Məhkəmə qərarları › İş №2(079)-843/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-843/2025

17.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-843/2025 17.02.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı 11 dekabr 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borclu olduğu 21000 (iyirmi bir min) manat pul və 153 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2024-cü ildə Babək rayonu, Sirab kənd sakini Cavabdeh briqadası ilə ev tikib satdığını öyrəndim, Şahlarla əlaqə saxlayıb onunla evi 3 ay müddətində tikib təhvil verəcəyinə dair razılaşdıq. Onunla 60 000 (altmış min) manata razılaşıb, 40 000 (qırx min) manatını nağd şəkildə verdim, qalan 20 000 (iyirmi min) manatını isə sonda ödəməyə razılaşdıq. Lakin sonradan Şahların məni aldatdığını görüb, dəfələrlə pulumu geri istədim, hərdən mənə bir yalan danışıb, pulumu qaytarmaq istəmədiyi üçün Naxçıvan şəhər Polis İdarəsinə müraciət etdim. Onun barəsində dələduzluq maddəsi ilə cinayət işi başlandı, istintaq gedişi müddətində Şahlar mənə olan borcunun 17 000 (on yeddi min) manatını qaytardı, 23 000 (iyirmi üç min) manat pul borcu qaldı. Şahların mənə borclu olması 15 aprel 2025-ci il tarixli ittiham aktında da öz əksini tapmışdır. Cavabdeh barəsində Naxçıvan şəhər Məhkəməsində cinayət işinə baxıldığı müddətdə biz belə razılaşdıq ki, Şahlar hazırda Babək rayonu, Şəkərabad kəndində yarımtikili evin torpaq sahəsini mənə qaytarmış olduğu 17 000 (on yeddi min) manatı verib, torpağı alıb, adıma rəsmiləşdirim, o da həmin torpaq sahəsi üzərində yarımtikili vəziyyətində tikmiş olduğu evi tikib, tam şəkildə təmir edərək mənim istifadəmə versin. Ona görə də mən məhkəmədə şikayət etmədim ki, onu tutmasınlar və qalan pulla evimi tikib başa çatdırsın. İş məhkəmədə baxıldığı müddətdə Şahlar evin yarımtikili olan divarlarını tikib başa çatdırdı, üstünü basdırıb, damın çardağını vurdu. İş məhkəmədə qurtarandan sonra evi tikib başa çatdırmaqdan birmənalı olaraq boyun qaçırdı. Mən məcbur qalıb, evin üstünün jestini vurdurub, giriş seyf qapısını saldırıb, işıq sistemini çəkdirib, 1 otaq, mətbəx və koridorun gəcini vurdurub, yerin şarpını və tavanın alçıpanını özüm usta gətirib vurdurmuşam. Bu görülən işlərin heç birindən Şahların məlumatı yoxdur. Ancaq mən onunla 3 ay müddətində danışmışdım ki, evi tam şəkildə hazırlayıb mənə verəcəkdi. Bizim ilkin razılaşmamıza görə mən hər ay Şahlara 250 manat pul ödəyəcəkdim. Lakin o, verdiyi heç bir sözə əməl etmədən məndən bir neçə dəfəyə 1920 (bir min doqquz yüz iyirmi manat) pulu alıb işini başa çatdırmadı. Beləliklə Şahların orada gördüyü işlər (evin divarlarının hörülməsi, üstünün basdırılıb, çardağının vurulması, kombi sisteminin çəkilməsi və pəncərələrinin salınmasına görə) üst-üstə cəmi birlikdə 10000 (on min) manata qədər xərc çəkmişdir. Hal-hazırda onun mənə 15000 manat borcu və iki ildir ki, məni aldadıb, evi vaxtında başa çatdırıb, mənə təhvil vermədiyi üçün iki illik bir ayı 250 manatdan olmaqla 6000 manat cəmi birlikdə mənə 21000 (iyirmi bir min) manat pul qaytarmalıdır Şahlar birmənalı olaraq borcunu ödəməkdən yayınır. Artıq telefon zənglərimə belə cavab vermir. Mən özümün evimin tikintisi yarımçıq qaldığı üçün həmin pula böyük ehtiyacım var. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. İddiaçı məhkəmə iclasında verdiyi izahatında ilk dəfə 2024-cü ilin fevral ayı cavabdehə 40000 manat pul verdiyini, 20000 manat pulu isə sonra verəcəyi barədə razılaşdıqlarını, məhkəmə müddətində cavabdehdən 17000 manat pulun alınıb ona geri qaytarıldığını, həmin pulla torpaq sahəsi aldığını, məhkəmə gedişatı zamanı cavabdehin təkidi ilə qalan 23000 manat pulun qarşılığında isə torpaq sahəsinin üzərində ev tikəcəyi, özünün isə ona evin başa çatdırılması üçün qalan məbləği 250 manat olmaqla aybaay ödəyəcəyi barədə razılaşdıqlarını və məhkəmədə şikayətindən imtina etdiyini, cavabdehin tuğla ilə evin divarlarını tikdiyini və köhnə taxta ilə üzərini basdırdığını, 2900 manat material pulu versə də, cavabdehin materiala cəmi 500 manat pul verdiyini, verdiyi məbləğdən əlavə cavabdehə şiferin vurulması üçün hər dəfə 1000 manat olmaqla 2000 manat pul verdiyini, lakin şiferin vurulmadığını, 1000 manat borc pul alıb evin şiferini başqa ustaya vurdurduğunu, beləliklə 40000 manatdan əlavə 2000 manat da verdiyini, pəncərələri düzəldən usta 900 manat pul istədikdə cavabdehin ona “gəl pəncərələri sök apar” dediyini, cavabdehin 23000 manat borclu olduğu müddətdə cəmi 15000 manatlıq iş gördüyünü, bütün bu işləri məhkəmə dövründə etdiyini, məhkəmə yekunlaşdıqdan və yüngül cəza çıxdıqdan sonra cavabdehin heç bir iş görmədiyini, həmçinin cavabdehdən qalan 8000 manat pul və sonradan verdiyi 2000 manat puldan əlavə 2024-cü ildən 2026-cı ilin yanvar ayınadək aylıq 250 manat kirayə pulu tələb etdiyini, kirayədə qaldığı vaxt müqavilə imzalamadığını, Naxçıvanda belə bir təcrübənin olmadığını, heç kimin yazılı kirayə müqaviləsi ilə kirayədə qalmadığını, Babək rayonu, Şəkərabad kəndində Fərahimin evində 3 ay kirayədə qaldığını, ona aylıq 250 manat kirayə pulu verdiyini, ondan əvvəl Naxçıvan şəhərində orada-burada qaldığını, Bahar adlı xanımın evində Naxçıvan şəhərində Cümə məscidinin yanında qaldığını, həmin vaxt 150 manat kirayə pulu verdiyini, 3-4 ev dəyişdiyini, bir evdə isə qulluqçu kimi gedib qaldığını, yay aylarında isə bibisinin gəlininin evində 1 ay, daha sonra isə bacısıgildə qaldığını, həmin müddət ərzində qohum olduqlarından kirayə pulu ödəmədiyini, bütün bunlarla bağlı sübutunun olmadığını, cavabdehə son vaxtlar verdiyi pulları dəftərə imza etdirdiyini, həmin sənədin birinin özündə, birinin isə qarşı tərəfdə qaldığını, lakin həmin sübutları məhkəməyə təqdim edə bilmədiyini bildirib, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə işə cavabdehin iştirakı olmadan və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında baxmağı mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(078)-37 nömrəli qanuni qüvvəyə minmiş hökmünə görə Cavabdeh təkrar tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin son aylarında X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində olan yarımtikili evi öz şəxsi məqsədləri üçün vasitəçilik edib X1 onun adına sənədləşdirəndən sonra dələduzluq niyyəti ilə 2024-cü ilin fevral ayının ortalarında X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində olan yarımtikili evi İddiaçı göstərib öz torpaq sahəsi kimi təqdim edib yalandan vədlər verərək özünə inandırıb həmin torpaq sahəsində ev tikdirib torpaq sahəsi ilə birlikdə sənədləşdirib adına keçirəcəyi adı ilə aldadıb vahid niyyətlə 40000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Cavabdeh həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 7 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə təsdiq edilmiş ittiham aktına əsasən istintaq zamanı təqirləndirilən şəxs Cavabdeh tərəfindən zərərçəkmiş şəxs İddiaçı cinayət işi üzrə dəymiş 40000 manat maddi ziyandan 17000 manatın ödənilməsi, qalan 23000 manat isə ödənilməməsi müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli Qərarında qeyd etmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında qeyd etmişdir ki, preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, cavabdehin qeyd olunan hüquq pozuntusunu törətməsi və bunun nəticəsində iddiaçıya 40000 (qırx min) manat məbləğində maddi ziyan vurulması məhkəmənin hökmü ilə təsdiq olunur və həmin hökm hazırda məhkəmə üçün cavabdehin iddiaçının pulunu dələduzluluq yolu ilə ələ keçirməsinə dair hissədə məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə cavabdeh törətdiyi hüquq pozuntusu (delikt) nəticəsində iddiaçıya maddi ziyan (zərər) vurmuş, lakin həmin ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Odur ki, iddiaçının zərərin əvəzini tam şəkildə tələb etmək hüququ yaranmışdır. Cavabdeh teleqramla məhkəməyə müraciət edərək iddianın əsassız olduğuna dair sübutlarını məhkəməyə təqdim edəcəyini bildirsə də iddiaya qarşı etirazını və bunun əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktı və iddiaçının məhkəmə iclasında verdiyi izahatdan görünür ki, Cavabdeh tərəfindən İddiaçı 40000 (qırx min) manat məbləğində maddi zərər vurulmuş, istintaq zamanı 40000 manat maddi ziyandan 17000 manat ödənilmişdir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, İddiaçı iddia ərizəsində Cavabdeh ona vurmuş olduğu ziyan kimi 23000 manat puldan işin məhkəmədə olduğu müddətdə 10000 manat həddində iş gördüyünü, bundan əlavə həmin müddətdə cavabdehə 2000 manat evin dam örtüyünü vurması üçün əlavə pul verdiyini və beləliklə hazırda ondan 15000 manat vurulmuş ziyana görə və onu aldadıb evi vaxtında təhvil vermədiyi üçün iki il (24 ay) ərzində bir ayı 250 manatdan olmaqla 6000 manat pulun qaytarılmasını tələb edir. Lakin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə fasiləsiz audio-video yazısı aparılan məhkəmə iclasında iddiaçı cavabdehin 15000 manat qaytarması faktını etiraf edərək “cavabdehin 23000 manat borcu olduğu müddətdə tikilidə 15000 manatlıq iş gördüyünü, lakin məhkəmə prosesi yekunlaşdıqdan sonra cavabdehin heç bir iş görmədiyini” bildirmişdir. Məhkəmə qeyd edir ki, MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İddiaçı həmçinin cavabdehin onu aldadıb, evi vaxtında başa çatdırıb təhvil vermədiyi üçün 2024-cü ildən 2026-cı ilin yanvar ayınadək bir ayı 250 manatdan olmaqla kirayədə qaldığına görə ödədiyi 6000 manat kirayə pulu tələbi və 40000 manatdan əlavə 2000 manat da ayrıca cavabdehə pul verdiyinə istinad etsə də, işin sözügedən mübahisəli hallarını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, kirayə pulunun əvəzinin ödənilməsinə dair hissədə iddia tələbinin qanuni əsasını şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri tələb etmək hüququnun mövcudluğu təşkil etsə də iddiaçı həqiqətən də mülki hüquq pozuntusu nəticəsində pozulmuş hüququnu bərpa etmək üçün kirayədə qalmaqla hansı xərclərə məruz qaldığını sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin olunmalı, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 58 (əlli səkkiz) manat məbləğində hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 100 (bir yüz) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar