Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-425/2023 20.10.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının vəkil-nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 11 iyul 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5900 (beş min doqquz yüz) manat pulun və 79 manat (yetmiş doqquz) manat dövlət rüsumunun alınıb verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, əvvəldən tanıdığım və ailəliklə evimizə gəlib-gedən Cavabdeh mənə vacib pul lazım olduğunu, haradan olur-olsun pul tapıb ona verməyimi xahiş etdi, belə qərara gəldik ki, bankdan öz adıma pul götürüm Rahibə verim. Mən öz adıma 2021-ci il tarixində bankdan gündəlik təlabat krediti olaraq 5900 manat pul götürüb Rahibə verdim. Bizim aramızda belə razılaşma olmuşdur ki, 15 gün içində həmin pul tam şəkildə ödəniləcək. 5900 manat pulu dörd illiyinə götürdüm, aylıq kredit faizi 194 manat təşkil edirdi. Lakin Rahib həmin ödəməni aylara bölərək ödəmək istəsə də birinci ayın ödəməsini aparanda mən Rahibə bildirdim ki, biz belə danışmamışıq. Ümumi borc ödənilməli idi. Rahib vəziyətinin pis olduğunu, gələsi ay maşını da satıb ümumi borcu bağlayacağını bildirdi. Yenə məni aldatdı, mən yenə Rahiblə razılığa gəldim. Rahib bu minvanla faiz və əsas borcdan bir neçə ay ödədi, bundan sonra heç bir ödəmə aparmadı. Mən Rahibə bildirdim ki, biz belə razılığa gəlməmişdik, gəl ümumi borcu bağla, bu gündəlik tələbat kreditidir, hər gün üzərinə faiz hesablanır. Bundan sonra Rahib mənim telefonlarıma cavab vermədi, mən də məcbur qalıb telefonda səsini yazaraq bugünə olan ümumi borcunun 5900 manat təşkil etdiyini, həmin pulu verməsini xahiş etsəm də mənim pulumu geri qaytarmır. Mən də məcbur qalıb pulun alınması ilə bağlı məhkəməyə müraciət edirəm. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, teleqram ünvanlayaraq Bakı şəhərində yaşadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə işə cavabdehin iştirakı olmadan və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında baxmağı mümkün hesab etmişdir. İddiaçı vəkil-nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı ilə əvvəlcədən ailəvi dostluq münasibətlərində olan Cavabdeh iddiaçıya ona təcili pul lazım olduğunu, pul tapıb ona verməsini xahiş etdiyini, iddiaçı pulunun olmadığını bildirsə də cavabdehin təkidləri üzərinə bankdan 5900 manat gündəlik tələbat krediti götürdüyünü, gündəlik tələbat kreditinin verilməsi ilə bağlı kredit müqaviləsinin 20 avqust 2021-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında bağlanıldığını, kreditin götürüldüyü gün 5800 manat hissəsinin iddiaçı tərəfindən cavabdehə təqdim edildiyini, tərəflər arasında olan razılaşmaya əsasən cavabdehin 1 ay ərzində kredit öhdəliyini tam icra edib krediti bağlamalı olduğunu, bu şəkildə cəmi 1 ayın faizinin ödəniləcəyini, lakin cavabdehin razılaşmaya uyğun ödəmə aparmadığını, iddia ərizəsində qeyd olunduğu kimi Rahibin bir neçə ayın ödənişini həyata keçirdiyini, daha sonra isə ödəmələri ümumiyyətlə dayandırdığını, kredit razılaşmasının 48 ay müddətinə bağlandığını, kredit müddətinin uzun müddət əhatə etməsi səbəbindən faiz borcunun da çox olduğunu, iddia tələbində sadəcə əsas borcun tələb edildiyini, hesablanan faizləri isə iddiaçının tələb etmədiyini, bankın pulu iddiaçıdan tələb etdiyini, iddiaçının isə imkan olmadığından pulu ödəyə bilmədiyini, ödəmələrin az qismini Rahibin ödədiyini, əsas hissənin Sərxan tərəfindən ödənildiyini, Sərxanın isə Bakıya getdikdən sonra ödəmələri dayandırdığını, iddiaçının özünün teleqram vuraraq borcun hansı hissəsini ödəməsi və banka olan qalıq borc barədə məhkəməyə məlumat verdiyini, sözügedən məlumat və hesabdan çıxarış məlumatları nəzərə alınmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında Sərxanın 2 il bundan əvvəl "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 5900 manat kredit götürüb onun 5800 manatını ona verdiyini, həmin gün bankın qarşısında təşəkkür ifadəsi olaraq 100 manatı Sərxana qaytarıb qalan pulu götürdüyünü, Sərxanın həmin vaxt işıq idarəsində işlədiyini və cəmi 380 manat əmək haqqı aldığını, başqa gəlirinin isə olmadığını, ona kreditin verilmə səbəbini də sabit əmək haqqı olması ilə bağlı olduğunu, aralarında krediti bir ay ərzində bağlayacağına dair razılığa gəldiklərini, Sərxanın həmin vaxt ölkədən getməklə bağlı planları olduğundan borcunun qalmasını istəmədiyini, bu səbəbdən də onunla krediti bir ayın faizi ilə birlikdə tam qaytaracağı barədə razılaşdıqlarını, öz adına götürülmədiyindən kredit müqaviləsi və ya ödəmə qrafikinin onda olmadığını, kredit üzrə aylıq faiz ödənişinin 196 manat olduğunu, Sərxanın maaşının miqdarı nəzərə alınmaqla az maaşla həmin pulu özünün ödəməsinin qeyri-mümkün olduğunu, çünki ailə-məişət xərclərini belə doğru-düzgün qarşılaya bilmədiyini, krediti 2021-ci ilin sentyabr ayından ödəməyə başladığını, 800 manat borcu qalana qədər kredit borcunun hamısını özünün ödədiyini, 2021-ci il sentyabr ayından 2023-cü ilin may ayına qədər aylıq 200 manat, 197 manat, 174 manat və s. olmaqla pulu Sərxana verdiyini, Sərxanın isə kredit borcunu gecikmə olmadan aybaay öz adından banka ödədiyini, onun adına olmadığından öz adından banka birbaşa ödəniş etmədiyini, lakin bir neçə dəfə Sərxanın adından ödəmələr etdiyini, həmin qəbzləri də Sərxana verdiyini, bu səbəblərdən də onda ödəmə qəbzlərinin olmadığını, kreditin götürüldüyü gündən 1 ay bundan əvvələ qədər banka ödənişlərin olunduğunu, Sərxanın pulu ödədiyini iddia edirsə hansı ödəmə terminallarından istifadə etməsi barədə bildirməli olduğunu, belə ki fərqli yerlərdən banka ödənişlər olunduğunu, amma daha çox vaxt “Danyeri AVM”-in qabağındakı terminaldan ödədiyini, Sərxanın anasının günlərlə xəstəxanada yatdığını, həmin vaxt Sərxana 1000 manat və 400 manat olmaqla iki dəfə pul verdiyini, hazırda ona cəmi 800 manat borcunun qaldığını, cəmi hesablanmış faiz miqdarını bilmədiyini, ödəmələri etməsi ilə bağlı sübutunun olmadığını, çünki özünün ona güvənib ödənişləri etdiyini bildirmiş, iddianın 800 manata dair hissədə qismən qəbul etdiyi nəzərə alınmaqla buna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. İddiaçının vəkil-nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli müqavilə üzrə çıxarış əsasında müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi əsasında bank tərəfindən kredit alana 48 ay müddətinə 5900 (beş min doqquz yüz) manat məbləğində gündəlik tələbat krediti verilmiş, faiz dərəcəsi 24.71% təşkil etmişdir. Hesabdan çıxarış əsasında razılaşdırılmış kredit məbləğinin həmin tarixdə İddiaçı hesabına ödənildiyi, əsas borcdan 2007.24 manat, faiz borcundan isə 2376.94 manat hissənin banka qaytarıldığı, həmin tarixə olan əsas borcun 3892.76 manat, faiz borcunun isə 293.5 olduğu müəyyən olunmuşdur. Eyni zamanda İddiaçı hesabından xx.xx.2023-cü il tarixli çıxarışdan cəmi aylıq ödəniş məbləğinin 194.67 manat təşkil etdiyi müəyyən olunur. Məhkəmə araşdırması gedişində cavabdeh faktı etiraf edərək bildirmişdir ki, İddiaçı onun xahişi əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətindən götürdüyü 5900 (beş min doqquz yüz) manat puldan 5800 (beş min səkkiz yüz) manatı xx.xx.2021ci il tarixdə, yəni kreditin götürüldüyü gün ona vermişdir. Həmçinin cavabdeh iddianı qismən qəbul edərək hazırda iddiaçıya cəmi qalıq borcunun 800 (səkkiz yüz) manat təşkil etdiyini bildirmişdir. Sözügedən hallar cavabdehin iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılıb qiymətləndirilmiş, məhkəmə iclaslarının fasiləsiz audio yazısı ilə aparılan məhkəmə iclasında verdiyi izahatı əsasında müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İddiaçı məhkəmə araşdırması gedişində xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, 5900 (beş min doqquz yüz) manatı Bankdan götürərək Rahibə vermişəm, Rahib bankdan pulun götürülüb ona verilməsinə etiraz etmir, lakin pulun bir qismini qaytardığını bildirir, hazırda 3892 manat kredit üzrə qalıq məbləği, 194 manat isə cərimə ödəniş məbləğidir, banka ümumi borcumuz isə 4086 manatdır, lakin 5900 manat kredit götürəndən sonra Rahib pulu ödəmədiyindən 1814 manat özüm ödəniş aparmışam. Beləliklə, mülki işin mübahisəli hallarının araşdırılması zamanı müəyyən olunur ki, öhdəlik üzrə banka xx.xx.2023-cü il tarixə 2007,24 manat əsas, 2376.94 manat faiz borcu olmaqla, cəmi 4384,18 manat ödəniş olunmuşdur. İddiaçı teleqramında bunun 1814 manat hissəsinin özü tərəfindən ödənildiyini bildirməklə, qalan hissəsinin isə Cavabdeh tərəfindən ödənildiyini dolayısı ilə qəbul etmişdir. Həmçinin iddiaçı iddia ərizəsində də cavabdeh tərəfindən əsas və faiz borcundan bir neçə ay ərzində ödəmələrin olunduğunu bildirmişdir. İddiaçı banka edilən ödəmələrin 1814 manat hissəsinin özü tərəfindən edildiyini bildirsə də bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kredit hesabından çıxarış əsasında xx.xx.2023-cü il tarixə İddiaçı banka əsas borcdan 3892.76 manat, faiz borcundan isə 293.5 manat borcunun olduğu müəyyən olunur. Əsas borca münasibətdə məhkəmə qeyd edir ki, mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, götürülən kredit məbləğinin 100 manatı iddiaçının özündə qalmış, cavabdehə verilməmişdir. Cavabdeh bütün kredit borcunu Sərxana qaytardığını və cəmi 800 manat borcunun qaldığını bildirsə də etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən tərəflərin hansı hüquqi münasibətdə olmalarının müəyyən edilməsi tələbinə müvafiq olaraq qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlərin əsasında duran hər hansı qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından əsassız varlanma hüquq münasibətlərindən irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, İddiaçı kredit təşkilatından öz adına 5800 (beş min səkkiz yüz) manat məbləğində kredit götürüb Cavabdeh verməklə cavabdeh heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadan İddiaçı hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 14.2 və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. MM-in 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə tələb olunan faiz borcuna münasibətdə qeyd edir ki, şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydalarını müəyyən edən MM-in 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə belə hesab edir ki, iddiaçı hüququ pozulmuş şəxs olaraq pozulmuş hüququnun bərpası üçün çəkməli olduğu əsas borca hesablanmış faiz borcunu da cavabdehdən tələb etməkdə haqlıdır. Beləliklə, iddiaçının hazırda banka olan qalıq əsas borcundan 100 manat çıxılmaqla 3792.76 manat əsas, 293.5 manat faiz borcu olmaqla, cəmi 4086.26 manat (dörd min səksən altı manat iyirmi altı qəpik) hissəsinə münasibətdə iddia əsaslı sayılıb təmin edilməlidir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin olunmalı, 4086.26 manat (dörd min səksən altı manat iyirmi altı qəpik) məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun 54.71 (əlli dörd manat yetmiş bir qəpik) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 10778 (on min yeddi yüz yetmiş səkkiz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun 54.71 (əlli dörd manat yetmiş bir qəpik) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-425/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-425/2023
20.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver