Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-80/2021 03.05.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh Siyafət oğluna qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı “06” yanvar 2021-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 30 (otuz) manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (bir yüz əlli) manat məbləğində xərcin, iddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun və 40 (qırx) qəpik bank xidməti haqqının, ümumilikdə 200 (iki yüz) manat, 40 (qırx) qəpik məbləğində pulun Cavabdeh Siyafət oğlundan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından “22” avqust 2005-ci il tarixli, TR 057 saylı və “22” avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar tərəfindən cəmiyyətlə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulma hallarına da rast gəlinir. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı ilə “Ədalət- A” hüquq firması arasında 15 may 2008-ci il, 15 mart 2011-ci il, 01 oktyabr 2014-cü il, 29 mart 2015-ci il və 04 yanvar 2018-ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. 98 saylı Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş 16 aprel 2016-cı il tarixli arayışa əsasən ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi qeydiyyat vəsiqəsi əsasında cavabdehə məxsus olmuşdur. Belə ki, 29 mart 2007-ci il tarixdə həmin ünvanda yaşayan Bəyim Seyidova ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün kabel şəbəkəsinə qoşulmuş, son ödəməsini 01 noyabr 2015-ci il tarixinədək etmiş və müqavilə münasibətlərinə son qoyularaq həmin ünvan 14 dekabr 2015-ci il tarixdə 17 (on yeddi) manat 60 (altmış) qəpik borc ilə şəbəkədən ayrılmışdır.14 mart 2016-cı il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, mənzil sakini aktı imzalamaqdan imtina etmiş, bu barədə 5492 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçınə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın kabel şəbəkəsindən ayrıldığı 14 dekabr 2015-ci il tarixdən qanunsuz qoşulma faktı barədə aktın tərtib olunduğu 14 mart 2016-cı il tarixə qədər olan müddət 91 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərti ilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulan zərərin məbləği 30 manat təşkil edir. Bundan əlavə İddiaçı “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (bir yüz əlli) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları göndərilmiş, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarında iştirak etməmişdi. İddiaçı 12 yanvar 2021-ci il tarixli ərizə ilə məhkəmə müraciət məhkəmə icraatın bütün mərhələlərində iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan isə aydın olur ki, Seyidov X3 rayonu, Yarınca kəndində rəsmi qeydiyyatdadır. Ona ünvanlanmış məhkəmə sənədləri isə cavabdehin Babək rayonu, Yarımca kəndində yaşamaması səbəbindən geri qaytarılsa da, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsaslanmaqla məhkəmə sənədlərini Babək Rayon İcra Hakimiyyətinin Yarımca kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərmişdir. Məhkəmə iş üzrə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən yuxarıda qeyd edilən sonuncu hal məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilir. Nəticədə qeyd edilən Məcəllənin 185-ci maddəsinə əsaslanan məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək işin mübahisəli halının həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının tələbindən aydın olur ki, o, cavabdehdən kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 30 (otuz) manat məbləğində vurulmuş zərər və hüquqi xidmətlərin göstərilməsi, qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün çəkdiyi 150 (bir yüz əlli) manat məbləğində xərci tələb edir. İşin mübahisəli halının həllinə keçməzdən özcə məhkəmə qeyd edir ki, iddiaçının cavabdehdən tələb etdiyi hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün çəkdiyi xərclər barədə tələbi onun Cavabdeh Siyafət oğlunun kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma və bunun nəticəsində ziyan vurulması tələbinin əsaslı olub-olmamasından asılı olduğu üçün ilk olaraq İddiaçı sonuncu qeyd edilən tələbinin əsaslılığı yoxlanmalıdır. Məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə həmçinin onu da qeyd edir ki, sübut etmək vəzifəsi təkzib (inkar) edən tərəfin deyil, onun təsdiq etməkdə maraqlı olan şəxsin üzərinə düşür. İddiaçı öz sübut etmə vəzifəni yerinə yetirdikdən sonra cavabdehin təkzib etmək vəzifəsi yaranır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq “affirmanti, non neganti, incumbit probalion” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. İddiaçı tərəfin tələbi ilə bağlı məhkəmə təqdim etdiyi sübutlar işin əhəmiyyətli hallarının araşdırılması üçün kifayət etmədiyindən məhkəmə “17 fevral 2021-ci il tarixli məktubla Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.3-cü maddəsinin və “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi rəhbər tutaraq İddiaçınə öz tələbini təsdiq edən sübutları, xüsusi ilə qoşulmanın aşkar edildiyi ərazidə, yəni Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən 6 nömrəli binaya xidmət göstərməsi, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 6, mənzil 14-də yerləşən daşınmaz əmlakın Cavabdeh Siyafət oğlunun mülkiyyətində və ya qanuni istifadəsində olması və cavabdehin şəbəkəyə qanunsuz qoşulması, şəbəkəyə qanunsuz qoşulmanın aşkar edilməsi barədə 14 mart 2016-cı il tarixli, 5492 nömrəli aktı tərtib edən şəxslərin müvafiq orqanda işləməsini təsdiq edən əlavə sübutların təqdim etməsini təklif etmişdi. Mülki iş materiallarından müəyyən olur ki, yuxarıda qeyd edilən təklif edici məktubun surəti iddiaçıya 29 mart 2021-ci il tarixdə rəsmi qaydada təqdim edilsə də, İddiaçı qeyd edilən halların təsdiqi ilə bağlı məhkəməyə əlavə sübut təqdim etməmişdi. Məhkəmə iddiaçıya təqdim edilməsini təklif etdiyi sübutların dairəsi ilə bağlı onların iş üçün hansı əhəmiyyət kəsb etməsi, yəni həmin sübutların iddiaçının tələbini əsaslandırdığı hansı halların təsdiq edə bilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmənin iddiaçıya təqdim edilməsini təklif etdiyi sübutların ilki onun Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən 6 nömrəli binaya xidmət göstərməsidir. Çünki iddiaçı Cavabdeh Siyafət oğlunun onun kabel şəbəkəsinə qanunsuz qoşulduğunu iddia etdiyindən, yalnız onun həmin ərazidə qanuni xidmət göstərməsi halında cavabdehin qanunsuz qoşulmasıdan söhbət gedə bilər. Bundan başqa İddiaçı iddia tələbində Cavabdeh Siyafət oğlunun ona məxsus kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulmasını qeyd etsə də, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 6, mənzil 14-də yerləşən daşınmaz əmlakın Cavabdeh Siyafət oğlunun mülkiyyətində və ya qanuni istifadəsində olmasını sübuta yetirə bilməmişdi. Bu hal isə iddia tələbinin düzgün cavabdehə yönəlib-yönəlməməsini müəyyən etməyə imkan vermir. İddiaçı bununla bağlı məhkəməyə Azərbaycan Respublikası Xətai Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin 98 saylı Mənzil Kommunal İstismar Sahəsinin 16 aprel 2016-cı il tarixli, 478 nömrəli arayışını təqdim etmiş, həmin sənəddə isə Cavabdeh Siyafət oğlunun Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 6, mənzil 14-də qeydiyyatda olması göstərilir. Halbuki yuxarıda da qeyd edildiyi kimi Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Yarımca kəndində qeydiyyatda olması müəyyən edilir. Əks halda iddia tələbi ərazi aidiyyəti üzrə Babək Rayon Məhkəməsinə aid ola bilməzdi. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə görə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 və 139.3-cü maddələri ilə müəyyən edilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Belə olan halda isə Azərbaycan Respublikası Xətai Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin 98 saylı Mənzil Kommunal İstismar Sahəsinin 16 aprel 2016-cı il tarixli, 478 nömrəli arayışı cavabdehin həmin ünvanda qeydiyyatda olması və ya həmin ünvanda yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin və qanuni sahibinin olması ilə bağlı sübut kimi qəbul edilə bilməz. Çünki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddia ərizəsinə əlavə edilmiş İddiaçı “K@TV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi barədə 14 mart 2016-cı il tarixli, 5492N nömrəli aktın sübut kimi qəbul edilənliyinə gəldikdə isə, iddiaçı həmin sənədin həm öz əməkdaşları, həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin texniki işçisi X2 iştirakı ilə tərtib edildiyini qeyd edir. Məhkəmə o halda bu aktı sübut kimi qəbul edə bilər ki, onun tərtib edilməsində həqiqətən də marağı olmayan, tərəfsiz yəni iddiaçının və cavabdehin mənafeyinə xidmət etməyən şəxslərin iştirakı da təmin edilmiş olsun. Yalnız iddiaçının özünün nümayəndəsi və ona xidmət edən hüquq şirkətinin əməkdaşlarının iştirakı ilə tərtib edilən sənəd təbiidir ki, onun mənafeyinə cavab verəcək. Bu sənədin hazırlanmasında qonşuların, sahə müvəkkilini, marağı olmayan başqa şəxslərin və həmin sahə üzrə müvafiq mənzil istismar idarəsi işçilərinin, həmçinin səlahiyyəti təsdiqləndiyi halda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşının iştirakının təmin edilməsi bu sübutun mötəbərliyini şübhə altına salmaz. İddiaçı isə X2 Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin texniki işçisi olmasını təsdiq edən sübut təqdim etmədiyindən məhkəmə həmin aktı sübut kimi qəbul edilən hesab etmir. Bütün bunlar isə onu deməyə imkan verir ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edə bilmədiyindən İddiaçı Cavabdeh Siyafət oğluna qarşı kabel şəbəkəsinə qanunsuz olaraq qoşulması və nəticədə ona maddi ziyan vurulması ilə bağlı tələbi əsaslı sayıla bilməz. Bu səbəbdən də ondan törəyən xərclər tələbi də əsassızdır. İddiaçı tələbində “Ədalət-A” hüquq şirkətinin ona hüquqi xidmətlərin göstərilməsi nəticəsində qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün hüquq şirkətinə çəkdiyi 150 (bir yüz əlli) manat məbləğində pulu da cavabdehdən tələb etdiyindən, məhkəmə onun tələbinin bu hissədə əsaslığını yoxlamaq üçün iddiaçıya onunla hüquq şirkəti arasında bağlanmış müqavilənin təqdim edilməsi təklif etmişdi. Məhkəmənin qeyd edilən sübutun iddiaçıya təklif etməkdə məqsədi iddiaçı ilə hüquq şirkəti arasında bağlanmış müqavilə şərtlərini hazırki mülki iş üzrə əlaqəli şəkildə tədqiq etmək olub. Bu səbəbdən də İddiaçı Cavabdeh Siyafət oğluna qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə həmçinin iddiaçıya onu da bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmçinin qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i : İddia rədd edilsin. İddiaçı Cavabdeh Siyafət oğluna qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №2(079)-80/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-80/2021
03.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver