Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-526/2021 10.12.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 26 oktyabr 2021-ci ildə məhkəməyə müraciət edərək Cavabdeh ona satdığı 3440 (üç min dörd yüz qırx) manat dəyərində mal, heyvan və quşların, yaxud onların dəyərinin alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, 29 sentyabr 2021-ci il tarixdə yaşadığım Babək rayonu, Payız kəndinə Nehrəm kənd sakini Səfər adlı bir şəxs səyyari təsərrüfat malları satmağa gəlmişdi. Ona bir tay kartof və bir tay soğanı mənə verməsini, pulum olmadığından onun müqabilində ona hind quşu verə biləcəyimi bildirdim. Səfər heyvan almadığını, ancaq, mal-heyvan və hind quşu alanlar olduğunu dediyini, sonra məndən telefon nömrəsini alıb həmin şəxsə verib mənlə əlaqə saxlayacağını bildirdi. Həmin gün bir nəfər mənə zəng edib dedi ki, səndə mal-heyvan varsa mən alıram. Mən də xəstə olduğumdan satıb müalicəyə gedəcəyimi ona bildirdim. Adını sonradan bildiyim Cavabdeh hərbiçi olduğunu mənə bildirdi. Biz həmin gün onunla görüşüb ona 1700 manata 1 yanı balalı inək, 1300 manata iki baş dana, 120 manata bir ədəd çəpiş və 125 manata isə 7 ədəd hind quşu verdim. O, pulun yarısını dərhal verməli idi, qalanını isə oktyabr ayının 7-də tamamlayacaqdı. Novruz aldıqlarını maşına yüklədikdən sonra əlini cibinə atıb mənə bildirdi ki, pulum evdə qalıb. Bu zaman o, mənə pulun yarısını 01 oktyabr, digər yarısını isə 07 oktyabrda verəcəyəm deyə bildirdi. Mənə hərbiçi olduğunu dediyindən şəhidlərin xatirəsinə ona inanıb razılaşdım. Sonra 30 sentyabr 2021-ci ildə ona zəng vurdum ki, necə çatdın, dedi yaxşı çatmışam, görüşərik. Ondan sonra o, telefonu bağladığından onunla əlaqə saxlaya bilmədim. 02 oktyabr 2021-ci ildə polisə müraciət etdim. Novruz 04 oktyabr 2021-ci ildə mənə yazılı razılaşma verərək həqiqətən məndən 3440 manat dəyərində inək, buzov, quzu və hind quşu almasını, oktyabr ayının 20-dək bir min manat, oktyabr ayının 20-dən 30-dək bir min manat, qalanını isə noyabr ayının sonuna qədər ödəyəcəyini bildirsə də, verdiyi vəd keçmiş, mənə bir manat da olsun pul ödəmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdi. İddiaçı 26 oktyabr 2021-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək 07 dekabr 2021-ci il tarixə keçirilən məhkəmə baxışı iclasında gözündə olan xəstəliklə bağlı əməliyyat olunacağından iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və qanuni qərar qəbul edilməsini xahiş etmişdi. Bundan əlavə İddiaçı məhkəmə hazırlıq iclasında iddia ərizəsində qeyd etdikləri bildirməklə yanaşı, gözlərində xəstəlik olduğundan müalicə olunmağa ehtiyacının olduğunu, bu səbəbdən də heyvanlarını satmaq qərarına gəldiyini, Novruza bir yanı balalı inək, iki dana, bir çəpiş və yeddi ədəd hind quşu satdığını, aralarında olan razılaşmaya görə cavabdeh ona olan borcun yarısını heyvanları Novruza verdiyi gün, yəni 29 sentyabr 2021-ci ildə, digər yarısını isə 07 oktyabr 2021-ci ildə verməli olduğunu, heyvanları cavabdehə verdikdən sonra o, borcunu qaytarmadığından Cavabdeh onunla tanış edən Səfər adlı şəxsin yanına getdiyini, Səfərin isə onun heyvan satmaq barədə təklifini cavabdehə yox, başqa şəxsə dediyini, cavabdehin heyvanları aldığı gündən ona ödəniş etmədiyini, Novruz borcunu vermədiyindən dəfələrlə polisə, daha sonra prokurorluğa müraciət etdiyini, bundan sonra cavabdehlə borcun etirafına dair razılaşma imzaladıqlarını, həmin razılaşmada Novruz ona 2021-ci ilin oktyabr ayının 20-dək 1000 manat verəcəyini vəd etsə də, onun yenə də ödəniş etmədiyini, bu səbəbdən də məhkəmədə iddia qaldırmağa məcbur olduğunu qeyd etmişdi. Cavabdeh məhkəmədə verdiyi izahatında 29 sentyabr 2021-ci ildə İddiaçı baş inək, üç baş buzov, bir baş çəpiş, yeddi ədəd hind quşunu aldığını, alınan heyvanların pulunun yarısını 2021-ci ilin oktyabr ayının sonunda, digər yarısını isə noyabr ayının sonunda verməsi barədə razılığa gəldiyini, xatırladığına görə heyvanların dəyərinin 3100 və ya 3200 manat olduğunu, lakin maddi imkanı yaxşı olmadığından borcu qaytara bilmədiyini, bununla bağlı özünün iddiaçıya yazılı sənəd verdiyini, həmin sənəddə borcun min manat məbləğini oktyabr ayının 20-dək, min manat məbləğini oktyabr ayının 20-dən 30-dək, qalan borc məbləğini isə noyabr ayının sonunadək ödəməyi öhdəsinə götürsə də ödəyə bilmədiyini, çalışıb yaxın müddətdə borcunu ödəyəcəyini qeyd etmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla iddiaçının iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən və işdə iştirak edən şəxslərin izahatını dinləyən məhkəmə müəyyən edir ki, iddiaçının cavabdehə 30 sentyabr 2021-ci ildə bir baş inək, iki baş buzov, bir baş quzu, yeddi ədəd hind quşunu nisyə satması və bunların ümumi olaraq 3440 manat qiymətləndirilməsi mülki işin mübahisəsiz hallarıdır. Qeyd edilənlərin işin mübahisəsiz halları olması iddia ərizəsinə əlavə edilmiş, iddiaçının tələbinin əsası kimi sübut olaraq iddia ərizəsində qeyd etdiyi və məhkəmə tərəfindən 26 oktyabr 2021-ci il tarixli, 2(079)-526/2021 nömrəli məktubla cavabdehə göndərilmiş, tərəflər arasında 04 oktyabr 2021-ci ildə bağlanmış yazılı razılaşma ilə müəyyən edilir. İddiaçının tələbi isə özünün cavabdehə satdığı bir baş yanı balalı inək, iki baş buzov, bir baş çəpiş, yeddi ədəd hind quşunun özü və ya onların dəyərinin Cavabdeh alınaraq ona verilməsidir. İşin mübahisəli halını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan əsaslı sayıldığı hissədə təmin edilməlidir. Məhkəmənin iddia tələbini qismən əsaslı sayması ilə bağlı istinad etdiyi sübut iddiaçının məhkəməyə təqdim etdiyi və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübut olan tərəflər arasında borca dair bağlanmış yazılı razılaşma və cavabdehin məhkəmədə verdiyi izahatdır. Onlardan aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları qismən təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla öncə onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri olmuş və onlar arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Belə ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ilə Cavabdeh arasında 04 oktyabr 2021-ci ildə mövcud borcun etirafı haqqında mücərrəd müqavilə imzalanıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında 04 oktyabr 2021ci ildə bağlanmış borcun etirafı haqqında müqavilədən aydın olur ki, İddiaçı 30 sentyabr 2021-ci ildə Cavabdeh bir baş inək, iki baş buzov, bir baş quzu, yeddi ədəd hind quşu satmış və nəticədə cavabdehin iddiaçıya 3440 (üç min dörd yüz qırx) manat məbləğində borcu yaranmış, Cavabdeh həmin borcun 1000 (bir min) manat məbləğini oktyabr ayının 20-dək, 1000 (bir min) manat məbləğini oktyabr ayının 20-dən 30-dək, qalan borc məbləğini isə noyabr ayının sonunadək ödəməyi öhdəsinə götürmüşdü. Öhdəliyin icrasını sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda İddiaçı ilə Cavabdeh arasında 04 oktyabr 2021-ci il tarixdə bağlanmış müqavilə üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də, o bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Yuxarıda göstərilənləri ümumiləşdirək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tələbində cavabdehə satdığı heyvanların özünün və ya da dəyərinin ona verilməsini tələb etsə də, tərəflər arasında bağlanmış razılıqdan onların heyvanların dəyərinin iddiaçıya geri qaytarılması barədə razılığa gəlməsi müəyyən edilir. Bu səbəbdən də məhkəmə iddiaçının tələbini heyvanların özünün qaytarılmasına dair hissədə əsaslı hesab etmir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 04 oktyabr 2021-ci il tarixli razılaşmadan isə aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi yerinə yetirməməyə görə məsuliyyətdən azad edilməmişdir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iddia ərizəsinə əlavə edilmiş və tərəflər arasında bağlanmış yazılı razılaşmada 3440 (üç min dörd yüz qırx) manat məbləğində borcunun qalması qeyd edilib. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 54.40 (əlli dörd manat, qırx qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - Cavabdeh 3440 (üç min dörd yüz qırx) manat məbləğində borc pul alınaraq İddiaçı verilməli; -iddia tələbi heyvanların qaytarılmasına dair hissədə əsassız olduğundan rədd edilməli; - Cavabdeh 54.40 (əlli dörd manat, qırx qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3440 (üç min dörd yüz qırx) manat məbləğində borc pul alınaraq İddiaçı verilsin. İddia tələbi heyvanların qaytarılmasına dair hissədə əsassız olduğundan rədd edilsin. Cavabdeh 54.40 (əlli dörd manat, qırx qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-526/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-526/2021
10.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver