Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-515/2025 28.07.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə yaşayış və istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək müəyyənetdi: İddiaçı 24 iyul 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xüsusi mülkiyyətində olan Babək rayon Uzunoba kəndində yerləşən fərdi yaşayış sahəsinə dair yaşayış və istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. MPM-in 151.1-ci və 151.3-cü maddələrində qeyd edilir ki, iddia ərizəsi Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Mülki prosessual qanunvericiliyin tələbindən görünür ki, müvafiq icraat növündən asılı olaraq məhkəməyə iddia ərizəsi və ya ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli çıxarışla müəyyən olunur ki, Babək rayonu, Yuxarı Uzunoba kəndində 0.1482 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 50.93 m2 olan daşınmaz əmlak xx.xx.2016-cı il tarixdən iddiaçının mülkiyyətindədir. Həmçinin iddia ərizəsinin məzmunundan belə məlum olur ki, Cavabdeh daşınmaz əmlakın mülkiyyətçisinin oğludur və onun sözügedən daşınmaz əmlaka dair hər hansı əşya hüquqları (sahiblik, istifadə) yoxdur və uzun müddətdir daşınmaz əmlakda yaşamamaqla sadəcə formal qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında sərgilədiyi mövqeyə əsasən, yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququnun yaranması üçün həmin Məcəllənin 228.2-ci maddəsinin dizpozitiv şərtləri möcud olmalıdır. Belə ki, qeyd olunan normanın məzmununa görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Tərəflər arasında yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənən hər hansı müqavilənin və ya cavabdehin digər əsaslarla istifadə hüququnun mövcudluğu müəyyən olunmur. Hazırda iddiaçı cavabdehin onun yaşayış sahəsindən istifadə hüququnun mövcudluğu ilə bağlı faktlara iddia ərizəsinin məzmununda istinad etməsə sonda şəxsin yaşayış və istifadə hüququna xitam verilməsini xahiş etməklə onun mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaq istəyir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarı). Bu baxımdan cavabdehin həmin mənzildə formal olaraq qeydiyyatda olması onun mənzildən istifadə hüququnun olduğu mənasına gəlmir. Odur ki, iddiaçı cavabdehin onsuz da mövcud olmayan istifadə hüququna xitam verilməsini mülki məhkəmə icraatı qaydasında müəyyən edilməsini tələb edə bilməz. Cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması isə birbaşa inzibati orqanın səlahiyyətinə aid olan məsələ olduğundan həmin məsələyə mülki məhkəmə icraatı qaydasında baxılması istisna edilir. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün mənzilin mülkiyyətçisi ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aidiyyatı rayon (şəhər) polis idarəsi (şöbəsi) üzrə pasport-qeydiyyat qurumuna müraciət etməklə mənzildən qeydiyyatdan çıxarılması təmin olunmayacağı təqdirdə, mülkiyyətçi tərəfindən müvafiq inzibati orqana (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aidiyyatı rayon (şəhər) polis idarəsinə (şöbəsi)) qarşı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinin tələblərinə əsasən, “öhdəliyin icrası haqqında” iddia tələbi ilə ərazi aidiyyatı üzrə müvafiq inzibati məhkəmədə Cavabdeh üçüncü şəxs qismində cəlb edilməklə iddia qaldırmalıdır. Odur ki, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbulundan imtina edilməli, iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, MPM-in; - 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edir. - 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir; - 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. - 153.5-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. - 153.6-cü maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. MPM-in 114.1 və 114.1.2-ci maddələrinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə dövlət rüsumu geri qaytarılır. Odur ki, İddiaçı "xxxx" ASC-nin Naxçıvan branch filialı vasitəsilə xx.xx.2025-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır Qeyd olunanları və MPM-in 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququna xitam verilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən onun yolverilməzliyinə görə imtina olunsun və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aidiyyatı rayon (şəhər) polis idarəsi (şöbəsi) üzrə pasportqeydiyyat qurumuna müraciət etməklə mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı müraciətin edilməsi, təmin olunmayacağı təqdirdə, mülkiyyətçi tərəfindən müvafiq inzibati orqana (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aidiyyatı rayon (şəhər) polis idarəsinə (şöbəsi)) qarşı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinin tələblərinə əsasən, “öhdəliyin icrası haqqında” iddia tələbi ilə ərazi aidiyyatı üzrə müvafiq inzibati məhkəmədə Cavabdeh üçüncü şəxs qismində cəlb edilməklə müraciət etmək hüququ izah edilsin. İddiaçı "xxxx" ASC-nin Naxçıvan branch filialı vasitəsilə xx.xx.2025-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-515/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-515/2025
28.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver