Məhkəmə qərarları › İş №2(079)-96/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-96/2022

10.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-96/2022 10.03.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 25 yanvar 2022-ci ildə məhkəməyə müraciət edərək Cavabdeh 4150 (dörd min bir yüz əlli) manat pulun və ödənilmiş 62 (altmış iki) manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, mən Babək rayonu, Yuxarı Uzunoba kəndində yaşayıram. Ailə təsərrüfatımda iri və xırda buynuzlu mal-heyvan saxlayıb satmaqla ailəmi dolandırıram. 19 oktyabr 2021-ci ildə Babək rayonu, Nehrəm qəsəbə sakini Cavabdeh Yuxarı Uzunoba kəndinə gələrək 4 baş erkək dananı 4150 (dörd min bir yüz əlli) manata razılaşaraq məndən aldı. Pulunu isə razılaşmağımıza əsasən 25 noyabr 2021-ci ilədək ödəyəcəkdi. Həmin vaxtdan bir müddət keçəndən sonra dəfələrlə Cavabdeh zəng vurmaqla, xəbər göndərməklə, şəxsən görüşüb pulumu istəsəm də, o, müxtəlif bəhanələrlə məni aldadaraq tezliklə borcunu qaytaracağını bildirsə də, bu günədək borcumu verməyib. Mən dəfələrlə polisə və digər orqanlara şifahi müraciət etsəm də, Cavabdeh yenə də yalan vədlərlə qısa müddətdə borcunu qaytaracağını bildirməklə kifayətlənmişdir. Sonuncu dəfə 29 noyabr 2021-ci il tarixdə mənimlə yazılı olaraq razılaşdı ki, 15 yanvar 2022-ci ildə mənə olan 4150 (dörd min bir yüz əlli) manat borcunu qaytaracaq. Lakin keçən bu müddət ərzində cavabdeh götürdüyü öhdəliyi icra etməmiş və borcundan heç bir ödəniş etməmişdir. Hətta danaları apararkən etibarımızı qazanmaq üçün şəxsiyyət vəsiqəsini də bizə vermişdi. İddiaçı məhkəmədə verdiyi izahatında iddia ərizəsində qeyd etdiklərini bildirməklə yanaşı, heyvanların özünün olduğunu, onların satılması ilə bağlı internetdə elan yerləşdirdiyini, cavabdehin də heyvanları satmasını elə bu vasitə ilə öyrəndiyini, heyvanları alınması üçün 4 nəfərin gəldiyini, onlardan ancaq Novruzun adını bildiyini, onların nisyə alqı-satqısına cavabdehin ona şəxsiyyət vəsiqəsini verdikdən sonra razılaşdığını qeyd edərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir Mülki iş materiallarını tədqiq edən və işdə iştirak edən şəxsin izahatını dinləyən məhkəmə müəyyən edir ki, iddiaçının cavabdehə 19 oktyabr 2021-ci ildə 4 baş erkək dananı nisyə satması və bunların ümumi olaraq 4150 (dörd min bir yüz əlli) manat qiymətləndirilməsi mülki işin mübahisəsiz hallarıdır. Qeyd edilənlərin işin mübahisəsiz halları olması iddia ərizəsinə əlavə edilmiş, iddiaçının tələbinin əsası kimi sübut olaraq iddia ərizəsində qeyd etdiyi və məhkəmə tərəfindən 25 yanvar 2022-ci il tarixli, 2(079)-96/2022 nömrəli məktubla cavabdehə göndərilmiş, tərəflər arasında 29 noyabr 2021-ci ildə bağlanmış yazılı razılaşma ilə müəyyən edilir. İddiaçının tələbi isə özünün cavabdehə satdığı 4 baş erkən dananın dəyərinin Cavabdeh alınaraq ona verilməsidir. İşin mübahisəli halını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin iddia tələbini əsaslı sayması ilə bağlı istinad etdiyi sübut iddiaçının məhkəməyə təqdim etdiyi və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübut olan tərəflər arasında borca dair bağlanmış yazılı razılaşmadır. Həmin sənəddən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla öncə onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri olmuş və onlar arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Belə ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ilə Cavabdeh arasında 29 noyabr 2021-ci ildə mövcud borcun etirafı haqqında mücərrəd müqavilə imzalanıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında 29 noyabr 2021-ci ildə bağlanmış borcun etirafı haqqında müqavilədən aydın olur ki, İddiaçı 19 oktyabr 2021ci ildə Cavabdeh 4 baş erkək dana satmış və nəticədə cavabdehin iddiaçıya 4150 (dörd min bir yüz əlli) manat məbləğində borcu yaranmış, Cavabdeh həmin borcu 15 yanvar 2022-ci ildə ödəməyi öhdəsinə götürmüşdü. Öhdəliyin icrasını sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda İddiaçı ilə Cavabdeh arasında 29 noyabr 2021-ci il tarixdə bağlanmış müqavilə üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də, o bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 29 noyabr 2021-ci il tarixli razılaşmadan isə aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi yerinə yetirməməyə görə məsuliyyətdən azad edilməmişdir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iddia ərizəsinə əlavə edilmiş və tərəflər arasında bağlanmış yazılı razılaşmada 4150 (dörd min bir yüz əlli) manat məbləğində borcunun qalması qeyd edilib. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun 61,50 (altmış bir manat əlli qəpik) manat miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - Cavabdeh 4150 (dörd min bir yüz əlli) manat məbləğində borc pul alınaraq İddiaçı verilməli; - Cavabdeh 61,50 (altmış bir manat əlli qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 4150 (dörd min bir yüz əlli) manat məbləğində borc pul alınaraq İddiaçı verilsin. Cavabdeh 61,50 (altmış bir manat əlli qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar