Məhkəmə qərarları › İş №2(088)-91/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №2(088)-91/2024

21.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № 2(088)-91/2024 21.06.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Mən, Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı maneələrin aradan qaldırılması və “N” saylı hərbi hissənin ona məxsus əmlkakdan çıxarılması tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı 20 iyun 2024-cü il tarixdə iddia ərizəsi ilə Sədərək Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətinə törədilən maneələrin aradan qaldırılmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin ona məxsus Sədərək rayon “Dəhnə ərazisində” yerləşən 5000 kv.m torpaq sahəsində olan “Mebel Fabriki” ərazisindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 149-cu və 150-ci maddələrinin yeni redaksiyasının tələblərinə riayət edilməmiş, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-ci maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində qeyd edilməli və həmçinin cavabdehə təqdim etmək üçün sübutların siyahısının surətləri, iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); göstərilməlidir. İddia ərizəsindən görünür ki, cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən heç bir məlumat və yazışmaların aparılması üçün dəqiq ünvan qeyd edilməmişdir. Belə ki, iddiaçı “N” saylı hərbi hissənin ona məxsus olan “Dəhnə ərazisində” yerləşən 5000 kv.m torpaq sahəsində olan “Mebel Fabriki” ərazisindən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etsədə lakin, həmin ərazinin və mebel fabrikinin harada və hansı ünvanda olmasını və ən nəhayət “N” saylı hərbi hissənin əsas cavabdeh kimi tanınması ilə bağlı heç bir fakt və hallar göstərməmiş, həmin mebel fabrikinin “N” saylı hərbi hissə tərəfindən zorla zəbt edilməsini təsdiq edən hər hansı sənədlərin olması müəyyən edilməmişdir. Əlavə olaraq məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2024-cü il cavabından görünür ki, İddiaçı müraciəti baxılması üçün ərazi aidiyyatı üzrə Müdafiə Nazirliyinin Naxçıvan Qrnizonu Mənzil-istismar idarəsinə göndərilmişdir. Lakin həmin mənzil-istismar idarəsi ilə iddiaçı arasında hər hansı mübahisənin olması barədə də heç bir sübut əlavə olunmamışdır. Belə ki, iddiacı pretenziya qaydalarına da riayət etməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən aydın olur ki, iddiacı yalnız sənədlərin surətlərini iddia ərizəsinə əlavə etmiş və sənədlərin əslləri və yaxud notariat qaydada təsdiq edilməmişdir. Əlavə olaraq sənədlərin surətlərinin cavabdehə təqdim etmək üçün də iddia ərizəsinə əlavə olunmamışdır. Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və həmin məcəllənin 152.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə iddia ərizəsi məhkəməyə göndərilərkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı Kapital Bankın Baş Ofisi vasitəsi ilə 10 iyun 2024-cü il tarixli ********* əməliyyat nömrəli, 27785 saylı qəbzə əsasən ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılmaılıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149,152.1.1, 152.2, 152.3, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı maneələrin aradan qaldırılması və “N” saylı hərbi hissənin ona məxsus əmlkakdan çıxarılması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı tərəfindən Kapital Bankın Baş Ofisi vasitəsi ilə 10 iyun 2024-cü il tarixli ********* əməliyyat nömrəli, 27785 saylı qəbzə əsasən ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sədərək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar