Məhkəmə qərarları › İş №2(079)-412/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-412/2021

11.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-412/2021 11.08.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan nəzərdən keçirərək müəyyən e t d i m: İddiaçı “11” avqust 2021-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3820 (üç min səkkiz yüz iyirmi) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçıya bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. Bunun üçün ilkin olaraq müvafiq ərizəsi ilə məhkəməyə müraciət etməli və onun Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə tərtib etməlidir. Ona əməl edilməməsi isə müvafiq prosessual nəticələrə səbəb olur. Elə bu məqsədlə də məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Həmin maddəyə əsasən iddia ərizəsində onun verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İddiaçı iddia ərizəsində cavabdehin Cavabdeh olmasını qeyd etmiş, onun ata adını iddia tələbində göstərməmişdi. Qeyd edilən hal isə özlüyündə cavabdehin konkretləşməsinə, yəni iddia tələbinin yönəldiyi konkret şəxsin müəyyən edilməsinə imkan vermir. Yuxarıda qeyd edilənləri nəzərə almaqla məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarır. İddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı olduğundan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsini rəhbər tutaraq məhkəmə İddiaçı izah edir ki, iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan əlavə məhkəmə iddiaçının nəzərinə onu da çatdırır ki, o iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbzin surətini təqdim etmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1 və 89.3-cü maddələrinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Qeyd edilən prosessual normanının tələbini nəzərə almaqla məhkəmə İddiaçı bildirir ki, növbəti dəfə məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əslini iddia ərizəsinə əlavə etsin. Məhkəmə sonuncu qeyd edilən halı nəzərə almaqla onu da bildirir ki, hazırki vəziyyətdə dövlət rüsumunun geri qaytarılması məsələsi hüquqi cəhətdən münasibət bildirilməli deyil. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar