Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-462/2021 19.10.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkili Vəkil və Şahid iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 17 sentyabr 2021-ci ildə Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3200 (üç min iki yüz) manat pulun, məhkəmə məsrəfi olan 400 manat vəkil xərcinin və 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, təxminən iki il bundan əvvəl mebel sexi açmaq istəyirdim. Əvvəldən tanıdığım Şəkərabad kənd sakini Cavabdeh mənə bildirdi ki, Türkiyədən makina gətirib satır. Cavabdehlə razılığa gəlib ona 3950 manat pul verdim ki, mənə də makina alıb gətirsin. Bir müddət gözlədim, makinanı gətirmədiyi üçün pulu geri istədim. Lakin dəfələrlə pulumu tələb etsəm də müxtəlif bəhanələr gətirərək onu ödəmək istəmədi. Daha sonralar əl çəkmədiyimi görüb uzun müddət keçdikdən sonra həmin puldan 750 manatını hissə-hissə qaytardı. Qalmış 3200 manat pulu isə tezliklə verəcəyinə söz versə də borcu qaytarmadığından onu məhkəməyə verəcəyimi bildirdim. Bundan sonra Cavabdeh 11 iyun 2021-ci il tarixdə ərizə yazaraq mənə 3200 manat pul borcu olduğunu, hər ayın 30-u 100 manat olmaqla borcu qaytaracağını bildirdi və həmin ərizəni mənə təqdim etdi. Artıq Raufun verdiyi vəddən 3 ay keçmiş, həmin pulu qaytarmamışdır. Rauf pulu hissə-hissə ödəyəcəyinə söz versə də onun pulu qaytarmayacağını bilirəm. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıram. Həmçinin bildirirəm ki, mən bu proseslə bağlı 400 manat ödəniş edərək vəkillə müqavilə bağlamışam. Həmin pulun cavabdehdən alınıb mənə qaytarılmasını istəyirəm. İddiaçı məhkəmədə iddia ərizəsində qeyd etdiklərinə uyğun izahat verərək, dostu Aqilin vasitəsi ilə cavabdehlə tanış olduğunu, özlərinin mebel sexi açmaq istədiklərini, bunun üçün onlara dəzgahın lazım olacağını, Raufun onlara dəzgah gətirə biləcəyini dediyini, onun Naxçıvanda bir neçə nəfərə dəzgah gətirərək satdığını, yəni bu işlə məşğul olduğunu, cavabdehlə Türkiyə Respublikasından dəzgah gətirməsi ilə bağlı aralarında razılıq əldə edildiyini, onunla dəzgahın qiymətini 4500 manata razılaşdıqlarını, özünün cavabdehə 3950 manat məbləğində pul verdiyini, qalan pulu isə dəzgahı gətirəndən sonra verəcəyini ona dediyini, Cavabdeh ona dəzgahı təqribən 20 günə, bir aya gətirəcəyini bildirdiyini, cavabdeh pulu ondan alsa da dəzgahı gətirmədiyini, bununla bağlı ona dəfələrlə müraciət etdiyini, onun əvvəllər 3-5 günə dəzgahı verəcəyini dediyini, sonradan isə birlikdə işlədiyi türk vətəndaşının pulunu alıb qaçdığını, buna görə makinanı verə bilməyəcəyini dediyini, bundan sonra ondan pulunu tələb etsə də cavabdehin hissə-hissə, yəni 30, 50 manat olmaqla ümumilikdə 750 manat qaytardığını, hazırda cavabdehin ona 3200 manat borcunun qaldığını, Cavabdeh təqribən 2 ildir ki, borcu qaytarmadığını, bununla bağlı polisə müraciət etdiyini, daha sonra məhkəməyə müraciət etdikdən sonra ona borcun etirafı barədə sənəd verdiyini qeyd edərək məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdi. Mülki işin mübahisəli halının qanunvericiliyin tələbləri daxilində tədqiq edərək məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı həm iddia tələbində, həm də məhkəmədə verdiyi izahatında Cavabdeh ona olan borcunu etiraf etdiyini və bu barədə ona ərizə verdiyini qeyd etsə də məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarda formalaşdırdığı hüquqi mövqeyi məhkəmə iddiaçı tərəflərin nəzərinə çatdırmışdı. İddiaçı isə Cavabdeh ona təqdim etdiyi borcun etirafı barədə yazılı sənədin əsaslı olması ilə bağlı Şahid şahid qismində dindirilməsini məhkəmədən xahiş etmişdi. Şahid məhkəmədə verdiyi ifadəsində təqribən altı ildir ki, İddiaçı ilə dostluq etdiyini, iki-üç il bundan qabaq onunla mebel sexi açmaq qərarına gəldiklərini, elə bu məqsədlə də Naxçıvanda olan mebel sexlərini gəzib makina axtardıqlarını, həmin müddətdə Raufla tanış olduqlarını, cavabdehin onlara makina gətirə biləcəyini dediyini, bundan sonra Ayazla Raufun sonuncunun iddiaçıya makina gətirməsi barədə razılığa gəldiklərini, onun dəyərini neçəyə razılaşdıqlarını dəqiq bilmədiyini, iddiaçının cavabdehə bununla bağlı 3950 manat pul verdiyini, qeyd edilən pulu isə şəxsən öz yanında “57 bazarı” adlanan yerdə, yəni Ayazın işlədiyi yerdə verdiyini, Ayazın Raufa pul verməsinə baxmayaraq cavabdehin makina gətirmədiyini, o, bir müddət makinanı gətirəcəyini desə də sonradan onu gətirmədiyini, özünün Raufla borcun qaytarılması ilə bağlı birbaşa danışığı olmasa da, Ayazın onun yanında bir neçə dəfə Raufdan pulu istədiyini, bir-iki dəfə Raufun Ayaza pul verməsinin şahidi olsa da, verilən pulun miqdarından məlumatsız olduğunu, ümumilikdə isə cavabdehin iddiaçıya nə qədər borcunun qaldığını bilmədiyini qeyd etmişdi. Şahid ifadəsinin sübut kimi mötəbərliyi ilə bağlı məhkəmə belə hesab edir ki, Şahid ifadəsində qeyd etdikləri iddia tələbi üzrə əhəmiyyət daşıyan halların müəyyən edilməsi ilə bağlı sübut kimi qəbul ediləndir. Belə ki, o, tərəflər arasında baş verən danışıqların əksəriyyətində iştirak etmiş, ən başlıcası isə iddiaçı tərəfindən cavabdehə 3950 manat məbləğində pulun verilməsinin birbaşa şahidi olmuşdu. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla məhkəmə qeyd edir ki, işin məhkəmədə araşdırılmış hallarından tərəflərin arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətlərinin olması aydın olur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Məhkəmədə araşdırılmış sübutlardan müəyyən edilir ki, tərəflər arasında dəzgahın alqı-satılmasına dair şifahi razılıq əldə edilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə cavabdehin müqavilədə nəzərdə tutulmuş əşyanı iddiaçıya verməsi, sonuncunun isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini qabaqcadan ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Belə ki, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı cavabdehlə arasında bağlanmış şifahi alqı-satqı müqaviləsi üzrə öhdəliyi icra etməsi-yəni qabaqcadan ödəniş etməsi məhkəmədə dindirilmiş şahid ifadəsindən sübut edilir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyinin icra ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməyib. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Şəkərabad kəndində rəsmi qeydiyyatda olması aydın olur. Ona məhkəmə sənədlərinin, yəni iddia ərizəsinin, məhkəmənin 17 sentyabr 2021-ci il tarixli, 2(079)-462/2021 nömrəli qərardadının surəti, eyni tarixli və nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq ona rəsmi qaydada göndərilsə də, məhkəmə sənədləri Cavabdeh həmin ünvanda yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılmışdı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Şəkərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : -569.1-ci madəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; -570.1 və 570.1.1-ci maddələrinin mahiyyətinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır; -575.1-ci maddəsində qeyd edilir ki, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər; -599.1 və 599.3-cü maddələrlə müəyyən edilir ki, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə həm iddia tələbində, həm iddiaçının məhkəmədə verdiyi izahatında, həm də iddia ərizəsinə əlavə edilmiş Cavabdeh tərəfindən imzalanan 11 iyun 2021-ci il tarixli ərizədə borc məbləğinin 3200 (üç min iki yüz) manat olması qeyd edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı Cavabdeh digər məhkəmə xərci olaraq vəkilə ödədiyi 400 manat məbləğində pulun da cavabdehdən alınıb ona verilməsi ilə bağlı məhkəmə isə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşə baxılması ilə əlaqədar məsrəflərin dairəsi isə qeyd edilən Məcəllənin 115-ci maddəsini ilə tənzimlənir ki, bu məsrəflərdən biri də vəkillərə etdikləri kömək üçün ödənilən xərclərdir (115.0 və 115.0.6. maddələr) Sözügedən Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yuxarıda qeyd edilən prosessual normaları iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərlə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə hesab edir ki, iddiaçının vəkilə çəkdiyi xərcin bölüşdürülməsi ilə bağlı müraciəti əsaslı sayıla bilməz. Çünki Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 89.1-ci və 89.3-cü maddələrinə əsasən yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Qanunvericiliyin tələbini mülki iş materialları ilə birlikdə tədqiq edən məhkəmə bildirir ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi 06 sentyabr 2021-ci il tarixli, 004834 nömrəli qəbzin kötüyü, yəni vəkilə xərc çəkməsini təsdiq edəcək əsas sübut qanunvericiliyin qeyd edilən tələbinə cavab vermir. Yəni onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq olunmadığı müəyyən olunur. Bu səbəbdən də onun vəkilə çəkdiyi xərc sübuta yetmədiyini bu onun özünə aid edilməlidir. Məhkəmə yekunda onu da bildirir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən işə baxılması ilə bağlı xərclər iddianın qiymətinə daxil deyildir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - Cavabdeh 3200 (üç min iki yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməli; - məhkəmə xərclərindən 30 (otuz) manat miqdarında dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli, digər məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 3200 (üç min iki yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmə xərclərindən 30 (otuz) manat miqdarında dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Digər məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-462/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-462/2021
19.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver