Məhkəmə qərarları › İş №2(079)-313/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-313/2025

11.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-313/2025 11.04.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: İddiaçı “10” aprel 2025-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh bu günkü tarixədək ödənilməmiş ümumi 9327 (doqquz min üç yüz iyirmi yeddi) manat borcunun və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 114 (bir yüz on dörd) manat dövlət rüsumu məbləğinin, yəni ümumilikdə 9441 (doqquz min dörd yüz qırx bir) manat pul məbləğinin Cavabdeh tərəfindən ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə ərizə daxil olduqda hakim onun verilməsi zamanı MPM-də nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. MPM-in 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. MPM-in 1-ci maddəsinin qeydinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İddiaçı barəsində olan vergi məlumatları üzrə “AZEMİS”-dən çıxarışdan belə məlum olur ki, o, (VÖEN - **********) xx.xx.2005-ci il tarixdən əsas fəaliyyət növü “ƏRZAQ MALLARİNİN MARKET ŞƏBƏKƏLƏRİNDƏ PƏRAKƏNDƏ SATİŞİ” olmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatdadır və aktiv vergi ödəyicisidir. Cavabdeh barəsində olan vergi məlumatları üzrə “AZEMİS”-dən çıxarışdan isə belə məlum olur ki, o, (VÖEN - **********) xx.xx.2004-cü il tarixdən əsas fəaliyyət növü “TƏNDİR FƏALİYYƏTİ” olmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatdadır və aktiv vergi ödəyicisidir. İddiaçı ərizəsində iddia tələbini ünvanladığı Cavabdehlə aralarındakı münasibəti ticarət münasibətləri adlandırmış və buna müvafiq şəkildə əsaslandırmışdır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyarlar üzrə qiymətləndirməni həyata keçirən məhkəmə qeyd edir ki, hər iki tərəf sahibkarlıq subyektidir. Mübahisə predmetini təşkil edən tələb hər iki tərəfin ayrı-ayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə ki, tərəflər arasında un satışının həyata keçirilməsindən yaranan 9327 manat borc tələbi istehlak münasibətlərinin nəticəsi ola bilməz və cavabdehin vergi ödəyicisi kimi əsas fəaliyyət növü “TƏNDİR FƏALİYYƏTİ” olmaqla aldığı məhsulların təyinatına tam uyğun gəlir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 12.Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. MPM-in 25.2 və 26.2-ci maddələrinin və Plenum Qərarının 12-ci bəndində ifadə olunmuş hüquqi mövqelərin əlaqəli şəkildə təhlili onu deməyə əsas verir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Beləliklə, mübahisənin subyekt dairəsi fərdi sahibkarlardan ibarətdir, mübahisə predmeti subyekt tərkibindən asılı olmayaraq ümumi məhkəmələrdə baxılmalı olan tələblərə daxil deyildir və mübahisə tərəflərin ayrı-ayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinə kommersiya mübahisəsi olduğundan ümumi məhkəmədə baxıla bilməz. MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalı olmadığından ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir (152.3-cü maddə). İddiaçıya izah olunmalıdır ki, MPM-in 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. MPM-in 114.1 və 114.1.3-cü maddələrinə əsasən Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən "xxxx" ASC-nin Xəzər Naxçıvan vasitəsilə 07 aprel 2025-ci il tarixdə 24326 nömrəli qəbzlə ödənilmiş 114 (bir yüz on dörd) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Xəzər Naxçıvan vasitəsilə 07 aprel 2025-ci il tarixdə 24326 nömrəli qəbzlə ödənilmiş 114 (bir yüz on dörd) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar