Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-297/2024 24.05.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh X6, iddiaçının nümayəndəsi Nümayəndə və Şahid iştirakları ilə, İddiaçı X4 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 02 aprel 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ona verdiyim 3800 (üç min səkkiz yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, mən 01 aprel 2020-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində MAHXHHQ kimi xidmətə başlamışam. Həmin tarixdən də N nömrəli hərbi hissənin 1-ci bölüyündə xidmət edirdim. Cavabdeh X5 uşaqlıqdan tanıyıram, həmkəndlimdi, eyni bölükdə də xidmət edirdik. Bilirdim ki, İmran Novruzov kimdənsə mobil telefonlar götürüb dəyərdindən aşağı qiymətə satdığından ziyana düşmüşdü. Öz toyuna hazırlaşırdı, lakin borcu çox olduğundan toy etməyə imkanı yox idi. 2022-ci ilin aprel ayında İmran Novruzov məndən borca pul istədi. Mən də ona kömək etmək məqsədi ilə atamın tanışı Babək rayon Nehrəm qəsəbə sakini Məhəmməd adlı şəxsdən atamın xəbəri olmadan öz adıma 3800 (üç min səkkiz yüz) manat borc alıb həmin pulu Cavabdeh verdim. Mən pulu Məhəmməddən faizə götürmüşdüm. Götürdüyüm pulu İmrana verəcəyimi ona deməmişdim. İyun ayında İ.Novruzovun toyu oldu, toydan sonra isə Babək rayon Nehrəm qəsəbəsində yerləşən “Məişət evi”ndə olan “Milliön” terminalından oğurluq edildiyini, sonradan oğurluğun İmran Novruzov və başqaları tərəfindən edildiyini eşitdik. Onların barəsində cinayət işi başlanıldı. İstintaq qurtarandan sonnra cinayət işinə baxılması üçün Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinə göndərdilər. Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi 18 yanvar 2023-cü il tarixdə onun barəsində 1-1(092)- 2/2023 nömrəli ittiham hökmü çıxarılmaqla hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edildi. Cavabdeh İ.Novruzov iki ilə yaxındır ki, məndən pul almasına baxmayaraq aldığı pulu qaytarmır. O məndən pul almasını Naxçıvan Hərbi Prokurorluğunda ibditai istintaq zamanı verdiyi ifadəsində də təsdiq etmişdir. Mülki iş üzrə 26 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Babək Rayon Məhkəməsində X4 qarşı 3800 manat məbləğində pulun ondan alınıb mənə verilməsi tələbi ilə iddia qaldırmışam. Bildirirəm ki, həmin pulu Nehrəm qəsəbə sakini Məhəmməd adlı şəxsdən faizlə birlikdə götürüb, 2000 manatını cavabdehə verməsi üçün Sanar Şindiyevə vermişəm. Həmin pulu Sanar Şindiyev cavabdehə vermədiyindən onun özündən tələb edəcəyəm. Qalan 1800 manat pulu isə cavabdeh İmran Novruzov 1700 manat bir, 400 manat bir olmaqla ümumilikdə 2100 manat olmaqla artıqlaması ilə ödəmişdir. Lakin mən cavabdehin əvəzindən Məhəmmədə bundan əlavə əsas borcun faizi olaraq 1800 manat pul ödəyərək zərərə düşmüşəm. Bu səbəbdən də hazırda həmin pulun mənə dəyən zərərin əvəzi olaraq cavabdehdən alınıb mənə ödənilməsini xahiş edirəm. Məhkəmənin qərardadı ilə İddiaçı X4 qarşı pul tələbinə dair mülki iş üzrə İddiaçı iddia tələbinin həcminin azaldılması barədə 26 aprel 2024-cü il tarixli ərizəsi nəzərə alınmaqla mülki işə İddiaçı X4 qarşı 1800 (bir min səkkiz yüz) manat məbləğində pul tələbi həcmində baxılması qərara alınmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehlə birlikdə müddətdən artıq hərbi qulluqçu kimi işlədiyini, həmçinin həmkəndli olduqlarını, İmranın nişanlanma ərəfəsində olduğundan ondan 2022-ci ilin yaz aylarında pul istədiyini, həmçinin telefon alqı-satqısına görə ziyana düşdüyünü, özünün həmin vaxt hərbidə işlədiyini, ilk dəfə İmrana Naxçıvan şəhərində kitab evinin qabağında 1500 manat pul verdiyini, həmin pulu Nehrəmli Məhəmməd adlı sələmə pul verən qonşudan aldığını, pulu aldıqdan sonra evdəkilər bilmədiyi üçün kartına vurub saxladığını, həmçinin ondan əvvəl kartına yatan əmək haqqını da çəkdiyini və Məhəmməddən aldığı 1500 manatı da əmək haqqı ilə birlikdə yenidən kartına yatırdığını, daha sonra isə 1500 manatını çəkib İmrana verdiyini, bundan 1 ay sonra sonra isə İmrana yenə onun israrı ilə Məhəmməddən faizlə 300 manat götürüb verdiyini, həmin vaxt İmranın hələ 1500 manatı qaytarmadığını, ailə vəziyyəti pis olduğundan pulu ona güvənib verdiyini, özünün heç bir maddi marağı olmadığını, 2022-ci ilin mart ayında İmranın ondan həmin vaxtlar Naxçıvanda hərbidə xidmət edən Sonar Şindiyevə 2000 manat pul verməsini xahiş etdiyini, yenə Məhəmməddən 2000 manat faizə pul götürdüyünü, həmin pulu X7 qəsəbəsində kirayədə qaldığı evdə İmrana görə aparıb verdiyini, həmin şəxsi tanımadığını, İmranın sözünə görə pulu ona verdiyini, belə ki, İmranın Sonarın ona 10000 manat verəcəyi olduğunu və həmin 2000 manatı da aralarında olan haqq-hesaba görə ona verəcəyini dediyini, ona arxayın olub sələmə götürdüyü pulu Sonara verdiyini, sonradan həmin pulu Sonarın cavabdehə vermədiyini bildiyini, bunu Sonarın dediyini, həmin pulu Sonardan məhkəmə qaydasında tələb edəcəyini, bununla bağlı Naxçıvan şəhərində “Sizin market”in qarşısında İmran, Sonar və özünün arasında söhbət olduğunu, həmin vaxt İmrana verdiyi 2000 manatı Sonardan geri aldığını dediyini, əslində isə Sonarın o pulu vermədiyini, pulun yalnız 300 manatını verdiyini, sadəcə olaraq aralarında mübahisə düşməsin deyə İmrana elə dediyini, halbuki, Sonarın qalıq 1700 manat pulu indiyə qədər qaytarmadığını, ona pulu verəndə faizlə götürdüyünü dediyini, hazırda həmin pulu İmrandan onun sözünə görə Sonara verib ziyana düşdüyü üçün tələb etdiyini, İmranın ona verdiyi puldan 1700 manatı 2022-ci ilin sonlarına qədər, 400 manatı isə məhkəməyə müraciət edən ərəfədə cavabdehin atası Səlimin gətirib qaytardığını, ümumilikdə 2100 manatı isə İmranın ona verdiyini, özünün isə Məhəmmədə ödədiyini, yalnız son ödədiyi 400 manat pulu Məhəmmədin borcunu qaytardığından özünə götürdüyünü, sadəcə olaraq İmranın razılaşdıqları kimi faizdən ödəmə etmədiyini, 1800 manat faizi isə Məhəmmədə özünün qaytardığını, 2022-ci ilin yay aylarında İmranın adının Nehrəmdə baş vermiş oğurluq hadisəsinə qarışdığını və sərəncama götürüldüyünü və 2022-ci ilin iyun ayında tutulduğunu, bununla bağlı olaraq bir müddət pul verə bilmədiyini, bundan bir neçə gün sonra Məhəmmədin İmranın pulunun faizini dayandırdığını, artıq faiz hesablamayacağını dediyini və hesablamadığını, bütün faizin 2022ci ilin iyun ayına qədər hesablandığını, bir il ərzində 2021-ci ilin sonlarından 2022-ci ilin sonlarına qədər Məhəmmədə faiz ödədiyini və ziyana düşdüyünü, həmin ziyana isə İmranın ucbatından düşdüyünü və özünün İkinci Qarabağ müharibəsi iştirakçısı olması nəzərə alınmaqla hüquqlarının dövlət tərəfindən təmin olunmasını xahiş etdiyini bildirmişdir. Cavabdeh X6 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etmədiyini, iddiaçının ona 2022-ci ilin aprel ayında 1600 manat bir, mayda isə 500 manat bir verdiyini, ilk dəfə 1600 manatı kitab evinin qarşısında kartından çəkib verdiyini, 500 manatı isə özünün qapılarından gedib götürdüyünü, dediklərinin əksinə olaraq 1500 və 300 manat olaraq ondan pul almadığını, cəmi 2100 manat aldığını, pulun Məhəmməddən götürüldüyünü və 100 manata aylıq 30 manat faiz hesablandığını bildiyini, belə ki, telefon dükanlarına borcu olduğunu, Aqildən pulu götürməsini xahiş etdiyini və bütün pulun hamısını telefon dükanlarına verdiyini, 2100 manat pulun 1700 manatını ayda 250-300 manat, bəzi vaxtlarda isə 600 manat olmaqla Aqilə ödədiyini, kartını iddiçaya verdiyini və özünün çox vaxt ordan çıxdığını, yaılnız smotrla əlaqədar olaraq arabir kartını aldığını və maaş yatan kimi yenidən Aqilə verdiyini, qalıq 400 manatı isə ən son X8 Nazirliyində Aqillə razılığa gəldikdən sonra həmin günün axşamı aprelin 8-də atası və dayısı ilə birlikdə aparıb Aqilgilə verdiyini, həmin vaxt hələ onu məhkəməyə verdiklərindən xəbərinin olmadığını, onun xahişi ilə Aqilin Sonara 2000 manat verdiyini, Sonara borcunun olmadığını, daha sonra onları üzləşdirdikdə Sonarın pulu verdiyini, Aqilin isə aldığını bildirdiyini, bundan sonra onların məsələsindən kənarda durduğunu, Sonar Naxçıvan çıxıb getdikdən sonra Aqilin ona ”sən xahiş etmisən, pulu sənə görə Sonara vermişəm” dediyini, “Sizin market”in qabağında 2022-ci ilin iyun ayında olan söhbət zamanı Aqilin hətta Sonara ona verdiyi pulla bağlı faiz söhbətinin olmayacağını da dediyini, Sonarın Aqilə 300 manat verdiyini isə görmədiyini, 2022-ci ilin avqustunda sərəncama götürüldüyünü, 2023-cü ilin yanvar ayının 8-i isə sərəncam müddətinin yekunlaşdığını, 2022-ci ilin may ayının 17-də qız qaçırdığını və toyunun 2022-ci ilin 22 iyununda olduğunu, iddiaçının da 2000 manat pulu Sonara həmin ərəfələrdə verdiyini, 2022ci ilin iyul ayında hadisəyə görə tutulub, avqustda sərəncama götürüldüyünü, 1600 və 500 manatı isə 2022-ci ilin mart-aprel aylarında aldığını, 2021-ci ilin qış aylarında isə cavabdehə borcunun olmadığını, 2022-ci ilin fevralında iddiaçının Naxçıvan bankdan öz adına kredit götürüb 3500 manatını özünə, 3000 manatı isə Abdullayev Röyala verdiyini, həmin vaxtlar toy haqq-hesabının olmadığını, 2021-ci ilin qışında evlənmək kimi bir fikri olmadığından iddiaçıdan qızıl üçün pul almasının da məntiqsiz söhbət olduğunu, 2022-ci ilin may ayınadək 1500 manat puldan 500-600 manat faiz olaraq ödədiyini, Aqilin əmək haqqı kartındam cəmi 1700 manat pul çəkdiyini, pulu götürəndən sonra 2022-ci ilin mart, aprel, may ayları 2-3 ay kartın iddiaçıda olduğunu, iyunda isə tutulduğunu və sərəncama düşdüyümə görə maaşalmadığını, sərəncama götürülmə vaxtının hərbi biletdə göstərildiyini, Məhəmməddən pul alıb vermədiyindən onu tanımadığını, çıxışında isə pulu artıqlaması ilə qaytardığını bildirib iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında cavabdehin borcu ödədiyini bildirməsinə baxmayaraq onun əvəzinə əlavə olaraq Məhəmmədə faiz ödədiklərini, onu da cavabdehdən tələb etdiklərini, cavabdeh tutulduqdan sonra onun borcunun faizini Aqilin verdiyini, Aqilin 2022-ci ilin aprel ayında işdən ayrıldığını və hazırda işləmədiyini, oğlunun Məhəmməddən borc götürüb İmrana verməsindən xəbərinin olmadığını, cavabdeh tutulduqdan sonra Aqil ödədiyindən onda xəbər tutduğunu, İmranın 1700 manat pul qaytardığını, həmin pulların hamısını Məhəmmədə qaytardıqlarını, 15 gün bundan əvvəl cavabdehin atasının 400 manat gətirib verdiyini və “biz sizinlə qurtardıq” dediyini, həmin sözü deyəndə faizə görə Aqilin ödədiyi 1700 manat əlavə pulu nəzərə almadıqlarını, halbuki cavabdehin pulun faizə çıxıldığını bildiyini, Aqilin 1500-300-2000 manat olmaqla 3800 manatı faizə borc götürüb cavabdehə verdiyini, Aqilin həmin pulun 1700 manatını Sanar Şindiyevdən tələb edəcəyini, lakin 2000 manatı da Sonara İmrana görə görə verdiklərini, Aqilin həmin borca görə Məhəmmədə ayda 300 manat faiz ödədiyini, cavabdehin Məhəmmədə və başqa şəxslərə, həmçinin Naxçıvan banka da borcunun olduğunu, dediyi 600 manatın həmçinin Naxçıvan banka da olan borcunu əhatə etdiyini, oğlunun əvvəllər 4000 manat kredit götürüb cavabdehə verdiyini və cavabdehin ayda 300 manat həmin borca görə, qalanını isə Məhəmmədin borcuna görə verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında bildirmişdir ki, dəqiq xatırlamadığım vaxtda Aqil mənə zəng edərək xeyir işi olduğundan pula ehtiyacı olduğunu bildirdi, ilk başda vermək istəməsəm də, daha sonra təkid etdiyi üçün pulu verməkdə razılaşdım, Aqil mənə pula görə hörmət edəcəyini dedi, mən də Aqilə 3000 manat pul verdim. Pulu hissə-hissə yox, bir dəfəyə vermişəm. Aqil növbəti ilk maaşda bütün pulu qaytaracağını dedi və belə razılaşdıq. Edəcəyi hörmətin detalları barədə isə razılaşmadıq. Lakin bu şəkildə qaytarmadı, 1 aydan sonra mənə 700, 2-ci ay 600 manat pul qaytardı. Yəni maaşdan maaşa pulu qaytarırdı. Daha sonra atası ilə gələrək vəziyyətinin yaxşı olmadığını bildirdi, mən isə nə vaxt olsa qaytararsınız deyib yola saldım. Bundan sonra 4-5 ay ərzində heç ödəniş etmədilər, daha sonra isə hər ay 1000 manat pul verərək borcu bağladılar. Aqilə cəmi 3000 manat pul verdim, deydiyi kimi 3800 manat pul verməmişəm. Aqilin sonda mənə hörməti o oldu ki, 300 manat artıq pul verdi. Yəni 7 ay ərzində cəmi 3300 manat pul qaytardı. Aqil mənə həqiqətən də İmran Novruzovun vəziyyəti ilə bağlı pulun ödənilməsində çətinlik yarandığını dediyi üçün mən əlavə pulun verilməsini istəmədim, sadəcə öz pulumun verilməsini tələb etdiyimi bidirdim. Mən Aqildən 1800 manat faizə görə pul almamışam. Cəmi 300 manat manat əlavə verib. Aqilə 3000 manatı bir yerdə vermişəm. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Mülki işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında predmeti pul məbləği olan borc hüquq münasibətləri yaranmış, iddiaçı razılaşdırılmış pul məbləğini cavabdehə verməyi, cavabdeh isə razılaşdırılmış şərtlərlə pul məbləğini iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Belə müqavilələrdən birini MM-in 739.1-ci maddəsində göstərilən borc müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə müqavilənin tərəfi əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə həmçinin pulun borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və razılaşdırıldığı halda faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Məhkəmə tərəflər arasında mübahisənin irəli gəldiyi borc müqaviləsinin etibarlılığına dair qeyd edir ki, mübahisənin yarandığı vaxt qüvvədə olan MM-in 740.1-ci maddəsində nəzərdə tutulurdu ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Sözügedən halda müqavilənin predmetinin məbləği üç min manatdan az təşkil etmiş və tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır. İddiaçının tələbinin əsası kimi istinad etdiyi hal ondan ibarət olmuşdur ki, cavabdeh ondan aldığı pul vəsaitinin ödənilməsini gecikdirməklə öhdəliyini lazımi qaydada icra etməməsi iddiaçını ziyana salmışdır. Belə ki, o da cavabdehə verdiyi borc pul məbləğini başqasından istifadə edilməsinə görə faiz ödənilməsi şərtilə almış və bu hal cavabdehə qabaqcadan məlum olmuşdur. İddia tələbinin qanuni əsasını təşkil edən tərəflər arasında müqavilə münasibətləri yarandığı zaman MM-in 445.7-ci maddəsinin qüvvədə olan redaksiyasında nəzərdə tutulurdu ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırki iş üzrə isə iddiaçı tərəflərin şifahi razılaşmalarından irəli gəldiyini iddia etdiyi məbləğə istinad etmişdir. Cavabdeh məhkəmədə verdiyi izahatında bildirmişdir ki, heç vaxt iddiaçının faizlə borc pul götürdüyü “Məhəmməd” adlı şəxsi tanımamış, onunla hər hansı müqavilənin bağlanması barədə razılığa gəlməmiş, borcu İddiaçı götürmüş və ona qaytarmışdır. Eyni zamanda iddiaçının həmin məbləği “Məhəmməd” adlı şəxsdən faiz ödənilməsi şərtilə götürdüyünü bilmiş və həmin faiz məbləğini iddiaçıya ödəyəcəyinə dair razılığa gəlmişlər. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması ilə bağlı verdiyi ərizədə qeyd etmişdir ki, “həmin pulu Nehrəm qəsəbə sakini Məhəmməd adlı şəxsdən faizlə birlikdə götürüb, 2000 manatını cavabdehə verməsi üçün Sanar Şindiyevə vermişəm. Həmin pulu Sanar Şindiyev cavabdehə vermədiyindən onun özündən tələb edəcəyəm. Qalan 1800 manat pulu isə cavabdeh İmran Novruzov 1700 manat bir, 400 manat bir olmaqla ümumilikdə 2100 manat olmaqla artıqlaması ilə ödəmişdir. Lakin mən cavabdehin əvəzindən Məhəmmədə bundan əlavə əsas borcun faizi olaraq 1800 manat pul ödəyərək zərərə düşmüşəm. İddiaçının məhkəməyə verdiyi yazılı ərizədən belə məlum olur ki, iddiaçı cavabdehə 1800 manat borc pul vermiş, cavabdeh isə ona 2100 manat qaytarmışdır. Cavabdeh isə iddiaçıdan 2100 manat pul aldığını və yalnız həmin məbləği qaytardığını bildirmişdir. Məhkəmə sözügedən halda ilk öncə iddia irəli sürən şəxsin iddiasının əsası kimi istinad etdiyi halların onun tələbinin maddi hüquqi əsasını təşkil edən hüquq normasının dispozitiv şərtləri üst-üstə düşüb-düşməməsini yoxlayır. İddiaçı faizlə borc götürüb cavabdehə verdiyi 1800 manata görə üçüncü şəxsə cəmi nə qədər faiz ödədiyini məhkəmədə sübuta yetirə bilməmiş, əksinə cavabdehin ondan aldığı pulun əvəzini 400 manat artıq olmaqla ödədiyini bildirmiş, ümumilikdə faizlə götürdüyünü iddia etdiyi 3800 manat pulun 2000 manatını cavabdehə deyil, başqa şəxsə borc verdiyini deməklə faiz ödəyərək ziyana düşdüyünü iddia etdiyi cəmi 1800 manat pulun hansı hissəsinin cavabdehə verdiyi borca görə yarandığını sübut edə bilməmişdir. İddiaçının vəsatəti əsasında məhkəməyə dəvət edilmiş şahid ifadəsində bildirmişdir ki, o iddiaçıya bir dəfəyə cəmi 3000 manat borc pul vermiş, həmin pulun qarşılığında isə ona cəmi 300 manat artıq pul ödənilmiş, pulu verdikdən sonra iki ay ardıcıl olaraq ona 600 və 700 manat olmaqla pul ödənilmiş, bundan sonra 3-4 ay ərzində iddiaçı cavabdehin vəziyyətini ona bildirmiş, özü isə qalıq borcun nə vaxt olsa ödəyə biləcəklərini demiş və 2022-ci ilin axırına qədər əlavə olaraq iki dəfə 1000 manat ödəməklə iddiaçı borcu bağlamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi ona məxsus xx.xx.2020-xx.xx.2023-cü illəri əhatə edən ödəniş kartı üzrə çıxarış və tərəflərin üst-üstə düşən izahatları əsasında 1500 manat ilkin razılaşdırılmış məbləği iddiaçının xx.xx.2022-ci il tarixdə, qalan 300 manatı isə həmin vaxtdan 1-2 ay sonra cavabdehə verdiyi müəyyən olunmuşdur. 2022-ci ilin aprel ayından avqust ayına qədər olan dövr ərzində cavabdehin razıaşdırılmış aylıq ödənişləri vaxtında etdiyini iddiaçı inkar etməmiş, yalnız cavabdehin barəsində cinayət işinin açıldığı 2022-ci ilin iyun ayından cavabdehin sərəncama götürüldüyü avqust ayına qədər olan faizin hesablandığı dövrdə ödənişin edilmədiyini bildirmiş, lakin həmin dövrdə də cavabdehə verdiyi pula görə üçüncü şəxsə faiz ödəyərək ziyana uğradığını sübut edə bilməmişdir. Eyni zamanda tərəflərin və şahidin ifadəsi, həmçinin cavabdehin məhkəməyə təqdim etdiyi sonuncuya məxsus olan hərbi biletin 6-cı səhifəsindən çıxarışdan belə məlum olur ki, cavabdeh 27 avqust 2022-ci il tarixdə sərəncama götürülmüş, şəxsin sərəncama götürülməsini bildikdən sonra Şahid ona verilmiş məbləğə görə ödənilməli olan faizi artıq hesablamayacağına dair iddiaçı ilə razılaşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Həmçinin iddiaçının iddia ərizəsində istinad etdiyi X3 xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında protokolda bildirdiyi “İş yoldaşım Nehrəmli İddiaçı tanışı Məhəmməddən də 3800 manat faizə pul götürmüşdüm” ifadəsinin sübut kimi əhəmiyyətinə münasibətdə məhkəmə qeyd edir ki, MPM-in 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Tərəflərin izahatlarına istinad edilmiş hallar onların iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılıb qiymətləndirilmiş, məhkəmə iclaslarının fasiləsiz audio yazısı ilə aparılan məhkəmə iclasında verdiyi izahatları əsasında müəyyən olunur. . Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı X4 qarşı pul tələbinə dair iddiası rədd olunmalı, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 59 (əlli doqquz) manat miqdarında dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-297/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-297/2024
24.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver