Məhkəmə qərarları › İş №2(079)-293/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-293/2021

24.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-293/2021 24.06.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəy yən etdi: İddiaçı “01” iyun 2021-ci ildə Cavabdeh qarşı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona borclu olduğu 260 (iki yüz altmış) manat məbləğində pulun və ödəmiş olduğu 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 280 (iki yüz səksən) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, 2020-ci ilin iyul ayındanoktyabr ayına kimi həmkəndlim Cavabdeh ilə razılaşıb onun evində usta kimi işləmişəm. İşlədiyim müddətdə hasar, qaraj, toyuq hini, tualet tikib, həmin tikililərlə bərabər həm də zirzəminin suvağını vurmuşam. Heydər həmin işlərin pulunun bir hissəsini versə də, sonda onun mənə 260 (iki yüz altmış) manat borcu qaldı. Borcu isə həmin vaxt pulu olmadığından 23 mart 2021-ci il tarixdə ödəyəcəyini bildirdi. Lakin o, dediyi vaxtda mənə olan borcunu qaytarmadığına görə mən onun iş yerinə gedib, pulumu istədim. Cavabdeh isə mənə olan borcunu qaytarmaqdan qəti olaraq imtina etdi. Mən bununla bağlı müəyyən dövlət qurumlarına müraciət etdim. Mənə bildirildi ki, rəsmi qaydada məhkəmədə iddia qaldırmalısan. Mənsə məcburiyyət qarşısında qaldığımdan məhkəməyə müraciət edirəm. Mənim özümün həmin pula çox böyük ehtiyacım var. Məhkəmə iclasının vaxtı, yeri barədə tərəflərə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarında iştirak etməmişdi. İddiaçı 16 iyun 2021-ci ildə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Cavabdeh qarşı pul tələbinə dair iddia qaldırdığını, cavabdehlə mübahisəni məhkəmədən kənar öz aralarında həll etdiklərini, bu səbəbdən də iddiadan imtina etdiyini qeyd edərək, iş üzrə icraata xitam verilməsini və onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının tələbindən imtina etməsi ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Lakin bununla bərabər mülki prosessual qanunvericilikdə qeyd olunur ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddə 52.5). Məhkəmə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasından imtina etməsi haqqında ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur. Bu səbəbdən də, İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə tərəflərə həmçinin izah edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı iddia qaldırılarkən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə 27 may 2021-ci il tarixli, 18473 nömrəli qəbzlə ödədiyi 20 (iyirmi) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı iddia qaldırılarkən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə 27 may 2021-ci il tarixli, 18473 nömrəli qəbzlə ödədiyi 20 (iyirmi) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar