Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-535/2021 14.12.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 05 iyul 2021-ci ildə Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinə müraciət edərək dələduzluq yolu ilə aldığı 12.500 (on iki min beş yüz) manat maddi ziyanın və 15.000 (on beş min) manat dəymiş mənəvi zərərin cavabdehdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq bildirmişdir ki, cavabdeh X1 Rayon Məhkəməsinin 1(008)-19/2021 nömrəli, 19 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum edilmiş və hökmlə təyin olunmuş cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 1(008)-216/2019 nömrəli, 26 noyabr 2019-cu il tarixli hökmü üzrə Cavabdeh Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla və qəti olaraq təqsirləndirilən şəxs Cavabdeh üzərində «04» (dörd) il, «09» (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökm hazırda qanuni qüvvəsini almışdır və mən həmin cinayət işi üzrə zərərçəkmiş kimi tanınmışam. Müəyyən səbəblərdən mən ibtidai araşdırma zamanı və həm də məhkəmə zamanı hüquqi savadsızlığım üzündən mülki iddia qaldırmamış, ona görə də cavabdeh tərəfindən mənə dəymiş maddi ziyanın ödənilməsi məsələsi açıq saxlanılmışdır. Bildirirəm ki, biz ailəliklə Zəngilan rayonundan məcburi köçkünük, neçə illərdir ki, evsiz olduğumuz üçün müxtəlif ünvanlarda kirayədə və ya qohum evində yaşamışıq. Ona görə də təxminən 2019-cu ilin oktyabr ayında özümüzə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Koroğlu küçəsi ərazisindən torpaq almaq istəyirdik. Bu məqsədlə mən müxtəlif şəxslərə müraciət etmiş və həmin vaxt Əflatun adlı taksi sürücüsü Samiq adlı şəxsin mobil nömrəsini mənə verdi. Mən özümə torpaq alıb ev tikmək istədiyimi, özünü makler kimi təqdim edən Samiqə bu barədə danışdım. O, mənə kömək edəcəyini bildirdi və Ramana qəsəbəsi, Koroğlu küçəsində 3 otaqlı yarımçıq tikilini mənə və həyat yoldaşım Azərə göstərdi. Həmin tikili 3 otaqdan ibarət 1.5 sot torpaq sahəsinin içində olmuş, tikilinin üstü açıq idi. Bundan sonra ümumi razılaşmaya görə Samiq bizdən 12.500 manat alacağını bildirdi. Həmin pulun müqabilində o, evin üstünü vuracaq və bir otağı ilə sanitar qovşağını təmir edib bizə verməli idi. Həmçinin razılaşmaya görə Samiq torpağa dair sənəd verəcəyini də öhdəsinə götürmüşdü. Bundan sonra 05 oktyabr 2019-cu il tarixdə onunla biz yaşadığımız Bakı şəhəri, Ramana qəsəbəsi, Koroğlu küçəsində görüşüb 12.500 manat pulu ona verəndə həyat yoldaşım Azər yanımızda olmuşdur. Sonradan bir neçə ay keçməsinə baxmayaraq Samiq müxtəlif bəhanələrlə evi təmir etməmiş və verdiyi pulu qaytarmamışdır. Sonra biz hiss etdik ki, cavabdeh bizi aldadır. Həmçinin başqa da çoxlu insanları aldadaraq pullarını ələ keçimişdir. Bundan sonra biz müxtəlif qurumlara şikayət yazmış, nəticədə onun barəsində cinayət işi qaldırılmışdır. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində ailəmiz uzun müddətdir ki, mənəvi sarsıntılar və stress keçirmiş, faktiki olaraq küçədə qalmışıq. Uzun müddət məhkəmə çəkişmələrinə cəlb olunmuşuq. Bildirirəm ki, övladlarımın biri anadangəlmə ağır xəstəliyə düçar olmuş, maddi durumumuz onu xarici dövlətlərin birinə müalicəyə aparmağa imkan vermir. Ailəmizə dəymiş mənəvi zərəri 15.000 manat dəyərləndirirəm. Həmin dəymiş ziyanı da cavabdeh ödəməlidir. Mülki işə Babək Rayon Məhkəməsində baxılmasına səbəb Azərbaycan Respublikası Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(003)-3105/2021 nömrəli qərardadı olmuşdur. Belə ki, qeyd edilən qərardadla mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Babək Rayon Məhkəməsinə göndərilmişdi. Mülki iş məhkəməyə 01 noyabr 2021-ci il tarixdə daxil olmuşdu. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdi. İddiaçı 17 noyabr 2021-ci ildə ********** nömrəli teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə bağlı olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini, onun iştirakı olmadan işə baxılıb iddianın tam təmin edilməsini xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, İddiaçı məcburi köçkün kimi qeydiyyatda olması, Cavabdeh isə Sabunçu Rayon Məhkəməsinin 1(008)-19/2021 nömrəli, 19 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi mülki işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla öz təsdiqini tapır: -"Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan İddiaçı məcburi köçkün statusuna malik olması; - iddia ərizəsinə əlavə edilmiş Sabunçu Rayon Məhkəməsinin 1(008)-19/2021 nömrəli, 19 mart 2021-ci il tarixli hökmünün surətindən, həmçinin "Elektron Məhkəmə" informasiya sistemində olan məlumatdan Cavabdeh Sabunçu Rayon Məhkəməsinin 1(008)-19/2021 nömrəli, 19 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi aydın olur. İddiaçı cavabdehin dələduzluq yolu ilə ondan aldığı 12.500 (on iki min beş yüz) manat məbləğində maddi ziyan və 15.000 (on beş min) manat məbləğində mənəvi zərər tələb etməsi ilə işin mübahisəli hallarıdır. Mülki işin hər bir mübahisəli hallarına hüquqi qiymət verərək məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə ilk öncə tərəflərə irəli sürülmüş tələblə bağlı ilk olaraq hansı tərəfin hansı halları sübut etməli olmasını izah edərək bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir, həmçinin mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Həminçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinin mahiyyətinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İddiaçının cavabdehə qarşı olan əsas tələbi Cavabdeh dələduzluq yolu ilə ondan aldığı 12.500 (on iki min beş yüz) manat maddi zərərin ödənilməsini tələb etməsidir. İddiaçı cavabdehin ona qarşı dələduzluq etməsini bildirdiyindən ilk öncə Cavabdeh belə bir əməl törədib törədilməməsi müəyyən edilməlidir. Çünki, dələduzluq Azərbaycan Respublikası cinayət qanunvericiliyinə əsasən mülkiyyət əleyhinə olan, cinayət sayılan, həmçinin cəzalanması nəzərdə tutulan əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1096.2-ci maddələrinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Cavabdeh dələduzluq cinayətini törətməsi işin mübahisəsiz halları ilə öz təsdiqini tapmışdır. Cavabdeh dələduzluq cinayətini məhz cavabdehə qarşı törətməsinə gəldikdə isə iddia ərizəsinə əlavə edilmiş Sabunçu Rayon Məhkəməsinin 1(008)-19/2021 nömrəli, 19 mart 2021-ci il tarixli hökmünün surətindən və "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan iddiaçının Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirildiyi və Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsində baxılan 1(008)-19/2021 nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınması öz təsdiqini tapır. İddiaçı isə cavabdehin yuxarıda qeyd edilən cinayət əməlini törətməsi nəticəsində ona 12.500 (on iki min beş yüz) manat məbləğində maddi ziyan vurduğunu bildirir. Qeyd edilən halın tədqiqi ilə bağlı məhkəmə bildirir ki, Sabunçu Rayon Məhkəməsinin 1(008)-19/2021 nömrəli, 19 mart 2021-ci il tarixli hökmündən Cavabdeh Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi massivində yerləşən 200 kvadrat metr torpaq sahəsini və üzərindəki 3 otaqlı yarımçıq tikilini satmaq hüququna malik olması barədə İddiaçı yalan məlumat verərək, həmin torpağı və üzərindəki yarımçıq tikilini 12.500 manata damını vurmaqla bir otağını təmir edib sənədləşdirərək satacağı barədə yalan vəd verib 05 noyabr 2018-ci il tarixdə, saat 1700 radələrində İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Koroğlu küçəsində yerləşən fərdi evdə 12.500 manat pulunu alıb ələ keçirərək, torpaq və üzərində olan yarımçıq tikilini başqa şəxslərə satmaqla İddiaçı verməyib onu aldadıb xeyli miqdarda 12.500 manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, Talıbova Cavabdeh İddiaçı 12.500 (on iki min beş yüz) manat məbləğində maddi ziyan vurması öz təsdiqini tapır və iddiaçının tələbi bu hissədə əsaslıdır. İddiaçının cavabdehə qarşı olan digər tələbi isə 15.000 (on beş min) manat dəyərində mənəvi zərərin ödənilməsidir. O, tələbinin bu hissəsini cavabdehin qanunsuz hərəkətləri nəticəsində ailəsinin uzun müddətdir ki, mənəvi sarsıntılar və stress keçirməsi, faktiki olaraq küçədə qalmaları, uzun müddət məhkəmə çəkişmələrinə cəlb olunması, övladlarının birinin anadangəlmə ağır xəstəliyə düçar olması, maddi durumunun onu xarici dövlətlərin birinə müalicəyə aparmağa imkan verməməsi ilə əsaslandırmışdı. Məhkəmə bildirir ki, Аzərbаycаn Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dеdikdə, hüququ pоzulmuş şəхsin pоzulmuş hüququ bərpа еtmək üçün çəkdiyi və yа çəkməli оlduğu хərclər, əmlаkındаn məhrum оlmаsı və yа əmlаkının zədələnməsi (rеаl zərər), hаbеlə hüququ pоzulmаsаydı, həmin şəхsin аdi mülki dövriyyə şərаitində əldə еdəcəyi gəlirlər (əldən çıхmış fаydа) bаşа düşülür. Məhkəmə bir daha qeyd edir ki, mülki qanunvericiliyə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). İddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibət bildirərək məhkəmə qeyd edir ki, Аzərbаycаn Respublikası Mülki Məcəlləsinin 1096 və 1097-ci mаddələrinin mahiyyətinə müvafiq оlаrаq mənəvi zərərin ödənilməsi bаrədə iddiа о hаllаrdа təmin edilə bilər ki, iddiаçının fiziki və mənəvi sаrsıntılаr keçirməsi cаvаbdehin qаnunsuz hərəkəti və yа hərəkətsizliyi nəticəsində bаş vermiş olsun, qаnunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər аrаsındа səbəbli əlаqə оlmаqla, zərərvurаn şəxsin təqsiri müəyyən edilmiş оlsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu sözügedən qərarında həmçinin izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan mənəvi zərərin ödənilməsi tələbi aşağıdakı şərtlər hamısı birlikdə mövcud olduqda əsaslı sayıla bilər: - iddiaçı fiziki və mənəvi sarsıntılar keçirməli; - bu sarsıntı cavabdehin iddiaçıya qarşı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli; - cavabdehin təqsiri müəyyən edilməlidir. Qeyd edilənləri sübut etmək vəzifəsini isə fiziki və ya mənəvi sarsıntı keçirməsini iddia edən şəxsin üzərinə düşür. Yuxarıda qeyd edilən şərtlərin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə qeyd edir ki, ilkin şərtin, yəni şəxsin fiziki və mənəvi sarsıntı keçirməsinin mövcud olması digər şərtlərin mövcudluğundan asılı olduğunu üçün ilk olaraq Cavabdeh İddiaçı qarşı qanunsuz hərəkət və ya hərəkətsizlik edib-etməməsi müəyyən edilməlidir. Cavabdehin iddiaçıya qarşı qanunsuz əməl törətməsi öz təsdiqini tapsa da, bu qanunsuz əməl nəticəsində İddiaçı özünün hansı fiziki və mənəvi sarsıntılar keçirməsi və ya bu əməlin onun şüurunda hansı mənfi psixi reaksiyaya səbəb olması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdi. İddiaçının tələbinin bu hissəsinin əsaslandırması ilə bağlı qeyd etdiyi cavabdehin qanunsuz hərəkətləri nəticəsində faktiki olaraq küçədə qalması, uzun müddət məhkəmə çəkişmələrinə cəlb olunması, övladlarının biri anadangəlmə ağır xəstəliyə düçar olması, maddi durumunun onu xarici dövlətlərin birinə müalicəyə aparmağa imkan verməməsinə münasibət bildirən məhkəmə aşağıdakıları bildirir. İddiaçı bir tərəfdən faktiki olaraq küçədə qalmasını cavabdehin hərəkəti ilə əlaqələndirsə də, iddia tələbində göstərir ki, ailəliklə Zəngilan rayonundan məcburi köçkünük, neçə illərdir ki, evsiz olduğumuz üçün müxtəlif ünvanlarda kirayədə və ya qohum evində yaşamışıq. Yəni Cavabdeh törətdiyi əməldən qabaq da onun daimi yaşayış yeri olmayıb. Övladının anadangəlmə ağır xəstəliyə düçar olması, maddi vəziyyətinin onu xarici dövlətlərin birinə müalicəyə aparmağa imkan verməməsinə gəldikdə isə o, tələbində də qeyd edir ki, uşağı anadangəlmə xəstədir. Yəni cavabdehin hüquqa zidd hərəkəti onun uşağın səhhətinin pozulmasına səbəb deyil. Məhkəməyə təqdim edilən sübutlara əsasən cavabdeh isə onun övladının xarici ölkədə müalicə etdirməsi ilə bağlı öhdəlik daşımır. O, öz iradəsindən asılı olaraq özünə məxsus olan 12.500 (on iki min beş yüz) manat məbləğində pulu övladının müalicəsi üçün də istifadə edə bilərdi. Hazırki vəziyyətdə olan övladının səhhəti ilə bağlı maddi vəziyyətini cavabdehin hüquqa zidd əməli ilə əlaqələndirmək əsaslı olmaz. Çünki o, ilkin olaraq öz iradəsini 12.500 (on iki min beş yüz) manat pul məbləğini daşınmaz əmlak almaq üçün ifadə etmişdi. Cavabdeh isə ona qarşı törətdiyi hüquqazidd əməlin qarşılığında Azərbaycan Respublikası Cinayət qanunvericiliyində nəzərdə tutulmuş qaydada cəzalanmış, iddiaçıya verdiyi 12.500 (on iki min beş yüz) manat məbləğində maddi ziyana məhkəmə yuxarıda hüquqi münasibət bildirmişdi. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan mənəvi zərərin ödənilməsi tələbi əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə ümumi hüquqi qiymət verərək belə hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində göstərilən cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 13,50 (on üç manat, əli qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin edilməli; - Cavabdeh 12.500 (on iki min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməli; -iddia digər hissədə əsassız olduğundan rədd edilməli; - Cavabdeh 13,50 (on üç manat, əli qəpik) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin qismən edilsin. Cavabdeh 12.500 (on iki min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia digər hissədə əsassız olduğundan rədd edilsin. Cavabdeh 13,50 (on üç manat, əli qəpik) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №2(079)-535/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-535/2021
14.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver