Məhkəmə qərarları › İş №2(079)-97/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-97/2022

14.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-97/2022 14.03.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 25 yanvar 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1600 (bir min altı yüz) manat borc məbləğinin və 37 (otuz yeddi) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, Cavabdeh 2021-ci ilin noyabr ayının 16-da yaşadığım Nəzərabad kəndinə gələrək satmaq istədiyim bir yanı balalı və bir qarnında balası olan inəkləri 1600 manata razılaşıb məndən aldı. Həmin vaxt mənim, qonşum X1 və Cavabdeh iştirakı ilə akt tərtib etdik. Cavabdeh mənə yazılı şəkildə söz verdi ki, alınmış inəyin pulunu dekabr ayının 17-dək qaytaracağam. Nəzərabad kənd İcra nümayəndəsinin müavini X3 tərəfindən tərtib edilmiş 16.11.2021-ci il tarixli akt ilə Telman şahidlərin iştirakı ilə mənim qarşımda yazılı öhdəlik götürərək mənə 1600 (bir min altı yüz) manat borcunun olduğunu etiraf edərək 1600 manat pul borcunu 17 dekabr 2021-ci il tarixinədək mənə qaytaracağına yazılı şəkildə söz vermişdir. Həmin borc puldan bugünədək özümə bir manatını qaytarmamışdır. Dəfələrlə Telmana mənə borclu qaldığı 1600 (bir min altı yüz) manat pul borcunu geri qaytarmasını ondan tələb etsəm də cavabdeh bu günədək borcunun mənə qaytarılması ilə bağlı heç bir addım atmır və hər dəfəsində müxtəlif bəhanələrlə mənə ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırdır. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişəm. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehi əvvəllər tanımadığını, qızının təhsil aldığı müəssisənin haqqını ödəmək üçün pula ehtiyacı olduğundan qarnında balası olan yanı balalı inəyi satmaq istədiyini, həmin ərəfədə yaşadığı evin küçəsində səyyari satıcının yanındakı bir nəfərdən mal-qara almaq istədiyi barədə eşitdiyini, ona malını təklif etdiyini, həmin adamın sonradan onun kimi onlarla adamı aldadıb borcunu qaytarmayan Nehrəm kənd sakini Cavabdeh olduğunu öyrəndiyini, Telmana malı göstərdikdən sonra ondan malı neçəyə satacağını soruşduğunu, 1600 manata razılığa gəldiklərini, qiymətdə razılaşdıqdan sonra malı nisyə götürmək istədiyini, özünün adlı-sanlı, hamının etibar etdiyi biri olduğunu, pulu uzağı bir aya qaytaracağını bildirdiyini, insanlıq naminə yazılı öhdəlik götürəcəyi şərtilə malın pulunu 1 ay sonra, yəni dekabr ayının 17-si qaytaracağı barədə razılığa gəldiklərini, qonşusu X1 maşını ilə Nəzərabad kənd İcra Nümayəndəliyinə getdiklərini, orada İcra Nümayəndəsinin müavini X3 tərəfindən akt tərtib olunduğunu, aktı məhkəməyə təqdim etdiyini, aktın özü, X4 və Cavabdeh tərəfindən imzalandığını, oradan birbaşa evinə gəldiklərini, yolda olarkən Telmanın malı aparmaq üçün maşın çağırdığını, onlar evə çatanda maşının artıq həyətdə olduğunu, malı yanındakı balası ilə birlikdə qonşusu Paşayev Hüseynin və öz həyat yoldaşının köməkliyi ilə maşına mindirdiklərini, bundan sonra razılaşdıqları vaxt çatana qədər cavabdehi narahat etmədiyini, dekabr ayının 17-si zənglərinə cavab vermədiyindən Babək rayon Polis Şöbəsinə, sonra isə məhkəməyə müraciət etdiyini, bugünədək cavabdehin borcundan bir qəpik belə qaytarmadığını, iddia ərizəsində texniki səhvlik olaraq “bir yanı balalı və bir qarnında balası olan inək” satdığını qeyd etdiyini, “qarnında balası olan yanı balalı inək” kimi nəzərə alınmasını və sözügedən hallar nəzərə alınmaqla iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olancavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş, ünvan sahibinin imtina etməsi, daha sonra isə cavabdehin həmin ünvanda yaşamaması səbəbindən sənədlər məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 137.1-ci maddəsinə əsasən məhkəmə sənədlərinin ünvanlandığı şəxs qanuni əsas olmadan onları qəbul etməkdən imtina edərsə, məhkəmə sənədləri verildiyi ünvanda qalmalıdır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. MPM-in 137.2-ci maddəsinə əsasən ünvan sahibi və ya digər şəxs məhkəmə bildirişini qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs məhkəmə bildirişində müvafiq qeydlər etdikdən sonra onu məhkəməyə qaytarır. Bu halda məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab olunur. MPM-in 137.3-cü maddəsinə əsasən məhkəmə bildirişinin ünvan sahibi tərəfindən qəbul edilməsindən imtina barədə qeyd onun yaşayış yeri üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir. Məhkəməyə geri qaytarılmış sənədlər ünvan sahibi tərəfindən qəbulundan imtina edilməsinin təsdiq edilməsi üçün yerli özünüidarə orqanına göndərilmişdir. MPM-in 137.4-cü maddəsinə əsasən məhkəmə bildirişinin ünvanlandığı şəxs tərəfindən həmin sənədləri qəbul etməkdən imtina edilməsi işə baxılması üçün və ya ayrı-ayrı prosessual hərəkətlərin edilməsi üçün maneə deyildir. MPM-in 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin məcəllənin 135.5-ci maddəsinə əsasən məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin məcəllənin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Sözügedən halları nəzərə alan məhkəmə işə cavabdehin iştirakı olmadan və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında baxmağı mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ifadə verən şahid X4 ifadəsində iddiaçı ilə qonşu olduğunu, 2021-ci ilin 16 noyabr tarixində işə getmək üçün evdən çıxarkən İddiaçı ona malı tanımadığı birinə nisyə satmaq istədiyini bildirdiyini, onun da Məhərrəmə İcra Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə yazılı ərizə verdikdən sonra satmasını məsləhət gördüyünü, özünün şəxsi maşını ilə iddiaçı və cavabdehlə birlikdə Nəzərabad kənd İcra Nümayəndəliyinə getdiklərini, İcra Nümayəndəsinin müavini X3 tərəfindən alğı-satqı barədə akt tərtib olunduğunu, aktın özü, İddiaçı və Cavabdeh tərəfindən imzalandığını, orada 1 baş yanı balalı inəyə görə 1600 manat pulun 1 ay sonra, 17 dekabr tarixində qaytaracağına dair razılığa gəldiklərini, bundan sonra iddiaçının evinə qayıtdıqlarını, onlar evə çatanda cavabdehin yolda olarkən zəng edib çağırdığı üstü açıq qazelin də həyətə çatdığını, iddiaçının həyat yoldaşı, iddiaçı və cavabdehlə birlikdə inəyi və balasını maşına qoyduqlarını, inəyin balasını şəxsən özünün tək qaldırıb maşının arxasına qoyduğunu, bundan sonra Məhərrəmin dediyinə görə pulun qaytarılmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında ifadə verən şahid X3 ifadəsində özünün Nəzərabad kənd İcra Nümayəndəsinin müavini olduğunu, gününü dəqiq xatırlamadığı 2021-ci ilin noyabr ayında Nəzərabad kənd sakinləri İddiaçı, Paşayev Hüseyn və tanımadığı bir şəxsin icra nümayəndəliyinə gəldiklərini, Məhərrəmin ona Nehrəmli Cavabdeh nisyə mal satmaq istədiyini və bunu yazılı şəkildə aktlaşdırmağa köməklik etməyini xahiş etdiyini, ona 1 baş yanı balalı inəyi 1600 manata satmaq barədə razılaşdıqlarını, cavabdehin dekabr ayının 17-si malın pulunu tam şəkildə qaytaracağını bildirdiklərini, köməklik üçün iki nüsxədə həmin məzmunda iddiaçı, cavabdeh və Paşayev Hüseynin iştirakı ilə akt tərtib etdiyini, aktı İddiaçı, Cavabdeh və Paşayev Hüseynin imzaladığını, aktın bir nüsxəsini iddiaçıya, bir nüsxəsini isə cavabdehə verdiyini bildirmişdir. Mülki iş materiallarını iddiaçının izahatı, şahid ifadələri və yazılı sübutlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə MPM-in 218.1-ci maddəsinə müvafiq olaraq tərəflərin hansı hüquqi münasibətdə olmalarının müəyyən edilməsi tələbinə müvafiq olaraq qeyd edir ki, tərəflər arasında alğı-satqı hüquq münasibətlərindən irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur (329.3-cü maddə). MM-in 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə alğı-satqı müqaviləsi üçün forma şərti nəzərdə tutulmamışdır və müəyyən olunur ki, müqavilə tərəfləri arasında əqdin şifahi formasından istifadə edilmişdir. MM-in 568-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. MM-in 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında hərtərəfli tədqiq olunaraq qanunla nəzərdə tutulmuş qaydada qiymətləndirilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı alğı-satqı müqaviləsindən irəli gələn öhdəliyini lazımınca icra edərək 1 (bir) baş yanında balası olan inəyi Cavabdeh vermişdir. MM-in 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-in 425-ci maddəsindən məlum olur ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla və lazımınca yerinə yetirmələridir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki iş üzrə məhkəmə icraatı gedişində cavabdeh tərəfindən alğı-satqı müqaviləsi üzrə razılaşdırılmış pul məbləğinin (qiyməti) satıcıya ödənilməsini təsdiq edən heç bir etiraz və bu etirazın əsasında duran halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. İddia ərizəsinə əlavə olunmuş 16 noyabr 2021-ci il tarixdə aktda göstərilmişdir ki, biz Nəzərabad kənd sakini İddiaçı, X4 və Nehrəm kənd sakini Cavabdeh bu aktı tərtib edirik ondan ötrü ki, Nehrəm kənd sakini Cavabdeh, Nəzərabad kənd sakini İddiaçı 1 (bir) baş yanı balalı inəyi 1600 (bir min altı yüz) manata almışdır. Alınmış inəyin pulunu dekabr ayının 17-si gününə verəcəyinə dair söz vermişdir. Akt düzgündür, imzalarla təsdiq edirik. Akt 2 (iki) nüsxədən ibarət tərtib olundu. Akt İddiaçı, H.İ.Paşayev, Cavabdeh tərəfindən imzalanmışdır. MM-in 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. MM-in 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğunluğunu və məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edildiyini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı 1600 (bir min altı yüz) manat alğı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh 1600 (bir min altı yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman "xxxx" ASC-nin Naxçıvan filialına 24.01.2022-ci il tarixdə 1499 nömrəli qəbzlə ödənilmiş 36 (otuz altı) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 1600 (bir min altı yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman "xxxx" ASC-nin Naxçıvan filialına 24.01.2022-ci il tarixdə 1499 nömrəli qəbzlə ödənilmiş 36 (otuz altı) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar