Məhkəmə qərarları › İş №2(079)-70/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-70/2024

20.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-70/2024 20.06.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Ərizənin baxılmamış saxlanması haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Babək Rayon Nehrəm qəsəbə bələdiyyəsinin Cavabdeh qarşı bələdiyyə mülkiyyətində olan torpaq sahəsini özgənin qanunsuz sahibliyindən geri qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: Babək rayonu, Nehrəm bələdiyyəsinin sədri “20” dekabr 2023-cü ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək bələdiyyə mülkiyyətində olan Babək rayonu, Nehrəm qəsəbəsi ərazisində yerləşən 1162A, 421A, 2867A və 1164A nömrəli həyətyanı torpaq sahələri ilə qonşu olan 1163A nömrəli həyətyanı torpaq sahəsi arasında 1.65 metr enində ümumi istifadə üçün su yolundan Cavabdeh məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, Babək Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 1162A, 421A, 2867A və 1164A nömrəli həyətyanı torpaq sahələri Babək rayonu, Nehrəm qəsəbə sakinlərinə, 1163A nömrəli həyətyanı torpaq sahələri isə Babək rayonu, Nehrəm qəsəbə sakini Cavabdeh verilmişdi. Həyətyanı torpaq sahələrinin su təminatının ödənilməsi üçün 1162A, 421A, 2867A və 1164A nömrəli torpaq sahələri ilə qonşu olan Cavabdeh mülkiyyətində olan 1163A nömrəli həyətyanı torpaq sahəsi arasında 1.65 metr enində ümumi istifadə üçün bələdiyyə mülkiyyətində olan su yolu mövcuddur. Lakin Cavabdeh su yolunun təyinatı üzrə istifadə olunmasına maneələr yaradır. Bələdiyyə mülkiyyətində olan su yolunun geri qaytarmasını Cavabdeh tələb etsəm də o, bundan imtina edir və bələdiyyə mülkiyyətində olan torpaq sahəsini istifadə edir. Dəfələrlə ona bu barədə xəbərdarlıq etsəm də, o mənim tələbimə məhəl qoymayaraq bələdiyyə mülkiyyətini qanunsuz olaraq zəbt edir. Belə olan halda qərara gəlmişəm ki, cavabdeh bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən məcburi çıxarılmalıdır. İddia ərizəsi məhkəmənin 20 dekabr 2023-cü il tarixli qərardadı icraatına qəbul edilmişdi. İşin məhkəmə baxışına hazırlıq ərəfəsində tərəflər mübahisəsinin məhkəmədən kənar qaydada həlli və barışıq şərtləri müzakirə edilmiş, onlar arasında razılıq əldə edilmədiyindən, işə mütəxəssis cəlb edilmiş, onların və tərəflərin iştirakı ilə mübahisə predmeti olan daşınmaz əmlaka baxış keçirilmiş, 02 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəmənin təşəbbüsü əsasında mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuş, ekspertizanın keçirilməsi və rəy verilməsi üçün 1 ay vaxt müəyyən edilmiş və məhkəmənin eyni tarixli qərardadı ilə ekspert rəyi məhkəməyə təqdim edilənədək işin məhkəmə baxışına hazırlığının icraatı dayandırılmışdır. 31 may 2024-cü ildə ekspert rəyi məhkəməyə daxil olduğunundan mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı təzələnərək məhkəmə hazırlıq iclası 10 iyun 2024cü il tarixə təyin edilmişdir. Həmin tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında tərəflər iştirak etmədiyindən iclas təxirə salınaraq 20 iyun 2024-cü il tarixə Babək Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə 10 iyun 2024-cü il tarixli məhkəmə bildirişi, həmçinin SMS bildirişlə məlumat verilsə də, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə hazırlıq iclasında iştirak etmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişlər. Belə ki, sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə bildirişinin iddiaçıya 13 iyun 2024-cü ildə rəsmi qaydada təqdim edilməsi, həmçinin onlara göndərilmiş SMS bildirişinin 10 iyun 2024-cü ildə iddiaçının nümayəndəsinə və cavabdehə çatması müəyyən edilir. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsaslanan məhkəmə tərəflərə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.6-cı maddələrinin tələbinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli, 3 nömrəli qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsi tətbiq olunmalı və Babək Rayon Nehrəm qəsəbə bələdiyyəsinin verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Çünki iş materiallarından aydın olur ki, hazırki iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmış, o, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə məlumat verməmişdi. Yəni hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. Tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edilsə də, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.14-cü maddəsinə müvafiq olaraq, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunur. Hazırki tələb üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan sözü gedən məsələnin həllinə ehtiyac yaranmır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: Babək Rayon Nehrəm qəsəbə bələdiyyəsinin Cavabdeh qarşı bələdiyyə mülkiyyətində olan torpaq sahəsini özgənin qanunsuz sahibliyindən geri qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah olunsun ki, onun məhkəmə iclasında iştirak etməməsinin və bu barədə məhkəməyə məlumat verməməsinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar