Məhkəmə qərarları › İş №2(079)-70/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-70/2023

17.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-70/2023 17.04.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X8 məhkəmə iclas katibliyi, iddiaçı X5 və Cavabdeh iştirakları ilə, X2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X1 Nail Heydar oğluna qarşı “09” yanvar 2023-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ümümilikdə 2350 (iki min üç yüz əlli) manat pul vəsaitinin və dövlət rüsumu olaraq ödədiyi 43 (qırx üç) manatın alınıb qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 2022-ci ilin iyul ayının sonlarında Culfa şəhərində kirayə verdiyim həyət evimdən 1500 (min beş yüz) manat dəyərində tikinti materiallarımı götürmüşdür. Hərbi Prokurorluq araşdırıb və özü etiraf edib ki, mən götürmüşəm. Dəfələrlə pulumu istəməyimə baxmayaraq pulumu geri qaytarmamışdır. Bunu bildikdən sonra mən Cavabdeh evdən çıxardım, lakin o ayda 250 manat olmaqla 3 aylıq 750 manat evin kirayə pulu və 100 manat kommunal xərcləri ödəmədi. Hər dəfə mənə müxtəlif bəhanələr gətirir və deyir ki, mən sənə olan borcumu ödəməyəcəyəm. Mən də məcbur qalıb məhkəməyə müraciət etməli oluram. Qeyd edim ki, cavabdehlə bağlı qeydiyyat barədə arayış Babək Rayon Məhkəməsində vardır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X6 mülki iş üzrə cavabdeh qismində işə cəlb olunmuşdur. 29 mart 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında tərəflər barışıq sazişi ilə məhkəməyə müraciət edərək aralarında razılığa gəldiklərini bildirmişlər, məhkəmədən razılığa gəldikləri aşağıdakı şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər: 1.1 Cavabdeh Heydər oğlu İddiaçı qərardad qanuni qüvvəyə mindiyi və icraya yönəldildiyi gündən 1500 (bir min beş yüz) manat pulu bərabər hissələrlə 12 (on iki) ay müddətində hər ay 125 (bir yüz iyirmi beş) manat olmaqla hissəhissə ödənilməsi öhdəliyini üzərinə götürür. 1.2 Tərəflər aralarında olan 2350 (iki min üç yüz əlli) manat pul tələbinə dair mübahisə ilə bağlı gələcəkdə bir-birlərinə qarşı heç bir tələblərinin olmayacağı barədə razılığa gəlirlər. 1.3 Tərəflər razılaşırlar ki, bu sazişin tələbləri hər bir tərəfdən tam icra edildikdən sonra bir-birlərinə qarşı heç bir iddiaları qalmır. Məhkəmə iş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bundan əlavə MPM-in 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını, məhkəmə araşdırması gedişində müəyyən olunmuş halları və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalıdır. MPM-in 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. MPM-in 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, MPM-in 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin bağlamış olduqları 29 mart 2023cü il tarixli barışıq sazişi təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. MPM-in 114.1 və 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. MPM-in 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə isə tərəflər bu barədə məhkəməyə hər hansı razılıq və saziş təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırılarkən xx.xx.2023-cü il tarixli, 4008 nömrəli qəbzlə "xxxx" ASC-nin Naxçıvan filialına ödənilmiş 43 manat (qırx üç manat) məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənləri və MPM-in 191, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: X3 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 29 mart 2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Cavabdeh Heydər oğlu İddiaçı qərardad qanuni qüvvəyə mindiyi və icraya yönəldildiyi gündən 1500 (bir min beş yüz) manat pulu bərabər hissələrlə 12 (on iki) ay müddətində hər ay 125 (bir yüz iyirmi beş) manat olmaqla hissə-hissə ödənilməsi öhdəliyini üzərinə götürür.

2. Tərəflər aralarında olan 2350 (iki min üç yüz əlli) manat pul tələbinə dair mübahisə ilə bağlı gələcəkdə bir-birlərinə qarşı heç bir tələblərinin olmayacağı barədə razılığa gəlirlər.

3. Tərəflər razılaşırlar ki, bu sazişin tələbləri hər bir tərəfdən tam icra edildikdən sonra bir-birlərinə qarşı heç bir iddiaları qalmır. X2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. İddiaçı tərəfindən iddia qaldırılarkən xx.xx.2023-cü il tarixli, 4008 nömrəli qəbzlə "xxxx" ASC-nin Naxçıvan filialına ödənilmiş 43 manat (qırx üç manat) məbləğində dövlət rüsumu iddiaçı X4 geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar