Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-3/2025 24.02.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh, iddiaçının vəkili Vəkil və mütəxəssis X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qonşuluq hüququndan yaranan təsirlərin qadağan edilməsi və təsirlərin aradan qaldırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “05” fevral 2024-cü ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Babək rayonu, Qahab kəndində yerləşən və Cavabdeh yaşadığı, təsərrüfatbaşına kitabda adına qeydiyyata alındığı fərdi yaşayış evinin arxa tərəfinin şiferindən axan yağıntı sularının onun həyətinə tökülməsinin qadağan edilməsi, evin arxa hissəsinə tökülmüş betonun yerin səviyyəsinə kimi götürülməsi, evin 20.40 metr uzununda, 8.70 metr enində onun həyətinə keçən şiferinin sökülərək sərhəd nöqtəsinə qaytarılması, küçədən sökülərək götürülmüş 5 ədəd hər birinin uzunluğu 5 metr, diametri 200 mm olan azbest trubaların yerlərinə salınmasının cavabdehə tapşırılması, hüquqi yardımın göstərilməsi haqqında 04/835 nömrəli müqavilə əsasında Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına ödənilmiş 250 manat və Naxçıvan MR Vəkillər Kollegiyasının hesabına ödənilmiş 20 manat marka pulunun, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Babək rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 01 nömrəli qərarı ilə mənə və ailə üzvlərimizə 0.17 ha həyətyanı torpaq sahəsi mülkiyyətimizə verilmişdir. Həmin torpaq sahəsində 1960-cı ildə inşa edilmiş fərdi yaşayış evi vardır. Evdə mən ailəmlə birlikdə yaşayıram. Mənim həyətimlə qonşu həyətdə Cavabdeh evi yerləşir. Onun evinin arxası və bir yan divarı mənim həyətimə düşür. Arxa divarın uzunluğu 20 m-dən artıq, yan divarı isə 9 m-ə yaxındı. Bu iki ölçüdə onun damının şiferi 40-50 sm enində mənim həyətimə keçib və şiferdən axan yağıntı suları mənim həyətimə tökülür. Cavabdeh evinin yan divarının şiferi mənim həyətimə keçdiyindən yeni inşa etdiyim tikilinin şiferini vurdura bilmirəm. Şifer vurdurmaq üçün aldığım bütün materiallar həyətimdə yığılıb qalıb, tikinti işlərimi başa çatdıra bilmirəm. Dəfələrlə mübahisənin həll olunması üçün qonşu Cavabdehla danışmışam, lakin heç bir nəticəsi olmayıb. Ona pretenziya məktubu göndərmişəm. Bundan əlavə Cavabdeh yaşayış evinin arxa hissəsinə beton tökmüş, tökülmüş beton yerin səviyyəsindən yuxarıya çıxdığından imkan vermir ki, mən həmin sahəyə daş döşəyim. Evimizin arxasından keçən maşın yoluna salınmış 5 ədəd, hər birinin uzunluğu 5 metr, diametrləri 200 mm olan azbest trubaları yoldan çıxarıb götürdüyündən nəqliyyat vasitələri məcbur qalaraq yolun mənim evimə yaxın hissəsindən keçirlər. Bu səbəbdən də silkələnmədən evimdə çatlar əmələ gəlir. Bununla da mənə maddi ziyan vurmaqla, evimin dağılması təhlükəsi yaranır. Mübahisənin məhkəmədən kənar həlli üçün Cavabdeh pretenziya məktubu göndərməyimə baxmayaraq heç bir nəticəsi olmamışdır. Buna görə də çəkdiyim xərcləri ondan tələb edirəm. Mülki iş üzrə 15 aprel 2024-cü ildə keçirilən məhkəmə hazırlıq iclası zamanı İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini küçədən sökülərək götürülmüş 5 ədəd hər birinin uzunluğu 5 metr, diametri 200 mm olan azbest trubaların yerlərinə salınmasına dair hissədə azaldaraq mülki işə Babək rayonu, Qahab kəndində yerləşən və Cavabdeh yaşadığı, təsərrüfatbaşına kitabda adına qeydiyyata alındığı fərdi yaşayış evinin arxa tərəfinin şiferindən axan yağıntı sularının həyətinə tökülməsinin qadağan edilməsi, həmin evin arxa hissəsinə tökülmüş betonun yerin səviyyəsinə kimi götürülməsi və cavabdehin yaşadığı evin 20.40 metr uzununda, 8.70 metr enində həyətinə keçən şiferinin sökülərək sərhəd nöqtəsinə qaytarılması həcmində baxılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53-ci maddəsinə əsaslanmaqla məhkəmə iddia tələbinin həcminin azaldılması barədə ərizəni nəzərə alaraq mülki işə azaldılmış iddia elementləri nəzərə alınmaqla baxmışdır. İddiaçı məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, cavabdehin evinin arxa və yan divarları mənim həyətimə tərəfdir. Mən onun evinin həyətimə düşən yan divarına bitişik yeni tikili inşa etmişəm. Yeni tikilinin yerində əvvəllər təndir və əl damı var idi. Mən onları sökdüm və yerində yeni tikili inşa etdim. Həmin tikiliyə dam örtüyü, yəni şifer vurmaq istəsəm də Aslanın evinin yan divarının üzərində olan şifer buna imkan vermir. Onun evinin yan və arxa divarı eyni zamanda bizim torpaq sahələrinin sərhəd nöqtəsidir. Onun şiferinin təqribən 50 sm-dən çox çıxıntısı var və həmin çıxıntı mənim həyətimə düşdüyündən yeni tikiliyə şifer vura bilmirəm. Onun evinin şiferinin şırranı mənim həyətimə doğru olduğundan yağıntı sularından axan su mənim həyətimə tökülür. Həmçinin yeni tikilinin yola tərəf olan divarı cavabdehin həyətinin giriş qapısına dayanıb. Mən divarı hörərkən divarı qabağa çəkdim və yerində əl damı tikdim. Ustalar tikilinin şiferini vuran vaxt cavabdehin evinin şiferinin kəsilməli olduğunu dedilər. Mən cavabdehə evinin şiferinin mənim həyətimə düşən hissəsini kəsməsini və yeni tikilinin üzərinə şifer vurduqdan sonra onun şiferini mənim şiferimin üzərinə qoymasını təklif etdim. Elə olduğu halda onun cavabdehin şiferini düzəltməsinə də ehtiyac olmayacaqdı, həmçinin evinin arxasındakı şiferini da sökməyə ehtiyac qalmayacaqdı. Mən oraya şifer vursam, cavabdehin evinə yağıntı suyu tökülməyəcəkdi, lakin o, mənə əvvəlcə onun evinin arxasına ayırıcı divar hördükdən sonra şiferin vurulmasını istədiyini dedi. Mən yeni tikilinin üzərinə şifer vurmaq istəyirəm, lakin əvvəl cavabdehin şiferinin sökülməsini istəyirəm. Mən bundan sonra onun evinin arxasına hasar çəkəcəyəm. Mən cavabdehin evinin yan divarına suvaq vurmaq istədim, lakin o, evinin divarının yanından mənim yeni divar hörməyimi istədi. Mən ora şifer vursam cavabdehin evi nəm çəkməyəcək. O, isə “şiferimi kəsməyin, şırranı divarın üzərinə qoyun” dedi. Mən də ona “şırranı öz tərəfinə, öz divarının üstünə çək” dedim. O, isə buna razı olmadı. Mən buna görə onun evinin şiferinin mənim həyətimə keçən hissəsinin öz divarının üzərinə çəkməsini və şiferini öz evinin sərhədləri daxilində qoymasını istəyirəm. Yeni tikilini inşa edərkən cavabdehin bundan xəbəri var idi və mənə bununla bağlı hər hansı etirazı olmayıb. Həmçinin mənim evimin önündə, yəni cavabdehin evinin arxasında mənim həyətimdə yerləşən 30 santimetr enində, 40 santimetr qalınlıqda beton var. Həmin beton keyfiyyətdən düşüb və həyətimə dağılır. Mən ora daş düzmək istəyirəm, lakin cavabdeh onun sökülməsinə imkan vermir. Betonun uzunluğu 20 metr 40 santimetrdir. Həmin beton 1975-1976-cı illərdə tökülüb. Biz həmin vaxt hazırki yaşadığım evdə qalırdıq. Betonu cavabdehin atası töküb. Betonu tökərkən etiraz etməmişik. Mən yola daş düzdürəcəyəm və onun divarına süpürgəlik vurduracağam, lakin cavabdeh betonu sökməyə imkan vermir. Əksinə onun betonu bərkiyir. Cavabdeh evinin şiferini söküb sərhəd nöqtəsinə geri qaytaracağı şərtilə məhkəmə araşdırması dövründə Cavabdeh evinin arxası boyunca divar hördürmüşəm, lakin Aslan məhkəmədənkənar qaydada razılığa əməl edib, tək tələbimin onun şiferinin yalnız mənim tikiliyə mane olan hissədə kəsilməsi və onun evinin şiferindən mənim həyətimə axan yağıntı sularını arxa çatdıran novdanın qoyulması ilə bağlı olmasına baxmayaraq bunların heç birini hərdən bir bəhanə ilə etməmişdir. Bütün bunlara görə hazırda iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirəm. Cavabdeh məhkəmədə verdiyi izahatında bildirmişdir ki, iddiaçının ərizədə qeyd etdiyi şiferimin şırranının (su kanalı) onun həyətinə düşmə faktını qəbul edirəm, lakin iddiaçının digər tələblərini qəbul etmirəm. Mən iddiaçı ilə qonşuyam. Mənim evimin arxa və yan tərəfi iddiaçının həyəti ilə həmsərhəddir. Evimin şiferi 80-90 il əvvəl bundan əvvəl vurulub. Mən şiferin vurulmasını belə xatırlamıram. Cavabdeh tərəf Tacikistan Respublikasından sonradan gəlib bizimlə qonşuluqda ev tikərək yaşayıb. Düzdür, mənim şiferimin suyu iddiaçının həyətinə tökülür, lakin əvvəl şırranı uzun idi və yağıntı suları onun kərdisinə tökülürdü. Sonra onlar qəsdən şırranı qırdılar ki, yağıntı suyu mənim evimin divarına tökülsün. Yağıntı suları mənim evimin yan tərəfindən iddiaçının həyətinə tökülür. İddiaçının da şiferinin suyu mənim həyətimə gəlir. O da öz şiferinin suyunu öz həyətinə çəksin. Evimin şiferinin iki şırranı var, yalnız bir tikilimin üstündən axan su onun həyətinə tökülür, qalan hissəsi isə öz həyətimə tökülür. Şiferimin çıxıntılı hissəsi 30-35 sm olar. İddiaçı qarajı və digər tikiləri 1 il bundan qabaq tikib. İddiaçının əvvəllər indi yeni tikili tikmək istədiyi yerdə təndir var idi. Təndirin şiferinin suyu öz həyətinə tökülürdü. Mənim şiferim onun təndirinə bitişik idi. Mənim şiferimin suyu onun təndirinin üzərinə tökülmürdü. Suyun töküldüyü yerdə iddiaçı tut ağacı əkmişdi. Mən ona ağacın köklərinin evimə ziyan verəcəyini dedim, lakin o, “öz həyətimdir, istədiyimi əkərəm” dedi. Həmin ağacı sonradan çıxardı. Sonra onu söküb yerində başqa tikili inşa etdi və tikilinin üzərinə şifer vurduğunu gördüm. Mən iddiaçıdan şiferinin suyunu hara qoyacağını soruşdum. O, isə “şiferinin şırranın elə qoyacağam ki, oradan gələn su mənim öz həyətimə töküləcək” dedi. Mənim də evimin divarı onun həyətinə bitişik olduğundan evimin divarının arxası boyunca pirketlə divar çəkməsini ona bildirdim. Bulud məhkəmədən əvvəl İcra Hakimiyyətində qəbulda olduqdan sonra evimin divarının arxası boyunca divar çəkəcəyini, mənim isə şiferin onun həyətinə düşən hissəsini sökməyimi təklif etdi. Mən də ona “bunu etməyi dəfələrlə sənə bildirmişəm, sənin ustaların orada işləyir, “sən evin yanından divarı çək qurtar, mən də ustalara şiferi sökmələrini tapşıracağam” dedim. İddiaçı həmkəndlimin yanında pirket almağa getdiyini bildirdi. Mən isə arvadı ilə danışıb sonra qərar qəbul etməsini məsləhət gördüm, lakin sonra hadisə bu vəziyyətə gəlib çıxdı. İddiaçı qarajı tikərkən divarı söküb 1 metr yola çıxıb. Buna görə mənim yolum daralıb. İddiaçı divarı çəkən vaxt mən etiraz etməmişəm. Mən iddiaçının evimin arxasında divar tikməklə evimin şiferinin onun həyətinə düşən hissəsinin sökülüb həyətimin sərhədinə çəkilməsinə etiraz etmirəm. Evimin divarı nəm çəkməsin deyə evin arxasına beton tökülüb. Həmin betonu atam töküb. Mən betonun ora tökülməsini belə xatırlamıram. Evimin arxasındakı beton 60-70 il bundan əvvəl tökülüb. Mənim evim köhnə tikilidir. Əgər evimin arxasındakı beton sökülsə evimin sokolu olmadığına görə evim daha çox nəm çəkə və uça bilər. Belə ki, iddiaçı evimin arxasında tualet və hin tikib, ağac əkib, mənim betonun divar səviyyəsinə endirilməsinə etirazım var. İddiaçı həmin əl damını tikdikdən sonra evimin divarına bitişik yuma üçün rakvina qoymaq istəyir. Bu halda mənim evim daha çox nəm çəkəcək. İddiaçı ilə məkhəmə gedişində evimin yan divarının arxasına boyhaboy divar çəkdiyi halda şiferimi geri çəkəcəyimə dair razılığa gəldik, o divarı tikdiyi halda mən sözümə əməl edə bilmədim. Şiferimin evin sərhəd xəttinə çəkilməsinə etirazım yoxdur, lakin evimin arxasına tökülmüş betonun götürüməsi halında mənim evim uça bilər. Köhnə tikilimin şiferindən Buludun həyətinə əvvəllər də şırrandan su tökülürdü. Lakin həmin vaxtlar suyun töküldüyü yerdə təndir damı və qarşı tərəfdə isə ağaclar var idi və şırrandan suyun onun həyətinə tökülməsinə etiraz eləmirdi. Lakin son illərdə orada yeni yardımçı tikililər inşa etməyə başlamış və bundan sonra şırranın suyunun tökülməsini mübahisələndirməyə başlamışdır. Bu hallar nəzərə alınmaqla iş üzrə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirəm. Mülki işin materiallarını və işdə iştirak edən şəxslərin izahatlarını tədqiq edərək məhkəmə müəyyən edir ki, JN seriyalı, 177A nömrəli, 10306018 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən Babək rayonu, Qahab kəndində yerləşən, sahəsi 0.17 hektar olan torpaq sahəsinin İddiaçı, X5, X1, X14, X13 və X8 ümumi mülkiyyətində olması və JN seriyalı, 176A nömrəli, 10306018 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən isə Babək rayonu, Qahab kəndində yerləşən, sahəsi 0.14 hektar olan torpaq sahəsinin Cavabdeh, X3, X9, X11 və X4 ümumi mülkiyyətində olması, torpaq sahələrinin yaxın qonşuluqda yerləşməsi işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması iş materiallarına əlavə edilmiş aşağıdakı sübutlarla təsdiq olunur: - JN seriyalı, 177A nömrəli, 10306018 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən Babək rayonu, Qahab kəndində yerləşən, sahəsi 0.17 hektar olan torpaq sahəsinin İddiaçı, X5, X1, X14, X13 və X8 ümumi mülkiyyətində olması; - JN seriyalı, 176A nömrəli, 10306018 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən Babək rayonu, Qahab kəndində yerləşən, sahəsi 0.14 hektar olan torpaq sahəsinin Cavabdeh, X3, X9, X11 və X4 ümumi mülkiyyətində olması; - şəhadətnamələrə əlavə edilmiş torpaq sahələrinin plan-sxemindən isə torpaq sahələrinin tikinti ərazisi ilə həmsərhəd olmaqla bir-biri ilə yaxın qonşuluqda yerləşməsi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxtla əlaqədar olaraq qeyd edir ki, tərəflərin üst-üstə düşən izahatlarının iş üzrə müəyyən olunmuş hallarla birlikdə tədqiqi mübahisəli tikililərin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qüvvəyə mindiyi 01 sentyabr 2000-ci ildən əvvəl tikilib inşa edildiyi qənaətinə gəlməyə imkan verir. Belə ki, mübahisə doğuran tikili cavabdehin valideynləri tərəfindən onların sağlığında inşa edilmiş və mübahisə doğuran hissələrlə bağlı cavabdeh tərəfindən sonradan tikililərə hər hansı dəyişiklik edilməmişdir. Sözügedən hal tərəflərin üst-üstə düşən izahatları və cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışla təsdiq olunur. Sözügedən arayışda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində mühafizə olunan Qahab kəndinin 1966-1968-ci illərə dair 1 nömrəli təsərrüfatbaşına kitabında mərhum X15 ailə başçısı olmaqla adına 0.21 ha torpaq sahəsi qeyd edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları əsasında həmin vaxtdan əvvəl torpaq sahəsində hazırda cavabdehin sahibliyində olan tikilinin inşa edildiyi və cavabdehin valideynlərinin ölümündən sonra orada yaşamağa davam etməsi və tikilinin dövlət reyestrində qeydə alınmaması müəyyən olunmuşdur. Həmçinin iş materiallarında olan Babək rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışında qeyd olunur ki, Babək rayon Dövlət Arxivində mühafizə olunan Babək rayon Qahab kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyin 1983-1985-ci illlərə dair Təsərrüfatbaşına kitabında İddiaçı adına ümumi yararlı sahəsi 40 m2 olan yaşayış evinin olması və həmin yaşayış evinin 1960-cı ildən tikilməsi müəyyən olunur. Beləliklə tərəflər arasında mövcud olmuş hüquq münasibətləri keçmiş Mülki Məcəllənin qüvvədə olduğu vaxt yarandığından mübahisə sözügedən Məcəllənin müddəaları tətbiq edilməklə həll edilməlidir. 1964-cü il sentyabrın 11-də qəbul olunmuş və 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsində hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiəsi üçün ümumi müddət (iddia müddəti) üç il, hüquqi şəxslərin bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Əvvəlki MM-in 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçının hüquq pozuntusu barədə bilməli olduğu vaxt haqqında məsələ konkret işin halları nəzərə alınmaqla və mülki dövriyyənin hər bir iştirakçısının öz əmlak marağına aid ağlabatan diqqətin göstərilməsi ehtimalından irəli gələrək həll edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının sözügedən iddia ilə vaxtında çıxış etməsi üçün yaşadığı tikiliyə ağlabatan diqqəti göstərmək üçün obyektiv amillər kifayət qədər mövcud olmuşdur, belə ki, cavabdehin evinin dam örtüyündən axan yağıntı sularının əvvəlcədən iddiaçının həyətinə tökülməsi, həmçinin cavabdehin evinin arxasındakı beton örtüyünün iddiaçının həyətində olmaqla göz önündə olması, eləcə də cavabdehin tikilisinin iddiaçının həyətinə keçən hissəsi diqqət çəkən sahəni (150 m2) əhatə etməklə iddiaçının hüququnun pozulduğunu bilməli olduğu vaxtın elə hüquq pozuntusunun törədildiyi vaxtdan başladığını deməyə əsas verir. Həmin Məcəllənin 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunur. Həmin Məcəllənin 82-ci maddəsinə görə iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbləri üzrə iddia müddəti keçmişdir. Həmçinin qüvvədən düşmüş Mülki Məcəllədə iddia müddətinin keçməsinin tətbiq edilməsi üçün ərizənin verilməsi tələb olunmamış, iddia müddətinin keçməsi elə özlüyündə iddianın rədd edilməsi üçün əsas olaraq nəzərdə tutulmuşdur. Bununla belə, Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarına əsasən iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Sözügedən qərarı nəzərə alan məhkəmə iddia tələbinin cavabdehin sahibliyində olan tikilinin üzərindəki dam örtüyünün sökülərək sərhəd nöqtəsinə qaytarılması tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin sözügedən hissədə qanuni əsasını qüvvədən düşmüş Mülki Məcəllənin 147-ci maddəsi təşkil edir. Sözügedən normaya əsasən pozulmuş hüquqlar sahiblikdən məhrum edilmə ilə əlaqədar olmadıqda da mülkiyyətçi özünün bütün pozulmuş hüquqlarının müdafiə edilməsini tələb edə bilər. Həmçinin sözügedən məcəllədə məsələni birbaşa tənzimləyən qonşuluq hüquq münasibətlərinə dair normalar nəzərdə tutulmamışdır. Bununla belə məhkəmə hüququn vicdanlılıqla bağlı ümumi prinsiplərinə söykənməklə hesab edir ki, torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozmuşdur, cavabdehin mülkiyyətində olan torpaq sahəsindəki tikilinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə keçmiş hissəsi cavabdehin mülkiyyətində qalmaqda davam etmişdir və iddiaçı sözügedən təsirə dözməlidir. Belə ki, ekspert iddia tələbinin sözügedən hissəsi ilə bağlı belə nəticəyə gəlmişdir ki, JN seriyalı, 177A.nömrəli, 10306018 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Babək rayonu, Qahab kəndində yerləşən, İddiaçı ümumi mülkiyyətində olan 0.17 hektar olan torpaq sahəsində Cavabdeh mülkiyyətinə verilmiş 0,14 hektar torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin dam örtüyünün sərhəd ölçüləri JN-176A kadastr nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əlavə edilmiş torpaq sahəsinin planında qeyd edilən ölçülərlə uyğunsuzluq təşkil edir. Bəhs edilən uyğunsuzluq cavabdehə məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən, JN-177A kadastr nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0,17 hektar torpaq sahəsinə münasibətdə həyətin giriş hissəsindən başlayaraq dam örtüyünün şimal-şərq istiqamətində 17,8 metr, cənub-şərq istiqamətində 41,5 metr, cənubqərb istiqamətində isə 11,1 metr olmaqla, cəmi 150 m2 təşkil etdiyi qeyd edilmişdir. Bu da Azərbaycan Respubliksının Şəhərsalma və Tikinti Məcəlləsinin Tikinti obyektləri arasında məsafələr və qonşuluq hüququ üzrə “Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri”nin 69., 69.1., 69.1.1., 69.1.2., 69.2., 69.3., 69.4., 69.5., 69.5.1., 69.5.2., 69.5.2-1., 69.6., 69.7., 69.7.1., 69.7.2., 69.7.3., 69.7.4. və 69.8. maddələrinə riayət etmədiyindən sərhəd baxımından və məkan cəhətdən şəhərsalma tikinti normalarına və qaydalarının tələblərinə cavab vermir. Məhkəmə belə hesab edir ki, ekspert tərəfindən rəydə istinad olunmuş normalar tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmayan Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanunu ilə təsdiq edilmiş Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına söykənir və mübahisənin həlli həmin normalara istinad olunmaqla həll oluna bilməz. Məhkəmə iddia tələbinin Cavabdeh sahibliyində olan evin arxa tərəfinin şiferindən axan yağıntı sularının onun həyətinə tökülməsinin qadağan olunmasına dair hissəsi ilə bağlı qeyd edir ki, sözügedən fakt yerində müayinə prosesi zamanı öz təsdiqini tapmış və elektron məhkəmə informasiya sistemi vasitəsilə fasiləsiz audio-video yazısının aparıldığı məhkəmə iclasında cavabdeh tərəfindən etiraf olunmuşdur. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarında vurğulanır ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir: - faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; - faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; - faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə. Məhkəmə cavabdehin fasiləsiz audio-video yazısının aparıldığı məhkəmə iclasında “şiferimin şırranının (su kanalı) onun həyətinə düşmə faktını qəbul edirəm” məzmunlu izahatını faktın etirafı kimi nəzərə alaraq bunu iddiaçının izahatları və yerində müayinə protokolları ilə birlikdə tədqiq edərək qəbul edilə bilən olması qənaətinə gəlir və hesab edir ki, iddiaçı bu təsirin qadağan edilməsi ilə bağlı iddianı irəli sürməkdə subyektiv hüquqa malikdir və cavabdeh tərəfindən həmin hüquq pozulur. Belə ki, cavabdehin tikilisinin dam örtüyü iddiaçının giriş-çıxış yolunun üzərinə çıxır və oradan yağıntıların düşməsinin qarşısını almaq məqsədilə cavabdeh tərəfindən təhlükəsizlik məqsədilə mühafizə tədbirləri görülməlidir. Belə ki, qüvvədən düşmüş Mülki Məcəllənin 87-ci maddəsində qeyd olunur ki, mülkiyyətçiyə qanunla müəyyən edilmiş həddə əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüququ verilir. Həmin məcəllənin 147-ci maddəsinə görə pozulmuş hüquqlar sahiblikdən məhrum edilmə ilə əlaqədar olmadıqda da mülkiyyətçi özünün bütün pozulmuş hüquqlarının müdafiə edilməsini tələb edə bilər. Məhkəmə iddia tələbinin evin arxa hissəsinə tökülmüş betonun yerin səviyyəsinə kimi götürülməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinə göndərilmiş sorğuya cavab olaraq verilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, Babək rayonu Qahab kəndində Cavabdeh yaşadığı fərdi yaşayış evinin arxasının yağış döyən hissəsində ona bitişik olan uzunluğu 7 metr, eni 0.37 metr, uzunluğu 5.44 metr, eni 0.50 metr, hündürlükləri isə 0.20 metr olan sel səkisi yağıntı sularının yönləndirilməsi və evin bünövrəsinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda evin divarlarında çatlar, əyintilər və aşınmalar müşahidə edildiyi üçün həmin beton hissəsinin sökülməsi vəziyyəti daha da pisləşdirə bilər. Bu atmosfer çöküntülərinin birbaşa bünövrəyə təsir etməsinə və struktur dayanıqlılığının ciddi şəkildə zəifləməsinə səbəb ola bilər. Divarlarda çatlar mövcud olduğu üçün bünövrənin əlavə təsirlərə məruz qalması zərərli nəticələr doğura bilər və yaşayış üçün təhükə yaradar. Bu səbəbdən torpaq sahəsinin üstündə olan beton çıxıntıların (sel səkisinin) sökülməsi həmin fərdi yaşayış evinin dayanıqlığına mənfi təsir edə bilər və onun üçün hər hansı (UÇMA, DAĞİLMA) yarada bilər. Məhkəmə hesab edir ki, cavabdehin yaşadığı evin dayanıqlılığının təmin edilməsi üçün mühüm əhəmiyyət daşıyan, sökülməsi ilə evin uçma təhlükəsinin olduğu tikilinin arxasına verilmiş betonun götürülməsi ilə bağlı iddiaçının tələbi başqalarına ziyan vurmaq məqsədi daşıyan hüquqdan sui-istifadə etmək məqsədi daşıdığından əsaslı hesab edilə bilməz. Məhkəmə sonda o nəticəyə gəlir ki, iddia qaldırılana qədər iddia müddətinin keçməsi əsası ilə Babək rayonu, Qahab kəndində yerləşən və Cavabdeh yaşadığı, təsərrüfatbaşına kitabda adına qeydiyyata alındığı fərdi yaşayış evinin arxa tərəfinin şiferindən axan yağıntı sularının onun həyətinə tökülməsinin qadağan edilməsi, evin arxa hissəsinə tökülmüş betonun yerin səviyyəsinə kimi götürülməsi, evin 20.40 metr uzununda, 8.70 metr enində onun həyətinə keçən şiferinin sökülərək sərhəd nöqtəsinə qaytarılması ilə bağlı iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 300 (üç yüz) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6cı maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. İddiaçı məhkəməyə müraciət edərkən iddiaçı ilə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında 04/385 nömrəli, xx.xx.2024-cü il tarixli müqaviləyə istinad etmiş və hüquqi yardıma görə ödənilmiş 250 manat xərcin cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Həmin məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Sözügedən halda isə iddiası rədd edilmiş tərəfə vəkil xərcinin digər tərəfdən alınıb verilməsindən söhbət gedə bilməz. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia rədd olunsun. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 300 (üç yüz) manat məbləğində dövlət rüsumu və 250 manat məbləğində vəkilə etdiyi kömək üçün ödənilən xərc onun özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl.
Məhkəmə qərarları › İş №2(079)-3/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-3/2025
24.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver