Məhkəmə qərarları › İş №2(079)-55/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-55/2021

22.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-55/2021 22.06.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, X1 və Cavabdeh5 Məhəmmədəli qızına qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, X1 və Cavabdeh5 Məhəmmədəli qızından Babək Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1999-cu il tarixli, 99 nömrəli qərarı ilə ümumi mülkiyyətə verilmiş və etibarnamə əsasında ona satılmış 0.10 ha torpaq sahəsinin indiki bazar qiymətinə uyğun olaraq dəyəri olan 6000 (altı min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, 2003-cü ilin mayında həmkəndlim X2 Bayramovun Bakı şəhərində yaşadığına görə Babək rayonu, Cəhri kəndində yerləşən 0.10 ha torpaq sahəsini satmaq istədiyini bildirdi. Mən ona həmin torpaq sahəsini razılaşarsa almaq istədiyimi bildirdim. Məmmədəli Bakı şəhərində yaşadığına görə onunla telefonla danışdım. O, torpaq sahəsinin şəhadətnaməsini atasına göndərdi. Mən Məmmədəlinin razılığı ilə torpağın şəhadətnaməsini atası Əyyubdan alıb, həmin vaxt 200 (iki yüz) şirvan pul verdim. Bir neçə il keçəndən sonra mən torpaq sahəsinin sənədləşdirilərək adıma keçirilməsini tələb etdim. Məmmədəli mənə bildirdi ki, gəl Bakı şəhərinə burada sənə satdığım torpaq sahəsini sənin adma rəsmiləşdirək. Mən də onun dediyinə görə Bakı şəhərinə getdim. Mən, Məmmədəli və onun 4 nəfər ailə üzvləri birlikdə Notariusa getdik, həmin vaxt, yəni 04 may 2019-cu ildə onlar JN-202A (kod ********) nömrəli, ümumi sahəsi 0.10 ha olan torpağa sərəncam verməyə, satmağa, bağışlamağa və sair mənə etibarnamə verdilər. Mən torpaq sahəsini başqalarına satmaq istədiyimə görə öz adıma rəsmiləşdirmədim. Lakin torpağın müştərisi gec çıxdığına görə müəyyən müddət keçdi. Bir neçə ay bundan qabaq torpaq sahəsinin alıcısı çıxdığına görə həmin etibarnamə əsasında satmaq istədim və həmin şəxslə notariusa getdik. Notarius mənə bildirdi ki, həmin etibarnamə ləğv edilib. Məmmədəliyə zəng edib, bunun səbəbini soruşduqda mənə bildirdi ki, dayının oğluna görə eləmişəm, get onu başa sal, yenidən sənə etibarnamə verim. Mən ona bildirdim ki, dayım oğlu ilə bilmirəm aranızda nə baş verib, gedin özünüz-öz aranızda probleminizi həll edin, məni işə qarışdırmayın. Xeyli danışıqdan sonra mən dayımoğlu ilə də danışdım. O, mənə bildirdi ki, biz özümüz öz məsələmizi həll edəcəyik sənlik burada bir şey yoxdur. Məmmədəlidə dayımoğlu ilə aralarında olan mübahisəyə görə deyir sənə pislik edərək torpağı sənə verməyəcəm. Mən nə qədər cəhd etsəm də onu yola gətirə bilmədim. İddiaçı cavabdehlərin ümumi mülkiyyətində verilmiş Babək rayonu, Cəhri qəsəbəsində yerləşən 0.10 hektar torpaq sahəsinin bugünkü bazar qiymətinin alınaraq ona verilməsini tələb etdiyindən, torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsi xüsusi bilik tələb edən məsələ olduğundan, qiymətləndirilməsinin aparılması Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinə həvalə edilmiş və müvafiq cavab məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. 04 iyun 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin 03 iyun 2021-ci il tarixli, 03/220 nömrəli məktubu ilə Babək Rayon Məhkəməsinə yuxarıda qeyd edilən qiymətləndirməyə dair cavab daxil olduğundan, məhkəmənin 07 iyun 2021ci il tarixli, 2(079)-55/2021 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarında iştirak etməmişdi. İddiaçı 07 iyun 2021-ci ildə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, X1 və Cavabdeh5 Məhəmmədəli qızına qarşı pul tələbinə dair iddia qaldırdığını, hazırda mübahisəni məhkəmədən kənar həlli ilə bağlı aralarında razılığa gəldiklərini, buna görə də iddiadan imtina etdiyini bildirərək, mülki işin icraatına xitam verilməsini və onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsaslanaraq məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının tələbindən imtina etməsi ilə bağlı qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Lakin bununla bərabər mülki prosessual qanunvericilikdə qeyd olunur ki, İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddə 52.5). Məhkəmə İddiaçı Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, X1 və Cavabdeh5 Məhəmmədəli qızına qarşı pul tələbinə dair mülki iş üzrə iddiadan imtina etməsi haqqında iddiaçının ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur. Bu səbəbdən də, İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə tərəflərə həmçinin izah edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də İddiaçı məhkəməyə müraciət edərkən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 05 avqust 2020-ci il tarixli, 57834 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, X1 və Cavabdeh5 Məhəmmədəli qızına qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı məhkəməyə müraciət edərkən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 05 avqust 2020-ci il tarixli, 57834 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar