Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-400/2022 14.09.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Şahid iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 920 (doqquz yüz iyirmi) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılması qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, mən evimizdəki uşaq otağı üçün mebel dəsti yığdırmaq istəyirdim. Buna görə də, “İnstagram” sosial şəbəkəsindən istifadə edərək Naxçıvanda fəaliyyət göstərən Rauf adlı mebel ustası ilə əlaqə yaratdım. Həmin şəxs öz “İnstagram” səhifəsində hazırladıqları mebellərin şəkillərini də yerləşdirmişdi. İşləri xoşuma gəldiyinə görə “İnstagram” səhifəsindən telefon nömrəsini götürüb danışdım və 2022-ci ilin iyul ayının təxminən 6-7 də Naxçıvan şəhərində “Türk” məscidinin yaxınlığında görüşüb birlikdə yaxınlıqdakı mebel sexinə getdik. Sexdə Rauf mebellərin hazırlanacağı materialları da mənə göstərdi. Baxıb bəyəndim və mebel dəstlərini Raufun hazırlamasına razılaşdım. Sonra həmin gün Rauf digər bir iş yoldaşı ilə “Tofaş” avtomaşınında bizim evə gəldi. Mebelin yığılacağı otağa baxaraq ölçülərini götürdülər və qiymətlərini hesabladılar. İlkin qiymət hesablamalarına görə 1650 manat oldu, lakin uşaq otağındakı uşaq beşiyini istifadə etmədiyimizdən almaq istədiklərini bildirdilər. Beşiyə 220 manat qiymət qoydular, sora həmin 220 manatı hazırlayacaqları ümumi mebel dəstinin pulundan çıxdılar və hazırlayacaqları mebelin qiyməti 1430 manat elədi. Hazırlayacaqları mebellər 2 çarpayı, 1 şifoner, 2 tumbuçka, 1 kompyuter stolundan ibarət olacaqdı. Həmin vaxt Rauf danışdığımız 1430 manat pulun 420 manatını əvvəlcədən aldı. Sonra 3-4 gün keçəndən sonra gəlib material almaq adı ilə 500 manat əlavə aldı. Həmin vaxt bir daha razılaşaraq öhdəlik götürdü ki, 2022-ci ilin iyul ayının 16-da mebelləri təhvil verəcək. İyul ayının 16-dan sonra mən ona zəng vurub mebelləri istəsəm də müxtəlif bəhanələrlə məni aldatdı. Bu günədək nə mebellərimi nə də ki, mebelləri hazırlamaq üçün ödədiyim 920 manat pulumu qaytarmayıb. Sonradan eşitdim ki, Türkiyəyə gedib. Bir neçə dəfə “WhatsApp” vasitəsi ilə əlaqə saxlayıb pulmu istədim, lakin müxtəlif bəhanələrlə yenə də qaytarmadı. Bu səbəbdən də məhkəməyə müraciət edirəm. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, uşaq otağı üçün mebel yığdırmaq istəyirdim, bunun üçün instagram sosial şəbəkəsində “naxcivanmebel” səhifəsində paylaşılan mebellərə baxdım və işlərini çox bəyəndim. Orada qeyd edilən əlaqə nömrəsi ilə danışdım və 7 iyul tarixində arvadım Şahid ilə birlikdə Türk məscidinin yaxınlığında yerləşən mebel salonuna getdim. Orada cavabdehlə görüşdüm, bizə orada olan əl işlərini göstərdi. Oradan isə sexlərinə getdik, sifarişləri necə işləmələri ilə bağlı məlumat verdi. Həmin gün işdən sonra Rauf xüsusi usta geyimində, alət çantası ilə birlikdə ünvan 1 ünvanında yerləşən evimə yanında tanımadığım bir nəfərlə gələrək mebelin yığılacağı otağa baxdı, ölçüləri götürdü. Həmin gün 2 çarpayı, 1 şifonyer, 2 tumbuçka və 1 kompyuter stolundan ibarət olacaq mebel dəstini sifariş etdik, 1430 manata razılaşdıq və işə başlamaq üçün pul istədiyindən 420 manat ilkin ödəniş elədim. Uşaq otağında yerləşən uşaq yatağını da 220 manat ala biləcəyini bildirdi, bu barədə də razılaşdıq ki, yatağın pulunu görəcəyi işdən çıxsın. Daha sonra yatağı gəlib götürəcəyini bildirərək getdi. 2-3 gün sonra evdə olan kiçik bir təmir işi ilə bağlı cavabdehi çağırdım, həmin işi görmək üçün gələndə mebelə lazım olan xammalı sifariş etmək üçün 500 manata ehtiyac olduğunu bildirdi. Digər ustalara nisbətən çox aşağı qiymət dediyindən istədiyi məbləği verməyə çəkinmədim. Hər dəfə pulu evdə yoldaşım Şahid yanında ödəmişəm. Bundan sonra iddia ərizəsinə əlavə etdiyim vatsap yazışmaları, həmçinin eyni məzmunlu söhbətləri telefonda danışmışıq. İşlədiyi mebel salonu və sexə getdim. Orada çalışanlardan 2 nəfər onlardan da pul aldığını və qaytarmadığını bildirdilər. Türkiyədə olduğunu bildirsə də bildiyimə görə heç vaxt Türkiyəyə getməyib, Bakıdadır. Özünə aid “məhərrəmov_555” adlı instagram hesabında açıq profildə şəkillər paylaşır. Bizim kimi insanlardan aldığı pullarla kef məclisləri qurur. Sonda ədalətin bərpasını, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid məhkəmə iclasında verdiyi izahatında 2022-ci ilin iyul ayında uşaqların ad günündən sonra onlara yataq dəsti yığdırmaq qərarına gəldiklərini, bu məqsədlə yaxşı mebel ustası axtarışında olduqlarını, özünə məxsus olan instagram hesabından “naxcivan_mebel075” adlı istifadəçi profilində paylaşılan mebellərə baxaraq hər ikisinin çox bəyəndiyini, həmin səhifədə qoyulan “060 333 10 14” telefon nömrəsi ilə yoldaşının əlaqə saxlayıb danışdıqlarını, Cavabdeh onları “Fərəməzoğulları” adlanan mebel mağazasına dəvət etdiyini, hər ikisinin Türk məscidinin yaxınlığında yerləşən həmin mağazaya getdiklərini, cavabdehin orada ofisinin olduğunu, onları mağazanın həyətində qarşıladığını, mebel mağazasında boyanmış, gözəl görünüşlü mebellərin olduğunu, orada uşaqlara yığdırmaq istədikləri mebellərin şəkillərini cavabdehə göstərdiklərini, cavabdehin eynilə yığa biləcəyini bildirdiyini, onları salonun yerləşdiyi döngə ilə üzbəüz döngədə yerləşən sexə dəvət etdiyini, getdikdə orada da müxtəlif dizaynlı mebellər olduğunu gördüklərini, yoldaşının işə qayıtmalı olduğundan orada ayrıldıqlarını, Raufla isə axşam gəlib evə baxması barədə razılaşdıqlarını, həmin gün saat 19-20 radələrində ünvan 1 ünvanında yerləşən evlərinə gəldiyini, mebel yığılacaq otağın ölçülərini götürüb şəkillərini çəkdiyini, otaqda olan uşaq yatağını isə yığılacaq mebellərin pulundan çıxılmaq şərtilə ala biləcəyini bildirdiyini, 220 manata həmin yatağı razılaşdıqlarını, ümumilikdə isə 2 yataq, 1 şifoner, 2 tumbuçka və 1 yazı masasını 1650 manata razılaşdıqlarını, bunun 1430 manatını verəcəkləri, 220 manatını isə yataqla əvəzləşdirəcəkləri barədə razılığa gəldiklərini, həmin gün işə başlamaq üçün pul istədiyini, 420 manatı nağd verdiklərini, iki gün sonra televizor altlığında olan problemə köməklik etmək üçün evə çağırdıqlarını, cavabdehin gəlib ona baxanda əlavə 500 manat da istədiyini, 500 manatı da həmin gün ona verdiklərini, mebeli 10-15 günə yığıb təhvil verə biləcəklərini bildirib getdiyini, bundan sonra isə bir daha nə onu, nə də mebelləri görmədiklərini, daha sonra yazdığı mesajlarla borcunu etiraf etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə müvafiq olaraq tərəflərin hansı hüquqi münasibətdə olmalarının müəyyən edilməsi tələbinə müvafiq olaraq qeyd edir ki, tərəflər arasında podrat hüquq münasibətlərindən irəli gələn münasibətlər mövcud olmuşdur. Podrat müqaviləsinin anlayışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsində qeyd olunur ki, həmin maddəyə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir (752.2-ci maddə). Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur (329.3-cü maddə). Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə podrat müqaviləsi üçün forma şərti nəzərdə tutulmamışdır və müəyyən olunur ki, müqavilə tərəfləri arasında əqdin şifahi formasından istifadə edilmişdir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 425-ci maddəsindən məlum olur ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla və lazımınca yerinə yetirmələridir. Podrat müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır, yəni podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi – hazırki halda mebelləri hazırlamağı, sifarişçi isə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki iş üzrə məhkəmə araşdırması zamanı digər sübutlarla əlaqəli şəkildə tədqiq edilərək sübut olaraq qəbul edilmiş iddiaçının izahatı, eyni zamanda şahid ifadəsi ilə sübuta yetirilmişdir ki, sifarişçi podrat müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirmişdir. Mülki Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, tərəflər muzdun hissə-hissə, müəyyən qismini iş yerinə yetirilməmişdən əvvəl, qalan qismini isə podratın nəticəsi sifarişçiyə təhvil verildikdən sonra ödənilməsi barədə razılığa gəlmişlər. Sifarişçi müqaviləyə uyğun olaraq razılaşdırılmış muzdun bir qismini 420 və 500 manat olmaqla 920 (doqquz yüz iyirmi) manatını əvvəlcədən podratçıya vermiş, lakin podratçı müqavilədə nəzərdə tutulan işi icra etməmişdir. Mülki işin sözügedən mübahisəli halına münasibətdə məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda qeyd etmək lazımdır ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İddiaçı tərəfindən müqavilə üzrə öz öhdəliyinin icrası sübuta yetirilmiş, cavabdeh isə müqavilə üzrə öhdəliyinin icrasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki Məcəllənin 452.1 və 452.2-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (448.2). Sözügedən halları nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 920 (doqquz yüz iyirmi) manat miqdarında borc tutularaq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 920 (doqquz yüz iyirmi) manat miqdarında borc tutularaq İddiaçı ödənilsin. İddiaçı iddia qaldırılan zaman ödədiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-400/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-400/2022
14.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver