Məhkəmə qərarları › İş №2(079)-607/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-607/2021

16.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-607/2021 16.12.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Cavabdeh qarşı hasarın sökülməsi, torpaq sahəsinin boşaldılması və torpağın əvvəlki vəziyyətdə ona qaytarılması tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan nəzərdən keçirərək müəyyən etdi: Babək Rayon Məhkəməsinə 16 dekabr 2021-ci ildə İddiaçı Cavabdeh qarşı hasarın sökülməsi, torpaq sahəsinin boşaldılması və torpağın əvvəlki vəziyyətdə ona qaytarılması tələbinə dair iddia ərizəsi daxil olmuşdu. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. Bunun üçün ilkin olaraq müvafiq ərizə ilə məhkəməyə müraciət etməli və onu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə tərtib etməlidir. Buna əməl edilməməsi isə müvafiq prosessual nəticələrə səbəb olur. Elə bu məqsədlə də məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Həmin normanın tələbindən görünür ki, sözügedən prosessual sənəddə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir ((149.2, 149.2.3 və 149.2.5-ci maddələr) 09 iyul 2021-ci il tarixli, 363-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qəbul edilmiş və 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş əlavəyə əsasən). İddiaçı isə qeyd edilən prosessual normanın tələbinə əməl etməmiş və iddia ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar təsdiq edən sübutların siyahısını göstərməmişdi. Mülki Prosessual Məcəllənin 150.1 və 150.1.5-ci maddələri ilə müəyyən edilir ki, iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. Yuxarıda qeyd edilənlər isə özlüyündə İddiaçı iddia ərizəsinin forma və məzmununa əməl etməməsini təsdiq edir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı hasarın sökülməsi, torpaq sahəsinin boşaldılması və torpağın əvvəlki vəziyyətdə ona qaytarılması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ekspress ödəniş sistemi vasitəsi ilə 14 dekabr 2021-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. İddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı olduğundan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsini rəhbər tutaraq məhkəmə İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan əlavə müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddiaçı tələbindən aydın olur ki, onun tələbi mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş və müstəsna aidiyyəti olan tələbdir. Lakin iddiaçı tələbində daşınmaz əmlakın harada yerləşməsini ümumiyyətlə qeyd etməmiş, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən isə torpaq sahəsinin Babək rayonu, Nehrəm qəsəbəsində yerləşməsi müəyyən edilsə də, məhkəmə aidiyyətinin müəyyən edilməsinə dair sənədin qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilməməsi aydın olur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş JN seriyalı, 1338 B nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada təsdiq edilməyib. Məhkəmə bununla bağlı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.1-ci və 89.3-cü maddələrinin tələbini iddiaçının diqqətinə çatdırır. Həmin maddələrə əsasən yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Yuxarıda qeyd edilən hal isə özlüyündə Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd edilən aidiyyət qaydalarının müəyyən edilməsinə imkan vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı hasarın sökülməsi, torpaq sahəsinin boşaldılması və torpağın əvvəlki vəziyyətdə ona qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ekspress ödəniş sistemi vasitəsi ilə 14 dekabr 2021-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı izah edilir ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar