Məhkəmə qərarları › İş №2(079)-413/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-413/2024

24.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-413/2024 24.07.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə 31 may 2024-cü ildə Babək Rayon Məhkəməsinə müraciət edərək 8000 (səkkiz min) manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, mən xx xxxx 1983-cü ildə Babək rayon Nehrəm kəndində (indiki Nehrəm qəsəbəsində) anadan olmuşam, hazırda orda yaşayıram. Naxçıvan şəhərində “57”-ci məhəllədə yerləşən '‘Cahan” Ticarət Mərkəzində “B” bloku, 152 nömrəli mağazanı işlədirdim. Mağazanı icarəyə götürmüşdüm, qadın paltarlarının satışı ilə məşğul olurdum. Bundan başqa Bakı şəhərində telefon mağazası işlədən dostumdan telefon götürüb tanışlarla kreditlə satıb pulunu ona göndərirdim. Həmkəndlim Cavabdeh də məndən bir ədəd telefon kreditlə götürdü, pulunu vaxtında ödəyirdi. Sonra o, mənə bildirdi ki, “sən mənə telefon ver, mən aparım üstünə 5-10 manat qoyum satım, sən də qazan, mən də”. Mən onu tanıyıb etibar etdiyimdən ona telefonları verdim. Lakin Cavabdeh götürdüyü telefonların pulunu ödəyə bilmədi və mənə 8000 (səkkiz min) manat borcu yarandı. Sonra mən eşitdim ki, Cavabdeh bir neçə hərbiçi yoldaşları ilə birlikdə Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən “Məişət evi”ndə olan “Million” terminalından oğurluq etməyə cəhd göstəriblər. Oğurluq hadisəsi baş tutmamasına baxmayaraq onlar barəsində cinayət işi başlanıldı. İstintaq başa çatdırılıb baxılması üçün Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinə göndərildi. Naxçıvan MR Hərbi Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 1-1(092)-2/2023 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1, 177.2.3, 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, basrəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə aylıq pul təminatından 10 (on) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 7 (yeddi) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. Cavabdeh iki ilə yaxındır ki, məndən götürdüyü telefonların pulundan yaranmış 8000 (səkkiz min ) manat borcunu qaytarmır. Cavabdeh məndən telefon götürməklə 8000 (səkkiz min) manat borcunun yaranmasını 16 avqust 2022-ci il tarixdə Babək Rayon Polis İdarəsində ifadəsində, 23 avqust 2022-ci il tarixdə Naxçıvan MR Hərbi Prokurorluğuna verdiyi ifadəsində, 27 sentyabr 2022-ci il tarixdə Naxçıvan MR Hərbi Prokurorluğuna verdiyi ifadəsində öz təsdiqini tapır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdi. Mülki iş üzrə «16» iyul 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında işdə iştirak edən şəxslər barışıq sazişi ilə məhkəməyə müraciət edərək, məhkəmə gedişi zamanı aralarında mübahisəni həll edərək razılığa gəldiklərini və bu səbəbdən də aşağıda qeyd edilən şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul etməsini xahiş etmişdi: - Cavabdeh İddiaçı ona qarşı olan 7840 (yeddi min səkkiz yüz qırx) manat məbləğində pul tələbini qəbul edir. Həmin məbləği 2024-cü ilin avqust ayının 01-dən başlayaraq 2025-ci ilin iyul ayının 1-dək hər ay 80 (səksən) manat, 2025-ci ilin iyul ayının 01-dən sonra ardıcıl 47 ay ərzində hər ay 150 (bir yüz əlli) manat, sonuncu ay isə 140 (bir yüz qırx) manat olmaqla, hissə-hissə ona ödəməyi öhdəsinə götürür; - İddiaçı Cavabdeh ona olan 7840 (yeddi min səkkiz yüz qırx) manat məbləğində borcu 2024-cü ilin avqust ayının 01-dən başlayaraq 2025-ci ilin iyul ayının 1-dək hər ay 80 (səksən) manat, 2025-ci ilin iyul ayının 01-dən sonra ardıcıl 47 ay ərzində hər ay 150 (bir yüz əlli) manat, sonuncu ay isə 140 (bir yüz qırx) manat olmaqla, hissə-hissə ödəməsini qəbul edir və Cavabdeh qarşı gələcəkdə bununla bağlı hər hansı tələb irəli sürməyəcəyini öhdəsinə götürür. İşdə iştirak edən şəxslərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 5.4-cü maddəsində qeyd edilir ki, qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər; - 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər; - 191.1-ci maddəsinin mahiyyətinə əsasən tərəflərin barışıq sazişi məhkəmə iclasının protokolunda bunun şərtlərinin qeyd etməklə imzalaması və ya bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; - 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından onun şərtləri təsdiq olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh öz nümayəndəsinə verdiyi AR-İİİ seriyalı, 12 iyul 2024-cü il tarixli etibarnamənin məzmunundan aydın olur ki, o, Nümayəndə onun adından barışıq sazişi bağlamaq səlahiyyəti vermişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0-cı və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, «16» iyul 2024-cü tarixli barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -119.4-cü maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir; - 122.3-cü maddəsi ilə müəyyən edilir ki, tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə məhkəməyə təqdim edilmiş barışıq sazişindən aydın olur ki, iddia tələbinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 262- 264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış «16» iyul 2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Cavabdeh İddiaçı ona qarşı olan 7840 (yeddi min səkkiz yüz qırx) manat məbləğində pul tələbini qəbul edir. Həmin məbləği 2024-cü ilin avqust ayının 01-dən başlayaraq 2025-ci ilin iyul ayının 1-dək hər ay 80 (səksən) manat, 2025-ci ilin iyul ayının 01-dən sonra ardıcıl 47 (qırx yeddi) ay ərzində hər ay 150 (bir yüz əlli) manat, sonuncu ay isə 140 (bir yüz qırx) manat olmaqla, hissə-hissə ona ödəməyi öhdəsinə götürür;

2. İddiaçı Cavabdeh ona olan 7840 (yeddi min səkkiz yüz qırx) manat məbləğində borcu 2024-cü ilin avqust ayının 01-dən başlayaraq 2025-ci ilin iyul ayının 1-dək hər ay 80 (səksən) manat, 2025-ci ilin iyul ayının 01-dən sonra ardıcıl 47 (qırx yeddi) ay ərzində hər ay 150 (bir yüz əlli) manat, sonuncu ay isə 140 (bir yüz qırx) manat olmaqla, hissə-hissə ödəməsini qəbul edir və Cavabdeh qarşı gələcəkdə bununla bağlı hər hansı tələb irəli sürməyəcəyini öhdəsinə götürür. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində eyni əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan şikayət, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar