissə-hissə 2750 manat pul alıb mənə verdi. Ancaq Oruc üzərinə düşən 850 manat pulu bu gün sabaha salaraq mənə qaytarmaqdan birmənalı olaraq imtina edir. Mənim həmin pula çox böyük ehtiyacım var, çünki mən özüm heyvanları “Naxçıvan Bankdan” kredit götürüb almışdım. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişəm. İddiaçı məhkəmədə verdiyi izahatında oğlu Kamranın təhsilinə xərcləmək üçün 35 baş heyvanı kreditlə aldığını, daha sonra oğlu Kamran bir qız sevdiyindən həm oğlunun, həm də onun sevdiyi qızın intihar edərək özünü öldürdüyünü, bu vaxt özündə olmadığını və heyvanlara baxmadığını, kənd camaatının ona heyvanları satmasını məsləhət gördüyünü, bir gün oğlu Nicatın ona heyvanları 3600 manata nehrəmli Oruc adlı şəxsə satdığını dediyini, ondan heyvanların pulunu istəyəndə Nicatın ona Orucun pulu hələ vermədiyini dediyini, həmçinin Orucun heyvanları aparmaq üçün bir sürücü ilə gəldiyini ona bildirdiyini, təqribən 10-15 gün keçdikdən sonra Oruc pulu vermədyindən Babək Rayon Polis İdarəsinə müraciət etdiyini, Orucun polis şöbəsinə çağırıldığını, onun heyvanları qaytarmaq istədiyini dediyini, sonra heyvanların hazırda atasının qabağında sürüdə olduğunu bildirdiyini, həmin gün Nehrəm qəsəbəsinin sahə müvəkkili İsa adlı polislə Nehrəm qəsəbəsinə getdiyini, özünə məxsus olan heyvanların Orucun atasının qabağında otardığını gördüyünü, ondan heyvanları istəyəndə cavabdehin atasının ona “heyvanları aparsan mənim bağrım çatlayar, qısa zamanda sənin pulunu verəcəyəm” dediyini, bu səbəbdən də razılaşıb ondan heyvanları almadığını, daha sonra Orucun polis şöbəsinə dəvət edildiyini, orada cavabdehin Rasəfin adını çəkdiyini, yəni aldığı heyvanlardan ona verdiyini dediyini, bundan sonra Rasəfin anasının ona biri 350 manat olmaqla iki ədəd xalça verdiyini, həmçinin pensiyasından hissə-hissə 1800 manat pul ödədiyini, ümumilikdə ona 2750 manat pul verildiyini, digər 250 manatı kimin verdiyini bilmədiyini, demək olar ki, pulun böyük əksəriyyətinin polis tərəfindən alınıb ya onun kartına köçürüldüyünü, ya da ona verildiyini, oğlu Nicatın 35 baş heyvanı və bir iti Oruca 2022-ci ilin may ayının 25-də satdığını, bu səbəbdən də qalan 850 manatı da ondan istədiyini, lakin həmin pulun ona verməkdən imtina etdiyini qeyd edib, yekunda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdi. İş materiallarını tədqiq edərək məhkəmə müəyyən edir ki, İddiaçı Şərur rayonu, Xanlıqlar kəndində, cavabdehin isə Babək rayonu, Nehrəm qəsəbəsində yaşaması işin mübahisəsiz halıdır. Bu halların işin mübahisəsiz olması "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlarla öz təsdiqini tapır. İşin mübahisəli halı isə iddiaçının cavabdehdən 850 (səkkiz yüz əlli) manat pul tələb etməsidir. İşin mübahisəli halını ümumilikdə məhkəmədə tədqiq edilmiş sübutlar ilə qarşılıqlı və müqayisəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla məhkəmə ilik olaraq onu bildirir ki, tərəflər mülki hüquq münasibətləri, alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçı həm tələbində, həm də məhkəmədə verdiyi izahatında oğlu Nicatın ona məxsus olan 35 baş heyvanı ümumilikdə 3600 manata Cavabdeh satması, həmin heyvanların satılması ilə bağlı yaranmış borcdan 2750 (iki min yeddi yüz əlli) manat miqdarında pul verməsini və 850 (səkkiz yüz əlli) manat borcun qaldığını bildirmişdi. Məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə baxılan tələblə bağlı iddiaçı tərəfə sübut etməli olduğu halların dairəsini izah edərək ona, oğlu Şahid2 tərəfindən Cavabdeh heyvanların satılması, müqavilə predmeti olan heyvanların cavabdehə verilməsini sübut etməli olduğunu bildirmişdi. İddiaçı tərəf isə öz tələbinin əsası kimi qeyd edilən halları sübut etməsi üçün Şahid2, Şahid1, Şahid4 və Şahid3 şahid qismində dindirilməsini məhkəmədən xahiş etmişdi. Şahid3 məhkəmədə verdiyi ifadəsində Məriyəmin Babək Rayon Polis İdarəsinə pul tələbi ilə şikayət etdiyini, bundan sonra cavabdehin atası ilə danışıb onun çöldə olduğunu öyrəndiklərini, bundan sonra sahə müvəkkili Şahid4la birlikdə iddiaçınə Orucun atasının olduğu yerə apardığını, maşında Məriyəmin onlara heyvanlarını almağa getdiyini dediyini, onu çöldə Orucun atasının olduğu yerə apardıqlarını, özlərinin orada hər hansı söhbətə qarışmadığını, sadəcə olaraq təhlükəsizliyi qorumaq məqsədi ilə orada olduqlarını, iddiaçı ilə cavabdehin atasının onlardan təqribən 10-15 metr aralıda olduğunu, onların nə danışdığını eşitmədiyini, Məriyəmin qayıdan zaman onlara “razılaşdıq, qoyunları götürmürəm, onlar maşını satıb pulumu verəcək” dediyini qeyd etmişdi. Şahid4 məhkəmədə dindirilməsi zamanı ifadəsində əvvəllər Babək rayonu, Nehrəm qəsəbəsində sahə inspektoru işlədiyini, Məriyəmin borc məsələsi ilə bağlı Babək Rayon Polis Şöbəsinə müraciət etdiyini, iddiaçının şikayəti əsasında onu idarəyə çağırdıqlarını, bundan sonra Orucu tapa bilmədiklərindən onun atası ilə telefonla əlaqə saxladıqlarını, onun hazırda çöldə olduğunu bildirdiyini, yolda Məriyəmin bildirdiyinə görə Orucun özünü onlara hərbiçi kimi göstərib onlardan heyvan aldığını dediyini, iddiaçını cavabdehin atasının olduğu yerə aparanda onun aralıda olduğunu, Məriyəmin maşından düşüb onun yanına getdiyini, özünün isə İsa ilə aralıda gözlədiyini və heç bir məsləyə qarışmadığını, sadəcə olaraq təhlükəsizliyi təmin etmək məqsədi ilə orada olduğunu, həmin vaxt orada “Raf” markalı maşının sürücüsü Raminin, Məriyəmin, onun qardaşının oğlunun, özünün və Orucun atasının olduğunu, cavabdehi orada görmədiyini, söhbətin sonunda həm Orucun atasının, həm də Məriyəmin onlara yaxınlaşdığını və razılaşdıqlarını dediklərini, Oruc heyvanları iddiaçıdan aldıqdan sonra onları Rasəf adlı şəxslə birlikdə onları dəyərdəyməzinə başqasına satdığını, bu səbəbdən də Rafəsin də şöbəyə dəvət edildiyini, onun anasının iddiaçıya pul verdiyini, xatırladığına görə Rasəfin anasının iddiaçıya verməsi üçün ona bir dəfə 50 manat, üç dəfə isə 100 manat pul verdiyini, özünün isə həmin pulları Məriyəmin kartına atıb, pulunu əvvəlki polis rəisinə verdiyini, özünün Orucun yaşadığı qəsəbənin sahə müvəkkili olması zamanı onu tanıdığını, cavabdehin müsbət xarakterizə olunan biri olmadığını, belə ki, onun başqa şəxslərdən də heyvan alıb, pulunu vermədiyini, onların qrup halında olduğunu, həmin şəxslərdən biri olan Telmanın barəsində cinayət işi başlanıldığını qeyd etmişdi. Şahid2 məhkəmədə verdiyi ifadəsində iddiaçının oğlu olduğunu, qardaşının öldüyünü, onun yasının ikinci-üçüncü günündə heyvanları Oruca satdığını, cavabdehin onların kəndində qarpız satdığını, həm özünün, həm də rəhmətə gedən qardaşının Orucdan dəfələrlə qarpız aldığını, onu bu vasitə ilə tanıyıb, inandığını, heyvanları çöldə otaran zaman Oruca heyvanları satdığını dediyini, cavabdehin də ona heyvanların hamısına 3600 manat verəcəyini dediyini, onunla razılaşdığını, ona sayını dəqiq xatırlamasa da 30-dan artıq heyvan satdığını, həmçinin itini də ona verdiyini, Orucun isə ona heyvanların pulunu ya axşam, ya da iki gün sonra verəcəyini dediyini, sonra onun bir Qazel maşını çağıraraq heyvanları ona yığıb apardığını, heyvanları kreditlə qardaşının təhsili üçün aldığını bildirmişdi. Şahid1 məhkəmə verdiyi ifadəsində iddiaçının bacısı olduğunu, həmçinin onunla qonşuluqda yaşadığını, Məriyəmin oğlunun ölməsinin ikinci günü yasa gedəndə Nicatın heyvanları maşına yığdığını gördüyünü, ondan nə etdiyini soruşanda Nicatın ona “heyvanları satdım, pulunu da ya axşam, ya da iki gün sonra verəcək” cavabını verdiyini, heyvanları alan şəxsin kəndlərində qarpız satmağa gələn, başının orta hissəsinin keçəl biri olduğunu, bir neçə gün sonra Məriyəmin ondan yol pulu istədiyini və ona heyvanların pulunu almaq üçün gedəcəyini dediyini, heyvanların neçəyə satılmasından məlumatının olmadığını bildirmişdi. Dindirilmiş şahidlərin ifadələrinin sübut kimi qəbul edilməsinə münasibət bildirən məhkəmə qeyd edir ki, onların ifadələri iş üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün qəbul ediləndir. Belə ki, Şahid2 və Şahid1 ifadəsindən heyvanların Cavabdeh satılması və ona verilməsi, dolayı sübut kimi şahidlər Şahid4 və Şahid3 ifadəsindən isə cavabdehin İddiaçı heyvanların pulunu ödəməməsi öz təsdiqini tapır. Yuxarıda qeyd edilən hallar özlüyündə Şahid2 ilə Cavabdeh arasında heyvanların nisyə alqı-satqısı müqaviləsi bağlandığını təsdiq edir. Belə ki, Şahid2 anası İddiaçı məxsus heyvanların satması barədə təklifi Cavabdeh qəbul etməsi ilə onlar arasında şifahi formada alqı-satqı müqaviləsi bağlanmışdı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddiaçıya məxsus olan heyvanların onun övladı Şahid2 tərəfindən satılmasına hüquqi münasibət bildirən məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. İddiaçının tələbindən və məhkəmədə verdiyi izahatından aydın olur ki, o, oğlu Şahid2 tərəfindən ona məxsus olan heyvanların Cavabdeh satılmasına etiraz etməmişdi. Lakin məhkəmə onu da tərəflərin nəzərinə çatdırır ki, müqavilənin bağlanması hər bir tərəfin müqavilədən irəli gələn öhdəliyini icra etməsini özündə ehtiva etmir. Mülki qanunvericiliyin tələbinə görə hər bir müqavilənin özünə məxsus öhdəliyi və tərəflər üçün ondan irəli gələn hüquq və vəzifələri mövcuddur. İddiaçı tərəf müqavilədən irəli gələn öhdəliyinin icrasının yerinə yetirməsi, yəni 35 baş heyvanı cavabdehə təqdim etməsi şahidlər Şahid2 və Şahid1 ifadəsi ilə öz təsdiqini tapır. Cavabdehin müqavilən irəli gələn öhdəliyini icra etməsi, yəni müqavilə üzrə razılaşdırılmış heyvanların dəyərini İddiaçı ödəməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməyib. Məhkəmə 12 aprel 2023-cü il tarixli məktubla iddia ərizəsinin surətini ona əlavə edilmiş sübutlarla birlikdə cavabdehə göndərərək ona Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 154.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etiraz və ərizəyə əlavə olunmuş sənədlərə münasibəti, həmçinin iddiaya etiraz və ona əlavə olunmuş sənədlərin surətləri iddiaçıya və məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunsa da, Cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı bir etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddiaçının tələbini qeyd edilən maddi hüquq norması ilə əlaqələndirən məhkəmə bildirir ki, İddiaçı ona məxsus olan hüququnu ödənilməmiş əşyanın geri qaytarılması deyil, onun dəyərinin ödənilməsi istiqamətində istifadə etmişdi. Cavabdeh müqavilədən irəli gələn öz öhdəliyini lazımınca icra etməməsi öz təsdiqini tapdığından, məhkəmə İddiaçı cavabdehdən 850 (səkkiz yüz əlli) manat məbləğində pulun alınıb ona verilməsini tələbini əsaslı sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Məhkəmə tərəfindən iddiaçının tələbi əsaslı saydığından, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - Cavabdeh 850 (səkkiz yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı na verilməli; -həmçinin Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 850 (səkkiz yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Həmçinin Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar