Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-71/2022 04.03.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 07 yanvar 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 (üç min) manat borc məbləğinin və 51 (əlli bir) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, Cavabdeh 2021-ci ilin iyun ayının əvvəlində yaşadığım Sirab kəndinə gələrək satmaq istədiyim bir yanı balalı və bir qarnında balası olan inəkləri 3000 manata razılaşıb məndən aldı. Cavabdeh mənə bildirdi ki, iki aya bostan yetişsin qarpız əkmişəm, satıb gətirib 3000 (üç min) manat borcumu özünə qaytaracağam. Telman öz xətti ilə mənim qarşımda yazılı öhdəlik götürərək mənə 3000 (üç min) manat borclu olduğunu etiraf edərək 3000 (üç min) manat pul borcunu hər ay 100 manat ödəməklə mənə qaytaracağına söz vermişdir. Həmin borc puldan bu günədək özümə bir manatını qaytarmamışdır. Dəfələrlə Telmana mənə borclu qaldığı 3000 (üç min) manat pul borcunu geri qaytarmasını ondan tələb etsəm də cavabdeh bu günədək borcunun mənə qaytarılması ilə bağlı heç bir addım atmır və hər dəfəsində müxtəlif bəhanələrlə mənə ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırdır. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Hesab edirəm ki, artıq mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbim təmin edilməli, tələb etdiyim 3000 (üç min) borc məbləğinin və 51 (əlli bir) manat dövlət rüsumunun cavabdehdən alınmaqla mənə verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir. Tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar siyahısına dövlət rüsumunun qəbzi və Cavabdeh yazılı öhdəliyini göstərmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehi əvvəllər tanımadığını, pula ehtiyacı olduğundan bir yanı balalı inəyi və bir ədəd də qarnında balası olan inəyi satmaq istədiyi barədə internetdə qohumunun köməkliyi ilə inəklərin şəkillərini çəkərək elan yerləşdirdiklərini, bunun üstündən 1 saat keçdikdən sonra sonradan tanıdığı Cavabdeh ona zəng edərək malları almaq istədiyini bildirdiyini, bundan sonra cavabdehin 2021-ci il iyun ayında yaşadığı Sirab kəndinə gəldiyini, inəkləri alacağını bildirdiyini, ilk dəfə gələndə yanında balası olan inəyi cavabdehə verdiyini, bu zaman Telmanın ona 650 manat pul verdiyini və həmin vaxt gördüyü digər qarnında balası olan inəyi də almaq üçün yenidən gələcəyini bildirdiyini, amma həmin gün yalnız yanında balası olan inəyi iddiaçının özünə məxsus arxası açıq maşına qoyaraq apardığını, bundan 3 gün sonra Telmanın gələrək digər qarnında balası olan inəyi də almaq istədiyini bildirdiyini, həmin gün digər inəyi də cavabdehə satdığını, biri yanında balası, biri isə qarnında balası olmaqla iki inəyə görə cavabdehin ödədiyi 650 manatdan başqa 3000 manat da ödəniş edəcəyi barədə şifahi razılığa gəldiklərini, hər iki dəfə birlikdə mal-qara otardığı tanışı Sirab kənd sakini X1 yanında inəkləri Cavabdeh verdiyini, Telmanın bostan əkdiyini və məhsulu satan kimi borcu qaytaracağını bildirdiyini, Telmanın ümumvətəndaş pasportunu da borca görə ona verdiyini, bundan 1 ay sonra cavabdehdən xəbər çıxmadığından ona zəng etdiyini, cavabdehin pulu 1-2 günə gətirəcəyini bildirdiyini, lakin heç bir ödəniş etmədiyindən Polisə müraciət etdiyini, bu zaman cavabdehə məxsus pasportu da Polisə təhvil verdiyini, Telmanın bundan sonra həmin ilin 20 avqust tarixində yazılı ərizə yazaraq borcunu etiraf etdiyini və ayda 100 manat hissə-hissə ödəmə barədə razılığa gəldiklərini, lakin Telmanın bundan sonra da bu günədək borcundan bir qəpik belə olsun ödəmədiyini, bununla bağlı olaraq dəfələrlə onunla əlaqə saxladığını, cavabdehin hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayındığını, cavabdehin onun tələbi ilə şəxsən borcun etirafı barədə ərizə yazaraq borcunu ödəyəcəyini bildirsə də yenə də borcunu ödəmədiyini, cavabdehin həmin ərizəni inəkləri aldıqdan 2 ay sonra şəxsən yazaraq borcunu etiraf etdiyini, Süleymanovu ilk dəfə həmin gün gördüyünü, onunla aralarında əvvəlcədən heç bir pul haqq-hesabının olmadığını, əvvəllər başına belə bir iş gəlmədiyi üçün cavabdehin borcunu qaytarmaqdan yayına biləcəyini düşünmədiyini, alqı-satqı zamanı yanlarında öz tanışı X3 və cavabdehin yanında onun tanıdığı, iddiaçının ilk dəfə gördüyü şəxslərin olduğunu bildirmişdir. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olancavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş, ünvan sahibinin imtina etməsi səbəbindən sənədlər məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 137.1-ci maddəsinə əsasən məhkəmə sənədlərinin ünvanlandığı şəxs qanuni əsas olmadan onları qəbul etməkdən imtina edərsə, məhkəmə sənədləri verildiyi ünvanda qalmalıdır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. MPM-in 137.2-ci maddəsinə əsasən ünvan sahibi və ya digər şəxs məhkəmə bildirişini qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs məhkəmə bildirişində müvafiq qeydlər etdikdən sonra onu məhkəməyə qaytarır. Bu halda məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab olunur. MPM-in 137.3-cü maddəsinə əsasən məhkəmə bildirişinin ünvan sahibi tərəfindən qəbul edilməsindən imtina barədə qeyd onun yaşayış yeri üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir. Məhkəməyə geri qaytarılmış sənədlər ünvan sahibi tərəfindən qəbulundan imtina edilməsinin təsdiq edilməsi üçün yerli özünüidarə orqanına göndərilmişdir. MPM-in 137.4-cü maddəsinə əsasən məhkəmə bildirişinin ünvanlandığı şəxs tərəfindən həmin sənədləri qəbul etməkdən imtina edilməsi işə baxılması üçün və ya ayrı-ayrı prosessual hərəkətlərin edilməsi üçün maneə deyildir. Cavabdeh ünvanlanmış məhkəmə bildirişlərində onun iddianı etiraf edibetməməsi, əgər qismən etiraf edirsə hansı hissədə etiraf etməsi, iddianı etiraf etmirsə onun etirazının əsaslandığı fakt və hallar, həmçinin istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını, olduğu halda vəsatətlərini (hakimə etiraz etmə, üçüncü şəxslərin və (və ya) başqa cavabdehin cəlb edilməsi, əsl olmayan tərəfin əvəz edilməsi, sübutların tələb edilməsi, şahidlərin çağırılması, ekspertizanın təyin olunması və s. barədə) yazılı şəkildə rəsmi qaydada məhkəməyə təqdim etməsi təklif edilmiş, əks halda işdə mövcud olan materiallar əsasında işə baxılaraq yekun qərar qəbul olunacağı barədə xəbərdarlıq olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə sözügedən hallarla bağlı heç bir münasibət bildirilməmişdir. Sözügedən halları nəzərə alan məhkəmə işə cavabdehin iştirakı olmadan və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında baxmağı mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ifadə verən şahid X4 ifadəsində bildirmişdir ki, 2021-ci ilin gününü dəqiq xatırlamadığı iyun ayında Babək rayonu Sirab kəndində “Rəntənə” adlanan mal-qara otardığımız çöllük ərazidə İddiaçı ilə birlikdə mal-qara otardıqlarını, hər ikisinin öz şəxsi təsərrüfatı olduğunu, İddiaçı malları satmaq istədiyini, internetdə bununla bağlı onun yanında elan yerləşdirdiyini, bundan sonra Cavabdeh VAZ 21 06 markalı avtomobillə adını bilmədiyi şəxslə birlikdə həmin malqara otardıqları əraziyə gələrək ilk dəfə yanında balası olan inəyi iddiaçıya məxsus qazel markalı arxası açıq maşında apardıqlarını, bu zaman cavabdehin iddiaçıya cəmi 650 manat məbləğində pul verdiyini, yerdə qalan məbləği qarpız yığımı zamanı qaytaracağını bildirdiyini, 3 gün sonra Telmanın yenidən çölə gələrək Novruzova məxsus qarnında balası olan malı da aldığını, bu zaman onun heç bir ödəniş etmədiyini, həmin gün də malı Novruzovun qazelinə qoyaraq cavabdehin yaşadığı Nehrəm kəndinə apardıqlarını, cavabdehlə aldığı mallara görə 3650 manat ödəniləcəyi barədə razılaşdıqlarını, bundan sonra onlar arasında mövcud olan münasibətlərə şahidlik etmədiyini, iddiaçının dediyinə görə heç bir ödəniş edilmədiyini bildirmişdir. Mülki iş materiallarını iddiaçının izahatı, şahid ifadəsi, cavabdehin yazılı etiraf ərizəsi ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə müvafiq olaraq tərəflərin hansı hüquqi münasibətdə olmalarının müəyyən edilməsi tələbinə müvafiq olaraq qeyd edir ki, tərəflər arasında alqı-satqı hüquq münasibətlərindən irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur (329.3-cü maddə). MM-in 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə alqı-satqı müqaviləsi üçün forma şərti nəzərdə tutulmamışdır və müəyyən olunur ki, müqavilə tərəfləri arasında əqdin şifahi formasından istifadə edilmişdir. MM-in 568-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. MM-in 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında hərtərəfli tədqiq olunaraq qanunla nəzərdə tutulmuş qaydada qiymətləndirilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı alğı-satqı müqaviləsindən irəli gələn öhdəliyini lazımınca icra edərək bir dana və biri qarnında balası olmaqla iki inəyi Cavabdeh vermişdir. MM-in 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-in 425-ci maddəsindən məlum olur ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla və lazımınca yerinə yetirmələridir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki iş üzrə məhkəmə icraatı gedişində cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə razılaşdırılmış pul məbləğinin (qiyməti) satıcıya ödənilməsini təsdiq edən heç bir etiraz və bu etirazın əsasında duran halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. İddia ərizəsinə əlavə olunmuş 20 avqust 2021-ci il tarixdə Cavabdeh tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, bildirirəm ki, Babək rayon Sirab kənd sakini İddiaçı 3000 manat borcum var. Borcumu etiraf edirəm. Həmin məbləğdə borcdan hər ay 100 manat ödəməyə etiraz etmirəm. MM-in 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. MM-in 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğunluğunu və məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edildiyini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı 3000 (üç min) manat pul tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh 3000 (üç min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman "xxxx" ASC-nin Babək filialına 07.01.2022-ci il tarixdə 1867 nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman "xxxx" ASC-nin Babək filialına 07.01.2022-ci il tarixdə 1867 nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-71/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-71/2022
04.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver