Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-29/2022 17.08.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 14 sentyabr 2021-ci ildə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, girov qoyduğu qızıl-zinət əşyalarının satılması nəticəsində dəymiş maddi zərərə görə 6800 (altı min səkkiz yüz) manat, mənəvi zərərə görə 1000 (bir min) manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunun onlardan müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq bildirmişdir ki, 2017-ci ilin avqust ayı idi, pula ehtiyacım olduğu üçün özümə məxsus qızıl-zinət əşyalarını lombarda qoyub pul götürmək qərarına gəlmişdim.ç X5 metrosunun yaxınlığında lombardın fəaliyyət göstərdiyini görüb, 25 avqust 2017-ci il tarixdə Xalqlar Dostluğu metrosunun şimal şərq çıxışı ünvanında yerləşən lombarda gedib Cavabdeh1 ilə müqavilə imzalayaraq 1 ədəd 585 əyarlıq qızıldan hazırlanmış 4,95 qram çəkidə üzərində klon olan boyunbağını və 23 fevral 2018-ci il tarixdə həmin ünvanda yerləşən lombardda Cavabdeh2 ilə müqavilə imzalayaraq 750 əyarlıq qızıldan hazırlanmış,14,1 qram çəkidə, 10 karat 33 ədəd brilyant qaşlarla bəzədilmiş 1 üzük və iki ədəd sırğadan ibarət komplekti, ümumilikdə isə 5300 manat dəyərində qızılımı girov qoyaraq, 25 avqust 2017-ci il tarixdə 150 manat və 23 fevral 2018-ci il tarixdə isə 680 manat, cəmi 830 manat məbləğində pul götürdüm. Qeyd edim ki, hər ay ödənişlərimi vaxtı-vaxtında yerinə yetirirdim. Gecikdirmələrim olmamışdı. Son ödənişimi 2019-cu ilin noyabr ayının 30-da etmişdim. Bu vaxta qədər mənə verilən bütün əsas məbləği faizi ilə geri qaytarmışam. 2020-ci ilin yanvar ayında lombardın ofisində işləyən Sədaqət adlı xanım mənə zəng vuraraq bildirdi ki, fevralın 10-na qədər 1200 manat pulu gətir və qızıllarını geri qaytaraq. Mən 9 fevral 2020-ci il tarixdə lombarda yaxınlaşdıqda isə mənə bildirildi ki, qızıllarım satılıb və bu səbəbdən də qızıllarımın oxşarı olan başqa qızıllar veriləcək. Lakin onlar tərəfindən verilən vədlərin heç biri yerinə yetirilmədi. Bu səbəbdən də mən şikayət ərizəsi ilə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə müraciət etdim. Şöbədə izahat vermiş lombard işçisi guya “ümumilikdə 8 ayın ödənişinin edilmədiyini, ödənişlərin gecikdirildiyini, 30 noyabr 2019-cu il tarixdə gələrək, aprel-iyun ayı ödənişlərinin edildiyini” bildirmişdir və girov malların satılmasını bununla əlaqələndirmişdir. Buradan yaranan sual ondan ibarətdir ki, əgər bu qədər gecikdirmələr var idisə, niyə cavabdeh noyabr ayınadək hələ də bizdən ödəniş tələb edir, bunun əvəzinə malları satmırdı? İzahatdan da göründüyü kimi mənim tərəfimdən 30 noyabr 2019-cu il tarixdə sonuncu ödəniş edilmişdir. Əgər aprel ayından mənim tərəfdən heç bir ödəniş edilməmişdirsə gecikdirmələrə görə girov malları noyabr ayına qədər hərraca çıxarılaraq, satıla bilərdi. Lakin cavabdehlərin noyabr ayına qədər gözləyərək bu ayda məndən ödəniş alması daha sonra isə borcların ödənilməsinə baxmayaraq, yalnız bundan sonra girov əşyaları satması qanuna uyğun deyildir. Bu hal həm də onu ehtimal etməyə imkan verir ki, cavabdehlər girov malı öncədən satmış, lakin mənə bu barədə xəbərdarlıq etməyərək, növbəti ayların da ödənişini almağa davam etmişlər. Hətta yanvar ayında fevral ayı üçün də 1200 manat son ödənişi tələb edərək, həmin ay girov malları qaytaracağını bildirmiş, lakin ödəniş edilən vaxt məlum olmuşdur ki, girov qızıllarım çoxdan satılıb. Bu halda cavabdehlər girov qoyduğum qızıllarımı satdıqlarını bilə-bilə məndən əlavə pul tələb etmiş və mənə də onun satılması barədə məlumat verməmişlər. Aydındır ki, bu müqavilələri bağlayarkən və sonrakı müddətdə cavabdehlərin tək məqsədi mənim hesabıma qanunsuz yolla və əsassız şəkildə varlanmaq olmuşdur. Bildirmək istəyirəm ki, girov müqavilələrində nəzərdə tutulmuşdur ki, 2 ay müddətinə gecikmə olduğu halda lombard tərəfindən girov əşyaları sonuncunun mülkiyyətinə keçirilə bilər. Lakin girov biletlərindəki qeydlərdən də göründüyü kimi tərəfimdən mütəmadi olaraq ödənişlər edilmiş və sonuncu ödənişlərin edilməsi cavabdeh tərəfindən verdiyi izahatda da etiraf edilmişdir. Mütəmadi ödənişlərin edildiyi halda heç bir əsas olmadan qızıllarımın satılması və buna baxmayaraq, məndən ödənişlərin tələb edilməsi tamamilə qanunsuzdur. Bundan başqa qızıllarımın satılması ilə bağlı mənə bu barədə nə bir rəsmi bildiriş, nə də bir mesaj göndərilmişdir, əlaqə nömrələrim onlarda olduğu təqdirdə heç bir zəng edilməmişdir. Faktiki olaraq lombardın sahibliyi altında olduğuna görə mən bir mülkiyyətçi kimi qızıllarım barəsində sərəncam verilməsinin qarşısını ala bilməmişəm, yəni öz mülkiyyət hüquqlarımı müdafiə etmək imkanından məhrum olmuşam. Hesab edirəm ki, müqavilənin şərtlərində əks olunan “heç bir xəbərdarlıq edilmədən” satılması ifadəsi qanun tələblərinə və Konstitusiya ilə qorunan mülkiyyət hüquqları prinsiplərinə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 302.9-cu maddəsinə əsasən “əşyanın lombardda girovu haqqında müqavilənin girov qoyanın hüquqlarının bu Məcəllənin ona verdiyi hüquqlara nisbətən məhdudlaşdıran şərtləri əhəmiyyətsizdir. Bu baxımdan hazırki müqavilənin bu müddəası da mənim bir mülkiyyətçi kimi qanunla nəzərdə tutulmuş təminatlarımın və hüquqlarımın məhdudlaşdırılması hesab olunmaqla əhəmiyyətsiz elan edilməli, heç bir xəbərdarlıq edilmədən girov əşyaların satılması isə qanun pozuntusu sayılmalıdır. Beləliklə də cavabdehlərin qanuna zidd hərəkətləri nəticəsində, girov qoyduğum qızıllarımın satılması ilə mənə 5300 manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan əlavə mən girov malların satıldığı halda cavabdehlərin hesabına müəyyən məbləğlərdə pullar köçürmüş və bununla da əlavə maddi ziyana məruz qalmışam. Habelə qızıllarımın satılması nəticəsində mən onlardan başqa şəkildə istifadə edərək, gəlir əldə etmək imkanından da məhrum olmuşam. Bu səbəbdən də əlavə olaraq 1500 manat məbləğində əldən çıxmış faydam olmuşdur. Cavabdehin hərəkətləri nəticəsində mən, yüksək dəyəri olan qızıllarımın satılması və bu qədər aylar ərzində vicdanlı yanaşmağıma baxmayaraq aldadılmağım səbəbi ilə həm də dərin mənəvi sarsıntı və psixoloji böhran keçirmişəm ki, bu da fiziki psixoloji sağlamlığıma hədsiz ziyan vurmuşdur. Cavabdehlər onlara olan etibarımı boşa çıxarmış və bu qədər aylar ərzində mənim pulumu alaraq, xəbərim olmadan qızıllarımı satmışdır. Bu səbəbdən də mənə xeyli miqdarda mənəvi ziyan dəymişdir ki, bunu da 1000 manat məbləğində dəyərləndirirəm. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(005)-4606/2021 nömrəli qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Babək Rayon Məhkəməsinə göndərilmişdir. Mülki iş məhkəməyə 22 noyabr 2021-ci il tarixdə daxil olmuşdur. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı 16 avqust 2022-ci ildə ********** nömrəli teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə bağlı olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini, onun iştirakı olmadan işə baxılıb iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 vəkil-nümayəndəsi Vəkil əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyim Cavabdeh1 sahibkarlıq faəliyyəti ilə məğul olur, eyni zamanda fəaliyyəti nəticəsində əldə etdiyi gəlirlərdən vergi ödəyir. Cavabdeh iddiaçını əvvəlcədən tanımayıb və aralarında heç bir borc münasibətləri olmayıb. İddiaçı qızıllarını lombarda qoymuş, 150 manat kredit və qarşılıq öhdəlik götürmüşdür. İddiaçının öhdəliyinin əsası ondan ibarət olmuşdur ki, o götürdüyü 150 manat məbləğində krediti qaytarana qədər 150 manata görə aylıq 6 faiz, öhdəliyin icrası 2 aydan artıq müddətə gecikdirildikdə isə həmçinin 0.1 faiz cərimə ödəməli idi. Bu barədə tərəflərin razılaşması girov bileti ilə təsdiq olunur. Yəni lombardın aylıq gəliri həmin 9 manat və gecikmələrə baxmayaraq iddiaçıya yalnız 2018-ci ilin iyul ayından başlayaraq hesablananan 4.5 manatdan ibarət cərimə məbləğindən ibarət idi. İddiaçı borcunu ara-sıra ödəyib və elə zənn edib ki lombarddan götürdüyü puldan biraz artıq qaytarıbsa, qızıllarını götürə bilər. İddiaçı öz əsas öhdəliyini yerinə yetirməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq əsas borcunu qaytarmaqdan yayınmışdır. Hətta iddiaçıya əsas borcu qaytarması və qızıllarını başqa lombarda girov qoyması təklif olunmuş, lakin bunun da bir nəticəsi olmamışdır. Girov müqaviləsində göstərilir ki, borc ödənilmədiyi halda günlük 0,1 faiz cərimə tətbiq edilir. İddiaçı özü müqavilənin şərtlərinə əməl etməmiş, 2019-cu ilin iyun ayından etibarən ödəmələri tamamilə dayandırmış, buna baxmayaraq cavabdehdən qızılını tələb etmiş, hətta qızılların brilyant olduğunu iddia etmişdir. Bununla bağlı Nizami Rayon Polis İdarəsinin 21 fevral 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı mövcuddur. Həmin şikayətdə iddiaçı lombarda verdiyi əşyaların qızıl olduğunu bildirir. Eyni zamanda girov biletinin də üzərində qızıl və onun əyarı yazılıb. Brilyant və onun neçə karat olması ilə bağlı heç bir müddəa yoxdur. İddiaçı öhdəliyini icra etməkdən yayınmış, hətta cavabdehləri guya onu aldatmaqda ittiham etmişdir. İddiaçının cavabdehlərə olan borcu barədə dəqiq hesablamalar aparılmış və 20 iyun 2022-ci il tarixli ərizədə bu barədə qeyd edilmişdir. İddiaçı öz iddiasının əsaslandıran hallarla bağlı məhkəməyə lazımi qədər sübut təqdim etməmişdir. Sözügedən hallar nəzərə alınmaqla iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, 25 avqust 2017-ci ildə İddiaçı özünə məxsus olan 585 əyarlı, çəkisi 4,95 qram olan bir ədəd boyunbağını klonla birlikdə girov qoyaraq Cavabdeh1 150 (bir yüz əlli) manat, 23 fevral 2018-ci ildə 750 əyarlı, 14,1 qram çəkisi olan qızıl dəstini girov qoyaraq Cavabdeh2 680 manat kredit götürməsi mülki işin mübahisəsiz hallarıdır. Bu halların işin mübahisəsiz halları olması iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə olunan aşağıdakı sənədlərlə öz təsdiqini tapır: -25 avqust 2017-ci il tarixli, GJN seriyalı, 208605 nömrəli girov biletindən İddiaçı özünə məxsus olan 585 əyarlı, çəkisi 4,95 qram olan bir ədəd boyunbağını klonla birlikdə girov qoyaraq Cavabdeh1 150 (bir yüz əlli) manat kredit götürməsi, aylıq 6 faiz (9 manat) ödəməklə onu 25 sentyabr 2017-ci il tarixədək qaytarması barədə cavabdehlə razılığa gəlməsi; - 23 fevral 2018-ci il tarixli, GJN seriyalı, 302111 nömrəli girov biletindən İddiaçı özünə məxsus olan 3 əşyadan ibarət 750 əyarlı, çəkisi 14,1 qram olan qızıl dəstini gorov qoyaraq Cavabdeh2 680 (altı yüz səksən) manat məbləğində kredit götürməsi, aylıq 5 faiz (34 manat) ödəməklə onu 23 mart 2018-ci il tarixədək qaytarması barədə cavabdehlə razılığa gəlməsi aydın olur. İddiaçı Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada girov qoyduğu qızıl-zinət əşyalarının dəyərini təşkil edən 5300 manat məbləğində maddi ziyanı, onların satılması nəticəsində əldə çıxmış 1500 manat məbləğində faydanı və 1000 manat məbləğində mənəvi ziyanı tələb etməsi isə mülki işin mübahisəli hallarıdır. Mülki işin hər bir mübahisəli hallarına hüquqi qiymət verərək məhkəmə aşağıdakıları qeyd edir. İddiaçının cavabdehlərə qarşı olan ilkin tələbi ondan girov götürdükləri qızıl zinət əşyalarının dəyəri olan 5300 (beş min üç yüz) manat məbləğində pulun geri qaytarılmasıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər arasında girov müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilir ki girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər (269.1 269.2, 269.3, 269.6, 276.1). Həmçinin “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir. Həmin Qanunun normalarından görünür ki, daşınar əmlakın yüklülüyü dövlət, bələdiyyə və xüsusi yüklülük növlərinə bölünür. Xüsusi yüklülük isə özlüyündə bir neçə növə ayrılır ki, bunlardan da biri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 12-ci fəslinə uyğun olaraq, müqavilə əsasında yaranan daşınar əmlakın girovudur (4.1, 4.3 və 4.3.2-ci maddələr). Mülki Məcəllənin tələbinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Girov müqaviləsi yazılı formada bağlanmalıdır. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. Bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır (270.1, 280.1, 280.2 və 280.4-cü maddələr). Həmin məcəllənin 300-cü maadəsində girovun növləri fərqləndirilir ki, bunlardan biri də tərəflər arasında mövcud olan əşyanın lombardda girovudur. Həmin məcəllənin 302.1 və 302.2-ci maddələri ilə müəyyən edilir ki, şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar lombardlar həyata keçirə bilərlər. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 30-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ilə Cavabdeh1 arasında 25 avqust 2017-ci ildə, Cavabdeh2 ilə isə 23 fevral 2018-ci ildə girov müqavilələri bağlanmış, həmin müqavilələr üzrə tərəflər iş üçün əhəmiyyətli olan aşağıda qeyd edilən şərtlər barədə razılığa gəlmişlər: - Lombard tərəfindən kreditlər (ssudalar) 1 ay müddətindən 3 ay müddətinədək verilir. - Lombard tərəfindən verilmiş kredit (ssuda) müqavilədə (“Girov bileti”ndə) göstərilmiş müddətdə qaytarılmadıqda girovqoyana əvvəlcədən xəbərdarlıq edilməklə əlavə (10 günədək) vaxt verilir. - Əlavə verilmiş vaxt (30 gün) müddətində kredit (ssuda) qaytarılmazsa, girov lombardın mülkiyyətinə keçir. Bu halda Lombard tərəfindən girov satışa çıxarılır və müqavilədə nəzərdə tutulan qiymətlə birinci olaraq girov qoyana təklif olunur. - Şeylərin satılmasından hasil olan pul qalığı məbləğindən Lombarda çatacaq bütün borc pul məbləği (girov qoymaqla pul, saxlanılmaq üçün faiz və satılma xərci) çıxıldıqdan sonra girovverənə verilir. - Girovverən müqavilədə (“Girov bileti”ndə) göstərilən vaxt müddətində və ona əlavə verilmiş vaxt ərzində qaytarmazsa və ya ümumiyyətlə Lombarda gəlməzsə, bu halda girovverən həmin əmlakı geri tələb etmək və girovun satışında iştirak etmək hüquqlarından məhrum olunur. Belə olan təqdirdə girov istənilən hüquqi və fiziki şəxslərə bazar qiymətlərinə uyğun satılır. - Hesablaşmalar 10 günlüklər üzrə icra edilir, yəni 1 gün və 1 gündən artıq, 10 günə qədər müddət üçün 10 günün haqqı tutulur. Lombarda girov qoyulmuş şeylər Lombard tərəfindən korlanarsa, yaxud itirilərsə, lombard müdiriyyəti şeylərin qiymətini, girov müqaviləsində və girov biletində göstərilmiş məbləği dairəsində 3 gün müddətində girovverənə ödəyir. - Girovverən girovunu götürmək üçün şəxsiyyətini təsdiq edən sənəd pasport təqdim etməlidir. - Qoyulmuş girovun dəyəri 2.000 AZN-dək olan hallarda əlavə olaraq girov müqaviləsi bağlanılması tələb olunur. Bu halda bu “Girov bileti” müqavilə qüvvəsinə malikdir. Ziddiyyətli hallarda girovverənin tələbi ilə “Girov bileti”nə qanunvericiliklə nəzərdə tutulan şərtləri və girovverənin əlavə şərtlərini nəzərə almaqla girov müqaviləsi bağlanılıb əlavə edilə bilər. - “Girov bileti”nə lombard fəaliyyəti ilə məşğul olan şəxslərin spesifik xüsusiyyətə malik olan sənədləri də əlavə edilə bilər. - Qanunvericiliklə nəzərdə tutulan digər şərtlər də xəbərdarlıq məqsədilə “Girov bileti”nə çap edilə bilər. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə görə iddiaçının girov predmetini girov saxlayanlara, yəni cavabdehlərə təqdim etməsi, sonuncuların isə müqavilədə göstərilən kredit məbləğini İddiaçı verməsi, iddiaçının ona verilmiş kredit məbləğini 25 avqust 2017-ci il il tarixli müqavilə üzrə 25 sentyabr 2017-ci il tarixədək, 23 fevral 2018-ci il tarixli müqavilə üzrə isə 23 mart 2018-ci il tarixədək geri qaytarması onların müqavilələrdən irəli gələn əsas öhdəlikləridir. Öhdəliklərini icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir, həmçinin mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hər iki müqavilə üzrə razılaşdırılmış kredit məbləğinin İddiaçı verilməsi iş materiallarına əlavə edilmiş girov biletləri, həmçinin iddia ərizəsinin məzmununda öz təsdiqini tapır. İddiaçı isə həmin müqavilər üzrə əsas öhdəliyini icra etdiyini bildirsə də bu halın təsdiqi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə ki, əşyaların lombarda girovu qısa müddətli olmaqla şəxsi istehlak üçün verilən kreditlərin təminatı üçün bağlanan müqavilə olsa da və iş materiallarından İddiaçı ilə Cavabdeh1 arasında müqavilənin 25 sentyabr 2017-ci il tarixədək, Cavabdeh2 ilə isə 23 mart 2018-ci ilədək bağlanması müəyyən edilsə də, iddiaçının müqavilələr üzrə cavabdehlərə 30 noyabr 2019-cu il tarixədək ödəniş etməsi müəyyən olur. 25 avqust 2017-ci il tarixli, GJN seriyalı, 208605 nömrəli girov biletindən İddiaçı xx.xx.2017-ci il tarixdə 2017-ci ilin sentyabr ayı üçün, xx.xx.2018-ci il tarixdə 2017-ci ilin oktyabr və noyabr ayları üçün, xx.xx.2018-ci il tarixdə 2017-ci ilin dekabr və yanvar ayları üçün, xx.xx.2018-ci il tarixdə 2018-ci ilin fevral ayı üçün, xx.xx.2018-ci il tarixdə 2018-ci ilin mart ayı üçün, xx.xx.2018-ci il tarixdə 2018-ci ilin aprel ayı üçün, xx.xx.2018-ci il tarixdə 2018-ci ilin may ayı üçün, xx.xx.2018-ci il tarixdə 2018ci ilin iyun ayı üçün, xx.xx.2019-cu il tarixdə 2018-ci ilin iyul və avqust ayları üçün 28 manat, xx.xx.2019-cu il tarixdə 2018-ci ilin sentyabr ayı üçün 14 manat, xx.xx.2019cu il tarixdə 2018-ci ilin oktyabr və noyabr ayları üçün 27 manat, xx.xx.2019-cu il tarixdə 2018-ci ilin dekabr ayı, 2019-cu ilin yanvar, fevral və mart ayları üçün 54 manat, xx.xx.2019-cu il tarixdə 2019-cu ilin aprel ayı üçün 14 manat ödəməsi aydın olur. Belə ki, İddiaçı xx.xx.2017-ci il tarixində 208605 saylı girov bileti ilə götürülmüş kredit qaytarılana qədər lombarddan götürdüyü 150 manat ssuda üzrə aylıq 6%, lombarddan götürdüyü 150 manat kreditin faizini hər ay ardıcıl olaraq vaxtında ödəmədiyi halda isə hər gecikən gün üçün götürdüyü məbləğin 0.1%-i məbləğində əlavə olaraq cərimə hesablanacağı, gecikmədən 2 ay keçdiyi halda lombard tərəfindən ona heç bir xəbərdarlıq edilmədən və iştirakı olmadan girovda olan əşyalarının lombardın mülkiyyətinə keçməsinə, qoyulan girovun kredit və faizlər tam ödənildikdən bir gün sonra müştəriyə qaytarılacağına dair girov biletinə əlavəni imzalayaraq üzərinə öhdəlik götürmüşdür. 23 fevral 2018-ci il tarixli GJN seriyalı 302111 nömrəli girov biletindən isə İddiaçı xx.xx.2018-ci il tarixdə 2018-ci ilin mart ayı üçün, xx.xx.2018-ci il tarixdə 2018-ci ilin aprel ayı üçün, xx.xx.2018-ci il tarixdə 2018-ci ilin may ayı üçün, xx.xx.2018-ci il tarixdə 15 manat borc, xx.xx.2018-ci il tarixdə 2018-ci ilin iyun ayı üçün, xx.xx.2019-cu il tarixdə 2018-ci ilin iyul ayı üçün 35 manat, xx.xx.2019-cu il tarixdə 2018-ci ilin avqust ayı üçün 40 manat, xx.xx.2019-cu il tarixdə 15 manat borc, xx.xx.2019-cu il tarixdə 2018-ci ilin sentyabr ayı üçün 55 manat, xx.xx.2019-cu il tarixdə oktyabr ayı üçün 55 manat, xx.xx.2019-cu il tarixdə 2018-ci ilin noyabr ayı üçün 45 manat, xx.xx.2019-cu il tarixdə 2018-ci ilin dekabr ayı, 2019-cu ilin yanvar, fevral, mart, aprel və may ayları üçün 337 manat, xx.xx.2019-cu il tarixdə 2019-cu ilin iyun ayı üçün 55 manat ödəməsi aydın olur. X2 xx.xx.2018-ci il tarixində 302111 saylı girov bileti ilə götürdüyü krediti qaytarana qədər lombarddan götürdüyü 680 manat ssuda üzrə aylıq 5%, lombarddan götürdüyü 680 manat kreditin faizini hər ay ardıcıl olaraq vaxtında ödəmədiyi halda isə hər gecikən gün üçün götürdüyü məbləğin 0.1%-i məbləğində əlavə olaraq cərimə hesablanacağı, gecikmədən 2 ay keçdiyi halda lombard tərəfindən ona heç bir xəbərdarlıq edilmədən və iştirakı olmadan girovda olan əşyalarının lombardın mülkiyyətinə keçməsinə, qoyulan girovun kredit və faizlər tam ödənildikdən bir gün sonra müştəriyə qaytarılacağına dair girov biletinə əlavəni imzalayaraq üzərinə öhdəlik götürmüşdür. Yəni iddiaçının cavabdehlərlə müqavilə münasibətlərində olduğu müddət ərzində etdiyi bütün ödəmələr girov bileti ilə ödəməyi öhdəsinə götürdüyü faiz və cərimə məbləğinə hesablanmış, lombard tərəfindən verilmiş kredit (ssuda) isə müqavilədə (“Girov bileti”ndə) göstərilmiş müddətdə qaytarılmamışdır. Cavabdehin vəkil-nümayəndəsi Vəkil tərəfindən verilmiş ərizədə iddiaçının girov biletindəki və əlavədəki qeydlərinə istinad olunaraq etiraf olunmuşdur ki, İddiaçı aylıq ödənişləri gecikdirməklə xx.xx.2017-ci il tarixdə 2017-ci ilin sentyabr ayı üçün 9 manat, xx.xx.2018-ci il tarixdə 2017-ci ilin oktyabr və noyabr ayları üçün 18 manat, xx.xx.2018-ci il tarixdə 2017-ci ilin dekabr və yanvar ayları üçün 18 manat, xx.xx.2018-ci il tarixdə 2018-ci ilin fevral ayı üçün 9 manat, xx.xx.2018-ci il tarixdə 2018-ci ilin mart ayı üçün 9 manat, xx.xx.2018-ci il tarixdə 2018-ci ilin aprel ayı üçün 9 manat, xx.xx.2018-ci il tarixdə 2018-ci ilin may ayı üçün 9 manat, 06.11 2018-ci il tarixdə 2018-ci ilin iyun ayı üçün 9 manat, xx.xx.2019-cu il tarixdə 2018-ci ilin iyul və avqust ayları üçün 18 manat, aylıq 10 manat cərimə (150 manat × 0.1%= 0.15 manat × 30 gün 4.5 manat, 2 ay = 9 manat iddiaçı aylıq faizləri yubatdığı üçün ona cərimə tətbiq edilməyə başlamışdır. İddiaçıya bu aya qədər güzəşt edilərək cərimə tətbiq edilməmişdir. Bu aydan isə çox yubatdığına görə cərimə tətbiqinə başlamışdır. xx.xx.2019-cu il tarixdə 2018-ci ilin sentyabr ayı üçün 14 manat (9 manat aylıq+ 5 manat cərimə), xx.xx.2019-cu il tarixdə 2018-ci ilin oktyabr və noyabr ayları üçün 27 manat (18 manat 2 aylıq faiz ödənişləri + 2 aylıq 9 manat cərimə), xx.xx.2019-cu il tarixdə 2018-ci ilin dekabr ayı, 2019-cu ilin yanvar, fevral və mart ayları üçün 54 manat, xx.xx.2019-cu il tarixdə (4 aylıq 36 manat faiz ödənişi+ 4 aylıq cərimə 18 manat), xx.xx.2019-cu il tarixdə 2019-cu ilin aprel ayı üçün 14 manat (9 manat aylıq faiz ödənişi+5 manat cərimə) ödəmişdir. Yəni girov qoyan girov predmetinin satıldığını öyrəndiyi 2019-cu ilin noyabr ayına qədər götürdüyü ssuda üzrə hər iki müqavilə (23 fevral 2018-ci il tarixli GJN seriyalı 302111 nömrəli girov müqaviləsi üzrə isə girov biletində aparılmış və cavabdeh tərəfindən düzgünlüyü mübahisələndirilməmiş qeydlər bunu sübut edir) əsasında faiz öhdəliyini və tətbiq olunmağa başlandığı vaxtdan etibarən isə cərimə öhdəliyini yerinə yetirmişdir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci və 296.1-ci maddələrinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Bundan əlavə Mülki Məcəllənin 302.5-ci maddəsinin tələbinə görə lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Əşyanın lombardda girovu haqqında müqavilənin girov qoyanın hüquqlarını bu Məcəllənin ona verdiyi hüquqlara nisbətən məhdudlaşdıran şərtləri əhəmiyyətsizdir (302.5, 302.7, 302.9. maddələr). Eyni zamanda tərəflər müqavilə ilə aralarında razılığa gəlmişlər ki, əlavə verilmiş vaxt (30 gün) müddətində kredit (ssuda) qaytarılmazsa, girov lombardın mülkiyyətinə keçir. Bu halda Lombard tərəfindən girov satışa çıxarılır və müqavilədə nəzərdə tutulan qiymətlə birinci olaraq girov qoyana təklif olunur. Şeylərin satılmasından hasil olan pul qalığı məbləğindən Lombarda çatacaq bütün borc pul məbləği (girov qoymaqla pul, saxlanılmaq üçün faiz və satılma xərci) çıxıldıqdan sonra girovverənə verilir. Girovverən müqavilədə (“Girov bileti”ndə) göstərilən vaxt müddətində və ona əlavə verilmiş vaxt ərzində qaytarmazsa və ya ümumiyyətlə Lombarda gəlməzsə, bu halda girovverən həmin əmlakı geri tələb etmək və girovun satışında iştirak etmək hüquqlarından məhrum olunur. Belə olan təqdirdə girov istənilən hüquqi və fiziki şəxslərə bazar qiymətlərinə uyğun satılır. Mülki məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin məcəllənin 390.6-cı maddəsinə əsasən isə müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Göründüyü kimi qanunverici tərəflərə yalnız dispozitiv norma ilə müəyyənləşdirilmiş şərtin məzmunundan kənara çıxmağa, razılaşma əsasında bu normanın tətbiqini istisna etməyə və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirməyə icazə verir. İş üzrə lombarda girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək hüququnu verən, lombardın girov qoyana öz əşyasını tələb etmək və onun satışında iştirak etmək hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri özlüyündə əhəmiyyətsizdir. Göründüyü kimi qanunvericilik girov saxlayan tərəfindən girov predmetinin satılmasını istisna etmir. Lakin bunun satılması özlüyündə qanunvericiliyin imperativ qaydada müəyyən etdiyi qaydalara uyğun həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297-ci maddəsinin tələbinə görə girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun: -12.2-ci maddəsinə əsasən xüsusi yüklülükdə yüklülük predmetinə tutma yönəldilməsi bu Qanunun 13-19-cu maddələri ilə müəyyən olunmuş qaydada həyata keçirilir; -13.1, 13.1.3 və 13.1.4-cü maddələrinin tələbinə görə yüklülük predmeti yüklülük sahibinin sahibliyindədirsə, yüklülük predmetinin satışını təşkil edərək və ya yüklülük predmetini bu Qanunla müəyyən olunmuş şərtlərlə mülkiyyətinə götürərək tutma yönəldə bilər: -15.2-ci maddəsi ilə müəyyən edilir ki, borclu yüklülüklə təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yüklülük sahibi öz sahibliyində olan yüklülük predmetini bu Qanunla müəyyən olunmuş qaydada sata bilər; -16.1-ci maddəsinin tələbinə əsasən yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər. -17.1-ci maddəyə əsasən yüklülük sahibi bu Qanunun 17.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi yüklülük predmetinin satılmasındən ən azı 7 (yeddi) iş günü əvvəl yüklülük verənə və borcluya, bildirişin surətini isə reyestrdə qeydə alınmış və ona məlum olan digər yüklülük sahiblərinə verilməsini təsdiq etmə üsulu ilə göndərməlidir. -17.3-cü maddəsində qeyd edilir ki, yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətə (oxşar əşyanın oxşar şəkildə alınması zamanı qoyulan qiymət) satmalıdır. - 17.4-cü maddəsinin tələbinə görə yüklülük verən və ya borclu bu Qanunun 17.1-ci maddəsində müəyyən edilən bildirişi aldıqdan 7 (yeddi) iş günü ərzində yüklülük predmetini satın almaqda üstünlük hüququna malikdir. -18.2-ci maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetinin satılmasından 5 (beş) iş günü müddətində yüklülük verəni və borclunu yüklülük predmetinin satışından götürülmüş məbləğin bölüşdürülməsi barədə yazılı formada məlumatlandırmalıdır. -18.3-cü maddəsində göstərilir ki, Qanunun 18.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra yüklülük predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi yüklülük predmetinin satılmasından 10 (on) iş günü müddətində yüklülük verənə qaytarılır. Göründüyü kimi “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə girov saxlayan girov predmetini satmamışdan öncə girov qoyanın satın almaqda üstünlük hüququnun qorunmasını təmin etməli, həmçinin onu əmlak itkisindən qorumaq məqsədi ilə girov qoyana qabaqcadan bildiriş göndərməli, onu ağlabatan qiymətə (oxşar əşyanın oxşar şəkildə alınması zamanı qoyulan qiymət) satmalı, 5 (beş) iş günü müddətində yüklülük verəni və borclunu yüklülük predmetinin satışından götürülmüş məbləğin bölüşdürülməsi barədə yazılı formada məlumatlandırmalı və satışından əldə olunan vəsaitin qalan hissəsi yüklülük predmetinin satılmasından 10 (on) iş günü müddətində yüklülük verənə qaytarmalıdır. Qeyd edilən öhdəliklərin cavabdehlər tərəfindən yerinə yetirildiyini sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşsə də onlar həmin normaların tələblərinin yerinə yetirilməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinin mahiyyətinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İddiaçının 30 noyabr 2019-cu il tarixədək girov müqavilələri üzrə ödəniş etməsini, onun iddia tələbində cavabdehlərin girov predmetlərini 2020-ci ilin yanvarfevral aylarında satmasını qeyd etməsini və cavabdehlərin iddia tələbinin qeyd edilən faktiki hallarını mübahisələndirməməsini, yekunda isə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 17.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə girov predmeti olan qızıl-zinət əşyalarının 2020-ci ilin yanvar-fevral aylarında satıcılar tərəfindən alınması zamanı qoyulan qiyməti müəyyən etmək üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Ekspert rəyində belə nəticəyə gəlmişdir ki, hazırda naturada mövcud olmayan 585 əyar qızıldan hazırlanmış, ümumi çəkisi 4,95 qram olan bir ədəd klon və bir ədəd boyunbağıdan ibarət dəstin xüsusiyyətlərinə oxşar qızıl-zinət əşyalarının 2020-ci ilin yanvar-fevral aylarında satıcılar tərəfindən alınması zamanı qoyulan dəyəri təxminən 272.25 (iki yüz yetmiş iki manat iyirmi beş qəpik), 2017-ci ilin sentyabr aynda isə 222.75 (iki yüz iyirmi iki manat yetmiş beş qəpik) manat həcmində müəyyən edilmişdir. Həmçinin hazırda naturada mövcud olmayan 750 əyar qızıldan hazırlanmış ümumi çəkisi 14,1 qram olan, 32 ədəd 0,4-0,5 sot ölçülü ümumilikdə isə 1 karat 80 sot brilyant qaşlarla bəzədilmiş bir ədəd üzük və iki ədəd sırğadan ibarət qızıl dəstinin xüsusiyyətlərinə oxşar qızıl-zinət əşyalarının 2020-ci ilin yanvar-fevral aylarında satıcılar tərəfindən alınması zamanı qoyulan dəyəri təxminən 987,00 (doqquz yüz səksən yeddi) manat, 2018-ci ilin mart ayında isə 846 (səkkiz yüz qırx altı) manat həcmində müəyyən edilmiş, brilyant qaşlı zərgərlik məmulatlarının keyfiyyət göstəriciləri barədə məlumat olmadığından qiymətləndirilməsi mümkün olmamışdır. Mülki işlərə baxılarkən prosessual qənaət prinsipinin vacibliyini, məhkəmənin ekspertiza təyin edərkən əsas götürdüyü faktiki halların dəyişmədiyini, iddiaçının girov qoyulmuş dəstin brilyant olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməsini nəzərə alan məhkəmə ekspert rəyini mülki iş üzrə mötəbər sübut kimi nəzərə alır və ekspert rəyini işin faktiki halları ilə əlaqələndirərək qeyd edir ki, iddiaçının Cavabdeh1 qarşısında 25 avqust 2017-ci il il tarixli müqavilə üzrə icra etməli əsas öhdəliyi 150 manat, Cavabdeh2 qarşısında isə 23 fevral 2018-ci il tarixli müqavilə üzrə 680 manat olmasına baxmayaq, qızılların satılması zamanı onların oxşar şərtlərlə alış qiyməti müvafiq olaraq 272.25 (iki yüz yetmiş iki manat iyirmi beş qəpik) manat və 987,00 (doqquz yüz səksən yeddi) manat təşkil edirdi. Bu qeyd edilən hal isə özlüyündə cavabdehlərin girov predmeti olan əşyaların satılması zamanı qanunvericiliyin tələblərinə əməl etməməsini göstərir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 17.6-cı məddəsinə əsasən yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətdən aşağı qiymətə satdıqda, o, yüklülük verən, hər hansı başqa yüklülük sahibi və yüklülük predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.2-ci maddəsi (həmçinin “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 18.3cü maddəsi) ilə müəyyən edilir ki, həmin Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinə əsasən yüklülük sahibi bu Qanunun 18.3-cü maddəsinin tələblərini pozduqda, yüklülük verən qarşısında bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi bu hissədə qismən təmin edilməli, girov predmeti olan əşyaların satılması zamanı qanunvericiliyin tələblərinə əməl etməməklə onları realizə edən cavabdehlər bununla bağlı iddiaçıya dəymiş zərəri ödəməli, onların oxşar üsulla satılmasını təşkil edən dəyərindən Cavabdeh1 ilə bağlanmış müqaviləyə münasibətdə 272.25 (iki yüz yetmiş iki manat iyirmi beş qəpik), Cavabdeh2 ilə bağlanmış müqaviləyə münasibətdə isə 987,00 (doqquz yüz səksən yeddi) manatdan iddiaçının hər bir cavabdehə münasibətdə icra etməli olan əsas öhdəliyi (Cavabdeh1 münasibətdə 150 manat, Cavabdeh2 münasibətədə 680 manat) çıxılmaqla Cavabdeh2 307 (üç yüz yeddi) manat, Cavabdeh1 isə 122.25 (bir yüz iyirmi iki manat iyirmi beş qəpik) məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. İddiaçı cavabdehlərdən qeyd edilən məbləği müştərək qaydada ödənilməsini tələb etsə də, məhkəmə onun hər bir cavabdehlə ayrıca müqavilə bağlamasını və cavabdehlərin birgə məsuliyyətinin yaranması üçün əsasların mövcud olmadığını nəzərə alaraq onun tələbini bu hissədə əsaslı saymır. Cavabdehlərin məhkəməyə göndərdiyi vəsatətdə qeyd etdikləri “müqaviləyə əsasən borc ödənişinin 2 ay gecikdirildiyi təqdirdə lombard tərəfindən heç bir xəbardarlıq edilmədən girovda olan əşyaların lombardın mülkiyyətinə keçməsi ilə bağlı razılaşmasına” hüquqi münasibət bildirən məhkəmə onların nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 273-cü maddəsinə görə girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində yüklülük predmetinin yüklülük sahibinin mülkiyyətinə götürülməsinin qaydaları müəyyən edilmişdir. Həmin maddəyə əsasən yüklülüklə təmin edilmiş öhdəliyin və ya onun müəyyən hissəsinin müqabilində yüklülük predmetini mülkiyyətinə götürmək istəyən yüklülük sahibi bu Qanunun 17.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi yüklülük verənə və borcluya, bildirişin surətini isə ona məlum olan digər yüklülük sahiblərinə verilməsini təsdiq etmə üsulu ilə göndərməlidir. Bildiriş aldıqdan 10 (on) iş günü ərzində yüklülük verən və borclu yüklülüyün təmin etdiyi öhdəliyin və ya onun müəyyən hissəsinin müqabilində yüklülük predmetinin yüklülük sahibinin mülkiyyətinə keçməsinə yazılı razılıq verdikdə və bildirişi alan digər yüklülük sahibləri buna etiraz etmədikdə, bildirişi göndərmiş yüklülük sahibi bildirişdə göstərilmiş şərtlərlə yüklülük predmetini mülkiyyətinə götürə bilər. Cavabdehlər qanunvericiliyin yuxarıda qeyd edilən normasına əməl etdiklərini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişlər. Bu səbəbdən onların iddia tələbinin təkzib edilməsi ilə bağlı qeyd etdiyi bu fakt əsaslı sayıla bilməz. Məhkəmə həmçinin cavabdehin vəkil-nümayəndəsinin yazılı ərizəsində istinad etdiyi iddiaçının girov qoyduğu əmlakın satılması barədə xəbər tutduqdan sonra faiz və cərimə öhdəliyini yerinə yetirməməsi ilə bağlı dəlilinin əsassızlığını onunla izah edir ki, Mülki Məcəllənin 302.7-ci maddəsinə əsasən əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Həmçinin həmin məcəllənin 302.9-cu maddəsinə görə əşyanın lombardda girovu haqqında müqavilənin girov qoyanın hüquqlarını bu Məcəllənin ona verdiyi hüquqlara nisbətən məhdudlaşdıran şərtləri əhəmiyyətsizdir. Məhkəmə cavabdehlərin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə qeyd edir ki, iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. qərarlar). Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (372, 373 və 375-ci maddələr). Həmin məcəlləyə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.1 və 377.2). Mülki iş üzrə məhkəmə araşdırması gedişində birmənalı şəkildə (iddiaçı tərəfindən 2019-cu ilin noyabr ayına qədər ödəniş edilmişdir) müəyyən olunmuşdur ki, iddiaçı öz hüququnun pozulduğunu 2019-cu ilin noyabr ayında bilmişdir. Belə olan halda isə müqavilə tələbləri üzrə tətbiq edilməli olan 3 (üç) illik iddia müddətinin keçməsindən söhbət gedə bilməz. İddiaçının cavabdehə qarşı olan digər tələbləri isə 1500 manat məbləğində əldən çıxmış fayda və 1000 (bir min) manat dəyərində mənəvi zərərin ödənilməsindən ibarətdir. Məhkəmə bildirir ki, Аzərbаycаn Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dеdikdə, hüququ pоzulmuş şəхsin pоzulmuş hüququ bərpа еtmək üçün çəkdiyi və yа çəkməli оlduğu хərclər, əmlаkındаn məhrum оlmаsı və yа əmlаkının zədələnməsi (rеаl zərər), hаbеlə hüququ pоzulmаsаydı, həmin şəхsin аdi mülki dövriyyə şərаitində əldə еdəcəyi gəlirlər (əldən çıхmış fаydа) bаşа düşülür. O, tələbinin bu hissəsini cavabdehlərin onun qızıllarını satılması nəticəsində onlardan başqa şəkildə istifadə edərək, gəlir əldə etmək imkanından da məhrum olması və aldadılmağı səbəbi ilə həm də dərin mənəvi sarsıntı və psixoloji böhran keçirməsi, bunun da onun fiziki-psixoloji sağlamlığına hədsiz ziyan vurması ilə əsaslandırsa da, qeyd edilən halları özündə əks etdirən sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı olan əldə çıxmış fayda və mənəvi zərərin ödənilməsi tələbi əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə iddia qismən təmin edilməli olduğundan İddiaçı iddia qaldırılan zaman ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumundan ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 1.89 manat (bir manat səksən doqquz qəpik) cavabdehlərdən hər birinə qarşı təmin edilmiş məbləğə mütənasib olaraq alınaraq iddiaçıya ödənilməli, 28.11 manat (iyirmi səkkiz manat on bir qəpik) məbləğində dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 307 (üç yüz yeddi) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh1 122.25 (bir yüz iyirmi iki manat iyirmi beş qəpik) məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Cavabdeh2 1.35 manat (bir manat otuz beş qəpik) məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Cavabdeh1 55 (əlli beş) qəpik məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia ərizəsi verilərkən ödənilmi 28.11 manat (iyirmi səkkiz manat on bir qəpik) məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-29/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-29/2022
17.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver