Məhkəmə qərarları › İş №2(079)-428/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-428/2021

30.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-428/2021 30.09.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 25 avqust 2021-ci ildə Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1800 (bir min səkkiz yüz) manat pulun birdəfəyə alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, 2021-ci ilin may ayında Cavabdeh 1 baş camışı 2500 (iki min beş yüz) manata satdım. Aramızda olan şifahi razılaşmaya əsasən cavabdeh mənə 700 (yeddi yüz) manat nağd pul verdi. Qalan hissəsini isə 2021-ci ilin avqust ayının 15-də verməli idi. Cavabdeh aramızda olan razılaşmaya əməl etmədi. Mənə olan 1800 (bir min səkkiz yüz) manat borcun bir manatını da avqust ayının 15-dək vermədi. Özünün deməsinə görə məndən aldığı malı kəsib satmışdır. Onu satmasına baxmayaraq mənim pulumu verməmişdir. Mənim ona mal satmağımı və digər şəxslər təsdiq edirlər. Eşitdiyimə görə məni və digər vətəndaşları aldadır malını alır, müəyyən qədər pul verir, qalan pulu vermək istəmir. Cavabdehdən mənə olan borcunun hamısını verməsini tələb edirəm, ehtiyacım var, mənə təcili pul lazımdır. İş üzrə İddiaçı məhkəmə iclasında iddia ərizəsində qeyd etdiklərinə uyğun izahat verərək, Babək rayonu, Şıxmahmud kəndində yaşadığını, özünə məxsus olan camışı otarmaq üçün aparıb pay torpağına bağladığını, cavabdehin isə 5-6 nəfərlə birlikdə orada qarpız əkdiklərini, onlarla tanış olduqdan sonra malı satmaq istədiyini dediyini, almaq istəyən olarsa, ona bildirmələrini xahiş etdiyini, ertəsi gün cavabdehin ona yaxınlaşaraq camışı almaq istədiyini ona dediyini və 700 manat pul verdiyini, camışı 2500 manata satmağa razılaşdıqlarını, 700 manatı ödədikdən sonra 1800 manat borcunun qaldığını, qalan pulu isə avqust ayının 1-dək Babək rayonu, Nehrəm kəndində əkdiyi bostandan əldə edəcəyi məhsulun gəlirindən ödəyəcəyini, onların bu barədə razılaşdıqlarını, sonradan cavabdehin burada olmadığını, Bakıya getdiyini öyrəndiyini, bundan sonra özünün cavabdehin ona olan borcunun qaytarılması ilə bağlı polis və prokurorluq orqanlarına müraciət etdiyini, onları birlikdə polis şöbəsinə dəvət etdiklərini, cavabdehin borcunu etiraf edərək borclu olduğu pulu aybaay ödəyəcəyini bildirdiyini, polisə müraciət etdikdən sonra da borcunu ödəmədiyini, onun səmimiyyətinə və düzgünlüyünə inanmadığından məhkəməyə müraciət etdiyini qeyd edərək məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdi. Mülki işin mübahisəli halının qanunvericiliyin tələbləri daxilində tədqiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin iddianın məhkəməyə təqdim olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübut olan cavabdehin ona verdiyi borc sənədi-iltizamdır. Məhkəməyə təqdim edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Nehrəm qəsəbəsində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdehə məhkəmə sənədlərinin, yəni iddia ərizəsinin, məhkəmənin 25 avqust 2021-ci il tarixli, 2(079)-428/2021 nömrəli qərardadının surəti, eyni tarixli və nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq ona rəsmi qaydada göndərilmişdi. Mülki iş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə sənədlərinin cavabdehə 28 avqust 2021-ci ildə təqdim edilməsi aydın olur. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübut məhkəməyə daxil olmamışdı. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri, alqısatqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, tərəflər arasında heyvanın nisyə satılmasına dair razılıq əldə edilib. Belə ki, Cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək rayon polis şöbəsində iddiaçıya verdiyi iltizamdan aydın olur ki, onun həqiqətən də İddiaçı 1800 (bir min səkkiz yüz) manat məbləğində borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 608-ci maddəsinin tələbinə görə əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Qeyd edilən Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə Mülki Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən heyvanı cavabdehə verməsi, sonuncunun isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Belə ki, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddia ərizəsinə əlavə edilmiş cavabdeh tərəfindən yazılmış borc sənədiiltizamdan aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək müqavilədə göstərilən malı cavabdehə vermişdir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və iddia tələbinə qarşı etiraz etməmişdi. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə, iddiaçı tələbində cavabdehin 2500 manat əsas borcdan 700 manat ödəniş etdiyini və ona 1800 (bir min səkkiz yüz) manat borcu qaldığını bildirmişdi. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - Cavabdeh 1800 (bir min səkkiz yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməli; -iddia təmin olunduğundan 30 (otuz) manat miqdarında dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 1800 (bir min səkkiz yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia təmin olunduğundan 30 (otuz) manat miqdarında dövlət Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar