Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № 2(088)-76/2024 08.05.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Mən, Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu İddiaçı X1, Cavabdeh qarşı miras qalmış əmlakın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı X1 nümayəndəsi Nümayəndə 06 may 2024-cü il tarixdə iddia ərizəsi ilə Sədərək Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixində iddiaçının vəfat etmiş mərhum oğlu X3 miras qalmış əmlakın iddiaçı tərəfindən qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 149-cu və 150-ci maddələrinin yeni redaksiyasının tələblərinə riayət edilməmiş, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-ci maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində qeyd edilməli və həmçinin cavabdehə təqdim etmək üçün sübutların siyahısının surətləri iddia ərizəsinə əlavə edilməmişdir. Əlavə olaraq mübahisənin düzgün həll edilməsi üçün zəruri olan sənədlər yəni mərhumun ölüm haqqında şəhadətnaməsinin sürəti, cavabdehin yaşayaş yeri barədə arayışı və miras əmlakına dair heç bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir və əlavə olaraq bildirilir ki, işə mahiyyəti üzrə xüsusi icraat qaydasında baxılmalıdır. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciət edənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Bu baxımdan 16 oktyabr 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarında vurğulanmışdır ki, məhkəmələr mülki işə baxarkən hər kəsin məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüquqlarını səmərəli və əlçatan vasitələrlə təmin edərək ədalət mühakiməsini qanunvericiliklə müəyyən edilmiş xüsusi prosessual icraat qaydasında həyata keçirməlidirlər. Mülki məhkəmə icraatı qaydasında baxılan işlərin əksəriyyəti iddia icraatı qaydasında baxılır. İddia icraatı məhkəmənin maddi hüquq münasibətindən irəli gələn mübahisə üzrə mülki işə prosessual hüquq normaları əsasında baxılmasında və həll edilməsində ifadə edilən fəaliyyətidir. İddia icraatının başlanılması iddia hüququnun realizəsi ilə həyata keçirilir. Məhkəmədə iddia icraatı qaydasında mülki işin başlanması üçün əsas olan iddia ərizəsidir ki, onun vasitəsilə fiziki və ya hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və təsdiqi üçün məhkəməyə müraciət edir. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə uyğun olaraq, iddia ərizəsində iddiaçının tələbi, habelə tələbini əsaslandırdığı hallar göstərilməlidir. İddiaçının tələbi dedikdə, onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələb başa düşülür. İddia tələbinin əsaslandırıldığı hallar isə iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlar və hüquq normalarıdır. Göstərildiyi kimi, mülki mühakimə icraatında fiziki və hüquqi şəxslər arasında yaranmış mübahisələr, bir qayda olaraq, iddia icraatı qaydasında həll edilir. Lakin bir sıra hallarda heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən hüquq və mənafelərin mülki məhkəmə icraatı qaydasında müəyyən və ya təsdiq edilməsinə zərurət yaranır. Prosessual qanunvericilik bu kateqoriya işlərə baxılmasının xüsusi qaydasını müəyyən edir və onu xüsusi icraat adlandırır. Xüsusi icraat qaydasında hüquq haqqında mübahisənin mövcud olmadığı mülki işlərə baxılır. Bu səbəbdən bu cür işlərdə tərəflər (iddiaçı, cavabdeh) və üçüncü şəxslər deyil, yalnız ərizəçi və maraqlı şəxslər iştirak edir. Məhkəmədə xüsusi icraat qaydasında işin qaldırılması səlahiyyəti məhdud şəxslərə məxsus olur. Mülki prosessual qanunvericilikdə xüsusi icraat üçün müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, xüsusi icraat işlərinə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 306.1-ci maddəsi). Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi hüquqi faktlardan asılıdır. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi də hüquqi əhəmiyyəti olan fakt olduğundan belə işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsi). Əgər notariat orqanı miras əmlakın qəbul edilməsi faktının və ya vərəsəliyin açılma yerinin müəyyən olunması ilə bağlı şəhadətnamə verməkdən imtina edərsə, o halda ərizəçi xüsusi icraat qaydasında bu faktların məhkəmə qaydasında müəyyən edilməsi üçün ərizə ilə müraciət edə bilər. Yuxarıda göstərildiyi kimi, müracətdə mirasın qəbul edilməsi faktının müəyyən edilməsinin Mülki Prosessual Məcəllənin 307-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan işlər sırasına aid edildiyinə istinad edilərək, miras əmlakın vərəsələr tərəfindən qeyri-formal üsulla qəbulu halında maraqlı şəxslərin həmin əmlak hesabına mənafelərinin təmin edilməsi ilə bağlı iddialarına baxılmasının prosessual qaydasının qanunvericilikdə nəzərdə tutulmadığı göstərilmişdir. Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə iddia ərizəsi məhkəməyə göndərilərkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Nümayəndə X5 Branch filialı vasitəsi ilə 25 aprel 2024-cü il tarixli ********* əməliyyat nömrəli, 30652 saylı qəbzə əsasən ödədiyi 100 (bir yüz) manat dövlət manat dövlət rüsumu geri qaytarılmaılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarılarsa dövlət rüsumu da qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149,152.1.1, 152.2, 152.3, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı X1, Cavabdeh qarşı miras qalmış əmlakın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçı X2 geri qaytarılsın. Nümayəndə tərəfindən X5 Branch filialı vasitəsi ilə 25 aprel 2024-cü il tarixli ********* əməliyyat nömrəli, 30652 saylı qəbzə əsasən ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu ğzünə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sədərək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №2(088)-76/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №2(088)-76/2024
08.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver