Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-4/2025 14.04.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Cavabdeh1, mütəxəssis Şəmstan Quliyev və ekspert Həsən Babayevin iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi, quraşdırılmış tikilinin sökülməsi və şəxsin istifadə hüquqlarını məhdudlaşdıran hərəkətlərin dayandırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gediş-gəliş yoluna maneçilik törədən çardağın sökülməsi və həmin yolun ikitərəfli açılması, qaz borusunun əvvəlki yerinə qaytarılmasını və əmlaka vurulan 3000 manat zərərin, məhkəməyə müraciətlə əlaqədar ödədiyi 150 manat dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödədiyi 50 manatın Cavabdeh1 alınaraq ona ödənilməsini təmin edən qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, 2018-ci ildə oğlum X8 məndən razılıq alaraq qonşu ilə aramızda şərikli hasar çəkilməsi üçün razılığa gəldilər. Sonra oğlum qonşular üçün ümumi olan gediş-gəliş yolunun genişlənməsi üçün öz adımıza olan torpaq sahəsindən eni 2 metr, uzunluğu təxminən 40-50 metr olan sahəni öz həyətimizdən hasarla ayırdı. Hasarın çəkilməsi üçün lazım olan ləvazimatların əksəriyyətini mən vermişəm. Sadəcə qum, sement və usta pulunu cavabdeh ödəmişdir. Hasar çəkildikdən 5 il sonra müalicəmlə əlaqədar Bakı şəhərinə getdim. Mən Bakıda olarkən cavabdeh gediş-gəliş yolunu ikitərəfli bağlamış, həmin yolun yuxarı hissəsində, evinin arxasında çardaq tikdirmişdir. Gediş-gəliş yolunun hər iki tərəfini bağladığı üçün oradan istifadə hüququmuz tamamilə məhdudlaşıb. Çardağın damına qoyduğu navalça mənim həyətimə axaraq hasarımın həmin hissəsindəki daşlarını məhv etmiş, əmlakıma zərər vurmuşdur. Bundan əlavə, Qaz İdarəsi tərəfindən çəkilən qaz borusunun yerini qanunsuz olaraq dəyişərək şərikli çəkdiyimiz hasarın üzərindən çəkmiş, həmin qaz borusunun bir hissəsini isə hasarın mənim həyətimə tərəf hissəsindən keçirmişdir. Bunun üçün məndən heç bir icazə alınmamış, hasar deşilərək boru mənim həyətimə salınmışdır. Qaz borusunun hasarın üzərindən keçməsi də mənim hüquqlarımı məhdudlaşdıraraq, hasarda müəyyən dəyişiklik etməyimə maneçilik törədir. Məsələnin həll edilməsi ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti və polisə müraciət etməyimə baxmayaraq məsələ həllini tapmamış, cavabdeh mübahisənin həllinə məhəl qoymamış, “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”-ni Əmlak Məsələləri Dövlət Xidmətinə və Polis şöbəsinə verməkdən boyun qaçırmışdır. Hətta bunu da qeyd etmək istəyirəm ki, Əmlak Məsələləri Dövlət Xidməti əlimdə olan X2 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Daşınmaz Əmlakın Texniki Pasportunda qeyd olunan torpaq sərhədlərinə uyğun olmayan sərhədlər müəyyənləşdirmiş, sənədlərdə mənim adıma olan torpaq sahəsini cavabdehin torpaq sahəsi kimi qeyd etmişdir. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Hesab edirəm ki, artıq mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbim tam təmin edilməklə əsaslı məhkəmə qətnaməsi çıxarılmalıdır. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 cavabdeh qismində işə cəlb olunmasına dair məhkəmənin təklifinə razı olduğunu bildirmişdir. Babək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində işə cəlb olunmuşdur. İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında ərizə ilə müarciət edərək X4 Cavabdeh1 və Cavabdeh2 qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi, quraşdırılmış tikilinin sökülməsi və şəxsin istifadə hüquqularını məhdudlaşdıran hərəkətlərin dayandırılması tələbinə dair mülki iş üzrə 18 dekabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 1183 nömrəli rəyinə əsasən Cavabdeh2 İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin eni qərbdə 0,98 metr, şərqdə isə 2,83 metr olmaqla 39,33 metr uzunluğa malik hissədə 71,7 metr hissəsini zəbt etdiyini, bu səbəbdən də mülki işə cavabdehlərin onun mülkiyyətində olan torpaq sahəsinin faktiki zəbt olunan həmin hissəsindən çıxarılmaları və həmin hissənin onların qanunsuz sahibliyindən geri qaytarılması, həmin hissədən cavabdehin mülkiyyətində olan torpaq sahəsinə xidmət edən qaz borusunun onun torpağından götürülərək onların öz ərazisindən keçirilməsi, həmçinin gediş-gəliş yoluna maneə yaradan çardağın sökülməsi, eyni zamanda əmlakına vurulan zərərin müqabilində 3000 manatın ona ödənilməsi ilə bağlı iddia tələbini dəqiqləşdirmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla mülki işə “cavabdehlərin onun mülkiyyətində olan torpaq sahəsinin faktiki zəbt olunan hissəsindən çıxarılmaqla onların qanunsuz sahibliyindən geri qaytarılması, cavabdehin mülkiyyətində olan torpaq sahəsinə xidmət edən qaz borusunun onun torpağından götürülməsi, gediş-gəliş yoluna maneə yaradan çardağın sökülməsi və əmlaka vurulan zərərin müqabilində 3000 manatın ödənilməsi” həddində baxılması qərara alınmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında Babək rayonu Hacıvar kəndində doğulduğunu və 86 ildir ki, orada yaşadığını, hazırda orada tək yaşadığını, həmin həyətin özünə məxsus olduğunu, Savalanla qonşu torpaq sahələrində yaşadıqlarını, illər öncə oğlunun həyətin Savalanla qonşu olan hissəsindən bir hissəni hasarlaması barədə razılaşdıqlarını, Savalanın uşağı həyətdə oynayarkən topu tez-tez onun həyətinə saldığını, özünün də yaşlı adam olduğunu və bu yaşında tək yaşayan adam olaraq məcbur qalıb buna görə hər dəfə ayağa durmalı olduğunu, həyətin başından aşağı hissəsinə doğru cavabdehlərə təxminən 40-50 metr uzunluğunda, 2 metr enində yoldan pay verdiyini, həmin hissə cavabdehin sahibliyində qalmaqla torpaqların arasına Savalan tərəfindən hasar çəkildiyini, həmin hasarın çəkilməsi üçün 2 tövləsini söküb daşını cavabdehə verdiyini, usta xərci, qum, sementini isə Savalanın çəkdiyini, bundan bir müddət sonra ayağından əməliyyat olunmaq üçün 2023-cü ilin 20 noyabr tarixində Bakıya getdiyini, qayıdanda Savalanın qapısını divarın yuxarı hissəsindən saldığını və onun gediş-gəliş yoluna çıxışının bağlandığını gördüyünü, küçə yoluna çıxmaq üçün Savalanın hasarladığı həyətinə girib oradan çölə çıxa bildiyini, əvəzsiz olaraq o qədər verdiyi torpaq sahəsinin qarşılığında Savalanın ona belə bir pisliklə cavab verdiyini, üstəgəl qazının borusunu həmin hasarın üzərindən həyətinə salladığını, həmçinin çəkdirdiyi su novdanına görə onun divarının nəm çəkdiyini və aşağı hissəsinin pis vəziyyətdə olduğunu, cavabdehin qapını yuxarı hissədən salmalı, qaz durbasını isə öz tərəfinə endirməli, həmçinin divarına dəyən zərəri bərpa etməli olduğunu, cavabdehin ona verdiyi yolun sonuna həyət üçün mətbəx inşa edib su yolunu kəsdiyini, onun həyətindən sonra neçə nəfərin həyətinə su yolunun bağlandığını, trapının cavabdehin sahibliyində qaldığını, ona nəzarət edə bilmək üçün Savalanın həyətinə keçməli olduğunu, ona çöl qapısını indiki yerdən qoyması üçün razılıq vermədiyini, bunu tamamilə özbaşına etdiyini, həmin dəmir qapının çəkilməsi ilə özünün küçə yoluna çıxışının, su durbasının trapına nəzarət imkanını itirdiyini, onun həyətinə saldığı qaz durbasını götürməli olduğunu, məhkəmə araşdırması dövründə barışıq üçün hər bir şərtə razılıq verdiyini, lakin cavabdehin məhkəmədə razılaşıb daha sonra buna əməl etmədiyini, aralarında hər hansı yazılı razılaşmanın olmadığını bildirmiş, işinə baxılıb təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında hazırda yaşadığı torpağı ona qayınatasının verdiyini, torpaq sahəsinin arvadı Aidəyə məxsus olduğunu, əvvəllər Nubarın həyəti ilə onun həyəti arasında hasarın olmadığını, arada su arxı və dəmir tor (çəpər) olduğunu, həmin arxdan gələn bütün tullantıların iddiaçının həyətinə töküldüyünü, iddiaçının tövləsinin də həmin dəmir torun yanında olduğunu, onun qapısına gələn yolun uzunluğunun 37 metr, eninin 2 metr 75 santimetr olduğunu, 2016-cı ildə iddiaçının oğlu Natiqin onu çağıraraq tövləni sökəcəyini və ona küçəyə qədər qapısının yanından hasar çəkməyə icazə verdiyini bildirdiyini, bununla razılaşdığını, tövlə söküldükdən sonra Nubardan tövlədən çıxan daşları pulla alıb hasarı çəkdirdiyini, Natiqin özünün də ona kömək etdiyini, lakin pul köməkliyi etmədiyini, sement və usta pulunu da özünün verdiyini, 1500 manat su borusuna pul verib arxı bərpa etdirdiyini, hasar hazır olduqdan sonra qaz borusunun yolun ortasında qaldığını görüb qaz idarəsinə zəng etdiyini və idarədən gələrək qaz borusunu hasarın üstü ilə çəkdirdiyini, buna 2000 manat xərc çəkdiyini, Cəmşid adlı ustanın telefon düzəltməyə çıxanda qaz borusundan tutduğu üçün borunun iddiaçının həyətinə düşüb divarın üstündən onun həyətinə sallandığını, bunun üçün dəfələrlə Qaz İdarəsinə məlumat verdiyini, lakin nəticə əldə edə bilmədiyini, novdanın suyunun hasarın üstünə töküldüyünü etiraf etdiyini, bu barədə iddiaçının oğlu Natiqə bərpa edəcəyinə dair söz verdiyini, lakin işi ilə bağlı alınmadığından məhkəməyə müraciət etdiyini, iddiaçının ona verdiyini iddia etdiyi yer Torpaq Komitəsi tərəfindən ölçülən zaman öz mülkiyyətində olmasının müəyyən edildiyini, iddiaçının yuxarı tərəfdən ona cəmi 1 metr 40 santimetr torpaq verməsinin müəyyən olunduğunu, iddiaçının torpaq sahəsi özünə məxus olduğundan qapının götürülməsini tələb etdiyini, hasarlamaya 7000 manat pul xərclədiyini, şəkillərdə görünən çardağın onun evinin arxası olduğunu, hasarı çəkdikdən sonra oraya novdan çəkdirdiyini, həmin torpağın arvadı Cavabdeh2 adına sənədləşdiyini, evin isə sənədinin olmadığını, ekspert rəyinə etiraz etmədiyini, rəydə Nubar xanımın ərazisinə daxil olduğunun bildirildiyini, iddiaçıdan ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etdiyini, novdanı özünün düzəltdiyini, borunu çıxartdığını, qaz borusunun endirilməsi üçün müraciət etsə də nəticəsinin olmadığını, əgər iddiaçı divarın sökülməsini tələb edirsə ona dəyən zərərin əvəzinin ödənilməli olduğunu, çünki həmin divarı onun razılığı ilə çəkdiyini, divarı çəkdirən zaman iddiaçıdan heç nə xahiş etmədiyini, onunla kəlmə belə kəsmədiyini, oğlu Natiqin onu çağıraraq divar çəkməyi təklif etdiyini, özünün də onunla razılaşdığını, həmin divarı 10 il bundan qabaq çəkdirdiyini, sadəcə olaraq dəyən zərərin ödənilməsini istədiyini, ondan sonra divarı geri çəkəcəyini, qaz durbasının öz yerinə çəkilməsinin isə onun imkanı xaricində olduğunu, bu yaxınlarda novdanın düzəldilməsi üçün gedib boru aldığını və novdanı da düzəltdiyini, sadəcə qapının çəkilməsi məsələsinin qaldığını, çardağı da sökə biləcəyini, əvvəlki məhkəmə iclasında iddiaçının qapının yuxarı hissədən salınmasına etiraz etmədiyini bildirsə də, məhkəmə prosesindən sonra oraya gedən zaman qapının ümumiyyətlə sökülməsini tələb etdiyini, yəni məhkəmə iclasında barışıq şərtlərini irəli sürsə də daha sonra buna əməl etmədiyini, iddiaçının əvvəlki iclasda dediyi şərtlərlə razılaşdığını bildirsə də, sonra dediklərindən üz döndərdiyini, hasarı sökərək əvvəlki vəziyyətinə qaytaracağını, eyni zamanda qapını da sökəcəyini, bundan sonra isə dəyən zərərin əvəzinin ödənilməsiylə bağlı iddia qaldıracağını bildirmişdir. Cavabdeh2 nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddiaçının orada hasar divarının olmadığını, divarı cavabdehlərin öz vəsaitləri hesabına tikdiklərini, qarşı tərəfin çəkilən xərci ödədikdən sonra divarın sökülməsi ilə bağlı bir fikir bildirməyin mümkün olduğunu, həmin divarın tikintisinə çəkilən xərclə bağlı dəyən zərərin əvəzi ödənilikdən sonra divarın sökülməsinə etirazının olmadığını, iddiaçının köhnə tövləsinin daşlarını belə həmin hasar çəkilərkən cavabdehlərə satdığını, həmin divarın daşlarının iddiaçının sökülən köhnə tövləsinin daşları olduğunu, qapının arxaya çəkilməsinin mümkün olmadığını, belə ki, orada 1 metr 68 santimetr yerin olduğunu bildirmişdir. X1 məhkəmə iclasında verdiyi izahatında Babək rayonu, Hacıvar kəndində yerləşən 133A və 196A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr üzrə həyətyanı torpaq sahələrinə iddiaçı və cavabdehlərin iştirakı ilə baxış keçirildiyini, həyətyanı torpaq sahələrinin elektron taxometr vasitəsilə ölçüldüyünü, torpaq islahatı aparılan zaman JN-196A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən həmin torpaq sahəsinin küçə yolu ilə sərhəddə yerləşən hissəsi, yəni torpaq sahəsinin plan-ölçüsünə əsasən 7-8 döngü nöqtələrinin arası 1,68 sm olaraq müəyyən olunmasına baxmayaraq, elektron taxeometr vasitəsilə ölçülən zaman cavabdehlərin sözügedən yerin 3,95 sm hissəsindən istifadə etməsini müəyyən etdiklərini, beləliklə Cavabdeh1 hördüyü hasarın 2,27 sm hissədə X4 həyətyanı torpaq sahəsinə keçilərək inşa edildiyini müşahidə etdiyini bildirmişdir. Cavabdeh2 və onun nümayəndəsi Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdeh və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı torpaq sahələrinin qonşuluqda yerləşməsi, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 71.1 m2 hissəsinin hazırda cavabdehlərin sahibliyində olması, torpaq sahəsinin həmin hissəsinin mülkiyyətçisi olan iddiaçının öz şifahi razılığı əsasında cavabdehin istifadəsinə əvəzsiz olaraq verilməsi mülki işin mübahisəsiz hallarıdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 10 fevral 2014-cü il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan Babək rayonu, Hacıvar kəndində sahəsi 0.12 hektar olan torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli (A və B tikililər), 7 otaqlı, 159.49 kv.m yaşayış, 30.74 kv.m qeyriyaşayış, 160.07 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyesterində 23/5 nömrəli reyestr kitabının 751 nömrəli vərəqində qeydə alınması müəyyən olunur. Həmçinin iş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********56 qeydiyyat nömrəli, 22 dekabr 2011-ci tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan Babək rayonu Hacıvar kəndində 0.031 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin Cavabdeh2 mülkiyyətində olması müəyyən olunur. Torpaq sahələrinin plan-ölçüsündən qonşuluqda yerləşmələri müəyyən olunur. Mülki işin mübahisəli hallarının araşdırılması zamanı məhkəmənin təşəbbüsü ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspert rəyində o nəticəyə gəlmişdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH-0023565 seriya nömrəli çıxarışa əsasən Babək rayon Hacıvar kəndində yerləşən, sahəsi 0,031 hektar olan, Cavabdeh2 məxsus həyətyanı torpaq sahəsinin faktiki istifadədə olan sərhədləri çıxarışa əlavə olunmuş torpaq sahəsinin planı üzrə ölçüsündə qeyd edilən ölçülərlə uyğunsuzluq təşkil edir. Bəhs edilən uyğunsuzluq Cavabdeh2 məxsus torpaq sahəsindən şimalda yerləşən MH-0034620 seriya nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinə münasibətdə eni qərbdə 0.98 metr, şərqdə isə 2,83 metr olmaqla 39,33 metr uzunluğa malik hissədə 71,7 təşkil edir. Həmçinin mütəxəssis və ekspertin iştirakı ilə ekspert rəyinin yerində tədqiqi prosesi zamanı cavabdehin iddiaçının razılığı əsasında onun mülkiyyətində olan torpaq sahəsinin 71,7 m2 hissəsini hasarlamaqla istifadə etməsi mübahisəsiz qaydada müəyyən olunmuşdur. Mülki işin mübahisəli halı iddiaçının öz şifahi razılığı əsasında cavabdehin sahibliyinə verdiyi torpaq sahəsinin boşaldılaraq özünün sahibliyinə qaytarılmasına haqq qazandıran qanuni əsasın olub-olmamasıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda sadalanan normalarını qeyd etməyi zəruri hesab edir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə belə qənaətə gəlir ki, mülkiyyətçinin cavabdehdən onun sahibliyinə haqq qazandıran qanuni əsasın olmadığı əsas götürülərək öz əmlakını geri tələb etmək ixtiyarı vardır və iddia tələbi həmin hissədə yəni Cavabdeh2 və Cavabdeh1 İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin eni qərbdə 0,98 metr, şərqdə isə 2,83 metr olmaqla 39,33 metr uzunluğa malik 71,7 metr hissəsindən çıxarılması və həmin hissənin onların qanunsuz sahibliyindən İddiaçı geri qaytarılması tələbinə dair hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin gediş-gəliş yoluna maneçilik törədən çardağın sökülməsi və həmin yolun ikitərəfli açılması və qaz borusunun əvvəlki yerinə qaytarılması tələbləri ilə bağlı qeyd edir ki, iddia tələbinin birinci hissəsinin təmin edilməklə sözügedən torpaq sahəsinin iddiaçıya qaytarılması iddia tələbinin sözügedən hissələrə münasibətdə də təmininə obyektiv şərait yaradır. Belə ki, aparılan yerində müayinə prosesi zamanı iddiaçı tərəfindən “çardaq” olaraq təsvir edilmiş cavabdehlərin quraşdırdığı tikilinin cavabdehlərin sahibliyindən iddiaçıya qaytarılması qət edilmiş torpaq sahəsinin üzərində yerləşdiyi müəyyən edilmişdir və mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə torpaq sahəsində cavabdeh tərəfindən aparılan yaxşılaşdırmalara münasibətdə qeyd edir ki, bu zaman cavabdehlər vicdanlı olmuş və mülkiyyətçinin razılığı əsasında onun rəftarına güvənərək yaxşılaşdırmalar etmişlər. Mülki Məcəllənin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə həmçinin qaz borusunun şəxsin həyətindən götürülməsinə dair iddianın hissəsinə münasibətdə qeyd edir ki, X5 Qaz İstismar Xidməti tərəfindən verilmiş 10 dekabr 2024-cü il tarixli rəydə qeyd olunur ki, torpaq sahələri arasındakı ortaq divar üzərində olan qaz təchizatı borusu İddiaçı adına reyestr nömrəsi **********61 torpaq sahəsinin hüdudları daxilində yerləşmişdir və həmin torpaq sahəsinə aiddir. Ekspert tərəfindən sözügedən məktuba istinadən verilmiş rəydə isə qeyd olunur ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.3-cü maddəsinə əsasən mühəndis-kommunikasiya təminatı xətlərinin çəkilməsi üçün başqa əlverişli həll yollarının olmadığı təqdirdə, qonşu mühəndis-kommunikasiya təminatı xətlərinin öz sahəsindən keçməsinə icazə verməlidir. ******* nömrəli çıxarış üzrə torpaq sahəsinə xidmət edən qaz borusunun digər hər hansı yerdən (cavabdehin torpaq sahəsindən və s.) çəkilməsinin mümkün olub-olmaması məsələsi bu sahəni tənzimləyən Qaz İstismar Xidməti tərəfindən müəyyən edilə bilər. X5 Qaz İstismar Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, Cavabdeh2 məxsus torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyətində olan 0.3438 ha qonşu torpaq sahəsindən istifadə edilmədən hər hansı digər istiqamətdən qaz xəttinin çəkilməsinin mümkün olub-olmamasının müəyyən edilməsi üçün vətəndaş ilk növbədə texniki şərt almalı, bundan sonra vətəndaşın öz vəsaiti hesabına layihə hazırlanmalı, müvafiq razılaşdırılmalardan keçildikdən sonra qaz xəttinin çəkilməsinin mümkün olub-olmaması müəyyən edilməlidir. Fərdi yaşayış evinin qazlaşdırılması və qaz xətlərinin yerinin dəyişdirilməsi müvafiq sahədə xüsusi lisenziyası olan podratçı tərəfindən icra edilir. Vətəndaşın seçdiyi podratçı tərəfindən ilk növbədə qazlaşdırma mümkünlüyü yerində araşdırılır. Məhkəmə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.3-cü maddəsini rəhbər tutaraq belə hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdehin öz torpaq sahəsindən istifadə etməklə torpaq sahəsinə xidmət edən mühəndis-kommunikasiya xətti olan qaz xəttinin çəkilməsinin mümkünsüzlüyü müəyyən edilmədiyindən iddia həmin hissədə də əsaslı sayılıb təmin edilməlidir. Belə ki, iddiaçının mülkiyyət hüququna cavabdehin müdaxiləsinə haqq qazandıran qanuni əsas mövcud deyildir. İddianın vurulmuş 3000 manat zərərin əvəzinin ödənilməsinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, sözügedən hissədə məhkəməyə sübutlar təqdim edilməmişdir. İddia tələbinin sözügedən hissədə qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu(delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçı tələbini sözügedən hissədə cavabdehin çardağın damına qoyduğu novalçanın həyətinə axaraq hasarın həmin hissədə daşlarını məhv etməsi ilə əsaslandırsa da bunun əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddia ərizəsinə əlavə olunmuş fotoşəkillər və yerində müayinə zamanı iddiaçının mülkiyyətində olan daş hasarın nəm çəkməsi vizual olaraq görünsə də həmin divarın nə zaman çəkilməsi və sözügedən vəziyyətin nə zaman yaranması, bunun həmin novalçadan axan suyla səbəbli əlaqəsinin mövcudluğu müəyyən olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Qeyd olunanları nəzərə alan məhkəmə sonda belə nəticəyə gəlir ki, İddia qismən təmin olunmalı, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin eni qərbdə 0,98 metr, şərqdə 2,83 metr, uzunluğu 39,33 metr olmaqla 71,7 m2 hissəsi Cavabdeh2 və Cavabdeh1 hesabına onların sahibliyindən geri alınaraq İddiaçı geri qaytarılmalı, cavabdehlərin qanunsuz sahibliyində olan İddiaçı mülkiyyətindəki torpaq sahəsinin 71,7 m2 hissəsində quraşdırılmış çardaq Cavabdeh2 tərəfindən onun hesabına sökülməli, Cavabdeh2 əmlakına xidmət edən qaz borusu Cavabdeh2 hesabına onun tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsindən keçən hissədən götürülməli, iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, hazırki iş üzrə qiymətləndirilməyən iddia tələbinə dair hissədə iddia əsaslı sayıldığından 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılmalı, qiymətləndirilən iddia tələbinə aid hissədə isə iddia tələbi təmin olunmadığından İddiaçı tərəfindən iddia qaldırılan zaman həmin hissədə ödənilmiş 50 (əlli) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin eni qərbdə 0,98 metr, şərqdə 2,83 metr, uzunluğu 39,33 metr olmaqla 71,7 m2 hissəsi Cavabdeh2 və Cavabdeh1 hesabına onların sahibliyindən geri alınaraq İddiaçı geri qaytarılsın. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunsuz sahibliyində olan İddiaçı mülkiyyətindəki torpaq sahəsinin 71,7 m2 hissəsində quraşdırılmış çardaq Cavabdeh2 hesabına sökülsün. Cavabdeh2 əmlakına xidmət edən qaz borusu Cavabdeh2 hesabına onun tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsindən keçən hissədən götürülsün. İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. İddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl
Məhkəmə qərarları › İş №2(079)-4/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-4/2025
14.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver