Məhkəmə qərarları › İş №2(079)-30/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-30/2022

27.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-30/2022 27.01.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 25 noyabr 2021-ci ildə Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11000 (on bir min) manat məbləğində borcun hamısının bir yerdə ödəməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə iki il olar ki, yaxın münasibətimiz olub. Yaxın münasibətimizə görə iki il müddətində, yəni 2020-ci ilin mart ayından 2020-ci ilin oktyabr ayınadək hər ay ona təxminən yeddi-on min məbləğində kontur və lotereya verirdim. Tural həmin kontur, lotereyaları satıb ayın axırında pulumu qaytarırdı. Son olaraq oktyabr ayında verdiyim on bir min manatlıq kontur lotereya pulunu qaytarmadı. Onun mənə olan borcu, öz xətti ilə yazdığı sənədlə təsdiq edilir. Cavabdeh mənə olan on bir min manat borcunu qaytarması barədə sənəd versə də, borcunu hələ də qaytarmamışdı. Əlavə olaraq bildirirəm ki, borcumu qaytarmaması barədə telefon danışıqlarımız olub, lakin yenə də pulu qaytarmır. Cavabdeh pulumu qaytarmasına heç inamım yoxdur. Son bir həftə olar ki, pulu qaytarmayacağını mənə bildirdi. Onun mənə borcu olmasını sənəd və telefon danışıqları sübut edir. İddiaçı məhkəmədə verdiyi izahatında cavabdehlə 2019-cu ilin təqribən aprel-may aylarından alver etdiyini, özünün Turala satmaq üçün telefon konturu və lotereya verdiyini, ayın sonunda isə cavabdehin onun pulunu qaytardığını, 2020-ci ilin oktyabr ayında hissəhissə olmaqla cavabdehə 11000 manatlıq kontur və lotereya verdiyini, əvvəllər Turalla etdiyi bir aylıq alverin ən yüksək məbləğinin 1000 manat olduğunu və onları qaytardığını, lakin 11000 manatlıq malı aldıqdan sonra onun pulunu vermədiyindən dəfələrlə zəng etdiyini, cavabdehin ona bu gün-sabah deyə-deyə borcunu qaytarmadığını, Cavabdeh ondan aldığı malı daha iki nəfərə verdiyini ona bildirdiyini, onlar pulu verəndə Turalın da onun pulunu verəcəyini dediyini, cavabdehin borclu olduğu puldan ona 400 manat qaytarsa da sonradan aralarında olan danışıqlara əsasən Turalın ona 200 və 50 manat olmaqla borcu yarandığını, ümumilikdə isə borcdan 150 manat qaytardığını, 2021-ci ilin aprel ayında Cavabdeh ona borcunu etiraf edərək sənəd versə də, yenə də həmin sənəddə göstərilən müddətlərdə ödəniş etmədiyini, cavabdehin əvvəllər hərbiçi işlədiyni, borc sənədini də işlədiyi vaxt verdiyini, aralarında dəfələrlə telefon danışığı olduğunu, sonuncu dəfə isə cavabdehin ona veriləcək pulunun olmadığını bildirdiyini, buna görə də məhkəməyə müraciət etdiyini, ona verdiyi malın təqribən 1000 manatı lotereya, qalanının isə kontur təşkil etdiyini, Cavabdeh onun mağazasından oğurluq etdiyindən onu hərbidən işdən çıxardıqlarını qeyd edərək, yekunda məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdi. Məhkəmə iclasında Cavabdeh verdiyi izahatında onun 2019-cu ilin aprel-may aylarından Eldənizlə alver etdiyini, özünün iddiaçıdan hər ay kontur və lotereya alıb satdığını, ayın sonunda isə hesablaşdıqlarını, sonuncu dəfə isə iddiaçıdan 2020-ci ilin oktyabr-noyabr aylarında 11000 manatlıq mal götürdüyünü, bunun 3000 manatının lotereya, qalanının isə kontur olduğunu, özünün əvvəllər hərbi qulluqçu işlədiyini, işləyən zaman malları hərbiçilərə satdığından on bir min pulunu yığa bilmədiyini, səbəb isə təqribən malın yarısını satdığı hərbiçilərin yerini dəyişmələrindən qaynaqlandığını, bu səbəbdən də iddiaçı ilə aralarında 11000 manatlıq borc yarandığını, özünün bunula bağlı səhv etmirsə 2021-ci ilin yanvar ayında İddiaçı borc sənədi verdiyini, borc sənədini verdikdən sonra iddiaçıya 400 manat ödəniş etdiyini və bunun da 250 manatı İddiaçı ayrıca aldığı borca hesablandığından ümumilikdə borcdan 150 manat ödədiyini bildirmişdi. Mülki iş materiallarını tədqiq edən və işdə iştirak edən şəxslərin izahatını dinləyən məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 2019-cu ilin aprel-may aylarından telefon konturu və lotereya alqı-satqı etmələri ilə bağlı münasibətlərin yaranması, İddiaçı hər ay satması üçün Cavabdeh qeyd edilən malları verməsi, sonuncunun isə onları satdıqdan sonra pulunu iddiaçıya ödəməsi barədə tərəflərin razılığa gəlməsi mülki işin mübahisəsiz hallarıdır. Qeyd edilənlərin işin mübahisəsiz halları tərəflərin məhkəmədə verdiyi izahatlarla və iddia ərizəsinə əlavə edilmiş borc sənədi ilə müəyyən edilir. İddiaçının tələbi isə özünün cavabdehə nisyə satdığı telefon konturu və lotereyaların dəyəri olan 11 000 (on bir min) manat pulun ondan alınmasıdır. İddiaçının tələbini qanunvericiliyin tələbləri daxilində tədqiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan əsaslı sayıldığı hissədə təmin edilməlidir. Məhkəmənin iddia tələbini qismən əsaslı sayması ilə bağlı istinad etdiyi əsas sübutlar iddiaçının məhkəməyə təqdim etdiyi və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübut olan Cavabdeh İddiaçı verdiyi borca dair sənəd və cavabdehin məhkəmədə verdiyi izahatdır. Onlardan aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları qismən təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri, alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Tərəflərin izahatlarından müəyyən edilir ki, onlar arasında telefon konturu və lotereyanın nisyə satılmasına dair razılıq əldə edilib. Həmçinin onlar arasında olan razılaşmadan aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə Mülki Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir Tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malları cavabdehə verməsi, sonuncunun isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Belə ki, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddia ərizəsinə əlavə edilmiş cavabdeh tərəfindən yazılmış borc sənədindən və Cavabdeh məhkəmədə verdiyi izahatdan aydın olur ki, İddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək müqavilədə göstərilən malları cavabdehə vermişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında cavabdeh tərəfindən özü tərəfindən iddiaçıya verməsini qəbul etdiyi borc sənədində göstərilir ki, mən Cavabdeh İddiaçı 11 000 (on bir min) manatlıq kontur pulu borcluyam. Həmin pulu dörd hissəyə bölmək şərti ilə ödəyəcəyəm. Birinci ödənişi may ayının 18-də 3000 (üç min) manat, ikinci ödənişi may ayının 30-da 3000 (üç min) manat, üçüncü ödənişi iyun ayının 15-də 2500 (iki min beş yüz) manat, dördüncü ödənişi iyun ayının 30-da 2500 (iki min beş yüz) manat ödəyəcəyəm. Tərəflərin məhkəmə verdiyi izahatlardan borc sənədinin 2021-ci ilin əvvəllərində verilməsi müəyyən edildiyindən, məhkəmə bildirir ki, borc sənədində göstərilən müddətlər həmin ili özündə ehtiva edir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və iddia tələbinə qarşı etiraz etməmişdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə, iddiaçı tələbində cavabdehdən 11 000 (on bir min) manat pul tələb etsə də, məhkəmədə verdiyi izahatında həmin borcdan Cavabdeh 150 (bir yüz əlli) manat midarında ödəniş etdiyini bildirmişdi. Bu səbəbdən də onun tələbi qismən təmin edilməli və Cavabdeh 10 850 (on min səkkiz yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.20-ci maddəsinə müvafiq olaraq, şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olduqlarından, İddiaçı isə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kateqoriyasına aid olduğundan və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə müvafiq olaraq, iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 122,55 (bir yüz iyirmi iki manat, əlli beş qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - Cavabdeh 10 850 (on min səkkiz yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı verilməli; -həmçinin 122,55 (bir yüz iyirmi iki manat, əlli beş qəpik) manat miqdarında rüsum Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməli; -iddia digər hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 10 850 (on min səkkiz yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Həmçinin 122,55 (bir yüz iyirmi iki manat, əlli beş qəpik) manat miqdarında rüsum Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia digər hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar