Məhkəmə qərarları › İş №2(079)-72/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-72/2021

15.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-72/2021 15.02.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı1 və Cavabdeh iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı1 və X3 “25” dekabr 2020-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 8490 (səkkiz min dörd yüz doxsan) manat məbləğində pulun alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsaslandıraraq qeyd edilmişdir ki, Cavabdeh ilə xx xxxx 2010-cu ildə nikaha daxil olmaqla evlənmişik və birgə nikahdan iki uşağımız dünyaya gəlib. Aramızdakı nikah Babək Rayon Məhkəməsinin “07” mart 2019-cu il tarixli qətnaməsi ilə pozulub. Biz ailə qurduqdan sonra Cavabdeh bacısı Xanım özünə fərdi yaşayış evi tikdirirdi. Cavabdeh müxtəlif yollarla mənim hesablamalarıma görə məndən 2500 manat pul alıb və bacısı Xanıma verib. O da həmin pulu özünə tikdirdiyi evə xərcləyib. Cavabdeh axırıncı dəfə yəni, xx xxxxxx 2019-cu ildə evi tərk edərkən anam Həvva İbrahimovaya məxsus dəyəri 400 manat olan 2 ədəd qızıl sepi və dəyəri 300 manat olan 2 qızıl üzüyü də özü ilə aparıb. Bundan əlavə o, anamın yatağının altında olan dəfn xərci üçün saxladığı 500 manat pulu da götürərək özü ilə aparmışdır. Cavabdeh mənimlə yaşadığı müddətdə dəfələrlə müxtəlif bəhanələr gətirərək acıq edib anası evinə gedirdi. Belə bəhanələr onun üçün heç bir çətinlik gətirmirdi. Məsələn deyirdi ki, gedək filan qohumumgilə gedək və yaxud filan qohumun ev və yaxud maşın alıb, onun görüşünə gedək. Mən isə ona deyirdim ki, “biz getsək mənim xəstə valdeynlərim və bacım nəzarətsiz qalacaqlar, sən də bilirsən ki, onlar özlərini idarə edə bilmirlər, hər hansı bir bədbəxt hadisə törədə bilərlər”. Mən bunları Cavabdeh izah edəndə o, acıq edib evdən gedirdi. Sonra isə mənimlə barışıb evə qayıtması üçün məndən özünə müxtəlif qızıl əşyaları almağa nail olurdu. Bu yolla mən ona 2 ədəd birinin dəyəri 350 manat, digərinin dəyəri isə 150 manat olan üzüklər almışam. 2 dəst isə sep və klon almışam. Onların da dəyəri 170 və 120 manat idi. Cavabdeh evli olduğumuz bu illər ərzində həmişə məndən pul alaraq evə ərzaq, müxtəlif gündəlik tələbat malları alırdı. Mən fikir verirdim ki, o, məndən aldığı pulun hamısını xərcləmirdi. Xərcləmədiyi pulları mənə qaytarmayıb, özünə saxlayırdı. Həkimə gedirdi, verdiyim pulun hamısını xərcləməyib oradan da özünə pul götürürdü. Bunlardan əlavə mənim işə düzəlməyim üçün məndən pullar alırdı. İşə düzəlmək məsələsi öz həllini tapmayanda o, məndən aldığı pulun hamısını qaytarmayıb, müəyyən hissəsini özünə saxlayırdı. Hesablamalarıma görə Cavabdeh bu yolla mənim 4000 manat pulumu ələ keçirib. Beləliklə bu illər ərzində Cavabdeh ümumilikdə bizdən 8490 manat pulu ələ keçirməklə mənimsəyib. Bu səbəbdən də mən məhkəməyə müraciət edib, həmin pulun Cavabdeh alınıb bizə qaytarılmasını istəyirəm. İddia ərizəsi Babək Rayon Məhkəməsinin “25” dekabr 2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilsə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.3-cü maddələrinə əsaslanmaqla məhkəmə “xx xxxxxx 2021-ci il tarixli qərardadla iddia ərizəsini X2 münasibətdə baxılmamış saxlamışdı. İddiaçı1 məhkəmədə verdiyi izahatında 2010-cu ildə Aləmlə ailə qurduğunu, birgə nikahlarından iki övladının dünyaya gəldiyini, 2019-cu ilin yanvar ayının 13dən ayrı yaşadıqlarını, lakin həmin ilin mart ayında aralarında bağlanmış nikahın pozulduğunu, cavabdehin bacısı Xanımın Babək rayonu, Zeynəddin kəndində özünə ev tikdirdiyini, həmin ərəfədə özünün Aləmə hissə-hissə olmaqla 2500 manat məbləğində pul verdiyini, cavabdehin həmin pulları ondan aldığı zaman bacısına vermək üçün aldığını ona demədiyini, bunu sonradan özünün müəyyən etdiyini, belə ki, Aləmlə bacısı arasında münasibətlərin əvvəllər yaxşı olmadığını, lakin sonradan münasibətlərinin normallaşdığını, buna görə də özünün bunun ancaq cavabdehin bacısına pul verməsi ilə bağlı münasibətlərinin normallaşdığını düşündüyünü, bu pulların hamısını bilavasitə cavabdehin özünə verdiyini, buna görə də başqa şahidinin olmadığını, sadəcə ona hər ay verdiyi pulların seriya nömrəsi dəftərində qeyd etdiyini, amma həmin dəftərdə verilən pulların nə vaxt və nə məqsədlə verilməsi qeyd edilmədiyni, bundan əlavə Aləmin evi tərk etdiyi zaman anasına məxsus olan qızıl-zinət əşyalarını, hətta 500 manat məbləğində dəfn xərcini də özü ilə apardığını, anasının hazırda sağ olduğunu, lakin yataq xəstəsi olduğundan məhkəməyə gələ bilmədiyini, cavabdehin onunla yaşadığı müddətdə dəfələrlə müxtəlif bəhanələr gətirərək acıq edib anası evinə getdiyini, sonra isə onunla barışıb evə qayıtması, yəni aralarında yaranmış soyuq münasibətlərin bərpa olunması üçün özünə müxtəlif qızıl əşyaları almağa nail olduğunu, bu yolla ona 2 ədəd birinin dəyəri 350 manat, digərinin dəyəri isə 150 manat olan üzüklər aldığını, həmçinin dəyəri 170 və 120 manat olan iki dəst sep və klon da aldığını, onları hədiyyə kimi yox, ailənin dar günü üçün aldığını, təqribən 2018-ci ilin dekabr ayında Aləm həmin qızılları özü ilə apardığını, onun həmin qızılları aparmasının səhərisi günü bundan xəbər tutduğunu, həmçinin cavabdeh diş həkiminə gedəndə ondan 600 manat pul aldığını, lakin öyrəndiyinə görə həkimə çox az pul verdiyini, hesablamasına görə Cavabdeh bu yolla onun 4000 manat məbləğində pulunu ələ keçirdiyini, bu yolla ona çoxlu ziyan vurduğunu qeyd edərək, yekunda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasında vermiş olduğu izahatında iddianı qəbul etmədiyini, həqiqətən də 2010-cu ildə İbrahimlə ailə qurduğunu, 2019-cu ilin mart ayında isə aralarında bağlanmış nikahın məhkəmə qaydasında pozulduğunu, 2018-ci ilin sentyabr ayında iddiaçı ilə birlikdə yaşadığı evi tərk etdiyini, ondan sonra həmin evə qayıtmadığını, İbrahimin ona qarşı bu iddianı qaldırmaqda məqsədinin uşaqların saxlanılması üçün ödəməli olduğu alimentlə bağlı yaranmış borcunun aradan qaldırılması ilə bağlı olduğunu, iddiaçının ona bacısının ev tikməsi ilə bağlı pul vermədiyini, özünün də ondan bu məqsədlə pul almadığını, ümumiyyətlə İbrahimin evlilik müddətində heç bir yerdə işlədiyi, yalnız evdə yaşayan şəxslərin pensiya pulu və özünün əmək haqqı ilə evi dolandırdıqlarını, belə olan halda başqalarına necə əl tuta biləcəklərini, bacısı Xanımın birinci qrup əlil kimi 400 manat məbləğində pensiya aldığını, onun ərinin isə dövlət işində işlədiyini, yəni bacısının onların maddi köməyinə ehtiyacının olmadığını, özünün heç bir zaman iddiaçının anasına məxsus olan əşyalara əl vurmadığını, heç onun qızıl əşyalarını və dəfn pulunu da görmədiyini, iddiaçı tərəfindən isə ona evlilik müddətində heç bir qızıl-zinət əşyasının alınmadığını, toydan qabaq İbrahim tərəfindən alınmış qızılları isə evi tərk edən zaman özü ilə apardığını və bununla bağlı özü tərəfindən məhkəmədə qaldırılmış iddiaya baxılması zamanı bunu bildirdiyini, əgər İbrahim tərəfindən ona belə bir qızıl əşyaları alınsa idi onu da həmin vaxt deyə biləcəyini, lakin belə bir əşyanı ona alınmadığını, İbrahimin ona 4000 manat verməsinə gəldikdə isə özünün maaşı ilə evi ancaq dolandırdıqlarını, İbrahimin belə bir qazancının olmadığını, buna görə iddianı əsassız saydığını bildirərək, iddianın rədd olunmasını xahiş etdi. Mülki iş materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə müəyyən edir ki, tərəflər arasında xx xxxx 2010-cu ildə nikah bağlanması və hazırda həmin nikahın pozulması işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq edilir: -mülki iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin “07“ mart 2019-cu il tarixli, 2(079)-19/2019 nömrəli qətnaməsindən çıxarışdan İddiaçı1 ilə Cavabdeh arasında xx xxxx 2010-cu ildə nikah bağlanması; -iddia ərizəsinə əlavə edilmiş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli, AZ-İ seriyalı, 221269 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən, həmçinin Babək Rayon Məhkəməsinin “07“ mart 2019-cu il tarixli, 2(079)-19/2019 nömrəli qətnaməsindən çıxarışdan tərəflər arasında bağlanmış nikahın pozulması aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi, Babək Rayon Məhkəməsinin “07” mart 2019-cu il tarixli 2(079)-19/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş halların hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını tərəflərinin nəzərinə çatdırmaqdır. İddiaçı1 Cavabdeh 8490 (səkkiz min dörd yüz doxsan) manat məbləğində pul tələb etməsi isə mülki işin mübahisəli halıdır. O, iddiaçıdan tələb etdiyi bu məbləğin; -Cavabdeh ondan 2500 manat pul alıb bacısı Xanıma verməsi; -cavabdehin evi tərk edərkən anası Həvva İbrahimovaya məxsus dəyəri 400 manat olan 2 ədəd qızıl boyunbağı və dəyəri 300 manat olan 2 qızıl üzüyü, həmçinin X1 yatağının altında olan və onun dəfn xərci üçün saxladığı 500 manat pulu da götürərək özü ilə aparması; -özü tərəfindən cavabdehə 2 ədəd dəyəri 350 və 150 manat olan üzük, həmçinin dəyəri 170 və 120 manat olan 2 dəst boyunbağı və klon alması; -cavabdehlə nikahda olduğunu müddət ərzində Cavabdeh müxtəlif vaxtlarda və səbəblərlə onu aldadaraq 4000 manat pulun ələ keçirməsi ilə yarandığını qeyd etmişdi. İddiaçının tələbinin hər bir əsasına araşdırılmış sübutlar əsasında hüquqi qiymət verən məhkəmə aşağıdakıları qeyd edir. İlk olaraq İddiaçı1 iddia tələbinin əsası ilə bağlı qeyd etdiyi Cavabdeh ondan 2500 manat pul alıb, ev tikmək üçün bacısı Xanıma verməsinin hüquqi həlli ilə bağlı məhkəmə bildirir ki, iddiaçı tələbini bu hissədə əsaslandıran hallarla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdi. Cavabdeh isə ümumiyyətlə iddianı qəbul etməyərək İbrahimdən bu məqsədlə pul almadığını, bacısına vermədiyini və bacısı Xanımın onların köməyinə ehtiyacının olmadığını bildirmişdi. İddiaçının tələbinin əsası kimi qeyd etdiyi növbəti fakt isə cavabdehin evi tərk edərkən anası Həvva İbrahimovaya məxsus dəyəri 400 manat olan iki ədəd qızıl boyunbağı və dəyəri 300 manat olan iki ədəd qızıl üzüyü, həmçinin X1 yatağının altında olan və onun özünün dəfn xərci üçün saxladığı 500 manat pulu götürərək aparmasıdır. İddiaçının tələbindən və məhkəmədə də verdiyi izahatdan aydın olur ki, onun cavabdehdən tələb etdiyi iki ədəd qızıl üzük, iki ədəd qızıl boyunbağı, həmçinin 500 manat məbləğində pul İddiaçı1 anası X2 məxsusdur, yəni onun mülkiyyətindədir. Həmçinin onun izahatından o da məlum olur ki, anası hazırda sağdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 154.1-ci maddəsinin tələbinə görə isə qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Mülkiyyət hüquqlarının müdafiəsi isə Mülki Məcəllənin 157-ci maddəsi ilə tənzimlənir. Belə ki, qeyd edilən maddi hüquq normasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinin tələbinə görə isə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Bundan əlavə mülki prosessual qanunvericilikdə şəxsin məhkəməyə nümayəndə vasitəsi ilə müraciət etmək imkanını da istisna etmir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-ci maddəsi ilə müəyyən olunur ki, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Yuxarıda qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi, X2 məxsus olan əşyaları onun özü və ya qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətli nümayəndəsi cavabdehdən tələb etmək hüququna malikdir. Mülki iş materiallarında isə X1 İddiaçı1 belə bir səlahiyyət verməsini müəyyən etmək olmur. Bununla bağlı məhkəmə bildirir ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007ci il tarixli qərarının “Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2008-ci il“tarixli qərarına əsasən subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında göstərilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının X2 məxsus olan əşyaları Cavabdeh tələb etmək hüququ olmadığından onun tələbi bu hissədə əsaslı sayıla bilməz. İddiaçının tələbinin əsası kimi qeyd etdiyi növbəti bir fakt isə cavabdehlə nikahda olduğu müddətdə onun hər dəfə evi tərk etməsindən sonra aralarında olan soyuq münasibətlərin bərpa edilməsi ilə bağlı olaraq özü tərəfindən Cavabdeh birinin dəyəri 350, digərinin dəyəri isə 150 manat olan üzük, həmçinin dəyəri 170 və 120 manat olan iki dəst boyunbağı və klon almasıdır. O, hazırda cavabdehə aldığı və tələbində qeyd etdiyi qızıl-zinət əşyalarının dəyərini ona qaytarılmasını tələb edir və bunları ailənin dar günü aldığını qeyd edir. İddia tələbinin qeyd edilən əsasısının hüquqi həlli ilə bağlı məhkəmə bildirir ki, o, məhkəmədə verdiyi izahatında mübahisə predmeti olan qızıl-zinət əşyalarının tərəflərin nikahda olduğu müddət ərzində özü tərəfindən Cavabdeh sonuncunun evə qayıtması üçün əvəzsiz qaydada alınmasını bildirsə də, iddiaçı məhkəməyə qeyd etdiyi qızıl-zinət əşyalarının alınması ilə bağlı məhkəməyə sübut təqdim edə bilməyib. Cavabdeh isə ümumiyyətlə iddiaçı tərəfindən ona evlilik müddətində qızılzinət əşyasının alınmadığını bildirmişdi. Lakin buna baxmayaraq məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinin tələbinə görə isə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Qeyd edilən maddi hüquq normalarının ümumi məzmunundan görünür ki, bağışlama müqaviləsi əvəzsiz müqavilədir və nikah dövründə əvəzsiz qaydada əldə edilən əmlak tərəflərin hər birinin ayrıca mülkiyyətindədir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin 673-cü maddəsi ilə hədiyyə verənin bağışlamaqdan imtina edə biləcəyi əsaslar və müddət tənzimlənir. Hazırda bağışlamaqdan imtina üçün qeyd edilən maddədə sadalanan əsaslar olmasa da, 673.3-cü maddə ilə müəyyən edilir ki, imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Göründüyü kimi mülki qanunvericilikdə qeyd edilən müddət kəsici müddət olmaqla, məhkəmə tərəfindən tətbiq edilən bilən müddətdir. İddiaçı isə məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, Cavabdeh tərəfindən qızıl-zinət əşyalarının aparılmasını 2018-ci ilin dekabr ayında bilib. İddiaçı tələbinin hazırda hüquqi həlli edilən hissəsi ilə bağlı mötəbər sübut təqdim etməsə də, onun verdiyi izahatdan yola çıxan məhkəmə İddiaçı1 bildirir ki, həmin vaxtdan hesablanan bir illik müddəti ötürmüşdü. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə iddiaçının tələbini bu hissədə də əsassız hesab edir. İddiaçının tələbin əsası kimi qeyd etdiyi sonuncu fakt isə cavabdehlə nikahda olduğunu müddət ərzində onun müxtəlif vaxtlarda və səbəblərlə onu aldadaraq 4000 manat pulunu ələ keçirməsi olsa da o, tələbinin qeyd edilən əsası ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdi. İddiaçının tələbinin əsası ilə bağlı məhkəməyə sübut təqdim edə bilməməsi ilə ona bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi xx xxxx 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə həmçinin onu da qeyd edir ki, sübut etmək vəzifəsi təkzib (inkar) edən tərəfin deyil, onun təsdiq etməkdə maraqlı olan şəxsin üzərinə düşür. İddiaçı öz sübut etmə vəzifəni yerinə yetirdikdən sonra cavabdehin təkzib etmək vəzifəsi yaranır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Mahmudovun Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq “affirmanti, non neganti, incumbit probalion“ (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə hesab edir ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edə bilmədiyindən onun tələbi bu hissədə də əsaslı sayıla bilməz. Ümumilikdə isə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmçinin qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i : İddia rədd edilsin. İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar