Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-397/2020 23.11.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi ilə, Kəngərli Bayram Akif oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 49653.45 (qırx doqquz min altı yüz əlli üç manat, 45 qəpik) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsinə uyğun olaraq verdiyi izahatında bildirdi ki, o fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur, 2016-cı ildə Cavabdeh ilə Babək rayonu, Gülşənabad kəndində yerləşən “Kafe-körpü” kimi adlandırılan yeməkxananı şərik kimi işlətmələrinə dair razılaşıblar, razılığa əsasən Cavabdeh yeməkxananın ümumi dəyərinin yarısını ödəmək şərti ilə cavabdeh yeməkxananın yarısını onun adına sənədləşdirəcəkdir, bundan sonra yeməkxananın 100000 manat olan dəyərindən 50000 manat ödəyəcəyi şərti ilə şərikli işlədib yeməkxananın yarısını onun adına sənədləşdirilməsi barədə razılaşıblar. Bu qaydada o yeməkxananı işlədib borcundan hissə-hissə cavabdehə ödəyibdir, razılığa əsasən cavabdehin borcunun 25000-30000 manat ödədikdən sonra, qalan 20000-25000 manat pulun ödənilməsi üçün kafedən və kafenin nəzdində olan balıqçılıqdan gələn gəlirə o toxunmayacaq, eləcə də yeməkxanada aparılacaq tikililərin pulunu o ödəyəcəkdir, bu minvalla Cavabdeh verməli olduğu 50000 manat puldan 32250 manat pulu nağd olaraq ödəyibdir, bundan başqa yeməkxananın nəzdində olan balıqçılıqdan da əldə olan 1753 manat və yeməkxananın kirayəsi olan 6250 manat olmaqla cəmi cavabdehə 40253 manat pul ödəyibdir. Bundan əlavə yeməkxananın tikinti-təmiri üçün 17155.60 manat xərcləyibdir. Şərik işlədikləri dövrdə 2244.85 pul onun qazancı olubdur, beləliklə cavabdehin ona 59653.45 manat borcu yaranıbdır, həmin borcdan cavabdeh 2019cu ildə 10000 manat qaytarıbdır, bundan sonra o cavabdehdən yeməkxananın sənədləşdirilməsini ya da qalan borcunu ödəməsini tələb etdikdə cavabdeh hərdən bir bəhanə edərək yeməkxananı sənədləşdirməkdən və borcunu qaytarmaqdan yayınıbdır o da məcbur qalıb məhkəməyə müraciət edibdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, o sahibkarlıq fəaliyyəti ilə məşğuldur, o cavabdeh ilə yeməkxananı şərikli işlədib qazanc əldə etmək məqsədi ilə razılaşıbdır, tələb etdiyi pulu da o cavabdehə borc kimi yox, həmin yeməkxananın yarısının onun adına sənədləşdirmək məqsədilə veribdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili Vəkil izahatında hüquqlarını müdafiə etdiyi İddiaçı məhkəməyə verdiyi izahatında işin mahiyyəti barədə ətraflı məlumat verdiyini, hazırki mülki iş üzrə cavabdehin və iddiaçının vergi ödəyicisi kimi qeydiyyatda olmaları barədə müvafiq sənədləri məhkəməyə təqdim etdiklərini, işin kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasında cavabdeh qismində iştirak edən Cavabdeh izahatında bildirdi ki, həqiqətən də o İddiaçı ilə razılaşmaya əsasən bir yarım müddət ona məxsus “Kafe-körpü” yeməkxanasını şərikli olaraq işlədiblər, onların razılaşmasına əsasən iddiaçının tələb etdiyi pulun bir qismini İddiaçı yeməkxanadan əldə olunan qazancdan ödəyibdir, bir qismini isə nağd ödəyibdir, iddiaçı ilə şərikli işləməkdə məqsəd gəlir əldə etmək olubdur, onlar arasında mübahisə də məhz yeməkxanada göstərdikləri şərikli fəaliyyətlərindən irəli gələn münasibətdən yaranıbdır. Məhkəmədə sualları cavablandıran Cavabdeh bildirdi ki, “Kafe-körpü” yeməkxana onun adına daşınmaz əmlak xidmətində qeydiyyata alınıb və o həmin yeməkxanaya görə dövlət vergisi, sığorta pulu və s. ödənişlər edir, o hal-hazırda Babək rayon Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdadır, İddiaçı ilə razılaşmaya əsasən yeməkxananı birlikdə şərikli işlətməkdə məqsəd qazanc əldə etmək olubdur. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi “Fiziki şəxsin Sahibkarlıq uçotu haqqında” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, iş üzrə Cavabdeh (VÖEN: **********) xx.xx.2008-ci il tarixdən vergi ödəyicisi kimi Babək Rayon Vergilər İdarəsində qeydiyyata alınıbdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi “Fiziki şəxsin Sahibkarlıq uçotu haqqında” Şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə İddiaçı (VÖEN: **********) xx.xx.2005-ci il tarixdən vergi ödəyicisi kimi Babək Rayon Vergilər İdarəsində qeydiyyata alınıbdır. Məhkəmə iddiaçının, iddiaçının vəkilinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki mülki məhkəmə aidiyyətinə görə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə görə sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1ci maddəsinə görə sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikası Vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə müvafiq olaraq hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1.1.-ci maddəsinə görə Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmin maddənin qeyd hissəsinə görə Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçının tələbi tərəflərin sahibkarlıq fəaliyyəti nəticəsində yaranan tələb olduğundan, eyni zamanda işin xarakteri və işdə iştirak edən şəxslərin subyektiv tərkibi və həmin şəxslərin fərdi sahibkarlıq statusuna malik fiziki şəxs olduqlarından hazırki mülki iş mahiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.1.-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə görə işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.2-ci maddəsinə görə mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 44.2.2, 45.2-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə 2(079)-397/2020 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermə hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(079)-397/2020
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-397/2020
23.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver