Məhkəmə qərarları › İş №2(079)-561/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-561/2021

23.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-561/2021 23.11.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi Əliyev X1 Əli Kazım oğlunun Cavabdeh qarşı özbaşına tikililərin sökülməsi və gediş-gəliş yolunun açılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan nəzərdən keçirərək müəyyən e t d i m: Babək Rayon Məhkəməsinə “22” noyabr 2021-ci ildə İddiaçı Cavabdeh qarşı özbaşına tikililərin sökülməsi və gediş-gəliş yolunun açılması tələbinə dair iddia ərizəsi ilə daxil olmuşdu. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə bildirir ki, məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinin tələbinə görə isə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Qeyd edilən Məcəllənin 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə isə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki-prosessual qanunvericiliyə görə məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddiaçı tələbində qeyd olunur ki, o, cavabdehdən Babək rayonu, Şəkərabad kəndində yerləşən və özünə məxsus daşınmaz əmlaka gediş-gəliş yolunun açılmasını tələb edir. İddiaçının bu tələbi isə mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş və müstəsna aidiyyəti olan tələbdir. İddiaçı tələbində daşınmaz əmlak olan torpaq sahəsinin və onun üzərində olan yaşayış evinin Babək rayonu, Şəkərabad kəndində yerləşməsini qeyd etsə də, məhkəməyə təqdim etdiyi sənədləri nəzərdən keçirən zaman müəyyən olunur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsinə dair sənədlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq və təqdim edilməyib. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 28 oktyabr 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada təsdiq edilməmiş, həmçinin iddia tələbində Babək rayonu, Şəkərabad kəndində yerləşən yaşayış evinin olması qeyd edilsə də bununla bağlı məhkəməyə hər hansı bir sənəd təqdim edilməyib. Məhkəmə bununla bağlı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.1-ci və 89.3-cü maddələrinin tələbini iddiaçının diqqətinə çatdırır. Həmin maddələrə əsasən yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Yuxarıda qeyd edilən hal isə özlüyündə Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd edilən aidiyyət qaydalarının müəyyən edilməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.3-cü maddələrinin tələbinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı özbaşına tikililərin sökülməsi və gediş-gəliş yolunun açılması tələbi barədə iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçı izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 18 noyabr 2021-ci il tarixli, 17147 nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Cavabdeh qarşı özbaşına tikililərin sökülməsi və gediş-gəliş yolunun açılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 18 noyabr 2021-ci il tarixli, 17147 nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı izah edilir ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar