Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-66/2022 27.05.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 07 yanvar 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 10000 (on min) manat pulun və 50 (əlli) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq Cavabdeh ondan 703JVh-li hərbi hissənin Suqovuşan ərazisində böyük komandir vəzifəsində hərbi xidmətdə olarkən 2021-ci ilin mart ayının 22də yazılı sənəd verməklə təxminən 3 (üç) ay müddətinə, yəni 06 iyun 2021-ci ilədək qaytarmaq şərti ilə özünə maşın alması üçün 10000 (on min) manat miqdarında borc pul aldığını, bu faktı təsdiq edən pul müqaviləsini ərizəyə əlavə etdiyini, hazırda pulunu qaytarmasını tələb etməyə başlasa da cavabdehin borcunu qaytarmadığını və qaytarmaqdan da imtina etdiyini, buna görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı 15 mart 2022-ci il tarixdə teleqramla, 11 fevral 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mənim Cavabdeh qarşı 10050 manat pulun cavabdehdən alınması tələbi barədə iddiam üzrə mülki iş üzrə məhkəmə iclasında müharibə veteranı, şəhid ailəsi olmağım və xəstəliyimlə bağlı üzrlü səbəblərdən iştirak edə bilməyəcəyəm, mənim iştirakım olmadan işə baxıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirəm. İddiaçı həmçinin 27.05.2022-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında iddia ərizəsinə əlavə olunmuş pul müqaviləsini özünün yazdığını, iddiaçı ilə ondan götürdüyü 400 (dörd yüz) manat pulun üzərinə 20 faiz dərəcəsi əlavə olunmaqla qaytaracağına dair razılığa gəldiklərini, iddiaçının isə pul məbləğini müqavilədə faiz borcu da nəzərə alınmaqla ona “1000 manat” kimi yazdırdığını, həmin vaxt Əzimovun bunu pulun nə vaxt qaytarılacağını bilməməsi ilə əsaslandırdığını, o zaman maaşlar azaldığından, aliment ödədiyindən, həm də borcu olduğundan iddiaçı ilə razılaşdığını, müqavilədə belə qeyd olunsa da iddiaçıdan 10000 (on min) manat deyil, cəmi 400 (dörd yüz) manat pul götürdüyünü, maaş kartını pulu götürəndə iddiaçıya verdiyini, aprel ayında isə həmin pulu iddiaçı kartdan çəkib götürdüyündən kartını ondan geri aldığını, iddiaçıya 400 (dörd yüz) manat müqabilində faizi ilə birlikdə 480 (dörd yüz səksən) manat qaytardığını, pul müqaviləsində “1000” rəqəminin ətrafında sonradan heç bir söz əlavə olunmasın deyə boşluq saxladığını, daha sonra iddiaçı və ya başqasının “1000” rəqəminin yanına “0” rəqəmi və ondan sonra isə hərflə yazılmış “on min” sözünü artırdığını bildirmişdir. İddia ərizəsinə əlavə olunmuş 02 yanvar 2021-ci il tarixdə Cavabdeh tərəfindən verilmiş (imzalanmış) ərizədə göstərilmişdir ki, mən Cavabdeh Tərtər rayonu Suqovuşan qəsəbəsində N nömrəli hərbi hissənin Suqovuşan qəsəbəsində işləyirəm. 22.03.2021-ci il tarixdə özümün yaxın olan tanışım İddiaçı özümə maşın ehtiyac olduğu üçün 10000 (on min) manat məbləğində pul borc olaraq alıram. 3 ay müddətinə qaytaracam. 06.06.2021-ci il tarixə qədər qaytaracam. Öz xəttimlə yazmışam, doğruluğunu öz imzamla təsdiq edirəm. Həmçinin ərizədə məhkəmə araşdırması gedişində cavabdehə aid olduğu müəyyən olunan telefon nömrələri (**********, **********) və cavabdehə məxsus şəxsiyyət vəsiqəsinin FİN kodu (xxxxxxx) qeyd olunmuşdur. Mülki işin mübahisəli halını nəzərə alaraq məhkəmənin təşəbbüsü ilə işin tam, hərtərəfli və obyektiv tədqiqinə lazımi şərait yaratmaq məqsədilə məhkəməxətşünaslıq ekspertizası təyin olunmuşdur. “29” aprel 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2022-ci il tarixli, 103 nömrəli məktubu ilə eyni tarixli və nömrəli ekspert rəyi Babək Rayon Məhkəməsinə daxil olmuşdur. Ekspert rəyində qeyd etmişdir ki, müqayisəedici tədqiqat zamanı müəyyən olunmuş uyğunluqlar sabit və dəyərli olub, elə bir fərdi (təkrarolunmaz) məcmu təşkil edirlər ki, bu da tədqiq olunan xətt və rəqəmin pul müqaviləsində olan digər əlyazmalar və rəqəmlərin eyni şəxs tərəfindən icra olunması fikrinə gəlmək üçün kifayət qədər əsas verir. Ekspert bu nəticəyə gəlmişdir ki, ekspertizaya göndərilmiş 2(079)-66/2022 nömrəli mülki işin 04-cü vərəqəsində olan, pul müqaviləsinin səkkizinci sətrinin başlanğıcında “10000” rəqəmlərinin sonundakı “0” rəqəmi və “10000” rəqəmləri önündəki “on min” əlyazmaları ilə pul müqaviləsində olan digər hərf və rəqəmli yazılar EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Yeni prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki iş üzrə məhkəmə icraatı gedişində iddiaçının tələbinin əsası kimi istinad etdiyi yeganə sübut “pul müqaviləsi” olaraq adlandırılmış cavabdehin mövcud borcunun etirafı barədə yazdığı və imzaladığı ərizədir. Ərizədən belə məlum olur ki, iddiaçı tərəfindən cavabdehə 22.03.2021-ci il tarixdə 3 ay müddətində 06.06.2021ci il tarixdə qaytarılmaq şərtilə 10000 (on min) manat məbləğində pul verilmişdir. Məhkəmə araşdırma gedişində MPM-in 14.1-ci maddəsinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq məqsədilə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmiş, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə yazılı şəkildə (müvafiq bildiriş göndərməklə) onları xəbərdar etmiş, onların prosessual hüquqlarının həyata keçirilməsinə lazımi kömək göstərmişdir. Buna baxmayaraq iddianı qəbul etməyən cavabdeh tərəfindən etirazlarının əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür, məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar. Həmçinin iş üzrə hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Məhkəmə cavabdehin “pul müqaviləsində “1000” rəqəminin ətrafında sonradan heç bir söz əlavə olunmasın deyə boşluq saxlaması, daha sonra iddiaçı və ya başqasının “1000” rəqəminin yanına “0” rəqəmi və ondan sonra isə hərflə yazılmış “on min” sözünü artırması” ilə bağlı izahatını qeyri-səmimi və borcdan yayınmaq məqsədi daşıdığı nəticəsinə gəlir. Belə ki, cavabdeh tərəfindən məhkəmə iclasında verilmiş izahatın obyektivliyinin müəyyən olunması məqsədilə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, “pul müqavilə”sindəki cavabdehin özünün yazmadığını, sonradan iddiaçı və ya başqasının əlavə etdiyini iddia etdiyi yazılar cavabdehin özü tərəfindən icra olunmuşdur. Məhkəmə həmçinin cavabdehin mövcud borcunu qaytarması ilə bağlı dəlili ilə bağlı qeyd edir ki, MM-in 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. MM-in 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Cavabdeh (borclu) tərəfindən verilmiş borc sənədinin hazırda iddiaçıda (kreditorda) olduğunu, həmin sənədin üzərində öhdəliyin icrası ilə bağlı heç bir qeydin aparılmadığını, cavabdeh tərəfindən məhkəməyə kreditorun icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd təqdim edilmədiyini nəzərə alan məhkəmə belə hesab edir ki, cavabdehin iddiaçı qarşısında yaranmış öhdəliyinə xitam verilməmişdir. Bunun əksini təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən tərəflərin hansı hüquqi münasibətdə olmalarının müəyyən edilməsi tələbinə müvafiq olaraq qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlərin əsasında duran hər hansı qanuni əsas və ya hər iki tərəfin iradə ifadəsinin əks olunduğu etibarlı müqavilə əsası olmadığından əsassız varlanma hüquq münasibətlərindən irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, İddiaçı 10000 (on min) manat məbləğində pulu Cavabdeh verməsi ilə cavabdeh heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 14.2 və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. MM-in 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Məhkəmə iddiaçının iddia tələbinin hüquq xidməti üçün ödənilmiş 50 (əlli) manat xidmət haqqı hissəsinə münasibətdə qeyd edir ki, iddia ərizəsinə əlavə olunmuş qəbzdən belə məlum olur ki, İddiaçı 27.12.2021-ci il tarixdə "xxxx" ASCnin Tərtər filialı vasitəsilə "xxxx" MMC-nin hesabına pul köçürmüşdür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 10000 (on min) manat məbləğində pul və 50 (əlli) manat məbləğində xidmət haqqı alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.20-ci maddələrinə əsasən məhkəmədə verilən iddialar üzrə müharibə veteranları dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia ərizəsinə əlavə olunmuş İddiaçı verilmiş 28 fevral 2018-ci il tarixli, M/V seriyalı 084029 nömrəli vəsiqədən belə məlum olur ki, iddiaçı vəsiqənin sahibi olmaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, təmin edilmiş iddiaya mütənasib olaraq 120 (bir yüz iyirmi) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 10000 (on min) manat məbləğində pul və 50 (əlli) manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 10050 (on min əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh 120 (bir yüz iyirmi) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-66/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-66/2022
27.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver