Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-65/2022 04.03.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 07 yanvar 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10778 (on min yeddi yüz yetmiş səkkiz) manat pulun və iş üzrə ödənilmiş 127.78 (bir yüz iyirmi yeddi manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, həmkəndlisi Cavabdeh ilə yaxın münasibətləri olduğundan Rüfət ona Naxçıvan şəhərində şərikli mağaza işlətməyi təklif etmiş, o da bu təklifi qəbul etmişdir. Lakin şərikli mağaza işlətmək üçün Rüfət ona pul lazım olduğunu bildirmiş, öz adına kredit götürüb ona verməyini xahiş etmişdir. Həmkəndli kimi yaxın münasibətləri olduğundan onun təklifini qəbul etmiş, adına 26 aprel 2021-ci il tarixdə “Finca” Bankdan 10000 (on min) manat illik 25 faizlə 24 ay müddətinə kredit götürərək Rüfətə vermişdir. Lakin pulu Rüfətə verdikdən sonra şərikli mağaza işlətmələri alınmamışdır. Rüfətə verilmiş pulu evinin təmirinə xərcləmişdir. 4 ay 539 manat olmaqla, 2021-ci ilin avqust ayı da daxil olmaqla cəmi birlikdə banka 2156 manat faiz ödəyib, qalan aylar üzrə pulu ödəməkdən imtina etmişdir. Məcburiyyət qarşısında qaldığından 2021-ci ilin sentyabr ayından başlayaraq kredit kimi götürüb ona verdiyi pulun hər ay 539 manat faizini ödəyir. Dəfələrlə Rüfətdən borclu olduğu pulu qaytarmasını istəsə də hərdən bir bəhanə gətirməklə borcunu qaytarmaqdan yayınır. Özü Naxçıvan şəhərində mağaza işlədir, həmin pula böyük ehtiyacı var. Artıq Rüfət telefon zənglərinə cavab vermir, ondan gizlənir, verdiyi pulu qaytarmır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu pulu bankdan götürərkən öz həyat yoldaşı X7, Rüfətin bacısı X4 və Rüfətin dostu X5 zamin durmuş, pulun Rüfətə verilməsinin şahidi olmuşlar. Bu səbəbdən də onların məhkəmədə şahid qismində dindirilməsi üçün məhkəməyə dəvət olunmasını istəyir. Tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar siyahısına dövlət rüsumunun qəbzi, şəxsiyyət vəsiqələrinin surəti, qeydiyyat yeri barədə arayışlar və Cavabdeh borcun etirafı barədə əl yazısını göstərmişdir. Pozulmuş hüquqların bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, pul tələbi təmin edilməklə faiz borcları ilə birlikdə qaytarılmalıdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 15 aprel 2021-ci ildə həmkəndlim Həsənov X3 şəhəri, İstiqlal küçəsi 117 ünvanında yerləşən kirayə götürüb işlətdiyim mağazaya gələrək şərikli dükan işlətməyi mənə təklif etdi. Həmçinin Rüfət şərik olmaq üçün öz hesabına dükanı doldurmaq məqsədilə 10000 manat məbləğində öz adıma kredit götürüb ona verməyimi xahiş etdi. Çünki o, mənim fərdi sahibkar olaraq VÖEN-im olduğunu və “Finca” MM QBKT-dən dəfələrlə kredit götürüb qaytardığımı və etibarlı müştəri olaraq bankın həmin məbləği mənə verə biləcəyini yaxşı bilirdi. Həmin vaxt kirayə götürdüyüm ərzaq dükanının vəziyyəti qənaətbəxş olmadığından və Rüfəti və onun ailəsini uzun müddətdir tanıdığımdan onun təklifini qəbul etdim. Həmçinin Rüfət özü də əvvəllər Cahan Gənclər Şəhərciyində ərzaq mağazası işlədirdi və təcrübəsi var idi. Bu səbəblərdən mən onunla razılaşdım. 16 aprel 2021-ci ildə mənim tərəfimdən həyat yoldaşım X7, Rüfət tərəfdən isə onun bacısı X4 və dostu X5 zamin olmaqla mənim adıma “Finca” MM QBKT-dən 10000 manat məbləğində krediti götürmək üçün kredit və zaminlik müqavilələrini imzaladıq. İddia ərizəsində kreditin götürülmə tarixi texniki səhvlik olaraq 26 aprel kimi qeyd olunmuşdur. Mənim adıma bank hesabı açıldı, kart verildi və həmin gün saat 5-də pulun həmin karta köçürüləcəyi bildirildi. Həmin vaxt cavabdeh özü də bizim yanımızda idi. Bundan sonra mən yoldaşımı, Rüfət isə bacısı və dostunu evlərinə qoyduqdan sonra Naxçıvan şəhərində görüşərək “Şahmat” məktəbinin qarşısında qarşısındakı bankomatdan pulu çıxardım. Pullar 20, 50 və 100 manatlıq nominallar idi. Bundan sonra Rüfətlə mənim maşınıma əyləşdik. O, mənə ev tikdirdiyini və evin üstünü örtüb satmaq istədiyini, lakin bunun üçün yetərincə pulunun olmadığını bildirdi və həmin pulu evi tamamlamaq üçün ona verməyimi xahiş etdi. Həmçinin söz verdi ki, qısa müddət ərzində evi sataraq həmin pulu razılaşdıqları kimi mağazaya qoyacaq və 539 manatdan ibarət aylıq krediti özü verəcək. Pulu hər ikimiz saydıqdan sonra hamısını Rüfətə verdim. Bundan sonra biz həmin günün səhərindən başlayaraq Rüfətlə mağazada birlikdə işləməyə başladıq. Rüfət pulun hamısını evin tikintisinə yönləndirdi və mağazaya heç bir xeyir vermədi. Əksinə bu müddət ərzində mağazadan 1900 manat məbləğində nisyə ərzaq götürüb və həmin pulu da qaytarmayıb. Lakin bu müddət ərzində 539 manatdan ibarət krediti 4 ay boyunca avqust ayı da daxil olmaqla mənə verib, mən isə öz adımdan banka ödəmişəm. Cavabdehin cəmi ödədiyi məbləğ 2156 manat olmuşdur. O, mənə evin satılmadığını bildirirdi. Bizim dükanın da borcları çox idi. Şirkətlər zəng edib pullarını tələb edirdilər. Ona görə də mən dükanı bağladım və şirkətlər gəlib mallarını apardılar. Bundan bir müddət sonra öyrəndim ki, cavabdeh evi satıb. Pulu da götürüb Bakı şəhərinə gedib. Bakıdan qayıtdıqda sonra eşitdim ki, cavabdeh evin qarşılığında aldığı pulları borclu olduğu dostu Şirinov Cahangirə və tanımadığım digər şəxslərə verib. 2021-ci ilin noyabr ayında cavabdehlə görüşdük, mən vəkillə məsləhətləşdim və məzmununu dəqiqləşdirdikdən sonra borcun etirafı barədə ərizə yazmağı tələb etdim. 11 noyabrda cavabdeh mənə 13000 manat borcun etirafı barədə yazılı ərizə yazaraq təqdim etdi və hər ay bankın pulunu qaytaracağını bildirdi. Həmin ərizəni yazarkən krediti götürdüyümüz tarixi dəqiq xatırlamadığımızdan, sənədlər də yanımızda olmadığından 05 aprel olaraq qeyd etdi. Borcunu qaytarmadığından həmin ərizə məndədir və məhkəməyə təqdim etmişəm. Bundan sonra cavabdehdən pulu ödəməsini tələb etsəm də mənə pulu ödəyə bilməyəcəyini, məhkəməyə müraciət etməyimi bildirdi. Həmin müddət ərzində 4 ay – sentyabr, oktyabr, noyabr, dekabr aylarının kredit borcunu mən özüm ödəmişəm. Pulu Rüfətə verəndə zaminlər bizim yanımızda olmayıb. Rüfət məndən pulu götürüb ona verməyimi bizə zamin duran Cahangir Şirinova bildirməməyimi, çünki ona da borclu olduğunu xahiş etmişdi. Mən isə Cahangirə bu barədə yalnız son zamanlar bildirmişəm. Yəni Cahangirin pulu Rüfətə verməyimdən mən ona bildirənə qədər məlumatı olmayıb. Eşitdiyimə görə Şirinov da Rüfətə pul qarşılığında zamin durub. Lakin bacısı Fidanın bu barədə məlumatı vardır. Rüfət həmin vaxtlar bacısıgildə qalırdı. Mənim Rüfətə heç bir borcum yoxdur. Onun mənə və mənim qardaşıma borcu vardır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Sözügedən halları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə işə cavabdehin iştirakı olmadan və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında baxmağı mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ifadə verən şahid X7 ifadəsində bildirmişdir ki, 2021-ci ilin aprel ayında yoldaşım Elvin mənə bildirdi ki, həmkəndlimiz Rüfət mənimlə mağazada şərik işləmək istəyir, buna görə bankdan pul götürüb ona verməyimi xahiş etmişdir. Mən ilk başda məbləğin çoxluğuna görə tərəddüd etdim. Elvin mənə Rüfətin bacısının da zamin durduğunu, Rüfətin də etibarlı adam olduğunu bildirdi. 2021-ci ilin 16 aprel tarixində Elvinə zamin durdum. Həmin vaxt cavabdeh də bizim yanımızda idi. Bankın çıxışında Elvinə yalnız kart verildi və axşamüstü pulun yatacağı bildirildi. Elvin məni evə qoyub evdən çıxdı. Bundan sonra mənə Rüfətin bütün pulu evə qoymaq istədiyi bildirdi. Mən isə aylıq krediti özü ödədikdən sonra heç bir problem olmadığını, bizim sadəcə vasitəçi olduğumuzu bildirdim. Axşam evə gəldikdə isə Elvin bütün pulu Rüfətə verdiyini dedi. Həmin gün və ondan sonra Elvin evə bizim imkanımız xaricində pul gətirməmişdir. Dükan pisə doğru getdiyindən həmin vaxt vəziyyətimiz də yaxşı deyildi. 4 ay boyunca heç bir problem olmadı, Rüfət bankın pulunu özü ödədi. Bu müddət ərzində birlikdə işlədilər. Bundan sonra mağaza bağlandı, cavabdeh Bakıya getdi və sentyabr ayından dekabr daxil olmaqla 539 manat krediti Banka Elvin ödəyib. Məhkəmə baxışı iclasında ifadə verən şahid X4 ifadəsində bildirmişdir ki, qardaşım Rüfət 20 aprel 2021-ci il tarixdə mənə həmkəndli kimi tanıdığımız Elvinlə şərikli dükan işlədəcəklərini, buna görə bankdan 10000 pul götürəcəklərini və borca görə bank qarşısında zamin durmağımı məndən xahiş etdi. Həmin vaxt mən bağça müəlliməsi kimi təzə işə düzəlmişdim. Rüfət mənə bildirdi ki, həmin pulla dükana mal alacağıq və dükanı işlədib pulu qaytaracağıq. Qardaşımın bu sahədə təcrübəsi olduğundan heç bir tərəddüd etmədən onunla razılaşdım. 16 aprel 2021-ci ildə qardaşım Rüfət məni iş yerimdən götürdü, banka birlikdə getdik, müqavilələr imzalandı və Rüfət məni evə qoydu. Daha sonra Rüfət mənə Elvinin pulu götürdükdən sonra 10000 manat pulun hamısını ona, yəni qardaşım Rüfətə verdiyini bildirdi. Amma o, həmin pulla Elvinlə dükanı şərik işlədəcəklərini də dedi. Rüfətin 4 ay ərzində bankın pulunu Elvinə ödəməsindən xəbərim yoxdur. Qardaşımın həmin pulla nə etdiyini bilmirəm. Bundan bir müddət əvvəl Rüfət Sovedabadda yerləşən evini satmışdı, əlində 50000 manata yaxın pul var idi. Həmin pulun bir qismi ilə dostu Şirinov Cahangirlə aralarında olan pul tələbi işinə görə məhkəmənin müəyyən etdiyi borcu ödəmiş, bir qismi ilə isə X1 arxasında özünə torpaq almışdı. Həmin torpaqda ikimərtəbəli ev tikirdi. Kredit götürüləndə ev qaldırılmışdı, amma hələ üstü örtülməmişdi. Rüfət kreditlə evi tikdiyini mənə deməmişdi. Oranın tikintisi Sirabda bizim ata evində yerləşən materiallar hesabına aparılırdı. Həmin materiallar isə evin tikintisi dayanmışdı. Hazırda 4 ay olar ki, Rüfətin Diaqnostika tərəfdə tikdirdiyi ev satılıb. Həmin evi kimə satıldığını və pulunun nəyə xərcləndiyini bilmirəm. Amma 30000 manata satdığını demişdi. Mən ondan borclarını ödədikdən sonra evin qalan pulunu nə etdiyini soruşdum, evi alanın pulun hamısını nağd vermədiyini, ayda 500 manat ödədiyini bildirdi. 2021-ci ilin noyabr ayında Rüfət Naxçıvanda idi. Bizimlə birlikdə yaşayırdı. Borcun etirafı barədə etiraf ərizəsi qardaşım Rüfətin xətti ilə yazılıb, imza da onun özünə aiddir. Qardaşım 2021-ci ilin sonlarında Rusiyaya gedib. Hazırda da ordadır. Məhkəmə baxışı iclasında ifadə verən şahid X5 ifadəsində bildirmişdir ki, Rüfəti illərdir tanıyıram, 2020-ci ilin fevral ayında Rüfət “Cahan” Ticarət Mərkəzində mağaza işlədən zaman mən də aramızda olan dostluq münasibətlərinə güvənərək Naxçıvan Bankdan öz adıma 19000 manat kredit götürüb 13580 manatını ona vermişdim, Rüfət 4 ay borcunu banka özü ödədikdən sonra ödəməni dayandırmış, sonradan mənə olan borcunu ödəmədiyindən münasibətlərimiz pozulmuş, aramızdakı mübahisə məhkəmə qaydasında həllini tapmış, Rüfətə qarşı pul tələbim Babək Rayon Məhkəməsinin qətnaməsi ilə təmin olunmuşdur, 2021-ci ilin aprel ayında bizim münasibətlərimiz hələ pozulmamış Rüfət məndən əvvəllər tanımadığım Elvin adlı bir şəxsin bankdan pul götürmək istədiyini, ona zamin durmağımı xahiş etdi. Mən ondan nəyə görə başqasına görə mənə ağız açdığını, bunda marağının nə olduğunu soruşmadım. İnsanlıq naminə və Rüfətin öz bacısının da zamin durmasını nəzərə alaraq bunu qəbul etdim. Rüfət 16 aprel 2021-ci il tarixdə dedi ki, Elvin səni gəlib götürəcək. Ondan sonra Elvin məni maşınla götürdü. Biz banka getdik. Mən zaminlik müqaviləsinə imza etdim. Bundan sonra onların arasında mövcud olan münasibətlərdən məlumatım olmayıb. Rüfət mənə Elvinin pulu götürüb ona verəcəyini və ya verdiyini bildirməyib. Mənim bu məsələdən Elvin vasitəsilə son zamanlar məlumatım olmuşdur. Belə ki, son vaxtlar Elvin mənə dedi ki, pulu götürüb vermişəm Rüfətə, amma Rüfət pulu ödəmir. Mən də dedim ki, Rüfətin mənə də borcu var idi. Mən ondan ancaq canımı qurtarmışam. Borcunu vermədiyinə görə onu məhkəməyə vermişdim. Mən daha sonra xəstələndim və Rüfətin pulu Elvinə ödəyib-ödəmədiyi ilə maraqlana bilmədim. Daha sonra Elvin mənə zəng edib Rüfəti məhkəməyə verdiyini bildirdi. Elvin pulu götürdükdən sonra Rüfətin həmin pulla mənim borcumu ödəyəcəyi ilə bağlı aramızda heç bir razılıq olmayıb. Rüfət mənim pulumu 2021-ci ilin noyabr ayında ödəyib. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş yazılı sübutlardan belə müəyyən olunmuşdur ki, 16.04.2021-ci il tarixdə “Finca Azerbaijan” X9-Bank Kredit Təşkilatı ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi əsasında bank tərəfindən kredit alana 24 ay müddətinə 10000 (on min) manat məbləğində pul vəsaitinin verilməsi, kredit üzərində 25% illik faiz hesablanacağı, faktiki illik faiz dərəcəsinin 28% təşkil edəcəyi, kredit alan tərəfindən əsas borc və faizlərin müqavilənin tərkib hissəsi olan “Kreditin qaytarılma cədvəlinə” müvafiq olaraq qaytarılacağı barədə razılığa gəlmişlər. Müqaviləyə əlavə edilmiş “Kreditin qaytarılma cədvəli”ndən belə məlum olur ki, kredit alanın 23 ay müddətində hər ay 539 manat və 1 ay müddətində 537 manat olmaqla, ümumilikdə 12934 manat ödəniş məbləğini banka qaytaracağına dair razılaşma əldə olunmuşdur. “Kreditin qaytarılma cədvəli”ndən əsas məbləğə 2934.00 (iki min doqquz yüz otuz dörd) manat faiz məbləğinin hesablandığı müəyyən olunmuşdur. 16.04.2021-ci il tarixli zaminlik müqavilələrindən belə məlum olur ki, “Finca Azerbaijan” X9-Bank Kredit Təşkilatı ilə X7, X5 və X4 arasında “Finca Azerbaijan” X9-Bank Kredit Təşkilatı ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcun, həmin borca hesablanmış faizlərin, cərimələrin, nəzərdə tutulan digər ödəniş və cərimələrin kredit verənə tam şəkildə ödəməyi öz öhdələrinə götürmələri barədə zaminlik müqavilələri bağlanmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi 04.03.2022-ci il tarixə olan kredit hesabından çıxarışdan belə məlum olur ki, onun həmin tarixə banka əsas məbləğ üzrə gecikmiş 774 manat, faiz borcu üzrə gecikmiş 303.95 manat olmaqla, 7523 manat əsas borc qalığı mövcuddur. 27.08.2021 və 25.11.2021-ci il tarixli ödəmə qəbzlərindən İddiaçı Finca Azərbaycan kredit təşkilatına 539 manat nağd pulla cari ödəniş etdiyi məlum olur. İddiaçının məhkəməyə təqdim etdiyi ödəniş cədvəlindən belə məlum olur ki, iddiaçının kredit təşkilatından götürdüyü 10000 manat əsas borca görə 2934 manat faiz borcu yaranmış, cavabdeh tərəfindən ümumi öhdəlik üzrə 4 ay ərzində cəmi 2156 manat pul iddiaçıya ödənilmişdir. Həmçinin iddia ərizəsinə əlavə olunmuş 30 noyabr 2021-ci il tarixdə Cavabdeh tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, səlahiyyətli dövlət orqanlarına bildirirəm ki, Babək rayon Sirab kəndində yaşayan İddiaçı Knyaz oğlunun adına Finca bankdan 05.04.2021-ci ildə 13000 (on üç min) manat məbləğində hər ayın 24-ü ödəmək şərtilə pul götürmüşəm. X2, X4 və X5 şahidlik edib. Əgər hər ayın 24-ü bu məbləğ qurtaranadək ayda 540 (beş yüz qırx) manat ödəməsəm qanun və məhkəmə qarşısında məsuliyyət daşıyacam. Ərizəni özüm öz sözlərimlə heç bir təsir və tənqid göstərilmədən yazdım və ərizənin dəqiqliyini öz imzamla təsdiq edirəm. Məhkəmə iddiaçının izahatını, sözügedən yazılı sənədləri və şahid ifadələrini hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı “Finca Azerbaijan” X9-Bank Kredit Təşkilatından 10000 (o min) manat məbləğində kredit götürərək Cavabdeh verməsi hərtərəfli qiymətləndirilmiş sübutlarla tam sübuta yetirilmişdir. Cavabdehə isə ünvanlanmış məhkəmə bildirişlərində onun iddianı etiraf edibetməməsi, əgər qismən etiraf edirsə hansı hissədə etiraf etməsi, iddianı etiraf etmirsə onun etirazının əsaslandığı fakt və hallar, həmçinin istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını, olduğu halda vəsatətlərini (hakimə etiraz etmə, üçüncü şəxslərin və (və ya) başqa cavabdehin cəlb edilməsi, əsl olmayan tərəfin əvəz edilməsi, sübutların tələb edilməsi, şahidlərin çağırılması, ekspertizanın təyin olunması və s. barədə) yazılı şəkildə rəsmi qaydada məhkəməyə təqdim etməsi təklif edilmiş, əks halda işdə mövcud olan materiallar əsasında işə baxılaraq yekun qərar qəbul olunacağı barədə xəbərdarlıq olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə sözügedən hallarla bağlı heç bir münasibət bildirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən tərəflərin hansı hüquqi münasibətdə olmalarının müəyyən edilməsi tələbinə müvafiq olaraq qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlərin əsasında duran hər hansı qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından əsassız varlanma hüquq münasibətlərindən irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, İddiaçı kredit təşkilatından öz adına 10000 (on min) manat məbləğində kredit götürüb Cavabdeh verməsi ilə cavabdeh heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadan İddiaçı hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 14.2 və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. MM-in 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə tələb olunan faiz borcuna münasibətdə qeyd edir ki, şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydalarını müəyyən edən MM-in 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə belə hesab edir ki, iddiaçının hüququ pozulmuş şəxs olaraq pozulmuş hüququnun bərpası üçün çəkməli olduğu əsas borca hesablanmış faiz borcunu da cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə Cavabdeh iddiaçı qarşısında mövcud olan öhdəliyini qəbul etməsi ilə bağlı yazılı etiraf ərizəsi ilə bağlı qeyd edir ki, MM-in 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. MM-in 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Cavabdeh (borclu) tərəfindən verilmiş borc sənədinin hazırda iddiaçıda (kreditorda) olduğunu, həmin sənədin üzərində öhdəliyin icrası ilə bağlı heç bir qeydin aparılmadığını nəzərə alan məhkəmə belə hesab edir ki, cavabdehin iddiaçı qarşısında yaranmış öhdəliyinə xitam verilməmişdir. Bunun əksini təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmalı, 10778 (on min yeddi yüz yetmiş səkkiz) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman "xxxx" ASC-nin Naxçıvan filialına 30.12.2021-ci il tarixdə 11037 nömrəli qəbzlə ödənilmiş 128.30 (bir yüz iyirmi səkkiz manat otuz qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 10778 (on min yeddi yüz yetmiş səkkiz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman "xxxx" ASC-nin Naxçıvan filialına 30.12.2021-ci il tarixdə 11037 nömrəli qəbzlə ödənilmiş 128.30 (bir yüz iyirmi səkkiz manat otuz qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-65/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-65/2022
04.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver