Məhkəmə qərarları › İş №2(079)-425/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-425/2022

14.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-425/2022 14.10.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 22 avqust 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat və iş üzrə ödəmiş olduğu 70 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, 01 sentyabr 2021-ci il tarixdə instagram vasitəsi ilə özünü türk vətəndaşı Kuzey adlı şəxs kimi təqdim edib, əslində sonradan bildiyim Cavabdeh ilə tanış olmuşam. Həmin vaxt cavabdeh mənə bildirdi ki, gəl birlikdə Naxçıvan şəhərində paltar mağazası açaq. Bu minvalla da mən bankdan kredit və arvadımın qızıllarını lombarda qoyub pul götürdüm, azmış kimi iki baş iribuynuzlu inəyimi də satıb ona bir ay müddətində 6000 manat pul verdim. Bir neçə gün sonra ona zəng etdim, o hərdən bir bəhanə gətirib, gah Türkiyədə, gah da Rusiyada olduğunu bildirdi. Onun məni aldatdığını başa düşüb, Türk Konsulluğuna müraciət etdim. Müəyyən araşdırmadan sonra mənə bildirildi ki, bu adda türk vətəndaşı yoxdur, polisə müraciət etdim. Təqribən bir ay sonra məlum oldu ki, özünü Kuzey kimi tanıdan şəxs əslində Babək rayonu, Zeynəddin kənd sakini Cavabdehdur. Onu Naxçıvan şəhər Polis İdarəsinə çağırdılar. O Naxçıvan şəhər Polis İdarəsinin müstəntiqi X1 yanında məndən 6000 manat pul aldığını etiraf edib, 1000 manat qaytardı və hər ay 500 manat borcunu ödəyəcəyini bildirdi. Ancaq Abbas dediyi vaxtda gətirib, pulu vermədiyinə görə ona zəng etdim, məni söyüb təhqir etdi. Hal-hazırda telefon zənglərimə də cavab vermir. Özüm kredit götürmüşəm, həmin pula çox böyük ehtiyacım var. Abbas birmənalı olaraq borcunu qaytarmaq istəmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Hesab edirəm ki, artıq mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbim təmin edilməlidir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdeh “kuzey_1” adlı instagram səhifəsində geyim malları paylaşırdı. Həmin geyimləri bəyəndiyim üçün səhifəyə yazdım və cavabdehlə tanışlığımız elə bu cür oldu. O, hamıya özünü instagramda “Kuzey Yurtçağ” kimi qələmə vermişdi. Onunla bir müddət danışdıqdan sonra doğma-böyümə İstanbuldan olduğunu, İstanbulda kitab mağazası işlətdiyini bildirdi. Həmin instagram səhifəsində “Kuzey kırtasiye” adlanan mağazanın şəkillərini paylaşırdı. Bizim aramızda səmimi münasibət yarandıqdan sonra cavabdeh 2021-ci ilin sentyabr ayının 5-də Naxçıvanda paltar yeri açıb, Türkiyədən Naxçıvana mal vurub burda satmaq istədiyini və bunun üçün pula ehtiyacı olduğunu bildirdi. Biz onunla ortaq olacağımız, birlikdə mağaza açacağımız barədə razılaşdıq. 2021-ci ilin sentyabr ayının 8-də o, Naxçıvana gəldi. Özüm orada aşbaz işlədiyimdən “Dəyirmançı” adlanan ailəvi kafe-restoranda görüşdük. Həmin vaxt cavabdeh sərhəddi keçərkən Miqrasiya Xidməti tərəfindən Naxçıvanda yaşama icazəsi almaq üçün 2000 manat pul istədiklərini bildirdi və ona kömək etməyimi xahiş etdi. Mən də gələcəkdə mağaza açmaq ümidiylə həmin məbləği ona verə biləcəyimi bildirdim. 12 aprel 2021-ci il tarixdə “Finca” bankdan götürdüyüm 2500 manat məbləğin 2000 manatını cavabdehə verdim. Həmin müqavilə üzrə arvadım X4 isə mənə zamin durmuşdur. Cavabdeh pulu 20 sentyabra qədər qaytaracağına dair söz verdi. Həmin gün sonradan adının Abbas olduğunu bildiyim Kuzey adı ilə tanıdığım şəxs 2 gün bizdə qaldı, ailə üzvlərimlə tanış oldu. Artıq həm mənim, həm də ailə üzvlərimin etimadını qazanmışdı. Sentyabr ayının 10-dan sonra 3-4 günlük yoxa çıxdı. Mənə vatsap vasitəsilə qardaşı ilə görüşmək üçün Türkiyəyə gedəsi olduğunu, hazırda Türkiyədə olduğunu, 2000 manatı göndərəcəyim halda malı vura biləcəyini bildirdi. Bundan əvvəl mağaza açacağımıza dair razılaşdıqdan sonra anama və həyat yoldaşıma məxsus 1 ədəd sırğa-üzük dəstini, 3 ədəd tək üzüyü və 1 ədəd sırğanı 17 avqust və 21 avqust 2021-ci il tarixlərdə Naxçıvan şəhərində Cahan ticarət mərkəzində yerləşən Əli adlı şəxsə lombarda girov qoyub 350 manat və 750 manat olmaqla 1100 manat məbləğində pul götürmüşdüm. Həmin pulun üzərinə də götürdüyüm kreditdən qalan 500 manatı və əmək haqqımdan 400 manat əlavə edərək “Dəyirmaçı” kafe-restoranında müdirim olan “Azər” adlı şəxsə nağd verdim, o isə öz hesabı vasitəsilə Naxçıvan Bankdan həmin məbləği X9 adlı qadının hesabına köçürdü. Həmin hesabın məlumatlarını isə bizə cavabdeh vatsap vasitəsilə göndərmişdi, qadının isə qardaşının vəkili olduğunu bildirmişdir. Bu məbləğ də getdikdən sonra mən artıq narahat olmağa başlamışdım, bununla bağlı onun özünə bildirəndə heç bir problem olmadığını, əgər ona güvənmirsə bütün aldığı pulu geri qaytaracağını bildirirdi. Daha sonra isə cavabdeh zəng edərək qardaşını Moskvada bıçaqladıqlarını, özünün hazırda Moskvada olduğunu, 2000 manat da göndərəcəyim halda malı işçiləri vasitəsilə Naxçıvana göndərə biləcəyini bildirdi. Mən ondan şəxsiyyət vəsiqəsini göndərməsini xahiş etsəm də o vəsiqəni bəhanələr gətirərək göndərməkdən imtina etdi. Bu zaman iribuynuzlu malımı Şərur rayon sakininə satıb aldığım 1000 manatı da cavabdehə göndərdim. Həmin vaxt artıq X10 aşbaz olaraq işləyirdim. Orada müdirimə 1000 manatı verdim və öz hesabında olan məbləğdən yenə X9 adlı qadına məxsus hesaba köçürməsini xahiş etdim. O da Rabitə bankda tanıdığı işçi vasitəsilə həmin pulu qadının hesabına yatırdığını bildirdi və qəbzi mənə verdi. Həmin gün cavabdeh pulu aldığını bildirdi. Bundan sonra cavabdehlə əlaqə saxlamağa çalışsam da telefonlarıma cavab vermədi. Mən onun şəklini instagrama qoyub həmin şəxs barədə məlumatı olan şəxslərdən soruşdum. Bu zaman onun Türkiyədə atası ilə birlikdə dələduzluqla məşğul olduğunu bildirdilər. Bundan sonra Naxçıvan şəhər Polis İdarəsinə müraciət etdim. Orada cavabdeh atası Zeynəddin kənd sakini Şahid yanında hər şeyi etiraf etdi və mənə 6000 manat borcunun olması ilə bağlı etiraf ərizəsi yazdı. Həmin gün 1000 manatı qaytarıb, qalan borcu isə hər ay 500 manat olmaqla ödəyəcəyinə dair razılığa gəldik. Həmin vaxt onun Azərbaycan Respublikası vətəndaşı olduğunu öyrəndim. Mənə aydın oldu ki, o Moskvadan istədiyi qızı qaçırmaq üçün bu pulları məndən alırmış. Hesabına pullar köçürdüyüm X9 adlı şəxs də həmin qızın bacısı imiş. Mən daha sonra Zeynəddin kəndində cavabdehin evinə getdim, onun Rus vətəndaşı olan həyat yoldaşı X2 bu məsələ barədə danışarkən mənə X9 adlı şəxsin onun bacısı olduğunu dedi. Mən cavabdehə inanıb güvəndiyim üçün ona pulu verdim, onun dələduz olduğunu bilmirdim. Ədalətin bərpa olunmasını, iddiamın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edirəm. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan Cavabdeh ölkə hüdudlarından kənarda olduğu müəyyən olunmuşdur. Sözügedən halları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə işə cavabdehin iştirakı olmadan və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında baxmağı mümkün hesab etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında vəsatət verərək cavabdehin Naxçıvan Şəhər Polis İdarəsində verdiyi etiraf ərizəsinin əldə olunması üçün köməklik göstərilməsini və Zeynəddin kənd sakini Şahid qismində dindirilməsini məhkəmədə xahiş etmişdir. İddiaçının vəsatəti təmin olunmuş, Naxçıvan şəhər Polis İdarəsinə İddiaçı ilə Cavabdeh arasında mövcud pul tələbi ilə bağlı mübahisə ilə əlaqədar olaraq iddiaçı tərəfindən Naxçıvan Şəhər Polis İdarəsində verildiyi iddia edilən cavabdehin (Cavabdeh) tələbin etirafı barədə ərizəsinin əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin məhkəmə baxışı iclasına qədər məhkəməyə göndərilməsinin təmininə dair sorğu göndərilmişdir. Sorğuya cavab olaraq belə bir ərizənin mövcud olmadığı bildirilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində ifadə verən Şahid cavabdehin atası olduğunu, oğlunun illərdir Türkiyə Respublikasında yaşayıb işlədiyini, arabir Naxçıvana gəlib bir müddət qalıb yenidən qayıtdığını, İstanbulda Türk vətəndaşına məxsus “Kuzey Kırtasiye” adlanan mağazada çalışdığını, onun 2021-ci ilin 8 yanvar tarixində Naxçıvana qayıtdığını, Rusiyanın Krasnodar vilayətindən olan “Anastasiya İrina” olaraq tanıdıqları qızı da özü ilə birlikdə gətirdiyini və onunla ailə qurmaq istədiyini bildirdiyini, 2021-ci ilin noyabr ayında toy mərasimi ilə ailə qurduqlarını, 2021-ci ilin sonlarında onu oğlu ilə birlikdə Naxçıvan şəhər Polis İdarəsinə çağırdıqlarını, orada oğlundan Nurlan adlı şəxsin pulunu aldadıb ələ keçirməsi ilə bağlı suallar verildiyini, oğlunun isə bütün bunları qəbul edib aldığı pulu geri qaytaracağını bildirdiyini, orada oğlunun Nurlana özünü Türk vətəndaşı “Kuzey” kimi təqdim etməsi və iş quracaqları bəhanəsilə dəfələrlə pul almasını öyrəndiyini, şöbədə olarkən oğlunun ondan 1000 manat məbləğində pul istədiyini, onun pulu olmadığından verə bilmədiyini, oğluna həmin gün şöbədə Nurlana verdiyi 1000 manatı baldızı X5 göndərdiyini aylar sonra öyrəndiyini, oğlunun həmin 1000 manatı şöbədə Nurlana verdiyini, qalan məbləği isə hər ay 500 manat olmaqla geri qaytaracağına dair razılığa gəldiklərini, özünün ata olaraq Nurlandan bunu şəxsən xahiş etdiyini, Nurlanın da razılaşdığını, oğlunun Zeynəddin kəndində birlikdə yaşadıqları müddətdə ondan Nurlana vermək üçün dəfələrlə pul istədiyini, lakin maddi imkanı pis olduğundan verə bilmədiyini, Nurlanın qalan pulu almaq üçün Zeynəddin kəndinə gəldiyini, Abbasın arvadı ilə danışıb söhbət etdiklərini, həmin vaxt Nurlanın adına pul göndərdiyi qadının gəlininin bacısı olduğunu öyrəndiklərini, lakin əlində pul olmadığından borcu qaytara bilmədiklərini, xx.xx.2022-ci il tarixdə Nurlanın Soçiyə getdiyini, ondan əvvəl də arvadını yola saldıqlarını, həmin vaxtdan sonra oğlu ilə danışmadığını, artıq elə bir oğlunun olmadığını, onu övladı olaraq qəbul etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş yazılı sübutlardan belə müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə “Finca Azerbaijan” X6-Bank Kredit Təşkilatı ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi əsasında bank tərəfindən kredit alana 24 ay müddətinə 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin verilməsi, kredit üzərində 28% illik faiz hesablanacağı, faktiki illik faiz dərəcəsinin 32% təşkil edəcəyi, kredit alan tərəfindən əsas borc və faizlərin müqavilənin tərkib hissəsi olan “Kreditin qaytarılması cədvəlinə” müvafiq olaraq qaytarılacağı barədə razılığa gəlmişlər. Müqaviləyə əlavə edilmiş “Kreditin qaytarılma cədvəli”ndən belə məlum olur ki, kredit alanın 23 ay müddətində hər ay 139 manat və 1 ay müddətində 127 manat olmaqla, ümumilikdə 2435 manat ödəniş məbləğini banka qaytaracağına dair razılaşma əldə olunmuşdur. “Kreditin qaytarılma cədvəli”ndən əsas məbləğə 824.00 (səkkiz yüz iyirmi dörd) manat faiz məbləğinin hesablandığı müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixli müqavilə və elektron məhkəmə informasiya sistemindən çıxarışdan isə belə məlum olur ki, iddiaçının arvadı X4 həmin müqavilə üzrə zamin qismində çıxış etmişdir. 12 aprel 2021-ci il tarixli kredit vermə qəbzindən belə məlum olur ki, “Finca Azerbaijan” X6-Bank Kredit Təşkilatı tərəfindən verilən 2500 AZN məbləğində kredit İddiaçı tərəfindən təhvil alınmışdır. İddiaçı “Finca Azerbaijan” X6-Bank Kredit Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə edilmiş xəbərdarlıq məktubu göndərilmiş, məktubda kredit müqaviləsinin şərtlərini pozaraq öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyi, kredit müqaviləsinə əsasən əsas borc üzrə 1476.63 manat, faiz borcu üzrə 194 manat olmaqla ümumilikdə 1670.63 manat borcunun olduğu bildirilmiş, borcun tam şəkildə ödənilməsi təklif olunmuş və ödənilməməsinin nəticələri barədə xəbərdarlıq olunmuşdur. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi 17 avqust və 21 avqust 2021ci il tarixli girov biletlərindən belə məlum olur ki, o həqiqətən də birinci müqavilə üzrə 1 ədəd sırğa-üzük dəsti girov qoyaraq 350 manat, ikinci müqavilə üzrə isə 3 ədəd üzük və 1 cüt sırğa girov qoyaraq 750 manat ssuda götürmüşdür. Məhkəmə iddiaçının izahatını, sözügedən yazılı sənədləri və şahid ifadəsini hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı tələb olunan məbləği Cavabdeh verməsi hərtərəfli qiymətləndirilmiş sübutlarla tam sübuta yetirilmişdir. Cavabdehə isə ünvanlanmış məhkəmə bildirişlərində onun iddianı etiraf edibetməməsi, əgər qismən etiraf edirsə hansı hissədə etiraf etməsi, iddianı etiraf etmirsə onun etirazının əsaslandığı fakt və hallar, həmçinin istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını, olduğu halda vəsatətlərini (hakimə etiraz etmə, üçüncü şəxslərin və (və ya) başqa cavabdehin cəlb edilməsi, əsl olmayan tərəfin əvəz edilməsi, sübutların tələb edilməsi, şahidlərin çağırılması, ekspertizanın təyin olunması və s. barədə) yazılı şəkildə rəsmi qaydada məhkəməyə təqdim etməsi təklif edilmiş, əks halda işdə mövcud olan materiallar əsasında işə baxılaraq yekun qərar qəbul olunacağı barədə xəbərdarlıq olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə sözügedən hallarla bağlı heç bir münasibət bildirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən tərəflərin hansı hüquqi münasibətdə olmalarının müəyyən edilməsi tələbinə müvafiq olaraq qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlərin əsasında duran hər hansı qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından əsassız varlanma hüquq münasibətlərindən irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, İddiaçı 5000 (beş min) manat məbləğində pulu Cavabdeh verməsi ilə cavabdeh heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadan İddiaçı hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 14.2 və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. MM-in 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmalı, 5000 (beş min) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 70 (yetmiş) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 70 (yetmiş) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar