Məhkəmə qərarları › İş №2(079)-95/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-95/2023

08.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-95/2023 08.06.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 19 yanvar 2023-cü il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 22500 (iyirmi iki min beş yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, 2021-ci ilin avqust ayında Naxçıvan şəhərində olan “Çəmən" marketdən Babək rayonu, Badaşqan kəndində yerləşən ‘‘Dörd Fəsil” restoranında qarson işləyən Vaqif Hacıyevlə birlikdə “Qızıl” loteriyalar aldıq. Vaqif çox lotereya aldı mən isə iki ədəd aldım. Vaqif orda lotereyaları pozdu, mən isə pozmadım saxladım. “Qızıl” lotereyalar Naxçıvana təzə gəldiyindən mən Vaqifdən uduş qaydasını soruşdum. Vaqif uduş qaydasını mənə izah etdi, lakin sonradan məlum oldu ki, Vaqif özü də lotereyanın uduş qaydasını düzgün bilməyib. Mən Badaşqan kəndində Cavabdeh işlətdiyi marketə gəlib ev üçün bəzi ərzaq malları alacaqdım. Orada cibimdən loteryaları çıxardım və onları pozdum. Rəhman loteryaya baxıb sevinclə qışqırdı ki, 25 min manat pul udmusan. Mən ona dedim ki, necə olub udmuşam o da izah etdi ki, 3 ədəd 25 rəqəmi çıxıb, bu da təsdiq edir ki, sən 25 min manat pul udmuşsan. Mən ona dedim ki, aparım loteryanı şəhərdə lotereya satanlara göstərim görüm udmuşam ya yox. O, stolun altında çoxlu sənədlər çıxarıb mənə göstərdi və dedi ki, bunlar lotereya sənədləridir, mən bu işlə məşğul oluram, lotereyadan başım çıxır. Sən dəqiq 25 min manat udmusan. Mən lotereyanı Rəhmana vermədim dedim ki, aldığım şeyləri aparım evə qoyum, sonra gedib şəhərdə yoxladacam. Əgər udmuş olsam sənə söz verirəm ki, loteryanı gətrib sənə verəcəm ki, gedib Bakıdan pulu alasan. Mən Naxçıvan şəhərində 57-ci məhəlləyə gəldim. Orada bir neçə tanımadığım şəxsə lotereyamı göstərərək udub-udmadığını soruşdum. Onlarda həmin lotereyanın təzə gəldiyini bildirib, lotereyanın udmasını dəqiqliklə deyə bilmədilər. Hərəsi müxtəlif fikir söylədi. Bu vaxt gördüm ki, Rəhman orada məni axtarır. Məndən soruşdu ki, lotereyanı kimə verdin, kimə göstərdin. Mən dedim ki, lotereya məndədir, soruşduğum adamlar da hərəsi bir fikir söyləyir. O, mənə dedi ki, bu lotereya Naxçıvana təzə gəldiyindən çoxları uduş qaydasını bilmir. Mən sənə 100 faiz söz verirəm ki, sən udmusan. Sən lotereyanı mənə ver. Mən loteryanı ona verməyib dedim ki, get dükana, gəlirəm ora, orda verəcəm. Rəhman kəndə getdi. Az bir müddətdən sonra mənə kəndə qayıtdım. Dükana Rəhmanın yanına getdim. Dükana gedəndə Rəhman orada olan 2-3 nəfərlə söhbət edirdi. O, onlardan ayrılıb mənə yaxınlaşdı lotereyanı soruşdu. Mən lotereyanı ona göstərdim dedi ki, sən 25 min manat udmusan. Axşam Rəhmanın bibisi qızı Şahid4 mənim yoldaşıma zəng vurub dedi ki, gözünüz aydın olsun 25 min manat pul udmusuz. Səhəri gün mən Cahan Ticarət Mərkəzinə gəldim. Orada Babək rayonu, Göynük kənd sakinləri Rəhmanın qohumu Şahid7 və Rəhmanın qonşusu Şahid2 mənə göz aydınlığı verdilər ki, 25 min manat pul udmusan. Mən oradan lotereya alanda Rəhmanın qohumu Şahid1 mənə göz aydınlığı verərək 25 min manat pul udduğumu bildirdi. Həmin hadisədən bir-iki ay keçəndən sonra mənim evimdə usta işləyən Şahid5 Quləli oğlu da mənə göz aydınlığı verərək 25 min manat pul udduğumu bildirdi və əlavə etdi ki, pulun var ver damının şiferini dəyişim. Əlavə olaraq həmin ərəfədə Göynük kəndinə gedərkən qardaşım Rafiqin arvadı Şahid3 İbiş qızı da dedi ki, kənddə söhbət gəzir ki, sən lotereyadan 25 min manat pul udmusan. Mən Rəhmandan pulumu istəyəndə o, dedi ki, dükanımızı bağlayıblar borcumuz çoxdur, gedim şəhərdə dükan açım sonra sənə xəbər edəcəm gələrsən pulunu verərəm. Həmin vaxt o, özünə “Kia” markalı maşın da almışdı. Bir dəfə isə onu qardaşım X8 Bankda görmüşdü. Orda Rəhman qardaşıma deyib ki, bankdan pul götürürəm. Bu 2021-ci ilin avqust ayında olub. Sonra mən Babək Rayon Məhkəməsinə və Naxçıvan Şəhər Prokurorluğuna müraciət etdim. Orada Rəhman etiraf etdi ki, həqiqətən də Vasifin lotereyası 25 min manat pul udmuşdu. Lakin karıxdığından həmin lotereyanı cırıb tullayıb. Sözün qısası Rəhman mənim 25 min manat pulumu mənimsəyib. Həmin puldan 2500 mantaını loteryanı təşkil edənlərə ödənilməli idi. Mənə isə 22500 manat çatmalı idi. İddiaçı məhkəmədə verdiyi izahatında iddia ərizəsində qeyd edilənləri bildirməklə yanaşı cavabdehlə kirvə olduqlarını, bir-birlərinə inanıb, etibar etdiklərini, əvvəllər münasibətlərinin çox yaxın olduğunu, demək olar ki, daimi onun mağazasından evinə bazarlıq etdiyini, çox vaxt malları nisyə aldığını, 2021-ci ilin avqust ayında “Çəmən" marketdən iki ədəd “Qızıl” lotereya aldığını, cavabdehin işlətdiyi mağazaya gəldiyini, orada cibindən lotereyaları çıxarıb pozduğunu, lotereya biletində ikisi yuxarıda, 1-i isə aşağıda olmaqla 3 ədəd 25000 rəqəminin yazıldığını, lotereyanın birinci sırasında 1-ci rəqəmin 25000 çıxdığını, 2-ci rəqəmin fərqli olduğunu, 3-cü rəqəmin yenə 25000 olduğunu, 2-ci sıranın axırıncı xanasını pozanda 25000 rəqəmi çıxdığını, bu zaman cavabdehin həyəcanla sevinərək ona 25000 manat udduğunu dediyini, onların həmin vaxt mükafat boyasını pozmadığını, cavabdehin həmin vaxt lotereyanı ondan istəməsinə baxmayaraq vermədiyini, Rəhmanın ona bir neçə lotereya bileti göstərərək özünün də bu işlə məşğul olduğunu, əvvəllər lotereyada 3000 və 5000 manat pul udduğunu dediyini, biletin hansı formada uduşlu olduğunu bildiyini ona dediyini, cavabdehin mağazada onun dalınca çox dolaşdığını, onu aldadıb lotereya biletini ondan almaq istədiyini, bundan sonra özünün ona “gedirəm bileti şəhərdə yoxlatdıram, əgər uduşlu olsa sənə söz verirəm ki, pulu almaq üçün bileti sənə verəcəyəm” dediyini, mağazadan çıxıb Naxçıvan şəhərinə gəldiyini, 57-də avtobusdan düşəndə dayanacaqda olan adamlara lotereyanı göstərdiyini, onların isə lotereyadan başlarının çıxmadığını ona dediklərini, özünün həmin adamları tanımadığını, həmin vaxt Rəhmanın onu güddüyünü, cavabdehlə Türk məscidinin yanında qarşılaşdığını, orada tanıdığı başqa şəxsin olmadığını, bileti şəhərdə bir neçə lotereya satanlara göstərdiyini və uduşlu olub-olmadığını soruşduğunu, onların isə həmin lotereyanın təzə gəldiyini, qaydalarını elə də yaxşı bilmədiklərini dediklərini, bundan sonra özünün mağazaya gələrək lotereyanı Rəhmana verdiyini, telefonunun kamerası olsa da cavabdehin onu aldadacağına inanmadığından lotereya biletinin şəklini çəkmədiyini, çünki onunla aralarının çox yaxşı olduğunu, evə qayıdanda yoldaşına lotereyada pul udduğunu dediyini, yoldaşının isə bunu hardan bildiyini ondan soruşduğunu, özünün isə Rəhmanın biletdə 3 ədəddən eyni olduğu təqdirdə bletin uduşlu olduğunu ona dediyini, əvvəllər evində oğurluq olduğundan bu barədə heç kimə heç nə demədiyini, lakin bir çox adamın onu bununla bağlı təbrik etdiyini, cavabdehdən bu qədər camaatın haradan bildiyini soruşduğunu, Rəhmanın isə bu barədə məlumatının olmadığını dediyini, halbuki özünün bu barədə heç kimə heç nə demədiyini, cavabdehin ona pulu 2-3 aya alacağını dediyini, sonra isə özünün xəstələndiyini, ciyərində yara olduğunu, buna görə də 1-2 ay xəstə yatdığını, sonra gedib cavabdehdən pulu istədiyini, Rəhmanın isə ona Azərbaycanın hər yerindən Azərlotereyaya gedildiyini, buna görə də pulun verilməsinin gecikdiyini ona dediyini, amma cavabdehdən bileti istəmədiyini, sonra gedib bankdan pul götürdüyünü, ona pul lazım olduğundan cavabdehə zəng edib pulu soruşduğunu, Rəhmanın isə ona lotereyanın pul udmadığını dediyini, daha sonra cavabdehin qardaşına zəng etdiyini, qardaşı İlhamın bu məsələ ilə bağlı cavabdehə zəng etməsini və pulu da ondan istəməsini ona dediyini, cavabdehlə arasında çox telefon danışığı olduğunu, Naxçıvan Şəhər Prokurorluğuna şikayət etdiyini, orada cavabdehin lotereya biletini cırdığını dediyini, şəhərdə lotereya ilə bağlı uduş pulunu qəbul edən köşklərin olduğunu, özünün yaxınlaşıb onlardan Rəhman adlı şəxsin lotereya pulu alıb-almadığını soruşduğunu, oradan isə Rəhman adlı şəxsi tanımadıqlarını bildirdiklərini, Naxçıvanda olan lotereya biletləri ilə bağlı əsasən Hüseyn adlı şəxsin pul verdiyini, Hüseynin qohumlarından soruşduğunu, həmin qohumunun Naxçıvanın Ordubad rayonundan bir nəfər uşağın lotereyada pul mükafatı udduğunu ona dediyini, lotereya biletində 3 yerdə 25000 rəqəminin olmasını özünün, arvadının və Rəhmanın gördüyünü qeyd edərək, yekunda iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında Babək rayonu, Badaşqan kəndində mağaza işlətdiyini, iddiaçı ilə münasibətlərinin çox yaxşı olduğunu, hətta onunla qardaş kimi yaxın olduqlarını, bir gün Vasifin əlində iki lotereya bileti ilə mağazaya gəldiyini, biletlərin pozulduğunu, səhv etmirsə orada iki 25000, iki 10000, iki 5000 rəqəmi yazıldığını, özünün lotereya alıb oynamasına baxmayaraq satışı ilə məşğul olmadığını, özünün iddiaçının lotereya biletinə baxdıqdan sonra 25000 manat pul udduğunu iddiaçıya həqiqətən də dediyini, elə deməkdə məqsədinin onu sevindirmək olduğunu, əslində isə iddiaçının biletləri pozanda onun uduşsuz olduğunu bildiyini düşündüyünü, iddiaçının lotereyanı ona verib şəhərə getdiyini dediyini, həmin vaxt iddiaçının lotereyanın uduşsuz olduğunu bildiyi üçün ona verdiyini düşündüyünü, iddiaçının lotereya biletini ona verib getdikdən sonra lotereya ilə bağlı heç vaxt mağazaya gəlmədiyini, onun dükana gəlibgetməsinə baxmayaraq lotereya barədə soruşmadığını, özünün həmin günü iddiaçının arxasından getmədiyini, şəhərdə onunla qarşılaşmadığını, mağazaya mal gətirmək üçün hər gün şəhərə getdiyini, bu səbəbdən də ola bilsin ki, iddiaçının onu gördüyünü, ancaq onun iddiaçını görmədiyini, özünün heç kimə Vasifin pul udduğunu demədiyini, Vasifin ona verdiyi lotereya biletini sonradan cırıb atdığını, özünün heç vaxt heç kimdən uduşlu bilet qəbul etmədiyini, iddiaçının ona 2022-ci ilin mart ayı zəng etdiyini, ona lotereya bileti verdiyini, lotereyada olan pulun nə olduğunu soruşduğunu, özünün də iddiaçıdan nə lotereya, nə pul deyə soruşduğunu, iddiaçının isə ona məhkəməyə müraciət edəcəyini bildirdiyini, özünün Kapital Banka getmədiyini, həmçinin iddiaçı ilə zarafatının olduğunu, buna görə də ona zarafatla lotereya biletinin udduğunu dediyini, iddiaçının lotereyaları ona verib getdiyini, özünün şəxsən 25000 minlik lotereyanı kiməsə verməyəcəyini, əgər pul onda idisə iddiaçının niyə gəlib bunu tələb etmədiyini, Vasifin 1 il yarımdan sonra ondan lotereya pulu istədiyini, özünün bunu ciddiyə almadığını, iddiaçıya zarafat etdiyini dediyini, hazırda onun tərəfindən pulun alınıb-alınmadığını müəyyən etməyin bir çox yolu olduğunu, pulun verildiyi banklardan bunun müəyyən edilə biləcəyini, özünün də bunun müəyyən olunmasını çox istədiyini, aralarında onun iddiaçıya pul verəcəyi ilə bağlı danışıq olmadığını, Vasifin onun mağazasından nisyə mal aldığını, ən çoxu ona 100 manat borclu qaldığını, iddiaçı ilə aralarında “al bileti sənə verirəm, borcuma çıxarsan” kimi söhbət olmadığını qeyd edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdi. Mülki iş materiallarını tədqiq edən, tərəflərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə qeyd edir ki, İddiaçı "Qızıl” ani lotereya bileti alması, onları Cavabdeh göstərməsi, sonuncunun iddiaçıya lotereya biletinin uduşlu olmasını deməsi, daha sonra isə İddiaçı həmin lotereya biletini Cavabdeh verməsi mülki işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması tərəflərin məhkəmədə verdiyi izahatlarla müəyyən edilir. Mülki işin mübahisəli halına gəldikdə isə İddiaçı cavabdehə verdiyi “Qızıl” ani lotereya bileti üzrə 25000 manat məbləğində pul udmasını, həmin uduş məbləğinin alınması üçün lotereya biletini Cavabdeh verməsini qeyd etməsi, cavabdehin isə iddiaçının ona verdiyi lotereya biletinin uduşsuz olduğunu, ona zarafatla biletin uduşlu olması bildirərək iddia tələbini qəbul etməməsidir. Mülki işin mübahisəli hallının həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.1-ci maddəsinə görə lotereyalar haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir; - 2.0.1-ci maddəsində qeyd edilir ki, lotereya, onun təşkilatçısı tərəfindən lotereya biletlərinin yayılması, lotereya iştirakçıları arasında uduş fondunun (virtual lotereya istisna olmaqla) oynanılması və uduşlu lotereya biletlərinin sahiblərinə uduşların verilməsi (ödənilməsi) yolu ilə keçirilən kütləvi oyundur; -2.0.4-cü maddəsinə əsasən ani lotereya uduşu lotereyanın iştirakçısı tərəfindən lotereyada iştirak hüququnu təsbit edən lotereya bileti əldə etdikdən dərhal sonra digər lotereya iştirakçılarından asılı olmadan müəyyən olunan lotereyanın keçirilməsi formasıdır; -2.0.11-ci maddəsinin tələbinə görə lotereya iştirakçısı -18 yaşına çatmış, könüllü şəkildə lotereyada iştirak edən lotereya biletinin sahibidir; -7.1-1-ci maddəsinin mahiyyətindən aydın olur ki, Qanunun 7.1-ci maddəsində sadalanan məlumata əlavə olaraq, lotereyanın uduş fondu haqqında məlumat (əgər tətbiq olunursa); lotereyanın uduş fondunun oynanılması və ya uduşun müəyyən edilməsi şərtləri haqqında məlumat; uduşların verilməsi (ödənilməsi) üçün uduşlu lotereya biletlərinin lotereya təşkilatçısı tərəfindən qəbul müddəti və uduşların verilməsi (ödənilməsi) qaydaları haqqında məlumat; lotereyanın qeydiyyata alınması haqqında məlumat lotereya təşkilatçısının internet səhifəsində əks olunmalıdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində olan məlumata görə onun tərəfindən keçirilən "Qızıl” ani lotereyasının oyun qaydaları aşağıdakı kimidir: - Lotereya biletinin üzərində 6 (altı) ədəd "qızıl külçə” və 1 (bir) ədəd "Bonus Oyunu” xanası əks olunmuşdur. “Üstüörtülü” "qızıl külçə”ləri və “Bonus Oyunu” xanasının qoruyucu səthlərini pozmaq lazımdır. “Üstüörtülü" külçələri pozduqdan sonra, 3 (üç) ədəd eyni məbləğ əks olunarsa, bilet uduşlu sayılır və bilet həmin məbləği qazanmış olur. “Üstüörtülü” "Bonus Oyunu” xanasını pozduqdan sonra işarəsi əks olunarsa bilet uduşlu sayılır və bilet “Bonus Oyunu” xanasının altındakı məbləği qazanmış olur. Örtülü xanaların hər hansı bir başqa kombinasiyası biletin uduşsuz olduğunu göstərir. Toplam uduş - oyun zonasındakı uduş məbləği ilə “Bonus Oyunu" xanasındakı uduş məbləğinin cəmi ilə müəyyən olunur. Satışa buraxılmış lotereya biletlərinin ümumi sayı 15.120.000 (on beş milyon yüz iyirmi min) ədəddir. "Qızıl" ani lotereyası 08 may 2021-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Banı tərəfindən qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi 183-dür. İddiaçı tələbində və məhkəmədə verdiyi izahatında yuxarıda qeyd edilən lotereya üzrə 25000 (iyirmi beş min) manat udduğunu bildirdiyindən, məhkəmə qeyd edir ki, internet səhifəsində olan məlumatdan həmin uduş məbləği təşkil edən biletlərin sayı üç olması müəyyən edilir. Deməli baxılan mübahisə üzrə iddiaçının sübuta yetirməli olduğu hallar: - ilkin olaraq "Qızıl” ani lotereyası üzrə uduş məbləği 25000 (iyirmi beş min) manat təşkil edən üç ədəd lotereya biletindən birinin onun tərəfindən əldə edilməsi; - daha sonra uduşlu olan həmin biletin cavabdehə verilməsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə iddiaçıya mübahisənin araşdırılması zamanı sübuta yetirməli olduğu halların dairəsini izah etmiş, o, isə məhkəməyə tələbinin əsası kimi qeyd etdiyi halların təsdiqi üçün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 10 fevral 2023-cü il tarixli, 4/1587-H-1265 nömrəli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 09 mart 2023-cü il tarixli, AL-05/09-6/416 nömrəli, Naxçıvan Şəhər Prokurorluğunun 12 aprel 2023-cü il tarixli, 5/5-23 nömrəli məktubunu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 aprel 2023cü il tarixli, 8726 nömrəli məktublarını, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 19 aprel 2023-cü il tarixli, 3-13-43/2-1966/2023 nömrəli məktubuna əlavə edilmiş izahatları, Azərbaycan Respublikası Mərkəzi Bankının 28 aprel 2023-cü il tarixli, 6- 1-16/3-4450/2023-cü il tarixli məktubunu təqdim etmiş və Şahid7, Şahid2, Şahid1, Şahid5 və X3 şahid qismində dindirilməsini məhkəmədən xahiş etmişdi. Onun məhkəmə təqdim etdiyi sübutların araşdırlması ilə bağlı məhkəmə bildirir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 10 fevral 2023-cü il tarixli, 4/1587-H- 1265 nömrəli məktubunda iddiaçının arvadı X1 qeyd edilən orqana 30 yanvar 2023-cü ildə müraciət etməsi, bunun əsasında Cavabdeh nazirliyə dəvət olunaraq izahatının alınması, cavabdehin izahatında təxminən 2021-ci ilin avqust ayında Vasifin mağazaya gələrək ona bir lotereya göstərməsi, uduşlu olub-olmamasını soruşması, özünün zarafatla uduşlu olması, 25000 manat udduğunu bildirdikdən sonra İddiaçı mağazadan çıxıb getməsi və lotereya biletini cırması qeyd edilmişdi. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 09 mart 2023-cü il tarixli, AL-05/09-6/416 nömrəli məktubunda qeyd edilir ki, “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1.6-cı maddəsinə görə uduşlu lotereya biletləri üzrə uduşların müvafiq bileti təqdim etmiş şəxsə verilməsini təmin etmək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəzifəsidir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunun 3.4.13cü maddəsinin icrasının təmin edilməsi üçün 3000 (üç min) manatadək (daxil olmaqla) məbləğdə olan uduşlar lotereya biletlərinin satış məntəqələri tərəfindən, ondan böyük məbləğlər isə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən bank vasitəsi ilə ödənilir. Yəni qazanılan uduş 3000 (üç min) manatdan böyükdürsə həmin uduşu götürmək üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Bakı KOB Evi”ində və ya Gəncə şəhərində yerləşən müraciət etmək lazımdır. Naxçıvan Şəhər Prokurorluğunun 12 aprel 2023-cü il tarixli, 5/5-23 nömrəli məktubunda göstərilir ki, İddiaçı daxil olmuş müraciəti üzrə Cavabdeh prokurorluğa dəvət edilərək dinlənilmiş və ona ərazi aidiyyəti üzrə hüquq-mühafizə orqanına müraciət etməsi izah edilmişdi. Cavabdehlə aralarında olan telefon danışıqlarının müəyyən edilməsi ilə bağlı iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 aprel 2023-cü il tarixli, 8726 nömrəli məktubunda qeyd edilir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə, abunə müqavilələrinin şərtlərinə və şirkətimizdə mövcud olan qaydalara əsasən abunəçiyə dair bütün məlumatlar, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna edilməklə, məxfi hesab olunduğuna görə üçüncü şəxslərə təqdim edilmir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinin, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 16-cı, 177-ci, 243-cü və 259-cu maddələrinin tələbləri nəzərə alınmalıdır və şəxsi həyatın toxunulmazlıq hüququnun təmin edilməsi məqsədi ilə telefon danışıqları və başqa məlumatların sirinin saxlanılması yalnız məhkəmə qərarı ilə məhdudlaşdırıla bilər. Eyni zamanda, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 445-ci və 446-447-ci, həmçinin də 449-450-ci maddələrinin tələbləri də nəzərə alınmalıdır və Azərbaycan Respublikasının"Telekommunikasiya haqqında" Qanunun 38-ci maddəsinə əsasən telekommunikasiyada məxfiliyin təmin edilməsi ilə bağlı tələblərə riayət edilməlidir. Göstərilənlərə tərəfinizdən riayət edilmədiyindən müraciətlərinizdə bildirdiyiniz məlumatların təqdim edilməsi ilə bağlı istəyinizin hazırda tərəfimizdən yerinə yetirilməsi mümkün deyildir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 19 aprel 2023-cü il tarixli, 3- 13-43/2-1966/2023 nömrəli məktubuna əlavə edilmiş Cavabdeh izahatından isə görünür ki, onun verdiyi yazılı izahatın məzmunu məhkəmədə verilən izahatdan fərqlənmir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 aprel 2023-cü il tarixli, 6-1-16/3- 4450/2023-cü il tarixli məktubunun ümumi məzmunundan isə görünür ki, lotereyanın qalibləri barədə məlumatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilə bilər. Şahid4 məhkəmədə verdiyi ifadəsində iddiaçının onun baldızı Həqiqətin əri, cavabdehin isə özünün dayısı oğlu olduğunu, özünün Babək rayonu, Qahab kəndində yaşadığını, tərəflər arasında olan lotereya ilə bağlı hər hansı məsələdən xəbərinin olmadığını, ildə bir-iki dəfə baldızının evinə getdiyini, vaxtını dəqiq xatırlamasa da bir gün baldızının onlara zəng etdiyini, həmin vaxt telefonla danışanda ona lotereyadan pul udduğunu eşitdiyini dediyini, Həqiqətin isə cavabında “yalan və şayiədir” dediyini, həmin vaxt Həqiqətlə telefonla danışan zaman Vasifin uca səslə “udsaq sənə də şirinlik verəcəyəm” dediyini, lotereya ilə bağlı söz söhbətin kimin yaydığından məlumatsız olduğunu, özünün bu barədə Rəhmandan nəsə eşitmədiyini, Vasifdən isə “mən lotereyadan pul udmuşam” sözünü eşitmədiyini bildirmişdir. Şahid7 məhkəmədə verdiyi ifadəsində iddiaçı ilə əvvəllər həmkəndli olduğunu, cavabdehin isə onun dayısı oğlu olduğunu, bir gün Naxçıvan şəhərində 57 adlanan yerdə Cahan Ticarət Mərkəzinin çıxışında Vasiflə rastlaşdığını, ona “eşitdim pul udmusan” dediyini, bu vaxt Vasifin ona acıqla “nə pul, mən pul udmamışam” cavabını verdiyini, Vasifin ona bu tərzdə cavab verməsinin ona pis gəldiyini, Vasifin lotereyadan pul udmasını kimdən eşitdiyini xatırlamadığını, bunun çoxdan baş verdiyini, xatırladığına görə bunu ağızdan-ağıza eşitdiyini, özünün Rəhmanın mağazasına tez-tez girdiyini, Vasifi də orada tez-tez gördüyünü, Rəhmandan bu barədə söz eşitmədiyini, Vasiflə aralarında həmin söhbətin 2-3 il bundan qabaq olduğunu, həmin vaxt Elbəyinin onlardan aralı olduğunu və həmin söhbəti eşidə bilməyəcəyini qeyd etmişdir. Şahid2 məhkəmədə verdiyi ifadəsində Rəhmanla əvvəl qonşu olsa da hazırda cavabdehin şəhərdə yaşadığını, iddiaçı isə əvvəllər həmkəndli olsa da indi onun da orada yaşamadığını, onların heç biri ilə qohumluq münasibətinin olmadığını, kənddə Vasifi demək olar ki, hamının Qənbəralı deyə çağırdığını, Rəhmanla 5 ildir ki, əlaqəsi olmadığını, tərəflər arasında olan mübahisədən xəbərsiz olduğunu, bir dəfə Naxçıvan şəhərində Cahan Ticarət Mərkəzində Vasiflə rastlaşdığını, həmin vaxt həmkəndlisi İlyasın da orada olduğunu, amma onlar arasında olan söhbəti eşitmədiyini, həmin vaxt özü ilə Vasifin arasında hər hansı bir danışıq olmadığını, bir dəfə Naxçıvan şəhərində Türk məscidinin yanında olanda Vasifin ona yaxınlaşaraq ondan Rəhmanı soruşduğunu, özünün Vasifdən lotereya udması barədə heç nə eşitmədiyini və Rəhmana Babək rayonu, Badaşqan kəndində yerləşən mağazasına getmədiyini bildirmişdir. Şahid5 məhkəmədə verdiyi ifadəsində tərəflərin hər ikisi ilə uzaq qohumluğu olduğunu, özünün isə Babək rayonu, Hacıvar kəndində yaşadığını, təqribən bir il bundan əvvəl Vasifin ona “gəl mənim evimin lambirini vur” dediyini, özünün də onun təklifini qəbul edib evində işlədiyini, Vasifin evində işləyən zaman ona “eşitdim pul udmusan” dediyini, iddiaçının isə ona “şayiədir, yalandır” cavabını verdiyini, Vasifin lotereyadan pul udmasını kimdən eşitdiyini xatırlamadığını, özünün hər hansı uduşlu lotereya bileti görmədiyini, tezdən işləmək üçün evdən çıxdığını, axşam evə gec gəldiyini, Rəhmanın mağazasına ara sıra girdiyini bildirmişdir. Şahid1 məhkəmədə verdiyi ifadəsində Rəhmanın onun anasının xalası oğlu, həmçinin bacısının qaynı olduğunu, tərəflərlə həmkəndli olmaqla uzaq qohumluqlarının olduğunu, özünün ağızdan-ağıza Vasifin lotereyadan 25000 manat pul udmasını eşitdiyini, bu söhbəti konkret olaraq kimdən eşitdiyini xatırlamadığını, Rəhmandan isə belə bir söz eşitmədiyini, Vasifin isə heç vaxt ona lotereyadan pul udduğunu demədiyini, vaxtını dəqiq xatırlamasa da təqribən bir ildən artıq müddət bundan qabaq Cahan bazarında özünün lotereya aldığını, onu pozan zaman Vasifin ora gəldiyini, ona “sən niyə pozursan? 25000 manat udmusan” dediyini, onun isə “25000 manat yox, 25 manat udmuşam, məndə o bəxt hanı ki, 25000 manat udum” dediyini, həmin vaxt özünün Vasifin əlindəki bileti görmədiyini, Vasifin pul udmasını ordan-burdan eşitdiyini, Vasiflə münasibətlərinin normal olduğunu, onun lotereya udması söhbətindən sonra Vasifə zəng etmədiyini bildirmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi şahid ifadələrinin sübut kimi qəbul edilənliyi ilə bağlı məhkəmə qeyd edir ki, onların ifadələri tərəflər arasında olan mübahisənin hüquqi həlli üçün yetərli deyil. Çünki heç bir şahidlərin ifadəsindən aydın olur ki, onların heç biri uduşlu olan lotereya biletini şəxsən görməmiş, ancaq ağızdan-ağıza, mənbəyi məlum olmadan mənbədən İddiaçı lotereyadan uduş əldə etdiklərini eşitmişlər. Hətta Şahid2 ifadəsindən başqa digər şahidlərin ifadələrindən İddiaçı lotereyadan pul udmasını inkar etməsi də müəyyən edilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 104.3-cü maddəsi ilə müəyyən edilir ki, alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. İddiaçının məhkəməyə təqdim etdiyi sübutlardan da göründüyü kimi həmin dəlillər İddiaçı Qızıl” ani lotereyası üzrə uduş məbləği 25000 (iyirmi beş min) manat təşkil edən lotereya biletini əldə edilməsini təsdiq etmir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, onlar arasında olan mübahisənin hüquqi həlli üzrə əsas sübut "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə göndərdiyi 24 may 2023-cü il tarixli, AL-05/09-6/586 nömrəli məktub və ona əlavə edilmiş cədvəldir. Belə ki, həmin məktub və ona əlavə edilmiş cədvəldən görünür ki, "Qızıl” ani lotereyası üzrə 25000 manat məbləğində üç ədəd uduş məbləğini Bakı şəhər sakinləri X5 (21 sentyabr 2021-ci ildə uduş ödənilmiş), X4 (05 noyabr 2021-ci ildə uduş ödənilmiş) və Goranboy rayonu sakini X7 (05 noyabr 2021-ci ildə uduş ödənilmiş) tərəfindən əldə etmişdi. Həmin sənədlərdən həmçinin o da müəyyən edilir ki, X5 uduşlu bileti Bakı şəhəri, 22 saylı poçt şöbəsi, X4 uduşlu bileti Cəlilabad rayonu, Göytəpə şəhəri və X7 uduşlu bileti Goranboy rayonu, Dəliməmmədli şəhərindən əldə etmişdi. Sonuncu qeyd edilən sənəd isə iddiaçının uduş dəyəri 25000 manat təşkil edən lotereya biletinin Naxçıvan Muxtar Respublikası ərazinə təsadüf etməsini və onun Cavabdeh tərəfindən əldə edilməsini təsdiq etməməklə, yanaşı iddiaçının cavabdehə qarşı olan pul tələbinin tam əsassız olmasını deməyə imkan verir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə görə bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 341.1-ci maddəsində qeyd edilir ki, qeyri-ciddiliyin seziləcəyi ümidi ilə qeyri-ciddi (zarafatla) edilmiş iradə ifadəsi etibarsızdır. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə belə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia əsaslı sayılmadığından iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia rədd olunmalı; - İddiaçı Cavabdeh qarşı pul tələbi əsassız sayılmalı; - İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia rədd olunsun. İddiaçı Cavabdeh qarşı pul tələbi əsassız sayılsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar