Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-313/2025 28.01.2026 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X13 iclas katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi-vəkili Vəkilnın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı barışıq sazişinin etibarsız hesab edilməsi, ona dair hüquqi nəticələrin ləğvi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı barışıq sazişinin etibarsız hesab edilməsi, ona dair hüquqi nəticələrin ləğvi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixdə mənimlə Cavabdeh arasında mediasiya prosesində bağlanmış MŞN/25-R-01456 nömrəli barışıq sazişinin etibarsız hesab olunması və ona dair bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 01 iyul 2014-cü il tarixdə X14 anadan olmuşdur. Ailə münasibətləri normal olmadığından nikahları Naxçıvan şəhər Məhkəməsinin 07 mart 2018-ci il tarixli 2(078)-294/2018 nömrəli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən 01 iyul 2014-cü il təvəllüdlü X5 atanın yanında saxlanılması müəyyən edilmişdir. O qeyd etmişdir ki, oğlu anadangəlmə əlildir, orqanizm funksiyalarının 50% pozulmasına görə ona müddətsiz əlillik təyin edilmişdir. Uşaq özü-özünü idarə edə bilmir, mütəmadi qulluq və baxıma ehtiyacı vardır. Ata 7 il ərzində anadan heç bir aliment almadan xəstə övladına qulluq etmiş və onu saxlamışdır. Anası isə bu müddətdə uşaqla maraqlanmamışdır. 2025-ci ilin sentyabr ayında Cavabdeh mediasiyaya müraciət edərək uşağın onun himayəsinə verilməsini istəmişdir. Mediasiya prosesində tərəflər razılığa gəlmiş və 22 sentyabr 2025-ci il tarixdə MŞN/25-R-01456 nömrəli barışıq sazişi imzalanmışdır. Həmin sazişə əsasən, 01 iyul 2014-cü il təvəllüdlü X5 ananın yanında qalması və atanın Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə uyğun olaraq uşağın yetkinlik yaşına çatana qədər hər ay 230 manat sabit pul məbləğində aliment ödəməsi razılaşdırılmışdır. İddiaçı bildirmişdir ki, cavabdeh onu aldadaraq barışıq sazişi bağlandıqdan 16 gün sonra – 08 oktyabr 2025-ci il tarixdə uşağı özü ilə Bakı şəhərinə aparmışdır. Uşaq 26 gün anası ilə Bakı şəhərində yaşamışdır. Bu müddət ərzində cavabdeh uşağa təyin olunmuş sosial müavinət ödənişlərini öz adına keçirmiş, lakin 04 noyabr 2025-ci il tarixdə uşağı təkbaşına təyyarə ilə yenidən atanın yanına göndərərək ona baxa bilməyəcəyini bildirmişdir. X1 atası ilə birlikdə yaşayır. İddiaçı hesab edir ki, tərəflər arasında bağlanmış 22 sentyabr 2025-ci il tarixli MŞN/25-R-01456 nömrəli barışıq sazişi əsassız və qanunsuzdur, faktiki olaraq icra olunmur. O, həmçinin qeyd etmişdir ki, yetkinlik yaşına çatmayan uşağın yaşayış yerinin müəyyən edilməsi və hansı valideynin himayəsinə verilməsi məsələsi Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun qaydada, uşağın üstün mənafeyi əsas götürülməklə həll edilməlidir. Uşağın yaşı və psixoloji inkişaf səviyyəsi nəzərə alınaraq onun fikri öyrənilməli, xüsusilə 10 yaşına çatmış uşağın rəyi mütləq nəzərə alınmalıdır. Bu zaman psixoloqun və qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı təmin edilməlidir. Lakin barışıq sazişi bağlanarkən icra hakimiyyətinin qəyyumluq və himayəçilik orqanı mediasiya prosesinə cəlb edilməmiş, uşağın fikri öyrənilməmişdir. Cavabdeh həmin vaxt ataya yalan vədlər verərək uşağa lazımi qayğı göstərəcəyini bildirmişdir. Nəticədə bağlanmış barışıq sazişi icra olunmamışdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı 22 sentyabr 2025-ci il tarixli MŞN/25-R-01456 nömrəli barışıq sazişinin etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştriak etmiş Cavabdeh izahatında bildirmişdir ki, uşağı atasının yanına göndərmişdir. Valideynlər ayrı yaşasalar da, o, uşağı ilə daim maraqlanmışdır. 2021–2025-ci illər aralığında uşaq cəmi bir dəfə müalicə olunmuşdur. Uşağın müalicə alması üçün onu iddiaçının yanına göndərmişdir. Bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edəcəyini qeyd etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barəsində rəsmi qaydada məlumat verilsədə o məhkəmə iclasında gəlməmişdir, lakin cavabdeh məhkəməyə teleqaramla müraciət edərək müəyyən səbəblərə görə bu gün keçirilən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirir və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatı ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflər arasında bağlanmış nikahın pozulması, onların birgə nikahından olan övladları xx.xx.2014-cü il təvəllüdlü X6 atası İddiaçı yanında saxlanılması, mediasiya prosesində tərəflər arasında uşaqla ünsiyyət qaydasının müəyyən olunması ilə bağlı razılığın əldə olunması, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin könüllü icrasından imtina olunması işin mübahisəsiz hallarıdır. Belə ki: - Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş AZ-İN seriyalı, 202128 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflər arasında bağlanmış nikahın xx.xx.2018-ci ildə ləğv edilməsi və bunun nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 39 nömrə ilə qeyd edilməsi; - Naxçıvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ N seriyalı, 081121 nömrəli doğum haqqında şəhadətnamənin təstiq olunmuş suərətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə X6 dünyaya gəlməsi; xx.xx.2022-ci il tarixlı çıxarışdan görünür ki, sənəd Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin NMR Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmişdir. Qərarın nömrəsi 8G13M2D0001, tarixi isə xx.xx.2022-ci ildir. X3 (xx.xx.2014-cü il təvəllüdlü) barəsində qəbul edilmişdir. Qiymətləndirmə uşaqlarda sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına əsasən aparılmışdır. Rəyə əsasən diaqnoz: qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu (F70.1) – yəni yüngül dərəcəli əqli gerilik (İQ 50–69) kimi göstərilmişdir. Həmçinin sənəddə orqanizm funksiyalarının pozulma faizi təxminən 50% (İİ dərəcə) qeyd olunmuşdur. Qərara əsasən şəxsə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və tibbi-sosial yardım və reabilitasiya tədbirləri (ixtisaslaşmış müalicə) təyin olunmuşdur. Müddət “müddətsiz” göstərilmişdir. xx.xx.2022-ci il tarixlı qərardan görünür ki sənəd Y.Budaqov adına Naxçıvan MR X11 tərəfindən verilmişdir. Bu sənəd ambulator, stasionar xəstənin tibbi kartından çıxarış olub, Çıxarış № 523/2022, yazılma tarixi isə xx.xx.2024-cü ildir. X2 (xx.xx.2014-cü il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan) barəsində tərtib edilmişdir və Naxçıvan Şəhər Poliklinikası PHŞ-yə göndərilmişdir. Sənədə əsasən tam diaqnoz: anadangəlmə əqli zəiflik, debillik səviyyəsində, davranış pozuntusu ilə (F70.1) göstərilmişdir. Qısa anamnezdə xəstənin doğulduqdan sonra xəstə olduğu, erkən psixi-fiziki inkişafının gecikdiyi, müalicələrə baxmayaraq yaxşılaşma olmadığı qeyd edilmişdir. İrsi meyillilik olduğu bildirilmişdir. Psixi vəziyyətinə görə intellekt səviyyəsinin geri qaldığı, yaddaşın zəif olduğu, söz ehtiyatının kasad olduğu, diqqətin davamsız olduğu, sadə riyazi əməliyyatları bacarmadığı, yazıb-oxuya bilmədiyi göstərilmişdir. Davranışının yaşına uyğun olmadığı, emosional-iradi sferanın yetkin olmadığı qeyd edilmişdir. Beləliklə, sənəddə xəstəyə yüngül dərəcəli əqli gerilik (debillik səviyyəsi) və davranış pozuntusu (F70.1) diaqnozu təsdiq edilmişdir. Müalicə həkimi F. Cəfərov tərəfindən imzalanmışdır. - X12 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞN/25-R-01456 nömrəli barışıq sazişindən tərəflərin Cavabdeh haliyədə atanın himayəsində qalan övladı X8 öz himayəsinə götürmək istədiyini və uşağın saxlanılması üçün uşaq yetkinlik yaşına çatana kimi hər ay İddiaçı tərəfindən Qanunvericiliklə nəzərdə tutulan sabit qaydada aliment ödənilməsini xahiş etdiyini bildirdiyi, Təklif mediasiya prosesində müzakirə olunduqdan sonra Cavabdeh və İddiaçı hər ikisinin razılığına əsasən birgə nikahdan 01 iyul 2014-cü ildə doğulmuş X5 Cavabdeh yanında qalması razılığına gəldikləri, .İddiaçı birgə nikahdan 01 iyul 2014-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi onun saxlanılması üçün hər ay Cavabdeh Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sabit pul məbləğində 230 manat aliment ödənilməsi öhdəsinə götürdüyü, Alimentin Cavabdeh təqdim edəcəyi plastik kart hesabına hər ayın 20-dən 25-nə kimi köçüfülmə vasitəsilə ödənilməsi razılığına gəlindiyi, X7 ilkin aliment ödənişinin 2025-cü ilin oktyabr ayının 01dən ödənilməsini öhdəsinə götürdüyü barədə razılşadıqları müəyyən olunur. Məhkəmə iclasında cavabdehin verdiyi izahatdan və hakimin suallarına verdiyi cavablardan nəticəyə gəlmək olur ki, Cavabdeh uşağı atasının yanına göndərdiyini, ayrı qalsalarda uşaqla maraqlandığını, müüalicə olunsun deyə iddiaçının yanına göndərdiyini, təqdim edəcəyi sübutlarının olduğunu qeyd etmişdir, lakin cavabdeh daha sonra keçirilən məhkəmə iclasında iştriak etməmiş və sübut təqdim etməmişdir.. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. . 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 169.1-ci maddəsinə əsasən hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixində imzalanmış Barışıq sazişinin şərtləri Cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, bağlanmış müqavilənin şərtlərinə əsasən Cavabdeh və İddiaçı hər ikisinin razılığına əsasən birgə nikahdan 01 iyul 2014-cü ildə doğulmuş X5 Cavabdeh yanında qalması razılığına gəlirlmişlər və bu öhtəliyi Cavabdeh öz üzərinə götürmüşdür. İş materiallarından və məhkəmə araşdırması zamanı isə müqavilənin digər tərəfi olan Cavabdeh sazişin şərtlərini pozaraq, 04 noyabr 2025-ci il tarixdə X8 Bakı şəhərindən tək başına Naxçıvan şəhərinə təyyarə ilə atası yanına yola salaraq müqavilə şərtlərini əhəmiyyətli şəkildə pozmuşdur. Bu nəinki tərəflərin, həmdə uşağın mənafeyinə ziddir, həmin şərtə əməl olunmaması bu razılaşmanı əhəmiyyətsiz edir. Məhkəmə qeyd edir ki, cavabdeh barışıq sazişi əsasında üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, sazişin icrasından birtərəfli qaydada imtina etmiş və bununla da Mülki Məcəllənin 423.2-ci maddəsinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri də iki tərəfin iradə ifadəsi olan müqavilədir. Cavabdeh qeyd olunan müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədiyindən, müqavilənin tərəfi olan iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olub. Bu səbəbdən də iddiaçı, barışıq sazişinin ləğv edilməsi barədə hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin təsdiqindən imtina edir və ya təsdiqlənmiş sazişi ləğv edə bilər: -355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Barışıq sazişi yalnız tərəflərin mübahisənin predmeti üzərində sərəncam hüququ olduğu hallarda bağlana bilər və bu sazişin məzmunu qanuna zidd olmamalıdır. Əgər barışıq sazişi qəyyumluqda və ya himayədə olan şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə toxunursa, yaxud belə şəxslərin iştirakı olmadan bağlanırsa, məhkəmə həmin sazişi təsdiq etməkdən imtina edir. Qəyyumluq və ya himayəçilik məsələləri üzrə barışıq sazişi bağlanarkən, qəyyumluq və ya himayəçiliyin təyin edilməsi və ya ondan imtina edilməsi yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada, məhkəmə və ya müvafiq orqan tərəfindən həll oluna bilər və tərəflərin sadəcə barışıq sazişi ilə bu hüquqdan imtina etməsi hüquqi nəticə doğurmur. Beləliklə, qəyyumluğa ehtiyac olduğu halda, barışıq sazişi ilə qəyyumluğa müraciət etməmək barədə razılaşma hüquqi qüvvəyə malik deyil və məhkəmə tərəfindən təsdiq edilmir . Azərbaycan Respublikası Məcəlləsinin 36.1. Qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər. Azərbaycan Respublikası Məcəlləsinin 36.2. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) rəyini alır. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər. Həmin Qanunun 26.5-ci maddəsinə əsasən mediator uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) təqdim etməyə borcludur. Həmin Qanunun 33.3-cü maddəsinə görə barışıq sazişi qanuna və bu Qanunun 3.3- cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Uşaq hüquqlarına dair BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6 nömrəli Qərarının 2.2-ci bəndinə əsasən məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, səhhətini, məktəbəqədər və ya ümumi təhsil rejimini hansı valideynə daha çox bağlılığını ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynlə uşağın yaşayış yerləri arasındakı məsafənin uzaqlığını, nəqliyyat vasitələri ilə uşağın aparılması və gətirilməsi müddətlərini, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Həmin Qərarın 10.2-ci bəndinə əsasən qanuni maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasına dair məsələyə baxılarkən Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşağın fikri mütləq nəzərə alınmalıdır. Zərurət olduqda, məhkəmə öz mülahizəsi ilə valideynlərin iştirakı olmadan pedaqoqun iştirakı ilə uşağın dindirilməsini həyata keçirir. Bu zaman “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 12-ci maddəsinin tələblərindən irəli gələrək, özünü dərketmə qabiliyyəti olan, öz fikrini ifadə etməyi bacaran uşağın fikrinə diqqət yetirilməlidir. Qanunda nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Hazırda İddiaçı Cavabdeh qarşı barışıq sazişinin etibarsız hesab edilməsi, ona dair hüquqi nəticələrin ləğvi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixdə mənimlə Cavabdeh arasında mediasiya prosesində bağlanmış MŞN/25-R-01456 nömrəli barışıq sazişinin etibarsız hesab olunması və ona dair bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, qanunvericiliyin tələbinə görə uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini almalı olduğu halda, mediato tərəfindən belə rəy alınmadan mediasiyada tərəflər arasında bağlanılmış barışıq sazişi ilə uşağın ananın yanda saxlanılmasın müəyyən etmişdir. Həmçinin, Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbinə görə 10 yaşına çatmış uşağın öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasına dair məsələyə baxılarkən uşağın fikri mütləq nəzərə alınmalıdır. 7 yaşına çatmış uşağın fikri isə öyrənilə və nəzərə alına bilər. Barışıq sazişinin məzmunundan tərəflər arasında mediasiyada uşağın anası ilə birgə yaşamasına dair barışıq sazişi bağlanarkən xx.xx.2014-cü il təvəllüdlü X6 fikrləri öyrənilməmiş, qəyyumluq və himayə orqanının rəyi alınmamışdır. Məhkəmə hesab edir ki, ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində qoyulmaqla mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair qanuna ziddir və uşağın hüquq və mənafelərinə toxunur. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli qərardadının 35-ci bəndinə görə birincisi, barışıq sazişi bağlayan tərəflər özləri həmin razılaşmanın qüvvəyə minməsi, yəni hüquqi müstəvidə etibarlı bir əqd kimi əmələ gəlməsi üçün onun məhz məhkəmə tərəfindən təsdiq olunmasını razılaşdıra bilərlər (belə razılaşma mediasiyada bağlanan sazişdə də nəzərdə tutula bilər). Yəni, tərəflər sazişi imzalasalar da, razılaşma yalnız məhkəmənin təsdiqindən sonra qüvvəyə minir və hüquqi nəticə yaradır. Bu zaman məhkəmə təsdiqetmə üçün zəruri olan prosessual məsələləri (sazişi imzalayan şəxslərin səlahiyyətlərini, barışığın qanuna zidd olub-olmamasını, üçüncü şəxsin hüquqlarını pozub-pozmamasını və s.) yoxlayır. Həmin xüsusatlar məhkəməyə təqdim olunmuş (görünən) məlumat və sənədlər əsasında aydınlaşdırılır. Təsdiqə mane olan hallar aşkar edilmədikdə barışıq məhkəmə tərəfindən təsdiqlənir. Məhkəmənin barışıq sazişini qərardadla təsdiq etməsi həmin əqdin əmələ gəlməsinin tamamlayıcı ünsürü kimi çıxış edir. Bu halda məhkəmə təsdiqi sazişin yaranmasını (əqdin qüvvəyə minməsini) təmin etməklə yanaşı mülki prosesi tamamlayan (işin icraatına xitam verən) prosessual nəticə əmələ gətirir. İlk növbədə məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış MŞN/25-R-01456 nömrəli barışıq sazişinin müəyyən şərtlərinin cavabdeh tərəfindən icra olunmadığı məhkəmə baxışı zamanı müəyyən edilmişdir. Belə ki, sazişə əsasən xx.xx.2014-cü il təvəllüdlü X6 Cavabdeh yanında qalması razılaşdırılmışdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2025-ci il tarixdə azyaşlı uşağı Bakı şəhərindən Naxçıvan şəhərinə təkbaşına təyyarə ilə atası yanına göndərmişdir. Bu hal cavabdehin üzərinə götürdüyü öhdəliyin faktiki olaraq icra edilmədiyini göstərir.Lakin məhkəmə iddianın təmin edilməsi məsələsinə yalnız müqavilə şərtlərinin pozulması prizmasından deyil, ilk növbədə uşağın hüquq və mənafelərinin qorunması baxımından yanaşmışdır. İş materialları ilə müəyyən edilir ki, Naxçıvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ N seriyalı, 081121 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə X15 anadan olmuşdur. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, 8G13M2D0001 nömrəli qərarına əsasən, X9 orqanizm funksiyalarının təxminən 50% pozulması (İİ dərəcə), F70.1 – yüngül dərəcəli əqli gerilik diaqnozu ilə müddətsiz sağlamlıq imkanlarının məhdudluğu təyin edilmişdir. Y.Budaqov adına Naxçıvan MR X4 xx.xx.2024-cü il tarixli, 523/2022 nömrəli çıxarışında uşağın anadangəlmə əqli zəiflik (F70.1), davranış pozuntusu ilə müşayiət olunan psixi inkişaf geriliyi təsdiq edilmişdir. Bu tibbi sənədlərdən açıq şəkildə görünür ki, söhbət sağlamlıq imkanları məhdud, xüsusi qayğı və nəzarət tələb edən azyaşlı uşaqdan gedir. Belə bir uşağın yaşayış yerinin dəyişdirilməsi, himayəsinin müəyyən edilməsi və valideynlərdən hansının yanında qalması məsələsi adi müqavilə münasibəti kimi deyil, dövlətin xüsusi müdaxilə və nəzarət mexanizmləri ilə tənzimlənən sahədir. “Mediasiya haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini almalıdır. 26.5-ci maddəyə əsasən isə uşağın maraqlarına toxunan barışıq sazişi həmin orqana təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli MŞN/25-R- 01456 nömrəli barışıq sazişi bağlanarkən qəyyumluq və himayəçilik orqanının rəyi alınmamış, uşağın fikri öyrənilməmiş, psixoloq və ya müvafiq mütəxəssis cəlb edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. xx.xx.2014-cü il təvəllüdlü uşaq saziş bağlanarkən artıq 11 yaşında olmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi formaca müqavilə xarakterli olsa da, məzmun etibarilə azyaşlının fundamental hüquqlarına toxunan hüquqi aktdır və bu səbəbdən qəyyumluq və himayə orqanının iştirakı olmadan bağlanması ciddi hüquqi qüsurdur. Bundan əlavə, cavabdehin azyaşlı, sağlamlıq imkanları məhdud uşağı Bakı şəhərindən Naxçıvan şəhərinə təkbaşına təyyarə ilə göndərməsi məhkəmə tərəfindən yalnız müqavilə şərtinin pozulması kimi deyil, uşağın təhlükəsizliyi baxımından ciddi risk kimi qiymətləndirilmişdir. Xüsusi qayğıya ehtiyacı olan, əqli gerilik diaqnozu qoyulmuş azyaşlının müşayiətsiz şəkildə başqa şəhərə göndərilməsi valideyn məsuliyyətinə uyğun davranış hesab edilə bilməz. Bu hal cavabdehin məsuliyyətsizliyini göstərməklə yanaşı, məhz mediasiya mərhələsində qəyyumluq və himayə orqanının cəlb edilməməsinin nə dərəcədə təhlükəli nəticələrə səbəb ola biləcəyini real şəkildə ortaya qoymuşdur. Əgər mediasiya prosesində qəyyumluq və himayəçilik orqanı cəlb edilmiş olsaydı, uşağın psixoloji vəziyyəti, sağlamlıq durumu və təhlükəsizlik amilləri kompleks şəkildə qiymətləndirilər, belə riskli vəziyyətin yaranmasının qarşısı alınardı. Məhkəmə belə qənaətə gəlir ki, iddianın təmin edilməsinin əsas səbəbi yalnız müqavilə şərtlərinin pozulması deyil. Əsas səbəb barışıq sazişinin bağlanması mərhələsində uşağın hüquq və qanunla qorunan mənafelərinin pozulması, qəyyumluq və himayə orqanının qanunla tələb olunan iştirakının təmin edilməməsi və uşağın fikrinin nəzərə alınmamasıdır. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, MŞN/25-R-01456 nömrəli barışıq sazişi uşağın üstün mənafeyi prinsipi pozularaq bağlanmışdır və bu səbəbdən onun etibarsız hesab edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23- 355-26, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixində bağlanmış MŞN/25-R- 01456 nömrəli Barışıq sazişi etibarsız hesab edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı qaytarılsın. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-313/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-313/2025
28.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver