Məhkəmə qərarları › İş №2(079)-494/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-494/2024

27.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-494/2024 27.11.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan əşyanın dəyərinin digər paylı mülkiyyətçilər tərəfindən ona ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 10 iyul 2024-cü ildə Babək Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər tərəfindən Babək rayonu Şəkərəbad kəndində yerləşən 0.2019 kv.m torpaq sahəsindən 2/4 hissə payının dəyərinin müəyyən olunması və müəyyən olunmuş dəyərin ona ödənilməklə mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, iddiasını əsaslandıraraq bildirmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə adımıza Babək rayonu, Şəkərəbad kəndində yerləşən ümumi sahəsi 0.2019 kv.m torpaq sahəsi xx.xx.2022-ci il tarixində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən keçərək, cavabdehlər Cavabdeh1 payı 1/4 hissə, Cavabdeh2 payı 1/4 hissə, mənim payım isə 2/4 hissə olmaqla daşınmaz əmlakın dövlət reyestrində 21/42 nömrəli reyestr kitabının 8147 nömrəli vərəqində qeydiyyatdan keçməklə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməklə paylı mülkiyyətimizə verilmişdir. Həmin torpaq sahəsinin öz aramızda bölünməsinə cavabdeh razı olmadığına görə payımın naturada ayrılması üçün Babək rayon Məhkəməsinə müraciət etmişdim. Babək rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(079)-2/2024 nömrəli qətnaməsi ilə mənim cavabdehlərə qarşı torpaq sahəsinin naturada ayrılması tələbimə torpaq sahəsinin naturada ayrılıb verilməsinin mümkün olmamasını əsas göstərərək mənim torpaq sahəsinin naturada bölünməsi tələbimə dair iddiam rədd edilmişdir. Hal-hazırda, cavabdehlər mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımı sərbəst həyata keçirməyimə imkan vermir və beləliklə də mənim Azərbaycan Respublikası Konistitusiyası ilə təminat verilən mülkiyyət hüququm pozulur. Cavabdehlərlə paylı mülkiyyətimizdə olan torpaq sahəsinin naturada bölünməsi mümkün olmamışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehlərin ona məxsus torpaq sahəsinin çox hissəsini zəbt etdiyini, ona düşən torpaq sahəsi az olduğundan məhkəmədə iddia qaldırdığını, torpaq sahəsindən ona 10 sot torpaq sahəsinin düşdüyünü, lakin ona 5 sot torpağın qaldığını, qardaşı və bacısının ona məxsus torpaq sahəsini mənimsədiyini, evdə qazın onu boğduğunu, övladının 12 yaşı olduğunu, qarşı tərəfin dediyinə görə guya oğlunun onun samovarını və xalçasını oğurladığını, onların həyətə hasar çəkməyinə imkan vermədiklərini, ona düşən pay torpaq sahəsinin 2/4 hissə olduğunu, lakin qardaşı və bacısının ona düşən torpaq sahəsini maşın yolu etdiklərini, onların bunu qəsdən etdiyini, maşının onun evinin içində döndüyünü, torpaq sahəsinin bölgüsü ilə bağlı məhkəmədə iddia qaldırdığını, Naxçıvandan və Bakı şəhərindən ekspertlər gəldiyini, lakin bölünmədiyini, çünki torpaq sahəsinin zəbt edildiyini, torpaq sahəsinin ətrafında 1 maşın yolu olduğunu, torpaq sahəsinin və evin ona düşən hissəsinin dəyərinin təqribən 45000 manat olduğunu, qardaşının kasıb adam olduğunu bildiyini, onun torpaq sahəsinin dəyərini ödəməyə imkanı çatmadığını, lakin bacısının pulu ödəməyə imkanı olduğunu, çünki, onun 3 evi olduğu, evinin və torpağının dəyərinin nə qədər olduğunu bilmədiyini, hazırda torpaq sahəsinin 9 sotunun bacısı Gültacın ərazisinə düşdüyünü bildirmişdir. İddiaçı məhkəmə baxışı iclasında verdiyi izahatında iddia tələbini müdafiə etdyini, payının verilmədiyinə görə onun satılmasını, pulunun ona verilməsini, torpaq payının 2/4 hissəsinin ona məxsus olduğunu, hal-hazırda orada yaşadığını, torpağın satılması ilə bağlı cavabdehlərin fikirlərini bilmədiyini, torpaq sahəsinin dəqiq dəyərinin nə qədər olduğunu bimədiyini, bacısı Gültacın da orada yaşadığını, torpağın sotunun Şəkərabadda təxmini qiymətinin 7000 manat olduğunu, öz torpaq sahəsinin məhəllə içi olduğuna görə sotunun qiymətinin tam nə qədər olduğunu bilmədiyini, Şəkərabaddda yaşayan camaatın hərəsinin fərqli qiymətlər qoyduğunu, ekspertin müəyyən etdiyi 78700 manat dəyərə razı olduğunu, əgər ödəyə bilmirlərsə torpağın hərraca çıxarılıb satılmasını bildirmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddiaçının bildirdiklərinin hamısının yalan olduğunu, iddia tələbini qəbul etmədiyini, iddiaçının sahibliyində olan torpaq sahəsinin ölçüsünü bilmədiyini, atasından onlara 3 otaqlı evin qaldığını, evin bir şiferin altında yerləşdiyini, İzafənin ərə gedib boşandıqdan sonra özünün ona evin 1 otağını verdiyini, 2 otaq və balkonun yarısının isə özünə qaldığını, həyətin yuxarısında Gültac, ortada o, aşağıda isə İzafənin yaşadığı, həyətinin hasarının himinini İzafənin qoyduğunu, İzafənin özünün orada hasar çəkdiyini, özü (cavabdeh) isə heç nəyə qarışmadığını, indi onlara maşın yolunun lazım olduğunu, lakin İzafənin onlara yol vermədiyini, çünki həyətin aşağısında İzafənin yaşadığını, həyətə giriş yolunun oradan olduğu, maddi imkanı olsa iddiaçıya məxsus torpaq sahəsini alacağını, amma maddi imkanının olmadığını, iddiaçının evinin möhrə ev olduğunu, ona heç kimin 45000 manat pul verməyəcəyini, həmin ərazidə torpağın sotunun 5000-6000 manat olduğunu, beş nəfər mülkiyyətçi olduqlarını, hər birinə pulun çatmalı olduğunu, əgər satırsa pulun beş yerə bölünüb verilməli olduğunu, müəyyən olunan qiyməti iddiaçıya ödəyəcək imkanda olmadığını, iddia tələbi ilə razı olmadığını bildirmişdir. Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbləri nəzərə alınmaqla işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarına əlavə olunmuş aşağıdakı sənədlərlə: - Naxçıvan Muxtar Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş, **********28 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan İddiaçı adına Babək rayonu, Şəkərabad kəndində yerləşən 0.2019 hektar torpaq sahəsinin paylı mülkiyyət hüququ əsasında qeydiyyata alınması; - Həmin çıxarışa əsasən torpaq sahəsinin ¼ hissəsinin Cavabdeh1, ¼ hisəssinin Cavabdeh2 və 2/4 hissəsinin isə İddiaçı mülkiyyətində olması; - Babək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(079)-2/2024 nömrəli qətnaməsindən İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinin rədd edilməsi və torpaq sahəsinin naturada bölünməsinin mümkünsüzlüyü aydın olur. Yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə müəyyən edilən hallar ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Tərəflər arasında mübahisə predmeti olan yaşayış torpaq sahəsinin dəyəri ilə bağlı mübahisənin mövcud olduğu nəzərə alınaraq daşınmaz əmlakın qiymətləndirilməsi ekspertizası təyin olunmuş, ekspert Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli arayışdan qiymətlədirmənin xx.xx.2024-cü il tarixdə aparıldığı, torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərə əsasən bazar dəyərinin 78700 (yetmiş səkkiz min yeddi yüz) manat olduğu müəyyən olunmuşdur. Məhkəmə ümumi paylı mülkiyyətdə olan əmlakdan payın dəyərinin ödənilməsi ilə bağlı tələbin əsaslı olub-olmamasının araşdırılması ilə bağlı aşağıdakı normaların qeyd olunmasını vacib hesab edir. Hüquqi dövlətdə mülkiyyət hüququ toxunulmaz olmaqla, subyekti qismində bir şəxs, habelə iki və daha çox şəxs çıxış edə bilər. Yəni əmlak eyni vaxtda bir neçə şəxsə məxsus ola bilər və mülki qanunvericilikdə qeyd edilən münasibətlər ümumi mülkiyyətə dair normalarla tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”): - 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. - 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. - 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. - 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. - 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. - 220.3-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Hazırki mülki iş üzrə ümumi paylı mülkiyyətdə olan əmlak torpaq sahəsi olmaqla naturada bölünməsi mümkün olan əmlakdır. İşə əlavə oluanan Babək Rayon Məhkməsinin xx.xx.2024-cü il tarixli, 2(079)-2/2024 nömrəli qətnaməsindən İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinin rədd edilməsi və torpaq sahəsinin naturada bölünməsinin mümkünsüzlüyü aydın olur. Hazırki iş üzrə cavabdehlərin payın dəyərini ödəməyə razılığının olması müəyyən olunmamışdır. Məhkəmə sözügedən normaları tərəflərin münasibətləri konteksində hərtərəfli nəzərdən keçirərək cavabdehlərin payın dəyərinin digər mülkiyyətçiyə ödənilməsinə razılığının olmadığını, payın dəyərinin cavabdehlərin razılığı olmadan iddiaçıya ödənilməsinin yəni mülkiyyətçinin iradəsinin nəzərə alınmamasının onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olacağını əsas götürərək, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarını rəhbər tutaraq belə hesab edir ki, tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsinin yarısının dəyəri olan pul vəsaitinin ödənilməsinə dair iddiası rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. MPM-in 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə verilməli olan məbləğlər də daxildir. MPM-in 124.2-ci maddəsinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 04/966 nömrəli məktuba əsasən daşınmaz əmlakın qiymətləndirilməsi üzrə aparılmış fəaliyyətin dəyəri olan 80 (səksən) manat miqdarında mənkəmə xərci iddiaçıdan alınaraq Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin AZ12AİİB30H**********500 nömrəli hesabına ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia rədd olunsun. İddiaçı tərəfindən iddia qaldırılarkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Daşınmaz əmlakın qiymətləndirilməsi üzrə aparılmış tədqiqatın dəyəri olan 80 (səksən) manat miqdarında məhkəmə xərci iddiaçıdan alınaraq Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin AZ12AİİB30H**********500 nömrəli hesabına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar