Məhkəmə qərarları › İş №2(079)-459/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-459/2025

04.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-459/2025 04.08.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh Cabbar oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Cabbar oğluna qarşı pul tələbinə dair mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı 03 iyul 2025-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Cabbar oğlundan 1528 (bir min beş yüz iyirmi səkkiz) manat pulun və ödəniş etdiyi 35.28 (otuz beş manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, mən Cahan Ticarət Mərkəzində mağaza işlədirəm əvvəldən tanıdığım Babək rayon Nehrəm qəsəbə sakini Cavabdeh Cabbar oğlu məndən dəyəri 1528 (bir min beş yüz iyirmi səkkiz) manat dəyərində (siqaret, araq) götürmüşdür. Əvvəlcədən nisyə mal (tütün məmulatları və sipirtli içki) götürüb həmişə pulu qarşılayırdı. 2023-cü il tarixində Cavabdeh 1528 (bir min beşyüz iyirmi səkkiz) manat dəyərində (tütün məmulatları və sipirtli içki) nisyə götürdü, dedim həmişəki qaydada bir neçə gündən sonra pulumu verər. Üzərindən bir neçə ay keçdikdən sonra telefonla əlaqə saxladım pulumu verməsini bildirdim. Mənə qeyd olunan pulu yaxın zamanlarda verəcəyini bildirdi. Üzərindən bir neçə ay keçdikdən sonra yenə əlaqə saxlayıb pulumu verməsini bildirsəm də yenə pulu yaxın vaxtlarda verəcəyini bildirdi. Təkrarən bir neçə dəfə əlaqə saxladım eyni sözlərlə mənə cavab verdi, bundan sonra mən Naxçıvan Şəhər Polis idarəsinə müraciət etdim. Naxçıvan Şəhər Polis idarəsi xx.xx.2024-cü il tarixdə material üzrə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul edərək mülki mübahisə olduğundan məhkəməyə müraciət etməli olduğum bildirildi. Hazırda Cavabdeh telefonlarıma cavab vermir, cavab verəndənə müxtəlif bəhanələr gətirməklə borcumu qaytarmır. Mənim həmin pula böyük ehtiyacım var. Məcbur qalıb məhkəməyə müraciət edirəm. Ərizə xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, məhkəmə hazırlıq iclası təyin edilmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında verdiyi izahatında Cahan Ticarət Mərkəzində ərzaq malları satdığını, fərdi sahibkar olduğunu, cavabdehin 2022-ci ildən sonra Nehrəm kəndində mağaza açdığını, həmin vaxt onun nisyə mal almaq istədiyini dediyini, nisyə mal alıb satmaq barədə onunla razılaşdığını, ona uzun müddət nisyə mal verdiyini, cavabdehin əvvəllər borclarını qaytarsa da, sonradan borcunu qaytarmadığını, pulunu istədikdə isə onun nisyələri yığa bilmədiyini dediyini, cavabdehin də vergi ödəyici olduğunu, onun gəlib topdan mal alıb satdığını, 1528 manatlıq malı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində iki dəfəyə götürdüyünü bildirmişdir. Cavabdeh Cabbar oğlu məhkəmə hazırlıq iclasında verdiyi izahatında vergi ödəyici olduğunu, iddiaçıdan mal alıb mağazasında satdığını, belə ki, Nehrəm qəsəbəsində mağaza açdığını, iddiaçıdan malları qazanc əldə etmək məqsədilə aldığını və pulunu ödəmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirən məhkəmə qeyd edir ki, MPMin 1-ci maddəsinin qeydinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İddiaçı barəsində olan vergi məlumatları üzrə “AZEMİS”-dən çıxarışdan belə məlum olur ki, İddiaçı (VÖEN nömrəsi **********) xx.xx.2013-cü il tarixdən əsas fəaliyyət növü “QABLAŞDİRİLMİŞ İÇMƏLİ SULARİN PƏRAKƏNDƏ SATİŞİ” olmaqla Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdadır və VÖEN-in statusu aktivdir. Cavabdeh barəsində olan vergi məlumatları üzrə “AZEMİS”-dən çıxarışdan belə məlum olur ki, o, (VÖEN nömrəsi **********) xx.xx.2020-cü il tarixdən əsas fəaliyyət növü “DİGƏR QRUPLARA DAXİL EDİLMƏYƏN KƏND TƏSƏRRÜFATİ BİTKİLƏRİNİN BECƏRİLMƏSİ” olmaqla Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdadır və fəaliyyətini müvəqqəti dayandırmışdır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyarlar üzrə qiymətləndirməni həyata keçirən məhkəmə qeyd edir ki, tərəflərin izahatı əsasında müəyyən olunur ki, mübahisə predmetini təşkil edən tələb tərəflərin ayrı-ayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlir. Beləliklə, mübahisənin subyekt dairəsi sahibkarlıq subyektləri olan fərdi sahibkarlardan ibarətdir. Mübahisə predmeti subyekt tərkibindən asılı olmayaraq ümumi məhkəmələrdə baxılmalı olan tələblərə daxil deyildir. Mübahisə tərəflərin ayrı-ayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinə kommersiya mübahisəsi olduğundan ümumi məhkəmədə baxıla bilməz. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının 18-ci bəndində müəyyən olunmuşdur ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Həmçinin sözügedən qərarın 28-ci bəndinə görə fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖENnin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in: - 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. - 32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. - 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. - 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. - 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. - 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. - 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Qeyd olunanlara əsasən və MPM-in 32, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar