Məhkəmə qərarları › İş №2(079)-673/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-673/2025

09.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-673/2025 09.01.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 02 oktyabr 2025-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cabbarova (Nəbiyeva) Xalidə Hüseyn qızının onun mülkiyyətində olan Babək rayonu, Didivar kəndində yerləşən yaşayış sahəsinə yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Babək rayonu, Didivar kəndində yerləşən ümumi sahəsi 78.58 m2 fərdi yaşayış evi və 0.1186 hektar torpaq sahəsi mülkiyyət hüququ ilə mənə məxsusdur. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçirilərək mənim adıma rəsmiləşdirilmişdir. Qeyd edim ki, mənimlə Cabbarova (Nəbiyeva) Xalidə Hüseyn qızı arasındakı nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Keçmiş həyat yoldaşım Cabbarova (Nəbiyeva) Xalidə Hüseyn qızı mənim mülkiyyətimin pasport qeydiyyatında dayansa da, haliyyədə yenidən ailə həyatı quraraq özünə məxsus evdə yaşayır. Lakin onun mənim mülkiyyətimin pasport qeydiyyatında olması mənim kommunal xərcləri ödəməyimə, mənzilimə mülkiyyət hüquqlarımın həyata keçirilməsinə maneə yaradır. Yəni mən mülkiyyətim üzərində sərəncam hüquqlarımı həyata keçirə bilmirəm. Bu səbəbdən də Cabbarova (Nəbiyeva) Xalidə Hüseyn qızının mənim mülkiyyətimdə olan Babək rayonu, Didivar kəndində yerləşən yaşayış sahəsinə yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsini istəyirəm. İddiaçı məhkəmə iclaslarında verdiyi izahatında Xalidə ilə 2010-cu ildə rəsmi nikaha daxil olduqlarını, bunun özünün ikinci nikahı olduğunu, həmin vaxtdan qarşı tərəfin onun evində Babək rayonu, Didivar kəndində yaşadığını, həmin evi əvvəlki həyat yoldaşı ilə birlikdə inşa etdiklərini, Xalidə ilə evləndikdən sonra balkon, mətbəx və padval inşa etdiklərini, hasar çəkdiklərini, həmin işlərin görülməsi üçün 3000 manat civarında pul xərclədiyini, özünün usta işlərini gördüyünü, qarşı tərəflə 2021-ci ilin dekabr ayınadək birlikdə yaşadıqlarını, həmçinin evi 2020-ci ildə bağışlama yolu ilə cavabdehin adına keçirdiyini, həmin vaxt öz uşaqlarından razılıq ərizəsi aldığını, bundan bir müddət sonra Xalidənin ayrılıb getmək istədiyini dediyini, 08 dekabr 2021-ci ildə isə cavabdehin boşanmaq istədiyini dediyini, Xalidənin “mənim adımda heç nə qalmasın, mən gedirəm, mən özümə arxayınam, mənim hər şeyim olacaq, mənə cehiz də lazım deyil, hər şeyim var, gedək mal-mülkünü də qaytarım” dediyini, buna görə 2021-ci ildə cavabdehin öz razılığı ilə evi yenidən öz mülkiyyətinə qaytardığını, cavabdehin qardaşına zəng edib məsələni dediyini, sonra isə onun qardaşı ilə çıxıb getdiyini, daha sonra geri qayıtdığını, aralarındakı nikahın Qeydiyyat Şöbəsində 06 yanvar 2022-ci ildə pozulduğunu, cavabdehin boşanandan sonra 2022-ci ilin yanvar ayının sonunadək onunla qaldığını, sonra Xalidənin başını divara çırparaq “mən getmək istəyirəm” dediyini, onun özünə qəsd edəcəyindən qorxduğu üçün Xalidəni gəlib aparması üçün onun bacısına dediyini, bundan sonra Xalidənin həmin vaxtdan evdən çıxdığını, barışıq üçün dəfələrlə cəhd etsə də fayda vermədiyini, Xalidənin qayıtmasını gözləsə də, onun başqası ilə ailə quraraq Babək rayonu, Cəhri qəsəbəsində əmisinə məxsus evdə yaşadığını öyrəndiyini, lakin hələ də cavabdehin onun evində pasport qeydiyyatında dayandığını, qeydiyyatdan çıxarma ilə bağlı polis şöbəsinə, daha sonra isə məhkəməyə müraciət etdiyini, hazırda həmin evdə tək yaşadığını, iddianı müdafiə etdiyini və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarında verdiyi izahatında iddiaçının bildirdiklərinin yalan olduğunu, 2010-cu ildə iddiaçı ilə ailə qurduğunu və həmin vaxt dəmir putkada yaşadıqlarını, evin önünün isə samanlıq olduğunu, nikah dövründə 2 otaq, 1 salon və 1 qaraj inşa etdiklərini, 3 il isti-soyuqda əziyyət çəkdiyini, 20000-30000 manata yaxın xərc çəkildiyini, iddiaçının onu fəhlə kimi işlətdiyini, qarşı tərəfin onun həyatını, cavanlığını məhv etdiyini, işləməkdən belində yırtıq əmələ gəldiyini, iddiaçının əvvəlki nikahından uşaqları olduğundan gələcəkdə hər hansı problemlə qarşılaşmamaq üçün evi 2020-ci ildə ona hədiyyə etdiyini, sonra isə ona “cavansan, məni atarsan” və başqa sözlər deyib məcbur edərək evi təkrar 2021-ci ildə öz adına qaytardığını, indi isə haqqını tələb etdiyini və qeydiyyatdan çıxmaq istəmədiyini, birgə nikahdan övladlarının olmadığını, iddiaçının onu qorxudub zorla qeydiyyat şöbəsinə apardığını və 2022-ci ilin yanvarında nikahlarının pozulduğunu, “məhkəməyə getmə, haqqını verəcəyəm” dediyi üçün məhkəməyə müraciət etmədiyini, evdən 2022-ci ilin yanvar ayından çıxdığını, həmin vaxtdan sonra həmin evə qayıtmadığını və həmin evə qayıtmaq niyyətinin olmadığını, hazırda başqası ilə yeni ailə qurduğunu, yoldaşının Bolqarıstan Respublikası vətəndaşı olduğunu, hazırda əmisi X1 məxsus Babək rayonu, Cəhri qəsəbəsində yerləşən evdə yaşadığını, əmisinin evi müvəqqəti yaşamaq üçün ona verdiyini, iddia tələbini qəbul etmədiyini və həmin evə qayıdıb orada yaşamaq istəmədiyini, sadəcə olaraq haqqının verilməsini istədiyini bildirmişdir. Mülki iş materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə birlikdə tədqiq edən məhkəmə müəyyən edir ki, Babək rayonu, Didivar kəndində 0.1186 hektar torpaq sahəsinin və onun üzərində yerləşən sahəsi 78.58 kvadrat metr fərdi yaşayış evinin İddiaçı oğlunun mülkiyyətində olması, Cavabdeh həmin fərdi yaşayış evində rəsmi qaydada qeydiyyata alınması və cavabdehin 2022-ci ildən həmin evdə yaşamaması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması iddia ərizəsinə əlavə edilən aşağıdakılarla təsdiq olunur: - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan Babək rayonu, Didivar kəndində yerləşən 0.1186 hektar torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 78.58 m2 fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olması; - Babək Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışdan tərəflər arasında xx.xx.2010-cu il tarixdə 90 nömrə ilə nikahın bağlanması; - Babək Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İ seriyalı, 400314 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən İddiaçı ilə X3 arasındakı nikahın xx.xx.2022-ci il tarixdə pozulması; - "Elektron Məhkəmə" informasiya sistemindən şəxsi məlumatlar üzrə çıxarışdan Cavabdeh Babək rayonu, Didivar kəndində qaydada qeydiyyata olması; - tərəflərin məhkəmədə verdiyi izahatlardan Cavabdeh 2022-ci ildən Babək rayonu, Didivar kəndində yerləşən iddiaçıya məxsus mübahisəli fərdi yaşayış evindən çıxması və həmin vaxtdan orada yaşamaması aydın olur. Mülki iş üzrə mübahisəli hal cavabdehin evdən istifadə hüququnun yaranması və yarandığı halda itirilib-itirilməməsi ilə bağlıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Hazırki mübahisəyə düzgün hüquqi qiymət verilə bilməsi üçün cavabdehin mənzildən istifadə hüququnun yaranıb-yaranmaması, hüquq yaranmışsa hansı tarixdən yaranması və həmin hüquqların itirilib-itirilməməsi araşdırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətini yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında nikah münasibətləri 2010-cu ildə yarandığından mübahisəyə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Cavabdehin mənzildən istifadə hüququnun yaranıb-yaranmamasına münasibətdə qeyd edilməlidir ki, tərəflərin məhkəmə iclasında üst-üstə düşən izahatlarından məlum olur ki, Cavabdeh 2010-cu ilin iyun ayından qeyd edilən mənzilə köçmüş və 2022-ci ilin yanvar ayının sonunadək həmin mənzildə yaşamışdır. Yəni qeyd edilən mənzilə Cavabdeh istifadə hüququ həmin mənzilə köçdüyü vaxtdan yaranmışdır. Cavabdeh 2022-ci ilin yanvar ayından isə həmin mənzildən aralarında bağlanmış nikahın pozulması ilə əlaqədar olaraq başqa ünvana köçmüş və bir daha Babək rayonu, Didivar kəndində yerləşən iddiaçıya məxsus 0.1186 hektar torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 78.58 m2 fərdi yaşayış evinə qayıtmamışdır. Məhkəmə həmçinin hesab edir ki, bu cür mübahisələrdə dəyərləndirilməli olan digər əsas məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, yaşayış sahəsinə olan ehtiyacını məhz həmin yaşayış sahəsindən istifadə etməklə qarşılamaq məcburiyyətində olub-olmadığıdır. Cavabdeh məhkəmə iclasında 2022-ci ilin yanvar ayından başqa ünvana (Babək rayonu, Cəhri qəsəbəsi) köçdüyünü və Babək rayonu, Didivar kəndində yerləşən 0.1186 hektar torpaq sahəsinin üzərində yerləşən 78.58 m2 fərdi yaşayış evinə qayıtmadığını etiraf etdiyindən, mənzilə olan ehtiyacını məhz iddiaçının mülkiyyətindəki mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində olduğu nəticəsinə gəlmək onun maraqları ilə mülkiyyətçinin hüquqları arasındakı “ədalətli tarazlığın” pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir (30.5). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Lakin hazırda baxılan tələb üzrə 4 (dörd) ildir ki, yaşayış yerini dəyişən və özünün məhkəmədə verdiyi izahatına görə əmisi X1 məxsus Babək rayonu, Cəhri qəsəbəsində yerləşən evdə yaşayan Cavabdeh daimi yaşadığı yer üzrə qeydiyyata alınmamışdır. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, cavabdehin hazırda yaşadığı yer onun daimi yaşayış yeri sayılmaqla, həmin ünvanda qeydiyyata alınması üçün əsasdır və o, bunu yaşayış yerini dəyişdikdən sonra 10 gün müddətində həyata keçirməli idi. Nəticədə cavabdehin sözügedən mənzilə istifadə hüququnun əmələ gəlməsi və həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə notarial qaydada bağlanan yazılı razılaşma ilə müəyyən edilmədiyindən, tərəflər arasında nikah münasibətlərinə xitam verildiyindən, keçmiş ailə üzvünün yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək ehtiyacı və niyyəti müəyyən olunmadığından və 4 ilə yaxın müddətdir həmin mənzili daimi olaraq tərk etdiyindən cavabdehin sözügedən yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi mümkündür. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə belə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh keçmiş əri olan İddiaçı Babək rayonu, Didivar kəndində 0.1186 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 78.58 m2 fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilsə də hazırki vəziyyətdə cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasında iddiaçı maraqlı olmuş, cavabdehin qeydiyyatdan çıxarılması ilə bağlı təklif iddiaçı tərəfindən məhkəmədən əvvəl ona bildirilməmiş və iddianın qaldırılması birbaşa cavabdehin hərəkətlərinin nəticəsindən qaynaqlanmamışdır. Sözügedən halları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 manat (bir yüz) dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. Cavabdeh keçmiş əri İddiaçı mülkiyyətində olan Babək rayonu, Didivar kəndində 0.1186 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 78.58 m2 fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar