Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-346/2022 29.06.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ İddia ərizəsinin qaytarılması haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı daşınmaz əmlaka olan mülkiyyət hüquqlarının bərpa olunması və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan nəzərdən keçirərək müəyyənetdi: Babək Rayon Məhkəməsinə 28 iyun 2022-ci ildə İddiaçı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı daşınmaz əmlaka olan mülkiyyət hüquqlarının bərpa olunması və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi daxil olmuşdu. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. Bunun üçün ilkin olaraq müvafiq ərizə ilə məhkəməyə müraciət etməli və onu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə tərtib etməlidir. Buna əməl edilməməsi isə müvafiq prosessual nəticələrə səbəb olur. Elə bu məqsədlə də məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Həmin maddəyə əsasən iddia ərizəsində onun verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İddiaçı qeyd edilən prosessual normanın tələbinə əməl etməmiş və iddia ərizəsində tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdi. Həmçinin bir neçə şəxsə qarşı tələb irəli sürsə də iddia ərizəsinin “xahiş etdi” hissəsində hər bir cavabdehə hər birinə qarşı yönələn tələb qeyd edilməmişdi (məs: Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi onun tələbin hansı hissəsi ilə balı cavabdehlik daşıyır? Və ya 10000 manat məbləği konkret olaraq hansı cavabdeh və ya cavabdehlərdən tələb edir?). Yuxarıda qeyd edilənlər isə özlüyündə İddiaçı iddia ərizəsinin forma və məzmununa əməl etməməsini təsdiq edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarır. Bundan başqa məhkəmə iddiaçının nəzərinə çatdırır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsi ilə müəyyən edilir ki, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda ödənilməli olan dövlət rüsumunun miqdarı 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizdir. Həmçinin həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun miqdarı 100 (bir yüz) manat təşkil edir. İddiaçının cavabdehlərə qarşı olan tələbələrindən daşınmaz əmlaka olan mülkiyyət hüquqlarının bərpa olunması hissəsi qiymətləndirilməyən, vurulmuş zərərin ödənilməsi hissəsi isə qiymətləndirilən iddia tələbinə aid olduğundan İddiaçı ödəməli olduğu dövlət rüsumu 220 (iki yüz iyirmi) manat (100+120) olmalı idi. İddiaçı isə iddia tələbi ilə məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat məbləğində rüsum ödəyib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.2-ci maddələrinin mahiyyətindən görünür ki, iddia ərizəsinə əlavə edilməli sənədlərdən biri dövlət rüsumunun ödənilməsi haqqında sənəddir. Həmin Məcəllənin 152.1 və 152.1.5-ci maddələrinə müvafiq olaraq, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin qeyd edilən Məcəllənin 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə isə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki-prosessual qanunvericiliyə görə məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddia tələbində qeyd olunur ki, İddiaçı cavabdehlərdən Babək rayonu, Şıxmahmud kəndində yerləşən daşınmaz əmlakın ona qaytarılmasını tələb edir. İddiaçının bu tələbi isə mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş və müstəsna aidiyyəti olan tələbdir. İddiaçı tələbində daşınmaz əmlak olan torpaq sahəsinin Babək rayonu, Şıxmahmud kəndində yerləşməsini qeyd etsə də, məhkəməyə təqdim etdiyi sənədləri nəzərdən keçirən zaman müəyyən olunur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsinə dair sənədlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq və təqdim edilməyib. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.1-ci və 89.3-cü maddələrinin tələbini iddiaçının diqqətinə çatdırır. Həmin maddələrə əsasən yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Yuxarıda qeyd edilən hal isə özlüyündə Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd edilən aidiyyət qaydalarının müəyyən edilməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.3-cü maddələrinin tələbinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarır. Yuxarıda qeyd edilənləri nəzərə almaqla məhkəmə belə hesab edir ki, İddiaçı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı daşınmaz əmlaka olan mülkiyyət hüquqlarının bərpa olunması və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinin tələbinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 24 iyun 2022-ci il tarixli, 2576 (GPP qəbz nömrəsi 9********) nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. İddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı olduğundan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsini rəhbər tutaraq məhkəmə İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı daşınmaz əmlaka olan mülkiyyət hüquqlarının bərpa olunması və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 24 iyun 2022ci il tarixli, 2576 (GPP qəbz nömrəsi 9********) nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı izah edilir ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-346/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-346/2022
29.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver