Məhkəmə qərarları › İş №2(079)-34/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-34/2022

19.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-34/2022 19.04.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı 26 noyabr 2021-ci il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 84000 (səksən dörd min) manat pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu olaraq ödədiyi 343 (üç yüz qırx üç) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, Cavabdeh 2020-ci ilin noyabr ayında mənə yaxınlaşıb maşın alacağını bildirdi. Mən maşını alıb ona kreditə verdim. Həmin zamandan bizim münasibətlərimiz başladı. Fevral ayında o, mənə kontur satmağa razılığının olduğunu bildirərək və özünün dediyinə görə bu iş üçün ona pul lazım olduğundan şərik işləməyi təklif etdi. Mən onun bu təklifi ilə razılaşdım. Ayrı-ayrı vaxtlarda o, məndən borc alıb qaytardı. O, mənim etibarımı qazandı. Bundan sonra müxtəlif vaxtlarda ona verdiyim pullardan onun mənə külli miqdarda borcu yaranmışdır. Onun borclu olmasını aramızda olan hesablaşma barədə tərtib etdiyimiz dəftər və onun əlyazmaları bir daha təsdiq edir. Hazırda Cavabdeh mənə 84000 (səksən dörd min) manat borcu vardır və borcunu ödəməkdən yayınır. İddiaçı məhkəmədə verdiyi izahatında 2020-ci ilin mart ayında Kapital Bankdan 4000 manat kredit götürdüyünü, bundan başqa mərhum atasından qalan heyvanları satıb ondan təqribən 10000-12000 manat pul əldə etdiyini, həmçinin evini 32000 manata və Babək rayonu, Şəkərabad kəndində yerləşən torpaq sahəsini isə 15000 manata satdığını, onun bunları etməkdə məqsədinin bir az pul toplayaraq bir işə başlamaq olduğunu, əlində 50000 manata yaxın pul olduğunu, əvvəlcə maşın alıbsatmağa başladığını, həmin vaxt cavabdehin də ona maşın almaq istədiyini bildirdiyini, ona “Runna” markalı maşın aldığını, beləliklə Rahiblə münasibətlərinin yarandığını, sonra isə cavabdehin ona konturda yaxşı pul olduğunu dediyini, özünün də onun bu təklifi ilə razılaşdığını, əvvəlcə Rahibə 1000-1500 manat verdiyini, cavabdehin də kontur alıb nisyə payladığını, qazancı isə bərabər şəkildə böldüklərini, cavabdehin konturu neçəyə alıb satdığını bilmədiyini, bütün işləri onun gördüyünü, özünün sadəcə olaraq pul verdiyini, ayda 4 dəfə kontur götürüb satdıqlarını, Rahibin ona hər dəfədə konturun satışından 1500-2000 manat pul qaldığını dediyini, 2020-ci ilin dekabr ayından 2021-ci ilin iyul ayınadək birlikdə işlədiklərini, bəzən özünün də cavabdehlə birlikdə mağazalara kontur payladığını, 2021-ci ilin may ayından isə bir-birlərinə pulun alınıb verilməsi ilə bağlı dəftər tutduqlarını, cavabdehin ondan pul alanda dəftərdə öz xətti ilə aldığı məbləği yazdığını, pulu qaytaranda isə həmin qeydi pozduğunu, Rahibin ondan alıb qaytarmadığı bütün pulların qeydinin dəftərdə olduğunu, dəftərdə bütün qaytarılmayan məbləğlərin qeyd edilməsinə baxmayaraq, orada olan məbləğlərin qazancın da nəzərə alınmaqla yazıldığını, ümumiyyətlə dəftərdə həmişə qaytarılmalı olan məbləğin içərisinə həm qazancın, həmdə borcun yazıldığını, 10 iyul 2021-ci ildə cavabdehə 7000 manat pul verdiyini, 7000 manatlıq konturun qazancı 3800 manat olduğundan Rahibin dəftərə 10800 manat yazdığını, 15 iyul 2021-ci ildə 10000 manat, 16 iyul 2021-ci ildə də 10000 manat verdiyini, həmin məbləğlərin hər birinə görə qazanc olaraq 4000 manat əldə etdiklərini dəftərdə cavabdehin özünün yazdığını, dəftərdə 25 iyul 2021-ci ildə qaytarılmalı olan qeydə əsasən cavabdehə 32000 manat verdiyini, bu məbləğin də qazancının 5000 manat olduğunun Rahibin qeyd etdiyini, dəftərdə aparılmış sonuncu qeydə əsasən cavabdehə 25000 manat verdiyini, bu məbləğin də qazancının 3000 manat qeyd edildiyini, ümumilikdə cavabdehə 84000 manat pul verdiyini, qazancın miqdarını Rahibin özünün hesablayıb yazdığını, ondan pulunu dəfələrlə tələb etsə də verməkdən imtina etdiyini, onunla ümumilikdə səkkiz ay birlikdə işlədiyini, hər həftənin sonunda Rahiblə haqq-hesab etdiyini, əldə edilən qazancın 60 faizinin özünə, 40 faizinin isə Rahibə qaldığını, cavabdehin ona borclu olduğu 84000 manat pulun özünə məxsus olduğunu qeyd edərək, yekunda iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdi. Cavabdeh məhkəmədə verdiyi izahatında özünün maşın almaq istədiyini, maşın üçün iddiaçıya 6500 manat pul verdiyini, Fikrətin isə 3800 manat pul verərək maşını 9800 manata aldığını, maşının qalan 3300 manat pulunu özünün iddiaçıya hər ay 400 manat verərək ödədiyini, ancaq maşının hələ də Fikrətin adına olduğunu, iddiaçının maşını ona qaytarmadığını, beləliklə onunla ünsiyyətinin yarandığını, daha sonra birlikdə kontur işinə girdiklərini, həftədə 10000, bəzən 20000 manatlıq kontur satdıqlarını, kontur alverinə başladıqları zaman dəftər tutduqlarını, Fikrətin ona pul verdiyi zaman özünün dəftərə puldan başqa qazancını da aldığı pulla birlikdə yazdığını, dəftərdə olan bütün qeydləri bu qaydada yazdığını, 1, 2 və 10 manatlıq “Azərsel”, 1, 3 və 5 manatlıq “Naxtel” və 2 - 10 manatlıq “Nar” konturların hər birində 2 qəpik, 10 manatlıq “Naxtel” konturda 4 qəpik, 20 manatlığında 15 qəpik qazanc götürdüklərini, “Baksel” konturundan isə Naxçıvanda çox istifadə edilmədiyindən az götürdüklərini, həmin kontuların satışından 1 qəpik qazanc qaldığını, qazancı isə bərabər boldüklərini, hər dəfə iddiaçıdan pul alanda özünün bu dəftərdə bunu yazdığını, pulu qaytaranda pozduğunu, hər həftənin 6-cı günü özünün mağazalardan pulu yığdığını, bazar günü isə iddiaçı ilə hesablaşdığını, 2021-ci ilin iyun-iyul aylarında özünün iddiaçıya “dəftəri gətir pozaq” dediyini, Fikrətin isə ona uşaqlar evi yığışdırdığına görə dəftəri tapa bilmədiyini, tapıb pozarıq dediyini, həmin vaxtadək bütün yazılanları pozduğunu, bundan sonra dəftər itdiyindən özünün borc yazısının pozulub-pozulmamasından xəbərinin olmadığını, sonra isə yoldaşının xəstələnməsi səbəbindən maşınını satmaq istədiyini, bu səbəbdən iddiaçıya maşını öz adına keçirməsini istədiyini, Fikrətin isə maşını onun adına keçirmədiyini və bundan sonra dəftər söhbətinin ortaya çıxdığını, bu dəftərlə bağlı polisə və prokurorluğa müraciət etdiyini, iddiaçının onda pulunun olmadığını, onun bütün pulunu qaytardığını, ayda 4 dəfə kontur götürdüyünü, həftəlik isə 15000-20000 manatlıq kontur aldığını, 6-7 ay bu işi birlikdə gördüklərini, hər həftənin sonu iddiaçı ilə haqq-hesab edib ona pulunu verib, yenidən mal götürmək üçün pul aldığını, heç vaxt Fikrətə pul qaytarmayana qədər iddiaçının ona pul vermədiyini, 2021-ci ilin iyun-iyul ayları gördükləri işin pozulduğunu, səbəb isə mağaza sahiblərinin pulu qaytarmamasından qaynaqlandığını, özünün iddiaçının pulunu verə bilmədiyini, həmçinin iddiaçı ondan əldə edilən qazancdan artıq faiz istədiyindən birlikdə gördüklərin işin pozulduğunu, çünki bütün işi özünün görüb, iddiaçının isə heç nə etmədən artıq qazanc əldə etməsini qəbul etmədiyini, dəftər itəndən sonra isə iddiaçıdan pul almadığını, son bir ayı isə dəftərsiz işlədiklərini, yəni verdiklərini pozmadığını, dəftərdə yazılanların hamısının öz xətti olduğunu, Fikrətdən birinci aldığı pulun 14300 manat, ən çox aldığı pulun isə 39000 manat olduğunu, onların münasibətlərində 3-cü şəxsin iştirak etmədiyini qeyd edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdi. Mülki iş materiallarını tədqiq edən, tərəflərin izahatlarını dinləyən məhkəmə qeyd edir ki, tərəflərin 2021-ci ilin iyul ayının ortalarınadək təqribən altı-yeddi ay birlikdə kontur alqı-satqısı ilə məşğul olmaları, birlikdə gördükləri işə əsasən iddiaçının kontur alması üçün cavabdehə pul verməsi, sonuncunun isə iddiaçıdan aldığı pulla kontur alıb, satılması üçün mağazalara paylaması, hər həftə sonu kontur verilmiş mağazalardan pul yığılaraq tərəflərin haqq-hesab etməsi, əldə edilən qazancın tərəflər arasında bölünməsi barədə razılıq olması, onlar arasında iddiaçının cavabdehə verdiyi pulların alınıb-qaytarılması ilə bağlı dəftər tərtib edilməsi, Cavabdeh İddiaçı kontur almaq üçün aldığı hər pul məbləğini alınacaq konturun qazancı ilə birlikdə qaytarması barədə öhdəlik götürməsinə dair dəftərdə özünün qeydiyyat aparması, cavabdehin iddiaçıdan aldığı pulu qaytarmasının təsdiq edilmə üsulu kimi aralarında tərtib edilmiş dəftərdə müvafiq qeydin pozmasının müəyyən edilməsi mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması tərəflərin məhkəmədə verdiyi izahatlar, onların məhkəməyə təqdim etdiyi 28 fevral 2022-ci il tarixli ərizələr və iddiaçının məhkəməyə təqdim etdiyi tərəflər arasında pulların alınıb-verilməsinə dair qeydlər aparıldığı dəftərlə müəyyən edilir. Mülki işin mübahisəli halına gəldikdə isə İddiaçı cavabdehə kontur alması üçün verdiyi 84000 (səksən dörd min) manat məbləğində pulun Cavabdeh alınıb ona verilməsini tələb etməsidir. Cavabdeh isə onun tələbini qəbul etməyərək özünün İddiaçı borcunun olmadığını, ondan aldığı bütün pulları geri qaytardığını, pulların alınıb-verilməsinə dair qeydlər aparıldığı dəftər itdiyindən son dövrlər qaytardığı pulların pozulmamasını qeyd etmişdi. Mülki işin mübahisəli halının həllinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdu ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçı tələbini borc müqaviləsi ilə əsaslandırsa da “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyi rəhbər tutan məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış münasibətləri borc müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri hesab etmək olmaz. Belə ki, həmin qərarda qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinin tələbinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmədə araşdırılmasından müəyyən edilir ki, tərəflər arasında qanunvericiliyin tələbinə əməl edilməklə borc müqaviləsi bağlanılmayıb. Onlar arasında pulların alınıb-verilməsinə dair qeydlər aparıldığı dəftəri isə müqavilə hesab etmək olmaz. Çünki həmin dəftərdə yalnız Cavabdeh iradə ifadəsi əks olunduğu halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Yəni müqavilədə ən azı iki tərəfin iradə ifadəsi öz əksini tapmalıdır. Hazırki vəziyyətdə məhkəmə hesab edir ki, tərəflər arasında etibarlı borc müqaviləsindən yaranan münasibətlərin olmaması müəyyən edilsə də, onlar arasında müqavilə münasibətlərinin olması məhkəmə araşdırılması zamanı istisna edilmir. Belə ki, mübahisənin məhkəmə tədqiq edilməsi zamanı cavabdehin iddiaçıya mobil telefonlar üçün danışıq kartlarının satılması işi məşğul olması barədə təklif verməsi, sonuncunun Cavabdeh ona edilən təklifi qəbul etməklə onlar arasında şifahi müqavilə bağlanması müəyyən edilir. Müqavilə şərtlərinə görə isə İddiaçı Cavabdeh mobil telefonlar üçün danışıq kartları alması üçün pul verməli, iddiaçı tərəfindən verilən pul əsasında cavabdeh danışıq kartları alınmalı, onları satılması üçün mağazalara paylamalı və əldə edilən qazancı mağazalardan toplamaqla iddiaçı ilə arasında bölməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 6.1, 6.1.2 və 6.1.5-ci maddələrinin mahiyyətindən görünür ki, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı mülki qanunvericiliyin prinsipləridir. Həminin sözü gedən Məcəllənin 390.1-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edilən maddi hüquq normalarının tələbindən çıxış edərək belə hesab edir ki, mülki qanunvericilik müqavilə tərəflərinin özlərinin iradəsi əsasında müqavilə şərtlərinin müəyyən edilməsini və bağlamasını istisna etmir. Hazırda tərəflər arasında mövcud olmuş müqavilə növü Mülki Məcəllədə nəzərdə tutulmasa da, işin araşdırılmış hallarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında birgə fəaliyyət göstərməklə bağlı müqavilə bağlanıb və həmin müqavilə şərtlərinə görə onlar qarşılıqlı öhdəlik münasibətlərində olmuşlar. Belə ki, iddiaçının müqavilə üzrə öhdəliyi mobil telefonlar üçün danışıq kartları alması ilə əlaqədar cavabdehə pul verməsi, sonuncunun isə ona verilmiş pul əsasında mobil telefonlar üçün danışıq kartları alması, onları satılması üçün mağazalara paylaması, satılan malların pulunu yığması və onu iddiaçı ilə bölməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.1-ci maddəsində qeyd edilir ki, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Müqavilədən irəli gələn öhdəliklərini sübut etmə vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı Cavabdeh ona 84000 (səksən dörd min) manat qaytarmalı olduğunu qeyd edərək, bunu onunla birlikdə gördüyü kontur alqı-satqı üçün verdiyi pulların geri qaytarılmaması ilə əsaslandırır. O, tələbinin əsası kimi isə cavabdehlə aralarında pulların alınıb-verilməsinə dair qeydlər aparıldığı dəftəri (36 vərəqli- 05 vərəği yazılı, 31 vərəği ilə boş olan), həmçinin həqiqətən də özünün Cavabdeh ilə işə başlayarkən əlində nağd pulunun olmasını təsdiqi ilə əlaqədar maşın alveri ilə məşğul olmasını təsdiq edən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 İdarəsinin 12 mart 2022-ci il tarixli, 1/227 nömrəli məktubunu və ona əlavə edilmiş sənədləri (ərizələr, nəqliyyat vasitələrinin alqı-satqısı müqavilələri, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri), özünə məxsus torpaq sahəsinin 22 fevral 2019-cu ildə 29000 manata satması barədə AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsini, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialından 4000 manat kredit götürməsi ilə bağlı ödəniş qrafikini məhkəməyə təqdim etmişdi. Qeyd edilənlərdən əlavə cavabdeh də məhkəmədə verdiyi izahatında İddiaçı aldığı ən çox pul məbləğinin 39000 (otuz doqquz min) manat olduğunu qeyd edir. İddiaçının cavabdehə 84000 (səksən dörd min) manat məbləğində pul verməsi həm cavabdehin məhkəmədə verdiyi izahatı, həm də tərəflər arasında pulların alınıbverilməsinə dair qeydlər aparıldığı dəftərlə müəyyən edilir. Həmin dəftərdən və tərəflərin məhkəmədə verdiyi izahatlardan görünür ki, 18 may 2021-ci il tarixdən başlayaraq cavabdeh iddiaçıdan aldığı pul məbləğlərini orada öz xətti ilə qeyd etmiş, pulların qaytarılması zamanı isə müvafiq qeyd cavabdeh tərəfindən pozulmuşdu. Müvafiq qeydin pozulması isə tərəflər arasında olan razılaşmaya-işgüzar adətə əsasən pulun qaytarılması hesab edilirdi. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında pulların alınıb verilməsi ilə bağlı dəftərdə olan qeydləri öz imzası ilə təsdiq etməsə də, məhkəmədə verdiyi izahatında və 28 fevral 2022-ci il tarixli ərizəsində həmin qeydlərin özü tərəfindən aparılmasını və pozulmasını inkar etməmişdi. Bunlar isə məhkəmənin fikrincə Cavabdeh iradə ifadəsini müəyyən etməyə və həmin sənədin iddiaçı qarşısında olan öhdəliyin təsdiqi üçün borc sənədi deməyə imkan verir. Qeyd edilən dəftərdən o da müəyyən edilir ki, 10 iyul 2021-ci il və 15 iyul 2021ci il tarixli bir, 16 iyul 2021-ci il tarixli iki, tarixi olmayan bir qeyd pozulmayıb. Həmin qeydlərə görə cavabdeh iddiaçıya 10 iyul 2021-ci il tarixli qeydə əsasən 10800 (on min səkkiz yüz) manat, 15 iyul 2021-ci il tarixli qeydə əsasən 14000 (on dörd min) manat, 16 iyul 2021-ci il tarixli qeydlərə əsasən 14000 (on dörd min) və 28000 (iyirmi səkkiz min) manat, tarixi olmayan qeydə əsasən isə 39000 (otuz doqquz min) manat pul qaytarmalı idi. İddiaçı isə bu qeydlərdə özünün cavabdehə verdiyi pullardan əlavə konturdan əldə ediləcək qazancların da ora yazıldığını bildirərək, Cavabdeh yalnız verdiyi pulları qaytarmasını tələb edir, yəni qazanc kimi qeyd edilənləri istəmədiyini qeyd edir. Cavabdeh də onun qeyd etdiklərini, yəni məbləğlərin qazancla birlikdə göstərilməsini təsdiq edir. İddiaçı isə qazanc çıxılmaqla cavabdehə verdiyi məbləğin 84000 (səksən dörd min) manat təşkil etdiyi bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Cavabdeh İddiaçı olan bütün borcunu ödədiyini, dəftər itdiyindən son dövrlər aldığı pullarla bağlı edilmiş qeydlərin silinmədiyini bildirdiyindən və bununla bağlı məhkəməyə 28 fevral 2022-ci ildə ərizə təqdim etdiyindən məhkəmə ona sübutetmə vəzifəsini izah etmiş, yəni aldığı pulları qaytarması, həmçinin haqq-hesab dəftərinin itməsi bağlı məhkəməyə sübut təqdim etməyi təklif etmişdi. O, bununla bağlı məhkəməyə səs yazısı təqdim edəcəyini bildirsə də, məhkəməyə ümumiyyətlə sübut təqdim etməmişdi. Məhkəmə Cavabdeh verdiyi izahatı iş materialları, xüsusi ilə də pulların alınıbverilməsinə dair qeydlər aparıldığı dəftərdə olan qeydlərlə əlaqəli şəkildə tədqiq edərək belə hesab edir ki, cavabdehin iddianın təkzib edilməsi ilə bağlı bildirdikləri əsassızdır. Belə ki, o, məhkəmədə verdiyi izahatında və təqdim etdiyi 28 fevral 2022-ci il tarixli ərizəsində hər həftənin sonu iddiaçı ilə haqq-hesab etdiyini, özü tərəfindən İddiaçı pul verməyənə qədər iddiaçının ona əlavə pul vermədiyini, pulu verəndə isə müvafiq qeydi pozduğunu bildirsə də, məhkəmənin ona verdiyi “Əgər əvvəl götürdüyün pulu qaytarmayana qədər iddiaçı sənə pul vermirdisə və sən pulları vermişdinsə niyə dəftərdə olan sonuncu qeydi yazan zaman ondan qabaq olan qeydləri pozmamısan? Əgər dəftər itmişdisə necə olur ki, 10 iyul 2021-ci ildən sonra aparılan iki qeyd pozulub, amma həmin qeyd pozulmayıb və ya 16 iyul 2021-ci il tarixli qeyd aparılan zaman 10 iyul 2021-ci il tarixli qeydi niyə pozmamısan? İddiaçı sənə hər dəfə pul verəndə sənə inanmayıb bunu dəftərdə qeyd etdirirdisə, sən niyə ona inanıb pulları qaytaranda dəftər olmadığı zaman ondan hər hansı bir əl yazısı və ya qeyd almamısan? kimi suallara Cavabdeh əsaslı cavab verməmişdi. İddiaçının tərəflər arasında olan razılaşma üzrə öz öhdəliyini sübuta yetirməsi işin məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.3-cü maddəsinin mahiyyətinə əsasən Mülki Məcəllədə “Öhdəliklər haqqında ümumi müddəalar” fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Qeyd edilən maddi hüquq normasının tələbindən yola çıxan məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış və şərtlərini özlərinin müəyyən etdiyi müqavilə münasibətləri üzrə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilməlidir. Cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini icra etməsi ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən məhkəmə tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; -430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir; - 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi ilə bağlı borclunun məsuliyyətini-təqsirlilik prezumpsiyasını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 529.3-cü maddəsində əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Hazırki mübahisə üzrə isə borc sənədi iddiaçıda olduğundan və tərəflər arasında olan razılaşma üzrə dəftərdə aparılan qeydlərin pozulmaması cavabdehin iddiaçı qarşısında olan öhdəliyini icra etməməsi kimi qəbul edildiyindən, həmçinin Cavabdeh iddiaçı qarşısında olan öhdəliyinin icra edilməsi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etmədiyindən məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pulun qaytarılmasına dair tələbi əsaslıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə iddiaçının cavabdehə verdiyi pulun geri qaytarılması tələbini əsaslı sayır və qeyd edilənləri ümumiləşdirərək məhkəmə yekunda belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı 84000 (səksən dörd min) manat pul tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan İddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun 342 (üç yüz qırx iki) manat miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - Cavabdeh 84000 (səksən dörd min) manat məbləğində pul alınaraq İddiaçı verilməli; -həmçinin Cavabdeh 342 (üç yüz qırx iki) manat miqdarında dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsi ilə müəyyən edilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Sözü gedən Məcəllənin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i : İddia təmin olunsun. Cavabdeh 84000 (səksən dörd min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Həmçinin Cavabdeh 342 (üç yüz qırx iki) manat miqdarında dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar