Məhkəmə qərarları › İş №2(079)-555/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-555/2021

27.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-555/2021 27.12.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 17 noyabr 2021-ci ildə Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən 750 (yeddi yüz əlli) manat məbləğində pulun və ödəmiş olduğu 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Babək rayonu, Nəhəcir kəndində yaşayır. Ailəsinin dolanışığını təmin etmək üçün təsərrüfatla da məşğul olur. Babək rayonu, Nehrəm qəsəbə sakini Cavabdeh atası Elman onların kəndindən ailə qurduğundan kəndə gəlib-gedərkən tanıyıb. Özünün bir baş iribuynuzlu malım olduğunu və həmin malı satmaq istəyirdi. 24 sentyabr 2021-ci il tarixdə Telman onun yaşadığı evə gələrək malı almaq istədiyini bildirdi. Malın qiymətini 750 manata razılaşmışlar. Ancaq Telman qayınatası Surxayın adını çəkərək malı ona nisyə verməyini təklif edib. Malın pulunu isə 09 oktyabrda Nəhəcir kəndində qohumlarının toyuna gələrkən ödəyəcəyini bildirib. Pula ehtiyacım olduğu üçün, həmçinin qayınatası Surxayın adını çəkdiyindən malı ona nisyə verməyə razılaşıb. Həmin vaxtdan bu günə kimi Telman apardığı malın pulundan bir qəpikdə olsun ödəməyib. Ondan pulumu tələb etsə də, hərdən bir bəhanə gətirərək pulu ödəmək istəmir. 16 oktyabr 2021-ci il tarixdə Cavabdeh ona borclu olduğu pulu etiraf edərək, borclu olduğu 750 manat pulu 04 noyabr 2021-ci il tarixdə qaytaracağı barədə öhdəlik götürüb ona yazılı ərizə təqdim etdi. Lakin həmin vaxtdan da 2 həftəyə yaxın müddət keçməsinə baxmayaraq Telman borclu olduğu puldan ödəniş etməyib. Ailəsinin zəruri ehtiyaclarını ödəmək üçün malı satıb. İddiaçı məhkəmə iclasında iddia ərizəsində qeyd etdiklərinə uyğun izahat verərək, Telmanla qohum olduğunu, bu barədə onun qayınatası ilə danışdığını, lakin Surxayın bundan xəbərsiz olduğunu, sonuncunun ona “əgər mən bilsəydim, mən malı ona vermə deyəcəkdim” dediyini, dananın 2 illik olduğunu, Telmanın dediyinə görə danının 103 kiloqram ətinin gəldiyini, özü cavabdehlə telefon əlaqəsi saxlasa da, Telmanın onu təhqir etdiyini, bundan sonra polisə şikayət etdiyini, daha sonra Telmanın ona olan borcunu etiraf etdiyini, atası rəhmətə getdiyindən ona pul lazım olduğu üçün dananı cavabdehə tələsik satdığını, Telmanın heyvanı qapıda maşına mindirəndə Surxayın kürəkəni olduğunu ona dediyini, heyvanı aparıb Babəkin toyuna gələndə pulunu verəcəyini bildirdiyini, Babəkin toyuna gələndə isə pulu axşam saat 5-də verəcəyini dediyini, axşam isə Telmana zəng etsə də onun telefonunun bağlı olduğunu qeyd edərək, məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdi. Mülki iş materiallarını işdə iştirak edən şəxsin izahatı ilə əlaqəli tədqiq edən məhkəmə müəyyən edir ki, İddiaçı Babək rayonu, Nəhəcir kəndində, Cavabdeh isə Babək rayonu, Nehrəm qəsəbəsində yaşaması, iddiaçının cavabdehə 750 manat müqabilində bir baş dana satması mülki işin mübahisəsiz halıdır. Bu halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan, iddia tələbindən, Babək Rayon İcra Hakimiyyətinin Nəhəcir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 10 noyabr 2021-ci il tarixli, 79 nömrəli və Babək Rayon İcra Hakimiyyətinin Nehrəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 17 noyabr 2021-ci il tarixli, 4043 nömrəli arayışlarından İddiaçı Babək rayonu, Nəhəcir kəndində, Cavabdeh isə Babək rayonu, Nehrəm qəsəbəsində yaşaması; - iddia ərizəsinə əlavə edilmiş 16 oktyabr 2021-ci il tarixli ərizədən Cavabdeh İddiaçı 750 manat müqabilində bir baş dana alması aydın olur. İddiaçının tələbi isə cavabdehdən 750 (yeddi yüz əlli) manat miqdarında pulun alınıb ona verilməsidir. Mülki işin mübahisəli halının qanunvericiliyin tələbləri daxilində tədqiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin iddia tələbini əsaslı sayması iddiaçının məhkəməyə təqdim etdiyi və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübut olan cavabdehin ona verdiyi borca dair sənəd-ərizədir. Məhkəməyə təqdim edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Nehrəm qəsəbəsində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin, ona əlavə olunmuş, iddiaçının cavabdeh tərəfdən ona təqdim etdiyini bildirdiyi 16 oktyabr 2021-ci il tarixli ərizənin surətini və məhkəmənin 18 noyabr 2021-ci il tarixli, 2(079)-555/2021 nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq ona rəsmi qaydada göndərilmişdi. Belə ki, cavabdehə ünvanlanmış məhkəmə sənədləri Cavabdeh həmin ünvanda yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Nehrəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə bildirişində cavabdehə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etiraz, qoyulmuş suallara cavablar və ərizəyə əlavə olunmuş sənədlərə münasibəti, həmçinin iddiaya etiraz və ona əlavə olunmuş sənədlərin surətləri iddiaçıya və məhkəməyə təqdim edə bilməsi izah olunsa da, Cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı etiraz daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri, alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən heyvanı cavabdehə verməsi, sonuncunun isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini müəyyən vaxtdan sonra ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Belə ki, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddia ərizəsinə əlavə edilmiş cavabdeh tərəfindən yazılmış borc sənədi-ərizədən aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək müqavilədə göstərilən malı cavabdehə vermişdir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və iddia tələbinə qarşı etiraz etməmişdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 608-ci maddəsinin tələbinə görə əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə Mülki Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə iddiaçı tələbində cavabdehin ona 750 (yeddi yüz əlli) manat borcunun olduğunu bildirmişdi. Bu isə özlüyündə iddia ərizəsinə əlavə edilmiş Cavabdeh tərəfindən imzalanan 16 oktyabr 2021-ci il tarixli ərizədə qeyd edilən borc məbləği ilə üst-üstə düşür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - Cavabdeh 750 (yeddi yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı verilməli; -iddia təmin olunduğundan 30 (otuz) manat miqdarında dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 750 (yeddi yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia təmin olunduğundan 30 (otuz) manat miqdarında dövlət Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar