Məhkəmə qərarları › İş №2(079)-536/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-536/2021

16.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-536/2021 16.12.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 03 noyabr 2021-ci ildə Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 300 (üç yüz) manat məbləğində pulun və ödəmiş olduğu 30 (otuz) manat miqdarında dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Babək rayonu, Nehrəm qəsəbəsində yaşayıram və uzun illərdir ki, yaşadığım ərazidə qarpız becərib satmaqla ailəmi dolandırıram. Cavabdehlə həmkəndli olmaqla bərabər, eyni zamanda Nehrəm qəsəbəsində bir məhlədə yaşayırıq. Canpolad da əvvəllər qarpız əkib-becərirdi, lakin bir neçə ildir isə ancaq qarpız məhsulunu alıb satmaqla məşğul olur. 04 oktyabr 2021ci ildə Canpolad zəng vurub satmaq üçün məndən nisyə qarpız istədi, pulunu isə bir neçə gün sonra qaytaracağını bildirdi, mən isə onu uzun müddətdir tanıdığımdan əvvəlcə nisyə mal verməyi qəbul etmədim. Ancaq mənim əvvəldən yaxın münasibətdə olduğum Abbas adlı şəxs mənə zəng edərək bildirdi ki, Canpolad qarpızları mənim maşınımda satacaq, ona satmaq üçün qarpız ver, pulunu bir neçə gün sonra ondan mən alıb sənə verəcəyəm. Mən də Abbasın sözünə inanıb Canpolada satmaq üçün nisyə qarpız verdim. O, qarpızları qazelə yığıb aparanda mənə bildirdi ki, təxminən 3 gün sonra pulunu ödəyəcək. Lakin həmin vaxtdan 10 gündən artıq vaxt keçməsinə baxmayaraq Canpolad mənə borclu olduğu pulu ödəmədi. Mən bununla bağlı Abbasa zəng vurusam da o, mənə bildirdi ki, Canpolad onu da aldadıb. 16 oktyabr 2021-ci il tarixdə cavabdeh ərizə verərək, mənə borclu olduğu 300 manat məbləğində pulun 150 manatını oktyabr ayının sonunda, 150 manatını isə noyabr ayının sonunda qaytarmaqla bağlı öhdəlik götürdü. Lakin Cavabdeh öhdəlik götürdüyü vaxtdan da 4 günə yaxın vaxt keçməsinə baxmayaraq o, mənə olan borcunu qaytarmaq istəmir. Qeyd edim ki, mən özüm fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəmin ehtiyaclarını ödəyirəm. Cavabdeh mənə borclu olduğu pulumu ala bilmirəm ki, ehtiyaclarımı ödəyim. Canpoladdan başqa cür pulumu ala bilmədiyimdən məhkəməyə müraciət edirəm. İddiaçı məhkəmə iclasında iddia ərizəsində qeyd edilənləri bildirməklə yanaşı, Quliyev Abbasın ona zəng edərək cavabdehə zamin durduğunu, ona satması üçün qarpız verməyi təklif etdiyini, Abbasın isə öz bibisi oğlu olduğunu, qarpızları 04 oktyabr 2021-ci il tarixdə gecə saat 1000-da cavabdehə verdiyini, Canpoladın qarpızları aparmaq üçün Abbasla gəldiyini, qarpızı verərkən Abbasa “mən səni tanıyıram” dediyini, lakin cavabdehin pulu vermədiyindən özü bu barədə Abbasa şikayət etsə də nəticəsinin olmadığını, polisə müraciət etməsindən sonra polisin həm Abbası, həm də Canpoladı çağırdığını, bundan sonra cavabdehin ona borcun etirafına dair ərizə verdiyini, ancaq yenə də cavabdehin borcunu ödəmədiyini, Canpoladın ona borcunu qaytarmağa imkanının olmadığını bildirdiyini, özünün cavabdehə 3 ton qarpız verdiyini, qarpızın hər kilosunu 13 qəpiyə ona satdığını, cavabdehin ona aldığı qarpıza görə 390 manat borcunun olmasına baxmayaraq, güzəşt edərək ondan 300 manat istədiyini qeyd edərək, məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdi. Mülki iş materiallarını işdə iştirak edən şəxsin izahatı ilə əlaqəli tədqiq edən məhkəmə müəyyən edir ki, tərəflərin həmkəndli olması, yəni onların Babək rayonu, Nehrəm qəsəbəsində yaşaması mülki işin mübahisəsiz halıdır. Bu halın işin mübahisəsiz halı olması "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumat, iddia tələbi və Babək Rayon İcra Hakimiyyətinin Nehrəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 03 noyabr 2021-ci il tarixli, 3882, 3883 nömrəli arayışları ilə öz təsdiqini tapır. İddiaçının tələbi isə cavabdehdən 300 (üç yüz) manat miqdarında pulun alınıb ona verilməsidir. Mülki işin mübahisəli halının qanunvericiliyin tələbləri daxilində tədqiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin iddia tələbini əsaslı sayması iddiaçının məhkəməyə təqdim etdiyi və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübut olan cavabdehin ona verdiyi borca dair sənəd-ərizədir. Məhkəməyə təqdim edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Nehrəm qəsəbəsində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin, ona əlavə olunmuş, iddiaçının cavabdeh tərəfdən ona təqdim etdiyini bildirdiyi 16 oktyabr 2021-ci il tarixli ərizənin surətini və məhkəmənin 03 noyabr 2021-ci il tarixli, 2(079)-536/2021 nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq ona rəsmi qaydada göndərilmişdi. Məhkəmə bildirişində cavabdehə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etiraz, qoyulmuş suallara cavablar və ərizəyə əlavə olunmuş sənədlərə münasibəti, həmçinin iddiaya etiraz və ona əlavə olunmuş sənədlərin surətləri iddiaçıya və məhkəməyə təqdim edə bilməsi izah olunsa da, Cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı etiraz daxil olmamışdır. Mülki iş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə sənədlərinin cavabdehə 05 noyabr 2021-ci ildə təqdim edilməsi aydın olur. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri, alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki Məcəllənin 329.2-cimaddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. İşin məhkəmədə araşdırılmasından müəyyən edilir ki, tərəflər arasında əşyanın nisyə satılmasına dair şifahi formada müqavilə bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddi hüquq normasının tələbindən görünür ki, satıcının həmin müqavilə üzrə öhdəliyi müqavilə üzrə nəzərdə tutulmuş əşyanı və ya malı alıcıya vermək, sonuncunun öhdəliyi isə onun dəyərini müqavilədə göstərilən qaydada satıcıya ödəməkdir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Belə ki, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi onun iddia ərizəsinə əlavə etdiyi və məhkəmə tərəfindən Cavabdeh göndərilmiş 16 oktyabr 2021-ci il tarixli ərizə ilə sübuta yetirilir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və iddia tələbinə qarşı etiraz etməmişdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə Mülki Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Sonuncu qeyd edilən maddi hüquq normasından görünür ki, öhdəliyin icrasının seçmək üsulunu qanunvericilik alıcıya aid edib. İddiaçı isə cavabdehdən verilmiş əşyanın ödənilməsini tələb edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bir daha qeyd edir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə iddia ərizəsinə əlavə edilmiş 16 oktyabr 2021-ci il tarixli ərizədə Cavabdeh iddiaçıya 300 (üç yüz) manat borcunun olduğunu bildirmişdi. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - Cavabdeh 300 (üç yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməli; -iddia təmin olunduğundan 30 (otuz) manat miqdarında dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia təmin olunduğundan 30 (otuz) manat miqdarında dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar