Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-314/2022 15.08.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ İşin məhkəmə aidiyyəti üzrə göndərilməsi haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə 02 iyun 2022-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək 8000 (səkkiz min) manat məbləğində pulun və iddianın verilməsi ilə bağlı olaraq ödədiyi 101 (bir yüz bir) manat miqdarında dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarq qeyd etmişdi ki, Cavabdeh 2021-ci ilin noyabr ayında gəlib məndən xahiş etdi ki, mənim 1000 (bir min) manat Elçin adlı şəxsə borcum var, uşağım xəstədir, özüm də işləmirəm. Həmin Elçin adlı şəxsin də mənə 1000 (bir min) manat borcu var idi. Rauf dedi ki, borc sahibi məni hədələyir ki, gətir mənim borcumu ver. Dedim ki, narahat olma, mən Elçinlə danışaram mənim borcumla əvəzləşərik, sonra sən mənə olan borcunu ödəyərsən. Biz belə razılaşdıq. Rauf sonra mənim yanıma gələrək məndən material üçün pul istədi ki, mən “Banu” marketin arxasında kirayəyə sex işlədirəm, mən orada mebel düzəldim satım, sənin də borcunu yavaş-yavaş ödəyim. Mən insanlıq naminə ona cibimdən pul xərcləyib material alıb verdim ki, Raufda qazancını borcuna versin, mənim də pulumu özümə qaytarsın. O da mebel düzəldib satıb, özü xərcləyərək mənim borcumu verməkdən yayınırdı. Raufadan soruşurdum ki, bəs mənim borcumu nə zaman qaytaracaqsan? O da mənə deyirdi ki, hələ mebellər satılmır. Satılan kimi sənin borcunu qaytaracağam. Bir gün mən onun işlədiyi sexə getdim və gördüm ki, aldığım materialların heç biri sexdə yoxdu. Fikirləşdim ki, insan insana kömək eliyər. Heç ağlıma da gəlməzdi ki, yaxşılığın qarşısında Rauf mənə pislik eliyər. Ümumilikdə Raufun mənə 8000 manat borcu qalmışdır. Borcunu qaytarmaqdan imtina edir. Onun mənə borclu olması öz xətti ilə yazdığı hesablaşmada öz təsdiqini tapır. Hesablaşmamızın cədvəli aşağıdakı kimidir. 150 manat - Şəhər Polis İdarəsinə çağırılan vaxt qardaşı Coşqun Raufun kiməsə olan borcunu ödənməsi üçün Şücayətin dükanından götürmüş, 600 manat - stol, çarpayı və beşik üçün materiala borc almış, Ələkbərin iştirakı ilə 500 manat - Bakıdan aksessuar materialları almaq üçün verilmiş, 1600 manatlıq divan dəstini - mən zamin durmuşam və pulu Rauf ödəmədiyindən Nüsrət pulu məndən tələb edib, mən də həmin pulu 1000, 500 və 100 manat olmaqla Raufa verdim ki, aparıb Nüsrətə versin, 100 manat - əl borcu alıb, 1661 manat - Dekor QRUP MMC Naxçıvan şirkətinə Raufun iştirakı ilə materiala ödəmişəm, 2115 manat- Dekoc Qrup MMC Naxçıvan şirkətinə Raufun iştirakı ilə materiala ödəmişəm, 97 (35 + 62) manat - çarpayı üçün maçalka və parçaya verilmişdir, 50 manat mənə məxsus olan çarpayını satıb, 50 manat- Kazımın dükanına maçalka, petlə, ayaq, beşik mexanizmi, naxış rezininə ödəmək üçün pul alıb, 360 manat- 6 ədəd stulu Qahab kəndinə satıb, 290 manat- 29 ədəd stul götürüb satıb, 43 manat- 5 ədəd yataq dəstinin deespesini anbardan götürüb işlətmişdir, 35 manat- dolğu almışam, 110 manat mədəfələrin doğranmasma Banu marketin arxasında işləyən Rəşada mən ödəmişəm, 40 manat - qaz puluna ödənilib, 420 manat -Rahibə mədəfələrin doğranması və güllənməsi üçün mən Raufun əvəzindən ödəmişəm, 25 manat - skoplara verilib. 230 manat - uşaq beşiyini satıb pulunu mənimsəyib, 300 manat - çarpayı başlıqlarının vurulması üçün Təbrizə ödəmişəm, 32 manat xırdavat üçün Vüsala ödəmişəm, 850 (750 + 100) manat - Təbrizlə birlikdə bir mağazaya mebel yığılması üçün material almaq üçün borc vermişəm, 500 manat - Cahan Ticarət Mərkəzinə Bakıdan paxlava güzgü alınması üçün ödənilmişdir. 80 manat - Təbrizlə birlikdə qızıl tozu almaq üçün verilmişdir, 50 manat - Samir və Şəkərə çarpayı və stol yanlıqlarının doğraması üçün ödənmişdir, 50 manat -stol ayaqları üçün Təbrizə verilmişdir, 10 manat - kley alınmışdı, 650 manat - qabaq stolunu boya sexindən oğurlayıb mənim xəbərim olmadan Talehə satıb, 680 manat dəyərində məndən əlavə material götürmüşdü, biri 13 manat olmaqla 4 ədəd stol üçün 520 manat - Xaliqi aldadaraq mənim adımdan pulu alıb mənimsəmişdi, 46 manatlıq aksessuar oğurlayıb mebel ustası Vüsala satıb, 72 manatlıq stol ayaqları oğurlayıb satıb, 125 manatlıq çarpayı yanlığı və ayaqları oğurlayaraq Təbrizlə müştəriyə satıblar, 130 manatlıq da stol oğurlayaraq nehrəmli borclu olduğu adama verib. İddiaçı məhkəmə hazırlıq iclasında iddia ərizəsinə əlavə etdiyi yazılı sənədlərlə bağlı verdiyi izahında özünün sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, əvvəllər Naxçıvan şəhərində “57” adlanan yerdə “Dəniz” adlı otelinin olduğunu, əvvəllər oranı işlətdiyini, lakin sonradan otelin söküldüyünü, hazırda isə Naxçıvan şəhərində özünə məxsus sex olduğunu, oranı kirayə verdiyini, Raufun həmin sexdə işləyənlərlə dostluq münasibətlərinin olduğunu, bu vasitə ilə onunla tanış olduğunu, onunla 2021-ci ilin noyabr ayından 2022-ci ilin aprel ayınadək birlikdə işlədiyini, belə ki, cavabdehin maddi vəziyyəti yaxşı olmadığından ona köməklik etdiyini, özünün ona material alıb verdiyini, Raufun isə həmin materialla stol, stul, çarpayı, uşaq beşiyi və sair mebel əşyaları hazırlayıb sataraq ona material üçün verdiyi pulu qaytardığını, alınan materialların isə öz anbarında saxlandığını, özünün Raufla olan fəaliyyətdən materialın pulundan başqa nəsə başqa qazanc əldə etmədiyini, Allah xatirinə Raufə köməklik etdiyini, Raufla birlikdə iş görənədək özünün stol, stul və ya mebel hissələrinin alqı-satqısı ilə məşğul olmadığını, özünə məxsus olan sexləri işlədən şəxslərdən birinin də Elçinin olduğunu, bir gün Raufun Elçinə 1000 manat borcu olduğunu və onu sıxışdırdığını ona bildirərək köməklik etməsini xahiş etdiyini, həmin vaxt isə Elçinin ona 1000 manat borclu olduğundan Elçinə “sənin mənə olan borcunu silirəm, sən də Raufun sənə olan 1000 manat borcunu sil” dediyini və bu barədə razılığa gəldiklərini, həmçinin aralarında olan razılığa əsasən Elçinin ona verməli olduğu 1000 manatı Raufun ona verəcəyini, lakin cavabdehin həmin puldan cəmi 150 manat qaytardığını bildirmişdi. Bundan başqa iddiaçı tələbində cavabdehin ona borcunun yaranması ilə bağlı göstərdiyi faktların hər birinin yaranma səbəblərini izah edərkən qeyd etmişdi ki, bir gün Raufun ona zəng edərək bir nəfərə 150 manat məbləğində borcu olduğunu, bununla bağlı polisə şikayət etdiyini və ona 150 manat pul verməsini xahiş etdiyini, həmin vaxt özü kənddə olduğundan Naxçıvan şəhərində mağaza işlədən Şücaət adlı şəxsə zəng edərək Raufa 150 manat verməsini xahiş etdiyini, cavabdehin qardaşı Coşqunun isə gedib mağazadan pulu götürüb Raufa verdiyini, lakin bu günədək cavabdehin həmin pulu hələ də ona geri qaytarmadığını, 600 manat borcun yaranmasına səbəb özünün material üçün Raufa pul verməsi olduğunu, Raufun ondan aldığı həmin pulla mebel əşyası hazırlayıb Qahab kəndində olan bir nəfərə verdiyini, daha sonra ona 900 manat pul qaytardığını, aldığı pulun 600 manatını həmin borca, 300 manatını isə Elçinlə bağlı yaranmış borca çıxdığını, Rauf Qahab kəndi üçün qəbul etdiyi sifarişin aksesuarlarını Naxçıvanda tapa bilmədiyindən ondan həmin hissələrin alınması üçün 500 manat pul istədiyini, özünün isə Şücaətdən 500 manat alıb Raufa verdiyini, lakin həmin borcun geri qaytarılmadığını, cavabdehin Babək rayonu, Zeynəddin kənd sakini Nüsrət adlı şəxsə onun adını verərək və özünün də ona zamin durması ilə 1600 manata divan-kreslo dəsti aldığını, sonradan özünün Raufun əvəzindən həmin pulu Nüsrətə verdiyini, Raufun ondan 100 manat borc istədiyini və də həmin məbləği ona verdiyini, lakin Raufun aldığı həmin borcu da geri qaytarmadığını, Naxçıvan şəhərində yerləşən Dekor qrup mağazasından alınan 9 ədəd mədəfə, 5 ədəd dsp, 2 ədəd paletaltı üçün özünün 1661 manat pul verdiyini, həmin materialla Rauf 14 qabaq stolu, beşik və çarpayı hazırlayıb culfalı bir nəfərə satdığını, bu malların alınması ilə bağlı qəbzi məhkəməyə təqdim etdiyini, Naxçıvan şəhərində yerləşən Dekor qrup mağazasından alınan 2115 manat dəyərində olan malların qəbzinin Raufda qaldığını, həmin günü malların alınması üçün özünün Raufla birlikdə mağazaya getdiyini, onlara iki faktura verildiyini, birinin özündə, birinin isə Raufda olduğunu, səhv etmirsə həmin pulla mədəfə və xam dsp alındığını, sonradan cavabdehin mağazaya qayıdaraq bəzi malların onlara lazım olmadığını bildirib təqribən 1100 manatlıq malı geri qaytarıb, pulu geri aldığını və ona vermədiyini, alınan materiallar əsasında cavabdehin ona 80 qabaq stolu hazırlayıb, sonra isə onları satıb onun pulunu verməli olduğu halda, cəmi 38 stol verdiyini, buna səbəb isə Rauf birlikdə iş gördüyü Rəşadla mübahisə etdiyindən hazırladığı stolları dəyər-dəyməzinə satdığını, Raufun çarpayı yığmaq üçün Cahanda olan Kazım adlı şəxsin mağazasından maçalka və parça aldığını, həmin malları almaq üçün ikisinin də birlikdə getdiyini, pulunu isə Banu marketin yanında cavabdehə verdiyini, əvvəlki otelindən qalan köhnə çarpayının birini Raufun ona deməsinə görə 50 manata satdığını, lakin pulunu ona vermədiyini, Raufun Kazımın mağazasından maçalka, petlə, ayaq, beşik mexanizmi, naxış rezini aldığını, bunların dəyəri olan 50 manatı isə özünün ödədiyini, cavabdehin həmin materialla çarpayı, beşik və stol düzəltdiyini və onları satdığını, özünün əvvəlki otelindən qalan 6 ədəd köhnə stulu Raufun ondan alaraq üzləyib birini altmış manata satacağını ona dediyini, elə bu məqsədlə də stulları ona verdiyini, Raufun isə həmin stulları üzləmək üçün Taleh adlı şəxsə verdiyini, sonuncunun isə onları üzləyib satdığını, özü stulları cavabdehə verdiyindən pulunu da ondan istədiyini, həmin stulların köhnə kimi dəyərinin 60 manat, yenilənmiş qiymətinin isə 120 manat olduğunu, əvvəlki otelin yeməkxanasından qalan 29 ədəd stulun birini Raufun ondan 10 manata alıb düzəldib satdığını, lakin həmin stulların pulunu ona vermədiyini, otelindən qalan yataq dəstlərinin “dsp”lərini anbarına yığdığını, anbaraın açarının birini də Raufa verdiyini, cavabdehin ondan xəbərsiz anbardan dspləri götürüb işlətdiyini, bir təzə “dsp”nin dəyərinin hazırda 90 manat olduğunu, özünə aid “dsp”lər isə köhnə olduğundan təzə “dsp”nin yarı pulunu məbləğində pulu ondan tələb etdiyini, stollara vurmaq üçün özünün Naxçıvan şəhərində yerləşən Ali Məhkəmənin qarşısında olan mağazadan 35 manata bir ədəd dolğu aldığını, lakin Raufun həmin dolğunu stollar üçün istifadə etmədiyini, Təbrizlə birlikdə dolğunun yarısını başqa işdə istifadə etdiklərini, yarısını isə onun üçün istifadə etdiyini, bu səbəbdən də həmin mal üçün verdiyin pulun yarısını cavabdehdən istədiyini, Raufla birlikdə Dekor Grup MMC Naxçıvan şirkətindən aldığı 11 ədəd mədəfəni qabaq stolu düzəltmək üçün cavabdehə verdiyini, həmin mədəfələri doğratdırmaq üçün Raufa 110 manat pul verdiyini, yəni birini 10 manata doğranıldığını, cavabdeh isə Rəşad adlı şəxslə birlikdə işlədiyini, onların arasında olan münasibətlər pozulduğunu, lakin Raufun ona mədəfələri özünün doğradığını bildirdiyini, sonradan isə mədəfləri almaq istəsə də, Rəşadın həmin materialları ona vermədiyini və mədəfləri özünün doğradığını və bunun üçün onun pulun verilməsini tələb etdiyini, belə olan halda isə özünün Rəşada əlavə olaraq 110 manat pul verdiyini, bu səbəbdən də həmin pulu da cavabdehdən tələb etdiyini, qışda Raufun sexi soyuq olduğundan onun işləmədiyini, özünün evdən qaz peçi gətirib sexdə quraşdırdığını, 40 manat isə qaz pulu verdiyini, bunu ondan Raufun istəmədiyini, özünü əvəzsiz şəkildə etdiyini, mədəfələri əvvəllər Raufun özünün doğrayıb güllədiyini, elə bu məqsədlə ona 420 manat verdiyini, cavabdeh ondan pul alsa da, bu işi görmədiyini, sonradan həmin qulun 380 manatını geri qaytardığını, 40 manatının isə onda qaldığını, 25 manata skop aldığını, həmin əşyanın özünə aid olduğunu, bununla bağlı cavabdehə qarşı hər hansı bir tələbi olmadığını, Raufun 300 manatlıq uşaq beşiyini satdığını, həmin əşyanın dəyərindən ona 230 manat pul verməli olduğunu, lakin vermədiyini, çarpayı başlıqlarının vuruması üçün Təbrizə 300 manat pul ödədiyini, lakin bununla bağlı tələbinin olmadığını, Raufun Vüsal adlı şəxsin mağazasından 42 manat dəyərində xırdavat aldığını, onun dəyərini özü ödədiyini, Təbrizlə Raufun bir mağaza üçün mebel yığmaq üçün pula ehtiyacı olduğunu, ondan pul istədiklərini, özünün Təbrizə pul verib üstündə onun qazancından əlavə pul alacağını onlara dediyini, onların bu şərtlə razılaşdıqlarını, Təbrizin həmin pulu ona qaytardığını, Raufun elə həmin gün ona əlavə iş düşdüyü, mağazaya mebel dəsti yığmaq üçün 750 manat pul lazım olduğunu ona dediyini, həmin pulu Raufa verərkən və hazırlanan əşyanın qazancından özünə 100 manat verməsini cavabdehə bildirdiyini və bu şərtlə onun razılaşdığını, özü tərəfdən Raufa 750 manat pul verilsə də, cavabdehin həmin pulla bağlı razılaşdığı 850 manat məbləğində pulu ona geri qaytarmadığını, cavabdehin ona Cahanda böyük iş götürdüyünü və pul lazım olduğunu ona dediyini, ondan güzgü alınması üçün pul istədiyini və cavabdehə 500 manat pul verdiyini, özünün İran İslam Respublikasından 80 manata qızıl tozu aldığını, bunun mebel əşyalarının aksesuarlarının bəzədilməsi üçün istifadə edildiyini, Raufun bu qızıl tozunu birlikdə iş gördükləri stollara vurmalı olduğu halda, bunu Təbrizlə birlikdə götürdüyü sifarişə istifadə etdiyini, Raufa mebel əşyası yığması üçün aldığı materialları cavabdeh satdığından yarımçıq qalmış sifarişlərin tamamlanması üçün məcbur qalıb özünün yenidən material aldığını, bunları Samir və Şəkər adlı ustalara verərək çarpayı və stol yanlıqlarını düzəltdirdiyini, əslində bu işləri Raufun görməli olduğunu, lakin onun bunu etmədiyini, hazırlanmış stolları satılması üçün mağazaya göndərdiyini və mağaza sahibinə həmin əşyalarla bağlı Raufa pul verməməsini tapşırsa da, cavabdehin həmin mağazadan bu əşyalar üçün 2300 manat pul aldığını, özünə məxsus olan 50 manat dəyərində stol ayaqlarını Raufun oğurlayıb satdığını, cavabdehin mağazaya mebel dəsti yığmaq üçün qəbul etdiyi sifarişin hazırlanması üçün ona kley lazım olduğunu, kley alması üçün özünün cavabdehə 10 manat pul verdiyini, köhnə oteldən qalan qabaq stolunun üstü cızıq olduğundan onu Rauf ilə birlikdə boyatdırmaq üçün ustaya apardığını, daha sonra həmin stolun boyandığını, bunun üçün özünün 80 manat əl xərci verməsinə baxmayaraq Raufun həmin stolu 200 manata Taleh adlı şəxsə satdığını, özünün Raufla birlikdə "xxxx" MMC Naxçıvan şirkətindən 864 manat dəyərində material aldığını, onların üstünün naxışlanması üçün materialları Rəşad adlı şəxsin sexinin yanına yığdıqlarını, Raufun həmin materialların 680 manatlıq hissəsini başqa şəxslərə satdığını, Xaliq adlı şəxsin Cahanda mağaza işlətdiyini, ona birinin dəyəri 130 manat olan dörd ədəd stol verdiyini, cavabdeh özünün yanında işlədiyindən stolları da, Xaliqə aparıb onun verdiyini, daha sonra cavabdehin Xaliqə “malları sənə mən vermişəm pulunu da mənə ver “dediyini, elə bu səbəblə də cavabdehin Xaliqdən həmin pulu aldığını, özünün anbarında stol ayaqları olduğunu, bir gün Raufun ona zəng edərək Vüsal adlı şəxsin həmin ayaqları istədiyini və onları Vüsala satıb-satmamasını soruşduğunu, özünün buna razılıq verdiyini, cavabdehin həmin stol ayaqlarını sataraq 46 manatı mənimsədiyini, 72 manat dəyərində stol ayaqları alınmışdı ki, mebellər yığılsın, bunların da anbarda olduğunu, Raufun onları da satdığını, Şəkər və Samirin hazırladığı çarpayı yanlığının ayaqlarını Raufun götürərək onu başqa müştəriyə satdığını, özünün Dekor Qrupdan aldığı material əsasında yığılmış stolu Raufun borc müqabilində nehrəmli bir şəxsə verdiyini bildirmişdir. Cavabdeh isə 28 iyun 2022-ci ildə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında İddiaçı ilə birlikdə iş gördüyünü, özünün mebel ustası işlədiyini, Qadirin isə sahibkar olduğunu, iddiaçının ona material aldığını, özünün isə bu materialla stol, stul, çarpayı, beşik və sair mebel əşyası hazırlayıb satdığını, hazırlanmış məhsulları satdıqdan sonra əldə edilən qazancdan iddiaçının öz payını götürdüyünü, alınan materiyaların isə Qadirin anbarına yığıldığını, hazırda özünün yığdığı 23 çarpayı, 40 qabaq stolunun Qadirdə saxlanıldığını, Elşən adlı şəxsdən şüşə aldığını, buna görə də ona pul borclu olduğunu, Elşənin isə həmin malı iranlı bir nəfərdən aldığını, iranlı onda özünə məxsus olan pulu istədiyindən Elşən buna müvafiq öz borcunu ondan tələb etdiyini, özünün bunu Qadirə bildirdiyini, iddiaçının isə ona “Elşənin mənə 1000 manat borcu var, mən onun borcunu silərəm, sən də pulu mənə verərsən” dediyini, bu barədə razılığa gəldiklərini, lakin özünün həmin pulu qaytara bilmədiyini, “Evim mebel” mağazasına 150 manat borcu olduğunu, bununla bağlı onun barəsində polisə şikayət edildiyini, özünün isə Qadirdən pul istədiyini, qardaşı Coşqunun vasitəsi ilə Şücaətdən 150 manat pul alıb borcunu verdiyini, sonradan isə həmin pulu Şücaətin oğluna qaytardığını, material almaq üçün iddiaçıdan 600 manat miqdarında pul aldığını, lakin ertəsi günü ona 900 manat pul qaytardığını, aksesuar almaq üçün iddiaçıdan 500 manat pul aldığını, amma sifarişçidən pulunu aldıqdan sonra Qadirin pulunu qaytardığını, Nüsrət aldı şəxsdən 2 ədəd divan, 4 ədəd kreslo aldığını, ona 1600 manat borcu yarandığını, Qadirin həmin borcu ödədiyini, sonradan isə özünün həmin pulu iddiaçıya geri qaytardığını, Qadirdən 100 manat əl borcu almadığını, iddiaçının verdiyi 1661 manata mədəfə aldığını, həmin materialla qabaq stolu hazırladığını və həmin stolların iddiaçıda olduğunu bildirmişdi. Məhkəmə ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.3-cü maddəsində məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalı olması qeyd edilmişdi. Qeyd edilən prosessual normanın tələbini nəzərə almaqla məhkəmə iddia tələbi daxil olarkən onun aidiyyət qaydalarına əməl etməklə verilib-verilməsini yoxlamış, lakin təqdim edilmiş ilkin sənədlərdən tərəflər arasında olan hüquq münasibətlərinin xarakterini müəyyən edilməsi mümkün olmamışdı. İşdə iştirak edən şəxslərin izahlarını isə mülki iş materialları ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh ilə arasında olan pul tələbi kommersiya mübahisəsi olduğundan iş məhkəmə aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilməlidir. Bunla bağlı məhkəmə qeyd edir ki, şəxsin məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan xüsusi təminatlardan biri aidiyyət institutudur. Məhkəmə təcrübəsində aidiyyət qaydalarına fərqli yanaşma nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına səbəb ola bilər. Mülki-prosessual qanunvericiliyə görə isə məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Mübahisənin ümumi və kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsinə gəldikdə isə Mülki Prosessual Məcəllənin 24-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarının 11-ci bəndində qeyd edilir ki, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Mülki iş materiallarının qanunvericiliyin yuxarıda qeyd edilən hər bir tələbləri ilə qarşılıqlı şəkildə tədqiqindən tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və vergi ödəyicisi kimi qeydiyyata alınması müəyyən olur. Bu fakt "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlarda öz əksini tapıb. Həmin məlumatlarda iddiaçının 13 aprel 2005-ci ildə, cavabdehin isə 04 oktyabr 2019-cu ildə vergi ödəyicisi kimi qeydiyyata alınması, tərəflərin fəaliyyətlərini müvəqqəti dayandırması qeyd edilsə də, onların məhkəmədə verdiyi izahlarından hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları inkar olunmur. Digər şərtin, yəni hüquq münasibətlərinin xarakterinin yoxlanılmasına gəldikdə tərəflərin məhkəmədə verdiklərin izahlardan aydın olur ki, onlar 2021-ci ilin noyabr ayından 2022-ci ilin aprel ayadək birlikdə fəaliyyət göstərmişlər. Cavabdehin mebel əşyaları hazırlamaq üçün iddiaçıdan maddi dəstək alması, hazırladığı əşyaları sataraq mənfəət əldə etməsi işin mübahisə olunmayan hallarından biridir. İddiaçı cavabdehə göstərdiyi maddi dəstəyi hər hansı təmənna qarşılığında etmədiyini bildirsə də, Cavabdeh məhkəmədə verdiyi izahında iddiaçının ona mebel əşyaları hazırlanması üçün material aldığını, özünün isə bu materialla stol, stul, çarpayı, beşik və sair mebel əşyası hazırlayıb satdığını, hazırlanmış məhsulların satılmasından əldə edilən qazancdan iddiaçının öz payını götürməsini bildirmişdi. Cavabdehin qeyd etdiyi fakt isə iddiaçının məhkəmədə verdiyi izahın bəzi xüsusiyyətlərində öz təsdiqini tapır. Belə ki, iddiaçı məhkəmədə verdiyi izahında stollara vurmaq üçün özünün Naxçıvan şəhərində yerləşən Ali Məhkəmənin qarşısında olan mağazadan 35 manata bir ədəd dolğu almasını, lakin Raufun həmin dolğunu stollar üçün deyil, Təbrizlə götürdüyü başqa iş üçün istifadə etməsini, 11 ədəd mədəfəni doğratdırmaq üçün Raufa 110 manat pul verməsini, Raufun 300 manata satdığı uşaq beşiyinin dəyərindən ona 230 manat pul verməli olmasını bildirməsi, ən başlıcası isə cavabdehin bir mağazaya mebel yığmaq üçün ondan aldığı 750 manatın qarşılığında onun Cavabdeh hazırlanan əşyanın qazancından özünə 100 manat istəməsi və tərəflərin bu barədə razılaşması onların birgə qazanc əldə etmək məqsədi ilə fəaliyyət göstərməsini təsdiq edir. Həmçinin məhkəmə həm cavabdehə mebel əşyalının hazırlanması üçün ehtiyac olan materialların alınmasında, həm də onların dəyərinin ödənilməsində, həmçinin onların satılması ilə bağlı hərəkətlərdə iddiaçının şəxsən iştirak etməsini, Cavabdeh başqa şəxslər qarşısında yaranmış öhdəliklərini iddiaçının icra etməsini, İddiaçı stol boyatdırması, mədəfə doğratdırması işini cavabdehə həvalə etməsini və bu məqsədlə ona pul verməsini, Raufla birlikdə iş görənədək özünün mebel əşyalarının hazırlatması, alqısatqısı ilə məşğul olmamasını, özünə məxsus olan anbarın açarının cavabdehdə olmasını, Cavabdeh həyata keçirdiyi fəaliyyətlə bağlı ətraflı məlumata malik olmasını, alınan materialların iddiaçıya məxsus anbarda saxlanılmasını təsadüfi saymır. Bundan başqa iddiaçı məhkəmədə verdiyi izahında və iddia tələbində cavabdehin ona olan borcunu ödəmək üçün Cavabdeh maddi köməklik etməsini bildirsə, məhkəmə iddiaçının ilkin olaraq yaranmasını bildirdiyi 1000 manat borc müqabilində cavabdehə dəyəri 12000 (iddia tələbində qeyd edilən hallar üzrə) manatı keçən köməklik edilməsini inandırıcı saymır. Bu göstərilənlərə əlavə olaraq məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının məhkəmədə verdiyi izahdan aydın olur ki, onun materiallarla cavabdehin hazırladığı mebel əşyaları üzərində onun marağı mövcud olub. Çünki o bildirir ki, Cavabdeh ona aldığı material əsasında 80 stol hazırlayıb ona verməli idi. Bu isə iddiaçının ancaq verdiyi materialın pulunu cavabdehdən istəməsinin inandırıcı olmaq ehtimalını aradan qaldırır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə görə sahibkarlıq fəaliyyəti dedikdə şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Tərəflərin birlikdə gördüyü işi yuxarıda qeyd edilən maddi hüquq norması ilə əlaqələndirərkən aydın olur ki, onların fəaliyyətinin qanunun qeyd edilən tələbinə cavab verir. Yəni hüquq münasibətlərinin xarakteri tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlıdır. Sonuncu şərtin- mübahisənin predmetinin ümumi, yoxsa kommersiya məhkəməsinə aidiyyətinin yoxlanılmasına gəldikdə işin məhkəmədə araşdırılmış hallarından görünür ki, İddiaçı Elçin adlı şəxsə Cavabdeh olan borcunu əvəzləşdirməsini bildirməsi və cavabdehin qardaşına verdiyini bildirdiyi 150 manat pul məbləğindən başqa, iddiaçı cavabdehdən birgə həyata keçirdikləri fəaliyyət nəticəsində yaranan borcun və əldə edilən mənfəətdən ona çatası hissənin qaytarılmamasını mübahisələndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsinə görə bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Sözü gedən Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Həmçinin həmin Məcəllənin 32.2 və 32.4-cü maddələrində qeyd edilir ki, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Yuxarıda qeyd edilənlərə əsaslanaq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işin Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməsi haqqında qərardad çıxarılmalıdır. İş məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməli olduğundan məhkəmə onu da tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 32.5 və 32.6-cı maddələrinin mahiyyətinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş məhkəmə aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş bu qərardaddan şikayət vermə müddəti bitdikdən sonra Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan o tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-314/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-314/2022
15.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver