Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-12/2025 10.02.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan avtomobilə vurmuş olduqları ziyanın əvəzinin 6000 manatın və iş üzrə ödənilmiş 80 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 08 iyun 2023-cü il tarixində ona məxsus olan 99XB784 dövlət nömrə nişanlı, buraxılış ili 2007 olan safari rəngli “Daf yük” markalı avtomobili İran yolunda xarab olmuşdur. Avtomobili aşağı sürətlə sürücü X1 gətirmiş, 19 iyun 2023-cü il tarixdə Cavabdeh1 zəng etmiş, avtomobilin vəziyyətini demiş və təmir etməsini xahiş etmişdir. Rza hal-hazırda əlində başqa işlərinin olduğunu demiş və bir neçə günədək avtomobilə baxmaq üçün gələcəyini bildirmişdir. Nazim 23 iyun 2023-cü il tarixdə təkrar Rzaya zəng edərək yük nəqliyyat vasitəsinə baxmaq üçün gəlməsini xahiş etmiş, o isə nəqliyyat vasitəsinin saxlanıldığı yerə gələ bilməyəcəyini, avtomobili Yaycı kəndinə gətirməsini bildirmişdir. Nazim evakuator vasitəsilə avtomobili Yaycı kəndinə aparmışdır. Rza dəfələrlə Nazimi yanına çağırmasına baxmayaraq avtomobili təmir edə bilməmiş, Nazimə “maşının sürətlər qutusunda problem yoxdur, problem maşının beynindədir” demişdir. Avtomobilin beyninin naqillərini qıraraq televizor ustası çağırmış və naqilləri birbaşa payat elətdirmiş, yenə də avtomobili idarə etmək mümkün olmamışdır. Rza Nazimə “bu beyin işləmir, Bakıya apar, təmir elətdir” demiş, Nazim də avtomobilinin beynini Bakıya aparmış, ustaya göstərmiş, usta ona “bu beyin payat olunduqdan sonra tamamilə yararsız vəziyyətə düşüb, artıq istifadə oluna bilməz” demişdir. Nazim də məcbur qalmış, başqa avtomobil beyni almış, Naxçıvana gətirmiş, 19 iyul 2023-cü il tarixdə Rzaya vermiş, Rza Nazimə “bu işləmir, apar yoxlat, gətir” demişdir. Nazim artıq Rzanın avtomobili düzgün təmir etməyəcəyini görmüş və avtomobili Yaycı kəndindən Naxçıvan şəhərinə aparmışdır. Rza Nazimdən gördüyü işlərin qarşılığında 350 manat almışdır. Nazim yük avtomobilini ustaya yoxlatmaq üçün aşağı sürətlə Bakı şəhərinə aparmış, Bakıda avtomobil kompüterə salınmış, orada məlum olmuşdur ki, problem avtomobilin sürətlər qutusundadır. Sürətlər qutusunun ehtiyat hissəsi qaynaq olunduğu üçün, həmin yerdə çat əmələ gəlmiş və sürətlər qutusundan istifadə edilən yağ boşalmış, bu da avtomobilinin sürətlər qutusunun bütün ehtiyat hissələrinin sıradan çıxmasına səbəb olmuşdur. Rzanın avtomobili yanlış təmir etməsi nəticəsində Nazimə ümumilikdə 6000 manata yaxın ziyan dəymişdir. Cavabdeh dəymiş ziyanı ödəmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iddiaçının vəkili Vəkil iştirak etmişdir. Məhkəmə mülki işə İddiaçı iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil iddianı müdafiə etdiyini bildirmiş, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, 2023-cü ildə, dəqiq tarixini xatırlamadığı vaxtda Nazim ona bir neçə dəfə zəng vurmuş, yük avtomobilini təmir etməsini ondan xahiş etmiş, avtomobilin sürətlər qutusunda nasazlıq olduğunu bildirmişdir. Sonda razı olmuş, Nazimə avtomobili Yaycı kəndinə gətirməsini bildirmişdir. Nazim avtomobili evakuatorla Yaycı kəndinə gətirmiş, o, Nazimdən avtomobildə olan nasazlığın nədən ibarət olmasını soruşmuş, Nazim avtomobilin beynini çıxarıb işə saldıqlarını, daha sonra avtomobildən səs gəldiyini bildirmişdir. Nazimə elektrik lazım olduğunu demişdir. Həmçinin avtomobilinin sürətlər qutusunu yerə endirmiş, sürətlər qutusunda yağlayıcı trubaların sındığını, 1 vilkanın əyildiyini görmüş, Nazimə bildirmişdir ki, onların səhvi nəticəsində sürətlər qutusunda nasazlıq yaranmışdır. Daha sonra Nazimə həmin sıradan çıxmış hissələri almasını bildirmiş, Nazim də ona “sıradan çıxmış hissələri siz tapın” demişdir. Həmin hissələri Bakı şəhərindən sifariş etmiş, trubalar və vilka gəlmiş və həmin hissələri avtomobilə özü və oğlu Cavabdeh2 tərəfindən quraşdırılmışdır. Quraşdırdıqdan sonra Nazim avtomobili işə salmış, lakin maşında hərəkət olmamışdır. Bundan sonra yenə o, Nazimə elektrik lazım olduğunu bildirmiş, Nazim elektrik çağırmış, həmin şəxs də avtomobilin beynində şübhəli olan yerə payat vurmuş, yenə avtomobildə hərəkət olmamışdır. Sonra Nazim avtomobil üçün yeni beyin alıb gətirmiş, beyin avtomobilə quraşdırılmış və avtomobil hərəkət etmişdir. Lakin, Nazim sürətlər qutusunun normal işləmədiyini bildirmiş, o yenə Nazimə elektrik lazım olduğunu demişdir. Bundan sonra Nazim avtomobili başqa ustaya göstərəcəyini, onun təqsiri ucbatından olarsa pul verməyəcəyini, nasazıq avtomobilin beynindən olarsa təmir üçün razılaşdıqları 650 manat pulu göndərəcəyini bildirmiş, avtomobili onun yanından idarə edərək aparmış, bundan sonra ona avtomobil barədə heç bir məlumat verməmişdir. 1-2 ay keçdikdən sonra Nazim ona zəng etmiş, avtomobilin sürətlər qutusunu düzgün yığmadıqlarını, Bakıda olduğunu, avtomobili yüklə birlikdə sürətlər qutusunun 2-ci pilləsi ilə idarə edərək Bakı şəhərinə apardığını bildirmiş, Nazimə avtomobili yüklə birlikdə sürətlər qutusunun 2-ci pilləsi ilə idarə edərək Bakı şəhərinə apara bilməsinin mümkün olmadığını demişdir. İddiaçıya onun və oğlunun təqsiri ucbatından zərər dəyə bilməz. Həmçinin, Nazim onlara təmir üçün pul da verməmişdir. İddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, 08 iyun 2023-cü il tarixində İddiaçı məxsus 99XB784 dövlət nömrə nişanlı, buraxılış ili 2007 olan safari rəngli “Daf yük” markalı avtomobillə yolda olarkən, İran İslam Respublikasında avtomobil xarab olmuş, avtomobili aşağı sürətlə idarə edərək Naxçıvana gətirmişdir. 19 iyun 2023-cü il tarixdə Cavabdeh1 zəng etmiş, avtomobilin vəziyyətini bildirmiş və təmir etməsini xahiş etmişdir. Rza hazırda əlində başqa işlərinin olduğunu demiş və bir neçə günədək avtomobilə baxmaq üçün gələcəyini bildirmişdir. Cavabdeh1 23 iyun 2023-cü il tarixdə zəng etmiş, avtomobilə baxması üçün gəlməsini xahiş etmiş, o, isə avtomobilin olduğu yerə gələ bilməyəcəyini, avtomobili Yaycı kəndinə gətirməsini bildirmişdir. Evakuatorla avtomobili Yaycı kəndinə aparmışdır. Cavabdeh1 dəfələrlə avtomobili təmir etmək üçün onu yanına çağırmış, amma avtomobili təmir edə bilməmişdir. Sonra Rza ona demişdir ki, “maşının sürətlər qutusunda problem yoxdur, problem maşının beynindədir”. Daha sonra Rza maşının öz beyninin naqillərini qıraraq televizor ustası çağırmış və naqilləri birbaşa payat etdirmiş, ona avtomobilin beyninin işləmədiyini, Bakıya aparıb təmir etdirməsini bildirmişdir. O da avtomobilin beynini Bakı şəhərinə aparmış, ustaya göstərmiş, usta maşının beyninin payat olunduqdan sonra tamamilə yararsız vəziyyətə düşdüyünü, artıq istifadə edilə bilməyəcəyini bildirmişdir. Məcbur qalmış, başqa beyin almış və Naxçıvana gətirmişdir. 19 iyul 2023-cü il tarixdə Bakıdan aldığı beyni Rzaya gətirmiş, Rza ona gətirdiyi beyinin işləmədiyini, beyni yoxladıb daha sonra gətirməsini bildirmişdir. Artıq Rzanın avtomobili düzgün təmir etməyəcəyini görmüş, avtomobili Naxçıvan şəhərinə aparmışdır. Rza ondan 350 manat zəhmət haqqı almışdır. Avtomobili ustaya göstərmək üçün aşağı sürətlə Bakı şəhərinə aparmış, Bakı şəhərində avtomobil kompüterə salınmış, problemin avtomobilin sürətlər qutusunda olduğu bildirilmişdir. Sürətlər qutusunun ehtiyat hissəsi qaynaq olunduğu üçün, həmin yerdə çat əmələ gəlmiş və yağ boşalmış, bu da avtomobilin sürətlər qutusunun ehtiyat hissələrinin sıradan çıxmasına səbəb olmuşdur. Cavabdeh1 səhvi nəticəsində avtomobilin təmirinə 6000 manat pul xərclənmişdir. İş materiallarında olan: 862744 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “daf yük” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı, safari rəngli, buraxılış ili 2007 olan nəqliyyat vasitəsinin sahibi İddiaçıdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2024-cü il tarixli, 1428 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən və həmçinin 2(089)-268/2024 nömrəli mülki işin 10-cu vərəqində olan fotoşəkillərdə göstərilmiş ehtiyat hissələrin təyinatı üzrə yararlı olduğu halda istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3200 manat müəyyən olunur. Digər 01 adda surətlər qutusunun yağı haqqında kifayət qədər məlumat (markası, həcmi) olmadığından qiymətləndirilmə aparılmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı məxsus “daf yük” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2007 olan safari rəngli nəqliyyat vasitəsi sürücü X4 tərəfindən nəqliyyat vasitəsində olan nasazlıqların aradan qaldırılması üçün Culfa rayonunun Yaycı kəndində avtomobil təmiri ustası Cavabdeh1 təqdim edilmiş, Cavabdeh1 və Cavabdeh2 nəqliyyat vasitəsini təmir etməyə çalışmış, sürətlər qutusunda sıradan çıxmış trubalar və vilka dəyişdirilmiş, nəqliyyat vasitəsi hərəkət etməmiş, daha sonra Abbasov Nazim yeni bir beyin almış, Cavabdeh1 həmin beyni avtomobilə quraşdırmış, avtomobil hərəkət etmişdir. Daha sonra Abbasov Nazim avtomobili yoxlatmaq üçün Bakı şəhərinə aparmış, orada avtomobilin beynində deyil, surətlər qutusunda nasazlıq olduğu ona bildirilmişdir. İddiaçı tərəf hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən avtomobil səhv təmir edilmiş və bununla da 6000 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan qanunvercilik normalarından və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı Əmrulla qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “daf yük” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2007 olan safari rəngli nəqliyyat vasitəsini səhv təmir etdikləri üçün 6000 manat maddi ziyan tələb etsə də, məhkəmə həmin tələbi əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən nə iddia ərizəsində, nə də mülki işin məhkəmə araşdırması zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 səhvi nəticəsində ona maddi ziyan dəyməsi ilə bağlı sübutlar (avtomobilin həqiqətən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən səhv təmir edilməsi ilə bağlı) məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülki işin məhkəmə araşdırması zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçıya məxsus avtomobilin səhv təmiri nəticəsində maddi ziyan vurulmasını müəyyən etmək mümkün olmadığından, həmçinin İddiaçı tərəfindən iddia tələbinin əsaslı olmasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin İddiaçı tərəfindən ödənilmiş 80 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-12/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-12/2025
10.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver