Məhkəmə qərarları › İş №2(079)-343/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-343/2021

13.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-343/2021 13.07.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının ona məxsus olan evdən çıxarılması tələbinə dair iddia ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən e t d i m: Babək Rayon Məhkəməsinə “25” iyun 2021-ci ildə İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının ona məxsus olan evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə daxil olmuşdu. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə iddiaçıya bildirir ki, məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinin tələbinə görə isə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Qeyd edilən Məcəllənin 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə isə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki-prosessual qanunvericiliyə görə məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il Qərarında qeyd edilir ki, Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Həmçinin tərəflərin öz iradəsinə uyğun olaraq müqavilə ilə müəyyən etdikləri aidiyyət üzrə iddia irəli sürmək imkanı tanınmışdır (Mülki Prosessual Məcəllənin 36 və 40-cı maddələri). Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. İddiaçı tələbində Cavabdeh məxsus cehiz əşyalarının özünə məxsus olan və Culfa rayonu, Xanəgah kəndində yerləşən evindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Onun tələbindən aydın olur ki, onun tələbi mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş tələbdir. Belə ki, o, cavabdehə məxsus əşyaların özünə məxsus evdən götürülməsini tələb etməklə mülkiyyət-daşınmaz əmlaka sahiblik hüquqlarının pozulmasını aradan qaldırmasını istəyir. Yuxarıda qeyd edilən prosessual normaları iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə əlaqəli şəkildə nəzərdən keçirən məhkəmə iddiaçının nəzərinə çatdırır ki, onun özünə məxsus olan evdən cavabdehə məxsus olan əşyaların çıxarılma tələbi müstəsna aidiyyəti olan tələbdir. İddiaçı tələbindən isə aydın olur ki, daşınmaz əmlak Culfa rayonu, Xanəgah kəndində yerləşir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.3-cü maddələrinin tələbinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının ona məxsus olan evdən çıxarılması tələbi barədə iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçı izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, İddiaçı tərəfindən "Kapital Bank"ın Naxçıvan filialı vasitəsi ilə 25 iyun 2021-ci il tarixli, 5738 nömrəli qəbzlə ödədiyi 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının ona məxsus olan evdən çıxarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən İddiaçı tərəfindən "Kapital Bank"ın Naxçıvan filialı vasitəsi ilə 25 iyun 2021-ci il tarixli, 5738 nömrəli qəbzlə ödədiyi 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı izah edilir ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar